Biz imzaları yox, əsərləri dərc edirik...

Ziyarət – Etibar Əbilovun hekayəsi
183
13 Aprel 2021, 10:31
 Artkaspi.az saytı Etibar Əbilovun "Ziyarət”  hekayəsini təqdim edir:
 
 Bütün günahlar o cavan mollanın özündə oldu. Artıq 3-cü ildir ki, Qiyas hər cümə axşamı oğlunun məzarını ziyarətinə gedir, əksər vaxtlarda da, oğlu üçün "Yasin”i həmin cavan mollaya – Molla Elxana oxutdurur. Oğlunun dəfn olunduğu böyük qəbiristanlıqda cəmi üç molla var. O üç molladan nisbətən savadlısı, yəni "Yasin”i nisbətən dürüst, xoş avazla oxuyanı Molla Elxan idi. Düzdü, Qiyas özü nə ərəb əlifbasını bilirdi, nə də, "Yasin”i... Amma Elxanın avazı, "Yasin”in sözlərini aydın söyləməsi, tələsməməsi, o biri mollaların oxuduqları "Yasin”dən əməlli-başlı fərqlənirdi. O biri iki molla isə "Yasin” adına Allah bilir nə oxuyurdular. Onlarınkı  sadəcə olaraq pul tələsi idi.
 
 

