Biz imzaları yox, əsərləri dərc edirik...

Mən Otellonu axıra qədər oynamamışam – Rus teatr tarixindən səhifələr
1422
12 Yanvar 2018, 13:21
  artkaspi.az rus teatr tarixindən maraqlı hadisələri təqdim edir:
 
 

 
  Mariya Nikolayevna Yermolova (1853-1928)

   Bir dəfə A.S.Suvorin özünün "Tatyana Repina" pyesinin məşqində Yermolovanı məzəmmət edir ki, o, son səhnəni – ölüm səhnəsini – həddən artıq nəvazişlə  oynayır. Yermolova da premyerada elə oynayır ki, zal dəhşət və kədər içərisində donub qalır. Camaat tab gətirə bilmir. Teatr salnamələrində demək olar ki, yeganə bir hadisə baş verir. Tamaşa zalındakılar səhnəyə, səhnədəkilər isə tamaşa zalına tərəf dönürlər. Lojalarda və parterdə hönkürtü və qışqırıq səsləri eşidilir: parterdəkilər üzünü arxaya çevirirlər: kişilər və qadınlar zalı tərk edirdilər.           Aktyorlar oyunu dayandırırlar. Tamaşaçılar hay-küy salır, göz yaşları axıdır, hıçqırırdılar. Suvorin özünü səhnəyə atıb Yermolovanın buz kimi soyuq əllərini öpür. Yermolova göz yaşları və güclü həyəcan içərisində ona deyir: 
  – Hə, razısanm?                        
  – Dəhşətdir, belə oynamaq olmaz, ancaq bu misilsizdir, gözəldir!
 

 
  Vladimir  İvanoviç  Nemiroviç-Dançenko (1858-1943)

  Nemiroviç-Dançenkonun təmkinli olduğunu çox adam bilirdi. Bir aktrisa roldan imtina eləyir. Bunu Nemiroviç-Dançenkoya xəbər verirlər. O, kresloda yerini rahatlayaraq belə cavab verir: "Siz ona çatdırın ki, mən bunu bilən kimi qışqırıb bərk həyəcanlandım". Elə beləcə də çatdırıblar. Təsir göstərib.
 

 
  Olqa Leonardovna Knipper-Çexova (1868-1959)

  O.L.Knipper-Çexova ömrünün son illərində çıxış etmirdi. Lakin Moskva Bədaye Akademik Teatrı onun 90 illiyini bayram edəndə təkraredilməz bir hadisə baş verir. Kimsə səhnəyə fırfıra gətirir. Fedotik və Rode onu Çexovun "Üç bacı" pyesinin birinci pərdəsində fırladırlar. Həmin fırlanan fırfıra vızıldamağa başlayanda  Olqa Leonardovnanın lojadan səsi gəlir və "Dəniz kənarında göy bir palıd var" sözləri eşidilir. Həmin sözləri o, 60 il qabaq Maşa rolunu oynayarkən söyləmişdi... Bu sözlər gözəl aktrisanın öz artistlik həyatı ilə, Çexov qəhrəmanları ilə, bütün yaradıcılığını həsr etdiyi teatrla vidalaşması demək idi.
 


  Fyodor Qriqoryeviç Volkov (1729-1763)
 
  Belə bir əhvalat danışırlar ki, guya II Yekaterina Peterburqdan İzmaylovsk kilsəsinə andiçmə mərasiminə gələndə məlum olur ki, çevrilişi edənlər tələsik çıxdıqlarından özləri ilə manifest götürməyi unudublar. Ona görə qarışıqlıq düşür. Birdən kütlənin içərisindən bir adam çıxıb manifest oxumağı təklif edir. Ona icazə verirlər. O, cibindən bir vərəq təmiz kağız çıxarır, sanki yazılmış manifestin mətnini cəsarətlə oxumağa başlayır. Hamı mat qalır. Beləliklə, vəziyyət düzəlir. İmperatriçə və onun yaxın adamları rahat nəfəs alırlar, onların minnətdarlıq ifadə edən nəzərləri bu hazırcavab qoçaq adama dikilir. Həmin adam F.Volkov idi. Yekaterina F.Volkova nazir kabineti vəzifəsini təklif edir və onu Andrey Pervozvannı ordeni ilə təltif etmək istəyir. Ancaq Volkov aktyor olaraq qalmaq istəyir. Yalnız bunu xahiş edir ki, onu paltar, yemək, mənzil qayğısından azad etsinlər və hərdənbir ona fayton versinlər. Məlikə onun xahişini yerinə yetirir, ancaq onun ədəbsizliyindən narazı qalır. Qraf Şeremetyevin topladığı şəkillərin içərisində F.Volkovun da portreti varmış; sonralar həmin şəkil qrafın müdirinin əlinə keçir. Portret müdirin çox da xoşuna gəlmirdi. Buna görə də onu çəlləyin üstünə qoymuşdular. Aktyor Stepanov bu portreti 20 qəpiyə alır. Rus teatrının 100 illiyi bayram ediləndə Stepanov həmin portreti Şepkinə verir, Şepkin isə onu Yaroslavl şəhərinə bağışlayır.
 

