Biz imzaları yox, əsərləri dərc edirik...

Sevmək üçün – Laymen Frenk Baumun hekayəsi
1392
11 Yanvar 2018, 08:22
  artkaspi.az Laymen Frenk Baumun "Şən dəyirmançı" hekayəsini təqdim edir:
 
  Di çayının  sahilində yaşayan bir dəyirmançı var idi. O səhərdən axşama kimi mahnı oxuyar, işləyərdi. Torağay quşundan da xoşbəxt idi. Onun oxuduğu mahnının sözləri belə idi:
 
 
 

 
  – Mən heç kimim qeydinə qalmıram. 
  Yox, heç  kimin qeydinə qalmaram! 
  Çünki heç kim mənim qeydimə qalmır!
 
  Bütün günü dəyirmanın çax-çuxu altında o mahnısını oxuyurdu. Onun dəyirmanı çox köhnə idi, işləyəndə səslər çıxarırdı. Dəyirman səhərdən axşamacan  elə xırıldayırdı, sanki işləməyə üsyan edirdi. Külək dəyirmanın çax-çux səsini tarlada işləyən kənd camaatına çatdıranda onlar deyirdi:
  – Ah, şən dəyirmançı yenə də dən üyüdür.
  Bəzi günlərdə dəyirmandan səs gəlməyəndə onlar bir-birinə deyirdi:
  – Şən dəyirmançının dəni qurtarıb, o, dən üyütmür. 
  Yaxud  başqa söz deyirdilər:
  – Dəyirmançı yekə çarxı yağlayır.
  Dəyirmanın  səsi gəlməyəndə adamlar bu monoton səs üçün darıxırdılar, dəyirman yenidən işləməyə başlayanda, onlar üçün  "musiqi” çalanda özlərini rahat hiss edirdilər.
  Bununla belə,  adamlar yalnız dən üyüdəndə dəyirmana gedirdilər. Çünki dəyirmançı bir az qəribə insan idi, o tək qalmağı xoşlayırdı.  Adamlar dəyirmanın yanından keçəndə onlar yalnız başlarını tərpədir, bilirdilər  ki, onunla danışmaq istəsələr də onlara cavab verməyəcək.
  Yox, dəyirmançı  nə  qoca, nə  acıdil, nə də pis adam deyildi. Əksinə, nə vaxt baxsan görürdün ki, işləyə-işləyə mahnı oxuyur. Ancaq  onun mahnısının sözləri həmişə eyni olardı:
 
  Mən heç kimim qeydinə qalmıram. 
  Yox, heç  kimin qeydinə qalmaram! 
  Çünki heç kim mənim qeydimə qalmır!
 
