Biz imzaları yox, əsərləri dərc edirik...

Özünüaxtarış yollarında – Fikrət Sultanov
1065
28 Yanvar 2020, 10:05
 Artkaspi.az saytı Fikrət Sultanovun "Özünüaxtarış yollarında" adlı yazısını təqdim edir:
 
 Bir il bundan öncə teatrşünas Nigar Pirimova məndən müsahibə almaq üçün çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlmiş, götürdüyü müsahibəni 2018-ci ilin dekabrında "Kaspi” qəzetində və "Teatro.az” saytında dərc etdirmişdir. Jurnalistin ilk sualı belə idi: – Fikrət müəllim, həyat yolunuzu qısa danışardınız... Mənim də cavabım belə idi: – Nə deyim, məktəbi bitirib Teatr İnstitutuna daxil oldum... - Sonra mən öz tələbəlik illərimdən, müəllimlərimdən, tələbə yoldaşlarımdan, özümün rejissorluq, az da olsa, aktyorluq, ən əsası da, pedaqoji fəaliyyətimdən, sənət baxışlarımdan danışmışam. Qeyd etmək istərdim ki, bu illər maraqlı yaradıcılıq və pedaqoji işlərlə, axtarışlarla zəngin idi... Bəlkə ona görə teatrşünas müsahibəyə bu başlığı vermişdir: – "Yaradıcılıqla yaşayan insan həmişə maraqlı olur”.
 Bəli, 17 yaşından sonrakı həyat yolu... Bəs ondan qabaqkı illər necə oldu? Axı, məhz bu illərdə insanın dünyagörüşü, xarakteri formalaşır və bunların əsasında o öz sənət seçimini, gələcək həyat yolunu müəyyənləşdirir. Bu seçimdə yanlışlıq, səhv olsa, insan bütün gələcək həyatını daxili narahatlıq, narazılıq, yaxud ən çox rast gəldiyimiz laqeydlik, biganəlik hissləri ilə keçirməyə məhkum olur. Sevmədiyin bir insanla ailə qurub yaşamaq kimi...
 Bu baxımdan yanaşaraq, müsahibəni tamamlamaq məqsədilə mən özümün ali məktəbə qədərki həyat yoluma nəzər yetirmək qərarına gəldim...
 Mənim uşaqlıq illərim respublikamızın cənub bölgəsində - Yardımlı və Masallıda keçmişdir. Orta məktəbin ilk 4 sinifini də Masallıda oxumuşam. Atam Daxili İşlər Nazirliyinin əməkdaşı olduğundan onu işləmək üçün respublikamızın müxtəlif rayonlarına göndərirdilər.Ona görə də ailəmiz – ixtisasca həkim olan anam və yaşca ən böyüyü olan biz, üç qardaş – atamın ezam olunduğu yerlərdə yaşamalı olurduq. Bu gün mən bu zonanın gözəl təbiətini, təmiz havasını, dağ-meşə yollarını, cığırlarını, çaylarını, məşhur İstisu bulağını, ən əsası isə, saf qəlbli, sadiq insanlarını, özümün ilk müəlliməmi, bədii ədəbiyyata məndə maraq oyadan Antonina Dmitriyevanı xoş duyğularla xatırlayıram.
 1954-cü ildə ailəmiz Bakıya qayıtmış və mən təhsilimi şəhərimizin 18 nömrəli məktəbində davam etdirmişəm. Məktəb təhsili ilə yanaşı mən bu illərdə böyük maraq və həvəslə müxtəlif dərnəklərə getmişəm. İlk getdiyim dərnək foto dərnəyi olub, mən özümün "Lyubitel” fotoaparatı ilə çoxlu şəkillər çəkmişəm, hətta evimizdə valideynlərim mənim üçün kiçik fotoguşə yaratmışdılar, burada mən çəkdiyim fotoları kağıza köçürürdüm, bununla da kadr qurmağı, insan portretlərini yaratmağı öyrənirdim. 