 
  Vasili Panteleymonoviç Dalmatov  (1852-1912) 

  Aleksandriksk teatrının artisti Vasili Panteleymonoviç Dalmatov heç vaxt heç bir şey, xüsusilə də, pul, benefis, yubiley xahiş etməzdi. Ancaq bir dəfə o öz dostundan belə bir xahiş edir: "Rica edirəm, elə et ki, mənə əməkdar artist adını verməsinlər. Çünki bu adı mənə əvvəllər verməli idilər, – indi isə artıq gecdir".
 

 
  Aleksey Denisoviç Diki (1889-1955)
 
  Diki Leninqrad Böyük Dram teatrında Qorkinin "Meşşanlar" pyesini tamaşaya hazırlayırdı. Pyotr rolunda oynayan Yantsat yüksəkdən danışmağa meyl edirdi. Diki qəflətən Vantsata təklif edir ki, öz səhnəsini şkafda oturan vəziyyətdə oynasın. Diki ciddi adam idi, ona görə də öz dediyinin üstündə durur. Həyəcanlı anlar ötüb keçdikdən sonra hamı əsl Pyotrun səsini eşidir. Axı şkafda oturaraq qəhrəmanlıq etmək çətindir, ona görə də rol yaxşı alınır. Aktyorun yaradıcılıq həyatında rejissor bax, bu deməkdir.
 

 
  Mamont Viktoroviç Dalski (1865-1918)
 
  T.Salvininin Peterburqda Otello rolunda çıxışından sonra zadəganlardan biri M.Dalskini sancmaq niyyətilə deyir: "Amma Salvini Otellonu sizdən daha yaxşı oynadı". Dalski cavab verir: "Siz səhv edirsiniz, o məndən yaxşı oynamayıb, mən hələ Otellonu axıra qədər oynamamışam".
 

 
  Konstantin Aleksandroviç Varlamov (1849-1915)
 
  Bir dəfə K.Varlamovdan soruşurlar: "Kostya, sən nəyə görə bu rolu götürmüsən? Axı onda oynamalı bir şey yoxdur!" – Yox, əzizim, dünyada içi boş adam yoxdur. Bir halda ki, rolun adı və soyadı, iki hərəkəti və altı sözü var, deməli o, taxta deyil, adamdır. Bircə onu tanımaq qalır.                                                        Varlamov deyirdi ki, hər şeyi, hətta aşpazlıq kitabını da oynamaq olar. Həmin kitabı bir alimin, qarınqulunun, yediyini həzm edə bilməyən xəstənin adından oxumaq olar.
 

 
  İvan Mixayloviç Moskvin (1874-1946)

  Moskva Bədaye Akademik Teatrının bir qrup aktyoru 1941-ci ildə Minskdə qastrola çıxarkən müharibə başlayır; bu zaman İ.M.Moskvinin dalınca maşın göndərir və təklif edirlər ki, Ali Sovetin deputatı kimi birinci o minib getsin. Qəzəbdən Moskvinin sifəti tanınmaz hala düşür. Yumruğunu da stola elə vurur ki, üstündəki şüşə sınır. – Ali Sovetin deputatı kimi mən axırıncı gedəcəyəm, – deyə o, gələni qovur.
 
  Tərcümə edən: Əzizağa Quliyev