Biz imzaları yox, əsərləri dərc edirik...

Vəlleyldə qalmaq – Niyə belə deyirik?
909
11 Yanvar 2018, 11:27
 artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 
 
 
 
 Vəlleyldə qalmaq – Təhsilini davam etdirə bilməmək, yarımçıq oxumaq savadsız qalmaq.
 Vəlleyl "Quran”da kiçik və asan surələrdən birinin adıdır ki, uşaqlar tezliklə bu surəni öyrənirdilər. "Vəlleyl(i)” ərəbcə "gecəyə and olsun” mənasında gəlir. "Məcnun kimi dərs oxuyan axırda vəlleyldə qalar” – atalar sözü də bu ifadə ilə əlaqədar yaranıb.
 M.Süleymanovun "Kişi deməz” hekayəsində bu ifadə haqqında belə deyilir:
 "Mirzə Məmmədrza danışırdı: 
 – Zeyd oğlu Qeysi mədrəsəyə gətirəndə bir oğlanla rastlaşırlar. Bu uşağın fərasəti, diribaş, hazırcavab olması Zeydin xoşuna gəlir… Sonralar hər onu görəndə, rast gələndə oğlanla söhbət edir, sorğu-suala başlayır. Həftələr keçir, aylar bir-birini əvəz edir. Qeys mədrəsədə "vəlleyl” surəsindən o yana keçmir ki, burda Leylinin adı var… Bu əhvalat bütün Şərq aləmində zərb-məsələ dönür. Sonra da Qeys çöllərə düşür. Bir gün Zeyd həmin oğlana rast gəldikdə boya-başa çatdığını görüb sevinir, oğlanın kamalı, mərifəti onu heyran edir, oğlu Məcnunun halına təəssüflənib bəxtindən şikayətlənir, oğlandan hal-əhval tutur, nə etdiyini soruşur. Oğlan razılıq edib şeirlə belə bir cavab verir:
 
  Hər aşıq biçarə bir meylidə qaldı,
  Məcnun siyah bəxt qəmü Leylidə qaldı.
  Məcnun ilə bir məktəb eşq içrə oxudum,
  Mən xətmi Kəlam etdim, o valleylidə qaldı.
 Bu söhbətdən Mirzə Məmmədrza belə bir nəticə çıxartdı: – Adam ki işini, peşəsini yarımçıq qoydu, ömür boyu valleylidə qalır. ”
 
 Q.B.Zakirin bir qəzəlində deyilir:
 
  Qeyslə həmdərs idim, qaldı o "Valleyli”də,
  Cahil idi, olmadı vaqifi –mənayi eşq.
 
 Bu ifadəyə S.Ə.Şirvanin əsərlərində də rast gəlinir:
 
 Məcnun ilə bir məktəb eşq içrə oxudum:
 Mən xətmi-Kəlam etdim, o "Valleyli”də qaldı.
 
 M.Hadinin "Ya Leyli” şerində deyilir:
 Onlar erişib cənnətə, biz Veyldə qaldıq,
 Sübhi mədəniyyətdə də "Valleyli”də qaldıq.
 
 R.Əfəndiyevin "Qan ocağı” komediyasında isə molla deyir: "…Uşaq var 4-5 yaşında görürsən ki, əbcədi hecalayır. Elə uşaq var ki, 18 yaşında hələ valleylidədir, valleylidə”.