 Sonra getdiyim dərnək idmanla bağlı idi. "Dinamo” idman cəmiyyətində klassik güləş seksiyasına getmişəm və burada da uğur qazanmışam.Yeniyetmələr arasında Bakı çempionatında qalib olmuşam.
 Növbəti getdiyim dərnək şahmat seksiyası olub. Burada da böyük maraqla məşğul olmuşam, hətta şahmat dərəcələri də qazanmışam, dünyanın ən güclü şahmatçılarının oyunlarını, yarışlarını diqqətlə izləmişəm.

 
 

 Uşaq yaşlarından musiqiyə böyük həvəsim olduğuna görə hələ Masallıda yaşadığım vaxtlarda tar dərnəyinə getmişəm, sonra bu işi Bakıda, Pionerlər sarayında davam etdirmişəm. 1959-cu ilin may ayında SSRİ-nin paytaxtı Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü – dekadası keçirilirdi və bu mötəbər tədbirdə respublikamızın ən görkəmli, tanınmış sənətkarları ilə yanaşı tarzən kimi üzvü olduğum Pionerlər sarayının "Cücələrim” ansamblı da iştirak edirdi. Biz 10 gün ərzində Moskvanın müxtəlif konsert salonlarında, məhşur Sütunlu zalda, nəhayət dekadanın yekununda Böyük Teatrın səhnəsində çıxışlar etmişdik. 
 Musiqiyə olan sevgim bundan sonra məni fortepianoda çalmağa yönəltdi. Məsələ burasında idi ki, kiçik qardaşım Namiq onillik musiqi məktəbində fortepiano sinfində oxuyurdu və mən hər gün onun ifasında dünya klassik fortepiano musiqi nümunələrini dinləyib, dərin məftunluq hissləri keçirirdim. Bu məftunluq o dərəcəyə gəlib çatmışdı ki, qətiyyən pianoda çalmaq təcrübəm olmadan, heç notu da bilmədən, qardaşımdan təkidlə xahiş etdim ki, mənə pianoda ən çox xoşladığım əsərləri çalmağı öyrətsin. O da xahişimi rədd etmədi və başladım yavaş-yavaş öyrənməyə. Bir vaxt sonra mən artıq dünya klassik musiqi nümunələrinin bəzilərini ifa etməyə başladım. Bunların arasında L.Bethovenin "Aylı sonata”, A.Mendelsonun "Sözsüz mahnı”, hətta P.Çaykovskinin 1 nömrəli fortepiano konsertindən böyük bir hissə var idi. Əlbəttə, mənim texniki imkanlarımın məhdud olması ilə qəlbən bu musiqini duymağım arasında böyük bir təzad var idi, lakin bu musiqinin məftunedici təsiri altında bu təzada çox əhəmiyyət vermirdim.
 Bir pianoçu kimi fəaliyyətim sonralar Teatr İnstitutunun tələbəsi olduğum illərdə də davam etmişdir. O vaxt institutumuzun bir neçə tələbəsi birləşərək kiçik bir estrada ansamblı – kvintet yaratdıq (akkordeon, gitara, klarnet, fortepiano və zərb alətləri) və mən bu kvintetdə pianoçu kimi çıxış edirdim. Bizim çox istedadlı gənc solistlərimiz, müğənnilərimiz var idi, bunların arasında bir kursda oxuduğum  tələbə yoldaşım, bugün tanınmış estrada müğənnisi Yalçın Rzazadə də var idi. Bizim ansambl tez-tez şəhərimizin müxtəlif konsert səhnələrində uğurlu çıxışlar edirdi, hətta Şamaxı və Ağsu rayonlarına qastrollarımız da olmuşdu.
