Biz imzaları yox, əsərləri dərc edirik...

“Məsumiyyət muzeyi” Milanda
385
13 Fevral 2018, 17:45

  Nobelli yazar Orxan Pamukun bestseller romanı "Məsumiyyət Muzeyi”-nin İstanbuldakı evindən bəzi vitrinlər və eksponatlar Milanda təşkil edilən "Eşq, Muzeylər, İlham” sərgisində nümayiş olunub. "Valsecchi” muzeyinin idarəedicisi Lusia Pini və auksioner Laura Lombardinin Bagatti kuratorluğunda reallaşan sərgidə İstanbuldakı muzeydə göstərilən 29 qutu sərgilənib. Dekabrın 19-da açılan sərgi iyun ayının 24-nə kimi ziyarətçilərin ixtiyarında olacaq.
 

 
  "Məsumiyyət Muzeyi” formatı etibarı ilə dünyada mövcud olan azsaylı muzeylərdəndir. Məhz bu baxımdan zaman-zaman bir çox ölkələrdən sərgilənmək üçün təklif alıb. Bundan əvvəl muzeyin müxtəlif eksponatları 2016-cı ildə Londonda "Courtauld Gallery”, 2017-ci ildə isə Osloda "Mədəniyyətlər Muzeyi”ndə nümayiş olunub. Budəfəki muzeyin isə digərlərindən xüsusi bir fərqi var. Belə ki, romanda təsvir olunur ki, baş qəhrəman Kamal Basmaçı muzeyə beş dəqiqəlik məsafədə yerləşən "Grand Hotel de la Milan”da vəfat edir. İstanbulda "Məsumiyyət Muzeyi”-ni qurmaq üçün beş mindən çox muzey gəzmiş baş qəhrəman onlardan ən çox "Bagatti Valsecchi”-ni bəyəndiyini qeyd edir.
  2018-ci ilin ilk həftəsində "Məsumiyyət Muzeyi” haqqında dünya incəsənət tarixçi və tənqidçilərinin fikirlərinin yer aldığı bir kitab nəşr olunmuşdu. Orxan Pamuk  həmin kitab üçün "Milanda bir yuxu” ("Un sogno fatto a Milano”) adlı bir məqalə qələmə alıb. Həmin məqalədə məhz bu muzey haqqında geniş danışıb, xatirələrini bölüşüb.
  Muzeylə bağlı əlavə məlumat almaq üçün "Museo Bagatti Valsecchi” fondu vasitəsilə axtarış edə bilərsiniz.
  Hazırladı: Elcan Salmanqızı