  O dəyirmanın yanındakı komasında tək  yaşayırdı. Yeməyini özü bişirir,  çarpayısını özü açıb,  özü yığışdırırdı.  Heç kimə kömək üçün ağız açmırdı. Məsələ bundadır ki, əgər şən dəyirmançı özünə dost tapmaq istəsəydi onun evinə çox adam gələrdi, çünki kənd camaatı ünsiyyətcil idi. Amma dəyirmançı özü kiminləsə dostluq etmək istəmirdi. Qoca fermer Dobson tez-tez deyirdi:
  – Heç kimin dəyirmançının qeydinə qalmamağına bir səbəb var, o da onun özüdür. Burada camaatın günahı yoxdur.
  Hansı səbəb olursa olsun, dəyirmançının  dostu yox idi.
  Bəzən gecələr o qapı ağzında oturub ayın çıxmağına tamaşa edirdi. Belə vaxtlarda o çox fikirli görünürdü, hiss olunurdu ki,  kiminsə onun sevməyini, ona qulluq etməyini arzulayır. Çünki bütün insanlar təbiət etibarilə buna ehtiyac  duyur. Ancaq qəflətən o fikrinin uzaqlara gedib çıxdığını hiss edib mahnısını oxuyurdu. 
Nəhayət, bir gün dəyirmançının həyatında dəyişiklik baş verdi. Bir axşam o çayın sahilində durmuşdu, ay şəfəqlərinin suda bərq vurmağına tamaşa edirdi. Birdən  suda bir şey onun diqqətini çəkdi. O, özü də bilmədi ki, suda gördüyü nədir.  Sahildən baxanda ona elə gəlirdi yekə bir qara qutudur. O, sahildən uzun bir ağac tapıb qutunu sahilə gətirdi.  Dəyirmançı sahildə gördü ki, sudan çıxartdığı, doğrudan da, qutudur, qutunun üstünə qoyulan qapaq möhkəm kəndirlə sarınmışdı. 
  Dəyirmançı qutunu ehtiyatla götürüb evinə apardı, yerə qoyub şamı yandırdı. Sonra kəndiri kəsdi, qutunu açdı! Ah, o qutuda nə  görsə yaxşıdır! Qutuda körpə uşaq vardı, başını balışa qoyub şirin-şirin yatırdı.
Dəyirmançı elə təəccübləndi ki, oxumağına ara verdi, gözlərini bu  körpəyə zillədi. Uşaq deyəsən onun baxışlarını hiss edib gözlərini açdı. Mavi gözləri elə bil ona yalvarırdı. Sonra bu körpə gülümsədi, qollarını ona uzatdı.
  – Yaxşı, yaxşı, – dəyirmançı dedi. – Sən haradan gəlmisən?
Körpə cavab vermədi, ancaq adama elə gəlirdi  o nə isə demək istəyir. Qəribə səslər çıxarırdı, alabaxta kimi.
Körpənin balaca qolları hələ də dəyirmançıya tərəf uzamışdı, dəyirmançı aşağı əyilib körpə qızı  qutudan götürdü, onu dizi üstə oturdurdu, sonra saçını tumarladı. Körpə başını onun sinəsinə qoyub yenə də yuxuya getdi. Dəyirmançını fikir götürmüşdü, çünki o uşağa qulluq etməyi bacarmırdı. Ancaq körpə oyanana qədər  sakitcə dayanıb ona baxdı. O oyananda fikirləşdi ki, yəqin o ac olar, ona bir az süd gətirib qaşıqla yedizdirdi. Körpə ona baxıb gülümsədi, elə bil demək istəyirdi ki, südü bəyənib. Az sonra körpə dəyirmançının bığından tutub dartdı, sevincindən alabaxta kimi səs çıxardı.
  Elə bilirsiniz dəyirmançı hirsləndi? Yox, heç bir az da olsa hirslənmədi! Körpə onun bığından dartanda o da  onun üzünə  gülümsədi. O sudan xilas etdiyi bu körpəni çox istəyirdi. Nəhayət, tək yaşayan bir insan sevməyə birini tapmışdı.
  Həmin gecə körpə dəyirmançının çarpayısında yatdı. Dəyirmançı da onun yanında qıvrılıb yatdı. Səhər açılanda ona yenə də süd verdi, sonra öz işi ilə məşğul oldu, bu dəfə daha ürəkdən oxuyurdu. 
  Hər 10 dəqiqədən bir dəyirmançı  uşağı qoyduğu otağın qapısına qulağını qoyub dinləyir, bilmək istəyirdin ki, ağlayır,  ya yox. Balaca qız ağlayanda tez otağa girir, onu  qucağına alıb sakitləşdirirdi, qız gülümsəyəndə rahat olurdu.  İlk günlər dəyirmançı qorxurdu ki, kimsə gəlib uşağı onun əlindən alar. Ancaq elə ki axşam düşdü, dəyirmançı gördü ki, onun qapısına heç bir yad adam gəlmədi. Başa düşdü ki, uşaq beşikdə olarkən sel gəlib onu aparıb. O arxayınlaşdı ki, uşaq onundur. 
  –  Nə qədər ki, canım sağdır, onu özüm saxlayacam, –  dəyirmançı öz-özünə  dedi. 
  – Nəhayət, sevmək üçün bir insan tapmışam. Onsuz dözə bilmərəm. 
  Dəyirmançı uşağın qayğısına qalır, onu vaxtında yatızdırırdı. Uşaq da sağlam idi, ona çox əziyyət vermirdi. Kənd camaatı dəyirmanda uşaq görəndə çox təəccübləndilər, onları fikir götürdü ki, görəsən  bu uşaq hardan gəlib çıxıb ora. Onlar uşaq haqda dəyirmançıya sual vermədilər, çünki bilirdilər ki, onlara cavab verməyəcək. İllər keçdikcə onlar uşaq haqda ona sual verməyi unutdular, uşağı onun qızı hesab etdilər. 
  Qız böyüyüb qəşəngləşmişdi, hər işdə dəyirmançıya kömək edirdi. Ona "ata” deyirdi.  Dəyirmançı ona Natalya adı verdi. 
  Dəyirmançı indi daha çox işləyirdi, çünki  o qızını da yedizdirməli, ona da paltar almalıydı. O yenə də səhərdən axşama kimi işləyib mahnı oxuyurdu. Amma onun mahnısı əvvəlki kimi idi:
 
  Mən heç kimim qeydinə qalmıram. 
  Yox, heç  kimin qeydinə qalmaram! 
  Çünki heç kim mənim qeydimə qalmır!
 