 Mənim lap uşaq yaşlarından başlayaraq bugünə qədər davam edən, tükənməyən marağım bədii ədəbiyyatla bağlıdır. Bədii ədəbiyyat oxucuya, ilk növbədə, insanın varlığını, onun mahiyyətini, həyatını, arzu-istəklərini, yanlışlıqlarını, qəhrəmanlığını konkret nümunələr əsasında göstərir. Ədəbiyyatın məhz bu mahiyyətinəəsaslanaraq teatr və kino sənətləri yaşayırlar və insanların marağını özlərinə cəlb edə bilirlər. Yeri gəlmişkən, onu qeyd edək ki, bu sənətlərin uğuru və uğursuzluq halları çox vaxt bu həqiqəti unutduqlarından irəli gəlir. Belə ki, uğursuz tamaşa, yaxud film alınırsa, bunun iki əsas səbəbi olur. Birincisi, dramaturji əsər zəifdir və onu heç bir rejissor və aktyor xilas edə bilməz. İkincisi, dramaturji əsər güclüdür, zəngindir, lakin rejissor və aktyorlar onun məzmununu görə və aça bilməyiblər. 
 Bütün insanlar kimi, mənim də gənclik illərimdə sevimli bədii əsərlərim, obrazlarım var idi. Bu sevgi bütün ömrüm boyu mənimlə yaşamışdır. Burada mən, ilk növbədə, qəlbən mənə yaxın bədii obrazları xatırlamaq istərdim. Bunlar Yevgeni Oneqin /A.Puşkin – "Yevgeni Onegin”/, Peçorin /M.Lermontov –"Zəmanəmizin qəhrəmanı”/, Bazarov /İ.Turgenev – "Atalar və oğullar”/, Andrey Bolkonski /L.Tolstoy – "Hərb və sülh”/, Verter /İ.Höte – "Gənc Verterin iztirabları”/ bədii obrazlardır. Mən bu obrazlarla özümün dərin bağlılığını qəlbən duymuşam.Onların keçirdikləri hissləri, iztirabları anlamışam.  Bu əsərlərdə toxunulan əsas problem – insan və cəmiyyət, onun taleyi, həyatda yeri – hər zaman aktual olduğundan hər bir oxucunu düşünməyə vadar edir. 
 Bəs, teatr sənəti ilə tanışlığım və ünsiyyətim necə başlamışdır. Hələ uşaq yaşlarında, Masallıda yaşadığımız zaman oradakı həvəskar aktyorların çıxışlarını izləyərək teatr sənətinə, onun sehirli cazibəsinə vurulmuşdum, hətta yaşadığımız evin yarımzirzəmisində həmyaşıd dostlarımla müxtəlif səhnəciklər hazırlayıb oynayırdıq, mən özüm isə bu işin təşkilatçısı və belə demək mümkünsə, rejissoru idim.
 Professional teatrda ilk gördüyüm tamaşa isə 1954-cü ilin yanvarında olmuşdur. Valideynlərim məni Azdramaya Sabit Rəhmanın pyesi əsasında rejissor Adil İskəndərovun hazırladığı "Nişanlı qız” tamaşasına aparmışdılar.Mən ilk dəfə olaraq səhnədə milli teatrımızın görkəmli sənətkarlarını gördüm. Bunlar – Hökumə Qurbanova, Barat Şəkinskaya, Ağasadıq Gəraybəyli, Əli Zeynalov, İsmayıl Osmanlı, Məlik Dadaşov, nəhayət, qüdrətli korifey aktyorumuz Mirzəağa Əliyev və başqaları idilər. Bu teatrda həmin günlərdə gördüyüm ikinci tamaşa Lope de Veqanın pyesi əsasında rejissor Tofiq Kazımovun hazırladığı "Sevilya ulduzu” tamaşası idi. Bu tamaşada da İsmayıl Dağıstanlı, Nəcibə Məlikova, Ağadadaş Qurbanov, Həsənağa Salayev, Hacıməmməd Qafqazlı, Müxlis Cənizadə, Məlik Dadaşov və başqa sənətkarları gördüm. Hər iki tamaşanın sehirli cazibəsi məni həmişəlik teatr sənətinə möhkəm şəkildə bağlamışdır və bundan sonra mən teatrlarımızın daimi tamaşaçısı oldum. Hələ məktəb şagirdi olduğum illərdə Azdramada gördüyüm tamaşalar bunlar idi – "Atayevlər ailəsində” /İ.