Biz imzaları yox, əsərləri dərc edirik...

Məni uzaqlara kim aparacaq? – Məhəmməd Turanın şeirləri
587
11 Yanvar 2018, 08:21
artkaspi.az gənc şair Məhəmməd Turanın şeirlərini təqdim edir:
 
 
 
 

 
***
Alışdı sinəmdə qoxun,
Tüstüsü başıma vurdu...
Həsrətin çəkdi yayını
Oxu düz tuşuma vurdu...
 
Gözlərim şeirlərimdə
Səni gəzir sətir-sətir...
Saçlarındakı ətiri
Axtarıram ətir-ətir...
 
Necə deyim indi sənə
Daha bitən tab kimiyəm...
Gözünün dərin yerində
Saralan məktub kimiyəm...
 
Tez küsər, tez barışar –
Könlün uyar qılığa...
Bir az göz yaşı saxla
O biri ayrılığa...
 
 
***
 
Bilirsənmi, ayrılığın
Dahası, sonrası olmur...
Beş günlük acısı olur,
Bir ömürlük yası olmur...
ən müqəddəs sevdalar da
Unudulur xəyal kimi...
...ən zülmlü ayrılıqlar
Bəzən çəkir xoşbəxtliyə
Bir iz kimi... bir yol kimi...
saçlarında bir vaxt itən
Əllərim tək itirmişəm...
İtirmişəm səni, qadın,
Külək-külək itirmişəm...
Unutdum səni...
Bağışla....
İçimdəki dəli atəş
külə döndü
Bircə anlıq yağışla...
 
 
***
Addımlar asta-asta
Gəzər gecəni gəzər...
Xəyalım ayaq açar
Sizin küçəni gəzər...
 
Ulduz qonar çiynimə
Təbəssümə bataram...
Bir röya uyduraram
Dizlərində yataram...
 
Gözlərimdə bitərsən...
Üstünə yüyürərəm...
Xəyalına sarılıb
Yoxluğunu görərəm...
 
Gecələri sayıram
Hər nəfəs dilək olur...
Kölgəmlə oynayıram –
Darıxmaq belə olur...
 
 
***
 
Məni buralarda sevən olmadı,
Uzaqda bir ümid bəsləyənim var...
Gecələr yuxuma girən olmadı
Gecələr yuxuda səsləyənim var...
 
Bir qarış dünyadı könlümü sıxan,
Hər şey gözlərimdə qarma-qarışıq...
Sevgidi üzümdən gülüşü yıxan,
Qəlbimin başından parlayan işıq...
 
Qəriblik sarmaşıb dodaqlarıma...
Boy verir həsrətim hey saçaq-saçaq...
Bilirəm, azacam o yolda-izdə,
Məni uzaqlara kim aparacaq?
 
 

 
 
***
Hansı qəmdən üz döndərdim,
Sevincim yoxa çəkildi?
Muradım sola üz tutdu,
Yığvalım sağa çəkildi...
 
Əllərimə sığışmadı
Bir belə dərd, belə qəm...
Allahsa da görmürdümü
Mən uşağam, çox uşağam...
 
Gözlərimdə solan ümid
Tökür, tökür dözümünü...
Hələ təzə boy atmışdı –
Yanvarın on üçü günü....
 
Bir sevgilik vaxtım qalıb...
Bir ömürlük ölüyəm mən...
Başıma dolanın, nolar,
Dəliyəm mən, dəliyəm mən...
 
 
 
Dünyanın...
 

Taleh Mansura

 
İçəndə də sağlığına içirik,
Ölümünə içiləsi dünyanın...
Qardaş, elə biz dalınca qaçırıq
Yaxasından qaçılası dünyanın...
 
Dərd bir deyil , iki deyil, üç deyil
Bəlkə düşdü... Bəlkə elə düş deyil...
Ölüm belə bu dünyadan köç deyil...
Əsiriyik köçüləsi dünyanın...
 
Hər həvəsi fikir etdik, dərd etdik...
Dar qapıda göydəkini yad etdik...
Körpüsündə yuva qurduq, yurd etdik
Körpüsündən keçiləsi dünyanın...