  Bir gün dəyirmançı yenə də mahnısını oxuyanda gördü ki, qız yanında dayanıb hönkürür.
  – Mənim sevimli qızım, niyə ağlayırsan? –  ondan soruşdu.
  – Ah, ata, sən niyə belə oxuyursan? Axı sən özün də bilirsən ki, səni çox sevirəm.
Dəyirmançı təəccübləndi, çünki o, bu mahnını o qədər oxumuşdu ki, hətta mahnın sözlərini də unutmuşdu.
  – Natalya, sən məni çox istəyirsən?
  – Əlbəttə, əlbəttə! Bilirəm ki, bunu sən də bilirsən!
  – Əgər belədirsə, mən mahnın sözlərini dəyişəcəm, – dəyirmançı qızın yaşlı gözlərindən öpüb dedi və başqa mahnı oxudu:
 
  Mən şirin Natalyanı sevirəm! Onu çox istəyirəm, 
  Çünki Natalya da məni çox istəyir.
 
  İllər gəlib keçdi, dəyirmançı ilə Natalya bir yerdə xoşbəxt yaşayırdılar.  Natalya böyüyüb qəşəng qız olmuşdu. O, yemək bişirməyi öyrənmişdi, artıq yaşlaşmış dəyirmançı buna çox sevinirdi.
  Bir gün təpənin başındakı böyük evdə yaşayan mülkədar dəyirmanın yanından keçəndə Natalyanı gördü. Natalya qapının ağzında oturmuşdu.  Mülkədar onu görən kimi aşiq oldu, o başa düşdü ki, qız gözəl olmaqla bərabər məsumdur, ağıllıdır. 
  Dəyirmançı səs eşidib otağına gəldi, onları bir yerdə görüb hirsləndi. O başa düşürdü ki, qızı xəzinə kimi qorumalıdır.  Oğlan dəyirmançıya yalvardı ki, qızı ona versin, ona nə qədər istəsə pul verər.  Ancaq dəyirmançı ona otaqdan çıxmağı əmr etdi. Oğlan gedəndən sonra dəyirmançı Natalyanın gözlərinin yaşardığını gördü. Buna daha çox narahat oldu. 
 

 
  Dəyirmançının xəbərdarlığına baxmayaraq mülkədarla  Natalya tez-tez görüşüb bir yerdə çay sahilində gəzirdilər. Nəhayət, onlar bir gün başa düşdülər ki, bir-birindən ayrı yaşaya bilmirlər. Əl-ələ tutub dəyirmançının yanına gəldilər,  onun razılığını almaq istədilər.
  Dəyirmançı kövrəlib dedi:
  – Bəs mən tək qalıb neyləyəcəm?
  – Sən də gedib bizimlə birlikdə  bizim evimizdə yaşayarsan, – mülkədar dedi. – Daha heç vaxt çörəkpulu üçün bütün günü işləmərsən. 
  Qoca dəyirmançı başını buladı. 
  – Mən dəyirmançı kimi yaşayıb dəyirmançı kimi də öləcəm. Natalya, de görüm, sən məni tərk edib getmək istəyirsən?
  Qızın yanaqları qızardı, o utana-utana dedi:
  – Mən onu sevirəm. Əgər bizi ayırsan ölərəm.
  – Əgər belədirsə, get, Allah sizi xoşbəxt eləsin, – dəyirman qəmli-qəmli dedi.
  Beləcə, Natalya ilə mülkədar evləndi, böyük evdə yaşadılar.  Toy gününün səhəri gün  o gəlinlik donunda dəyirmana gəldi ki, dəyirmançını görsün. 
  O dəyirmana yaxınlaşanda onun mahnısını eşitdi. Dəyirmançı yenə də o balaca qız olanda oxuduğu kimi oxuyurdu:
 
  Mən heç kimim qeydinə qalmıram. 
  Yox, heç  kimin qeydinə qalmaram! 
  Çünki heç kim mənim qeydimə qalmır!
 
  Qız arxadan ona yaxınlaşdı, qolunu onun boynuna dolayıb dedi:
  – Ata, sən belə mahnı oxumalı deyilsən. Mən səni çox sevirəm, ölənə qədər də səni sevəcəm. Mənim təzə sevgim sənə olan sevgimi ürəyimdən aparmayıb. 
  Dəyirmançı başını çevirib onun mavi gözlərinə baxdı, başa düşdü ki, Natalya doğru deyir. 
  – Əgər belədirsə mən təzə mahnı öyrənməliyəm, –  o dedi. – Dəyirmanda tək qalıram, mahnı oxuyanda özümü rahat hiss edirəm. Söz verirəm ki, sən məni unutmayınca   bir də əvvəlki mahnını oxummayacam. 
Dəyirmançı yeni mahnı öyrəndi,  neçə illər o mahnını oxudu. Natalya hər gün onun yanına gəlir, onu unutmadığını bildirirdi.
 
  İngilis dilindən tərcümə edən: Sevil Gültən