 Qiyas, Molla Elxana hər "Yasin” oxutdurandan sonra təbii ki, pul verirdi. Çox vaxt Elxan  pulu almaqdan imtina edər – "Qoy qalsın” deyərdi. Amma Qiyas heç vaxt Elxanın etirazına məhəl qoymaz, pulunu verərdi. Bu mənada Elxan gözütoxluğuna görə də, o biri iki molladan fərqlənirdi. Qəbiristanlığa ölülərini ziyarətə gələnlərin qabağına yüyürməz, ziyarətçilərdən pul almaq üçün  o biri iki molla kimi hansı oyundan desən çıxmazdı.           
 Hər üç molla əsasən qəbiristanın darvazasının qarşısında olurlar. Ziyarətçilərlə "Yasin” oxumağa gedəndə də, "Yasin”i oxuyub yenə də, tələsik darvazanın önünə gəlirlər. Darvazanın sağ tərəfində, əhənglə ağardılmış su çəninin üzərinə, qara kömürlə hər üç molla öz telefon nömrələrini yazıblar. Elxan darvazanın qarşısında olmayanda, kimin üçünsə "Yasin” oxumağa gedəndə, Qiyas əl telefonu ilə Elxanın telefonuna zəng edir, – yəni gəlmişəm. Elxan da, hər dəfə telefonunu söndürür. Bu onların arasında bir danışıq kimidir: yəni sən qəbir üstünə get, mən "Yasin”i oxuyub gəlirəm.      
 Həmin Cümə axşamı günü, Qiyas Elxanla, elə darvazanın önündə qarşılaşdı. Qiyasın oğlunun məzarı, darvazadan xeyli aralıda yerləşir. Piyada 10 dəqiqəlik yoldur. Bu yol boyu onlar çox vaxt söhbət edirlər. Elxan bilir ki, Qiyas ona xüsusi hörmət edir, xətrini istəyir, ona görə də, Elxan onunla hər mövzuda, çəkinmədən, ürəklə söhbət edir. Bu səbəbdən də, Qiyas onun həyatına azdan-çoxdan  bələddir, xəstə anası ilə bağlı çətinliklərini, üç ay yaşayıb ayrıldığı həyat  yoldaşı ilə keçirdiyi gərgin həyatı bəlkə də, bütün təfərrüatına qədər bilir.
 O gün də söhbəti Elxan başladı:
 – Müəllim, istəyirəm Məşhəd ziyarətinə gedim. Bir az pul yığmışam, bilirsiz, – Elxan həmişəki kimi kədərli, asta səslə danışırdı, – günahsız insan olmur, səhvsiz insan yoxdur. Siz bunu məndən də, yaxşı bilirsiniz... Məşhəddə İmamı ziyarət etməyin savabı ölçüyə gəlməz. Həm də, İmamın ziyarətgahında, ya bilərəkdən, ya da bilməyərəkdən etdiyin günahlara görə sidq-ürəklə Allahdan bağışlanmanı istəsən, Allah bütün günahlarını bağışlayar. Məşhəd ziyarətində...t əkcə Məşhəd yox, Həcc, Kərbəla ziyarətində də, Allah bütün günahları bağışlayır. Hədislərdə də, var bu haqda. Müqəddəs yerləri ziyarət etmək ona görə lazımdır ki, həm savab qazanırsan, həm günahların bağışlanır...
– Həm də, dilək diləyirsən...   
– Əgər sidq ilə diləyirsənsə, o diləyin də, yerinə yetir, – Elxan Qiyasın sözünü tamamladı. Sol tərəfə buruldular. Yolun hər iki tərəfi boy-boya dayanmış qəbir daşları idi. Qiyasın oğlunun məzarı, bu yolun qurtaracağındakı qəbirlərin yanındaydı.                                                                                 
 Elxan Qiyasdan nə isə soruşmaq istəyirdi. Amma ürəyindən qara qanlar axan Qiyasın fikri indi qarışmış kimiydi. Burdan oğlunun məzarı görünmürdü, amma bir azdan oğlunun qırmızı xələtlərlə "bəzənmiş” baş daşı görünəcəkdi. Onun boğazını qəhər tutmuşdu.                              
 İrəlidə bir qadın ağlaması eşidilirdi. Qiyas bu səsin sahibini tanıdı. Təxminən iki il əvvəl avtomobil qəzasında yeganə oğlunu itirən bu qadın əvvəllər qəbiristana, oğlunun məzarını ziyarətə  hər cümə günü baş çəkərdi. Amma sonralar ziyarətinə ara verdi. Axır vaxtlar  Qiyas onu az-az görürdü. Onun oğlunun məzarı, Qiyasın oğlunun məzarının yaxınlığındaydı.                                  
 ...Artıq qadına gəlib çatmışdılar. Qadın ağlamaqdan daha çox, elə bil qurd kimi ulayırdı. Nə dediyi bilinmirdi... Elxanda bir xasiyyət var idi. Qiyas buna neçə dəfə şahid olmuşdu. Hansı məzarın üstündə ziyarətçi olurdusa, Elxan həmin məzarın yanında ayaq saxlayıb bir "Fatihə” oxuyardı. İndi Qiyas, bu istidə qara paltarı toza-torpağa, quru ota-tikana bulaşmış qadının oğlunun məzarına çatanda bir anlıq dayandı, "Allah rəhmət eləsin”, -dedi və Elxana baxdı. O, Elxandan "Fatihə” gözləyirdi. Elxan isə heç bir söz demədən irəli, Qiyasın oğlunun məzarına tərəf gedirdi. Elxanın bu hərəkətindən təəccüblənən Qiyas da, oğlunun məzarına tərəf addımladı və bu zaman onun yadına, təxminən 7-8 ay bundan əvvəl Molla İsgəndərlə  olmuş bir söhbət düşdü. Molla İsgəndər  qəbiristanlıqdakı üç molladan ən yaşlısı idi və həmin söhbətdə Molla İsgəndər, Molla Elxanın tamahkarlığı, pulpərəst olması haqqında danışmışdı və təbii ki, Qiyas, işi-peşəsi ona-buna böhtan atmaq olan, abırı-həyası olmayan Molla İsgəndərin bu sözlərinə inanmamışdı.   
 

