Biz imzaları yox, əsərləri dərc edirik...

Rusiya Etnoqrafiya Muzeyində “Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı
64
30 Aprel 2021, 11:17
 Rusiya Etnoqrafiya Muzeyində Azərbaycan dekorativ-tətbiqi sənətinin yüzdən çox misilsiz nümunəsinin nümayiş olunduğu sərgi çərçivəsində sənətsevərlər üçün "Uçan xalça: Şərqə səyahət” adlı ailə proqramı keçirilib.
 
 

 Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, 3 saatlıq proqram ərzində muzeyin ziyarətçiləri "Tale ipini xalçaya toxuyaraq... Azərbaycanın dekorativ və tətbiqi sənəti Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasında” sərgisinin kuratoru Yelena Leonidovna Kubel ilə sərgini gəzərkən özlərini qonaqpərvər şərq şəhəri olan Bakıda, onun qədim küçələrində hiss ediblər. Bununla yanaşı, proqram iştirakçıları "Cənubi Qafqaz xalqları” daimi ekspozisiyasına ekskursiya edərək, bu xalqların mədəniyyətinə bələd olmaq şansı qazanıblar.
 Proqram müddətində uşaqlar üçün də sərgiyə və ekspozisiyaya maraqlı səyahət təşkil olunub. Azyaşlı qonaqlar, həmçinin yaradıcılıq emalatxanasında keçirilən "Təəssüratlarım” ustad dərsində ənənəvi şərq ornamentləri ilə unikal açıqca nümunələri hazırlayıblar və onları xatirə olaraq özləri ilə aparıblar.
 Ailə proqramı zamanı qonaqlar çayla ləziz şərq şirniyyatlarının dadına baxıblar. Ziyarətçiləri Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə muzeydə "Çinar” vokal-xoreoqrafik ansamblının konserti təşkil olunub, xalq çalğı alətləri və xalça toxuma üzrə ustad dərsləri keçirilib.

Xəbər lenti