C. Naxçıvanski adına hərbi
liseyin təlim tədris mərkəzində 2016-cı ilin aprelində Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, ölümündən sonra
" Azərbaycan bayrağı” ordeninə layiq görülmüş Mİ- 24 hərbi helikopterinin
ekipaj üzvü baş leytenant Əbu Bəkr Vüqar oğlu İsmayılovun doğum günü şərəfinə
AMEA N.Gəncəvi adına Azərbaycan ədəbiyyatı muzeyinin Aran regional şöbəsinin
müdiri filalogiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının şəhidin qısa, lakin
şərəfli həyatından bəhs edən "Hay ver mənə, cənab leytenant” kitabının təqdimat
mərasimi keçirilmişdir.

Tədbirdən öncə liseyin
kursantları müəllim və komandir heyəti, şəhidin ailə üzvləri və yaxın dostları
II Fəxri xiyabanda Əbu Bəkr İsmayılovun məzarı önünə əkili və tər çiçəklər
qoyaraq xatirəsini yad etdilər.
Mərasim Azərbaycanın
suverenliyi və torpaqlarımızın düşmən həmləsindən qorunması uğrunda şəhid
olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin
səsləndirilməsi ilə başlandı.
Tədbiri giriş sözü ilə C. Naxçıvanski adına
hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini, mayor Natiq Rəhimov
açaraq hərbi liseyin məzunlarının qəhrəmanlıq ənənələrindən danışdı və Əbu Bəkr
İsmayılovun bu ənənənin layiqli davamçısı olaraq kursantlara nümunə olmasından,
"Hay ver mənə, cənab leytenant” kitabının şəhid pilotun şərəfli ömrünü
işıqlandıran dəyərli yaradıcılıq nümunəsi kimi qiymətləndirmişdir.
Liseyin kimya müəllimi
Flora Hüseynova sevimli şagirdi ilə bağlı kövrək xatirələrini bölüşdü. Tədbirə
qonaq qismində dəvət olunan Xalq artisti, qocaman diktor Eldost Bayram
çıxışında hər bir şəhidin həyatının ədəbi əsərlərdə işıqlandırılmasının vacib
olduğunu qeyd edərək kitabdan bir parçanı tamaşaçılara oxuması ilə hər kəsi
kövrəltdi.

Tədbirdə Milli Mədəniyyətin Təbliği İctimai
Birliyinin Rəhbəri Jalə Cəfərova, şəhidin qardaşı Əkbər İsmayılov da
şəhidlərimizin xatirəsinin anılmasının,onların ədəbi əsərlərdə yaşadılmasının
gənc nəsil üçün yaxşı örnək ola biləcəyini vurğuladılar.
Şəhidin anası Rəna İsmayılovanın çıxışında
bütün şəhid analarını dözümlü olmağa, şəhid övladları il öyünməyə, kursantları
şəhidlərimizin qanını almağa, Vətəni işğaldan azad etməyə səsləməsi
kursantların, hərbiçilərin onu ayaq üstə sürəkli alqışlaması tədbir
iştirakçılarına təsirli anlar yaşatdı.

Lisey kitabxasının müdiri
Zemfira İsmayılova, kitabxananın əməkdaşı Vahid Məhərrəmli və Ədəbiyyat
müəllimi Gülsəda Amanqızının rəhbərliyi ilə kursantların hazırldığı bədii
proqram tədbirə xüsusi ahəng verdi.
Sonda "Hay ver mənə,
cənab leytenant” kitabının müəllifi Yaqut Bahadurqızı çıxış edərək vətən
qarşısında borcunu şərəflə ödəyən şəhid Əbu Bəkr İsmayılovun ruhu qarşısında
bir ziyalı kimi qəlb rahatlığı tapdığını bildirdi və lisey rəhbərliyinə xüsusilə
rəis müavini Kamran Nəsibova tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə
minnətdarlığını bildirdi.

Tədbir yığıncaq
iştirakçılarının ayaq üstə alqışları ilə marş sədaları altında Azərbaycan
bayrağının kursantlar tərəfindən səhnəyə gətirilməsi ilə başa çatdı.