 
 – Allah rəhmət eləsin, – bu Elxanın səsi idi və onlar artıq Qiyasın oğlunun məzarı yanında dayanmışdılar.
 Qiyas oğlunun məzarı yanında hansı hissləri keçirirdi... bunu heç vaxt sözlə ifadə edə bilməzdi. Ürəkdə elə hisslər var ki, o hissləri heç vaxt sözlə, cümlə ilə ifadə etmək olmur. Nə göz yaşı, nə dünyanın ən yanıqlı ağısı, nə də bütün varlığına çökmüş ağrı, əzab, dərd övlad itkisinin nə olduğunu  ifadə edə bilmir.
 Elxan qəbrin ayaq ucuna keçib ərəb dilində dualar oxudu, sonra "Fatihə” verdi. Qiyas oğlunun məzarının yarım addımlığında olan qonşu məzarın qıraq daşının üstündə əyləşdi. Belə məqamlarda zaman onun üçün elə bil ki, donur.                                                           
...Gözündə göy eynək, başında ağ araqçın olan Elxan ayaq üstündə dayanıb, əlindəki kitabçadan "Yasin” oxuyurdu.                                                                                                               Gözünü oğlunun baş daşındakı şəklinə zilləyən Qiyasın fikri Allah bilir haralarda idi.                
...Bu vaxt arxadan addım səsləri eşidildi. Bayaqkı qadın idi. Qadın sakitcə gəlib Qiyasın yanında əyləşdi və Qiyasın oğlunun ünvanına, "Allah rəhmət eləsin, – dedi.                                                      
 Qiyas sadəcə başını tərpətdi. Qadın birinci dəfə idi ki, onun oğlunun məzarı üstünə gəlirdi və indi Qiyasın yanında əyləşib Elxanın oxuduğu "Yasin”i dinləyirdi. 
 Övladı ölmüş bütün valideynlərin dərdi eynidir. Eyni dərdli adamlar bir-birini daha yaxşı başa düşür. Qiyas oğlu öləndən sonra  dərk etmişdi ki, dünyada dərd qohumları da var. Bu qadın Qiyasın dərd qohumu idi.
 Qadın Qiyasın yanında əyləşəndən sonra, Qiyasa elə gəldi ki, Elxanın avazında nəsə bir dəyişiklik əmələ gəldi. "Yasin”i həmişə səlis oxuyan Elxan, indi tez-tez çaşır, "Yasin”in bəzi sözlərini iki, bəzən də bir neçə dəfə təkrar edirdi. Qiyas bir daha Elxana baxdı və onun sifətində açıq-aydın hiss edilən bir gərginlik, əsəbilik hiss etdi. ...   Bayaq qadının oğlunun məzarı başında bir anlıq ayaq saxlayanda Molla İsgəndərlə olmuş həmin söhbəti yenidən yadına düşdü. Hava o vaxt da, beləcə isti idi. Qiyas Elxana "Yasin” oxutdurub, darvazanın önünə gəlmişdi. Ziyarətə gəlmiş bir tanışını gözləyirdi ki, onun maşını ilə geri qayıtsın. Molla İsgəndər darvazanın ağzında kiçik taxta oturacaqda oturmuşdu, çay içə-içə yola baxırdı.
 – Bu gün nədənsə adam azdı, Molla İsgəndər həmişəki kimi narazı-narazı gileylənmişdi, – İnanırsan, müəllim, bu gün cəmi iki "Yasin” oxumuşam. Adamlar elə bil ölülərini yaddan çıxarıb.
Elə bu vaxt qəbirlərin arasından, onlara tərəf gələn həmin qadını görmüşdülər.
 Molla İsgəndər qadını görüb, öz-özünə danışırmış kimi: 
 – Bircə bu çatışmırdı, – demişdi.  
 Qadın onlara yaxınlaşıb İsgəndərdən oğlu üçün bir "Yasin” oxumasını istəyəndə, bayaqdan adamın azlığından şikayətlənən bu adam, – "Mənim vaxtım yoxdur”, –deyərək, sonra da, açıq-aydın yalan danışmışdı:         
– Bir nəfər məni gözləyir, çayımı içib indi o adam üçün "Yasin” oxumağa  gedirəm, – demişdi.
– Onunla niyə getmədin? – Qiyas İsgəndərdən soruşanda:
 – Müəllim, sən onu tanımırsan. Gedirsən "Yasin” oxuyursan, bilirsən nə qədər pul verir? 50, ya da 60 qəpik. Uzağı 70 qəpik. Camaat elə bil bunun dədəsinə borcludur.
- Nə olar 50 qəpik olanda?     
 - Necə nə olar? 50 qəpiyə indi nə almaq olar? O qiymətə "Yasin” olar? 
 - Bəlkə, yoxudur?                                                                             
 - Yoxudur oxutdurmasın. Otursun xarabasında. Burda gəlib camaatın zəhləsini tökməsin... 50 qəpik puldu? Bir də, müəllim, heç kəs o pula "Yasin” oxumaz.
- Başqasının adından niyə danışırsan? - Qiyasın səsində Molla İsgəndərə qarşı açıq-aydın nifrət hissi var idi.
- Mən düz deyirəm, – Molla İsgəndər də bozarmışdı, – Burda heç kəs o pula "Yasin” oxumaz. - Elxan da oxumaz?
- Kim? - İsgəndərin səsində açıq-aydın istehza vardı. İistehza ilə də, gülümsəyib, Elxana... -demişdi, - Elxan heç dədəsi üçün də o qiymətə "Yasin” oxumaz...
İsgəndər ağzıbaşına adamdır. Və Qiyas onu da, bilirdi ki, İsgəndərin Elxandan acığı gəlir. Qiyasa görə  İsgəndərin Elxana qarşı olan kininin səbəbi, ziyarətə gələnlərin, ölüləri üçün "Yasin”i ən çox Elxana oxutdurduqlarına görədir.          
- Müəllim, sən bir dəfə Elxana 50 qəpik ver, gör sənin üçün ikinci dəfə ”Yasin” oxuyar, ya yox.
...Qiyas ağır fikirlərdən ayrıldı. Elxan "Yasin” i oxuyub qurtarmışdı. İndi dua oxuyurdu. Duanı da, bitirdi. Elxanın adətiydi: Qiyasın anasının qəbri, oğlunun məzarı ilə yanaşıydı. Elxan, Qiyasın oğlu üçün "Yasin” oxuyandan sonra, anası üçün də, həmişə "Fatihə” oxuyardı. Elxan "Fatihə”ni də oxuyub qurtardı. Qiyas cibindən çıxartdığı bir neçə manatı ona uzatdı. Elxan yenə də adəti üzrə:
- Müəllim qoy qalsın, - dedi.
- Götür - Qiyas pulu Elxanın ovcuna qoydu.
 Bu vaxt qadın:                                                                                             
- Ay Elxan, mənim oğlum üçün də, bir "Yasin” oxuyardın, - dedi.
Qiyasın gözləmədiyi halda Elxan:
- Vaxtım yoxdur, - dedi        
- Nə olar, qadın yalvardı.
- Qəbir təmizləməliyəm. Vaxtım yoxdur, Elxan ovcundakı pulu cibinə qoyub tələsik uzaqlaşmağa çalışdı.
- Elxan...                                                                                                                         Qadının kədərli səsini Elxan ağzında qoydu:
- Get İsgəndərə oxutdur, Şahmara oxutdur (Elxanla eyni yaşda olan Şahmar qəbiristanlıqda olan üç molladan biri idi).
- Mən sənə oxutdurmaq istəyirəm axı, - qadın əməlli-başlı yalvarırdı.
- Sənə dedim işim var – Elxan, elə bil, Qiyasın tanıdığı həlim, sakit təbiətli Elxan deyildi. Səsində o qədər kobudluq var idi.
Qiyas bu səhnəni həyəcan içərisində izləyirdi. Əgər Elxan da, belə bir yerdə, qəbiristanlıqda bu cür haqsızlıq-kobudluq edirsə, daha kimə inanasan, kimə etibar edəsən... Nə vaxt dilləndiyini heç özü də, bilmədi:
- Elxan! - Titrəyən, həyəcanlı səsində bir qəzəb var idi. Elxan dayandı və təəccüblə bu qəzəbli səsin sahibinə-müəllimə baxdı.
- Bayaq sən Məşhəd ziyarətindən danışırdın. – Qiyası elə bil boğurdular, - Deyirdin Məşhədə getmək istəyirəm... Deyirdin Məşhədə savab qazanmaq üçün getmək istəyirəm..
- Qiyas qadına baxdı, Bundan böyük savab?.. Savab özü gəlib sənin ayağına... Amma sən gör neynirsən?.. Gözün görə-görə, ağlın dərk eləyə-eləyə günaha batırsan. Elə bir günaha ki, yüz dəfə Məşhədə, Məkkəyə. Mədinəyə getsən də, bu etdiyin günah bağışlanmaz... Hirsindən Qiyas danışmağa çətinlik çəkirdi:                                               
  - Sən necə dindarsan? Necə "Quran” oxuyansan. Sənin etdiyin ibadətlərin, qıldığın namazın nə əhəmiyyəti, nə mənası?         
 Qiyas bunu deyib oğlunun məzarına tərəf çevrildi. İndi nə qadını görürdü, nə də Elxanı. Bütün bədəni həyəcandan titrəyirdi. Fikrini heç cür cəmləyə bilmirdi.      
                                                                                                                                                                                                                                                                                                                                                                         
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                       
 

Xəbər lenti