Əfəndiyev/, "Göz həkimi” /İ.Səfərli/, "Vaqif” /S.Vurğun/, "Şeyx Sənan” /H.Cavid/, "Türkiyədə” /N.Hikmət/, "1905-ci ildə” /C.Cabbarlı/, "Prokurorun qızı” /Y.Yanovski/, "Xanlar” /S.Vurğun/, "Eşq və intiqam” /S.S.Axundov/, "Uzaq sahillərdə” /İ.Qasımov və H.Seyidbəyli/, "Fərhad və Şirin” /S.Vurğun/, "Almaz” /C.Cabbarlı/, "Otello” /V.Şekspir/. Onu da qeyd etmək istərdim ki, gördüyüm bu tamaşaların proqramlarını bu günə qədər əziz xatirə kimi qoruyub saxlamışam. Əlbəttə, bu illərdə Bakıda fəaliyyət göstərən digər teatrların da – Opera vəBalet, Rus dram , Gənc tamaşaçılar teatrlarının tamaşalarını görmüşəm, lakin Azdrama mənə daha yaxın və doğma idi.
 Əlbəttə, mənim yeniyetməlik və gənclik illərimdə təkcə teatr sənəti vasitəsilə mənəvi qidalanmaq işim məhdud çərçivəyə sığmış halda idi, çünki biz yalnız milli teatrımızın məzmun və estetik meyarlarını seyr edə bilirdik. Belə bir vəziyyətdə bizim köməyimizə xilaskar kimi dünya kinematoqrafı gəlirdi. Biz məhz kino vasitəsilə qüdrətli, yüksək sənət nümunələrini, rəngarəng, zəngin ssenari, rejissor, aktyor işlərini görürdük və heyrətlənirdik. Kino sənətinə məftunluğum səbəbindən mənim 16 yaşım tamam olduqda, pasport alandan sonra Azərbaycanfilm kinostudiyasında operator köməkçisi vəzifəsinə işə düzəldim və 1959-cu ilin iyul-avqust aylarında "Əsl dost” filminin çəkiliş heyəti ilə Xaçmaz rayonunun Yalama zonasına yollandım. Burada mən filmin rejissoru Tofiq Tağızadə, operator Rasim Ocaqov, aktyorlar Nadir Şaşıqoğlu, Tamilla Ağamirova, Müxlis Cənizadə və başqa sənətkarların yaradıcılıq proseslərini yaxından izləmək imkanı qazandım. Sentyabr ayında biz Bakıya qayıtdıq və kinostudiyanın çəkiliş pavilyonlarında işimi davam etdim. Gündüzlər işlədiyimə görə orta məktəbin axırıncı – 10-cu sinfini axşam məktəbində davam etdirməli oldum. Beləliklə mən gündüzləri işləyirdim, axşamları isə məktəbdə oxuyurdum. İşlədiyim bu bir il ərzində operator köməkçisi vəzifəsində kinostudiyada bu dövrdə çəkilən "Səhər”, "Onu bağışlamaq olarmı” və qısametrajlı "Mateo Falkone” bədii filmlərinin çəkilişlərində iştirak etmişəm. Yaradıcılıq işlərini izlədiyim sənətkarlar bunlar idi – rejissorlar Ağarza Quliyev, Tofiq Kazımov (o, bir müddət teatrdan ayrılmış və  "Səhər”  filmində ikinci rejissor kimi çalışmışdı), Rza Təhmasib, Tofiq Tağızadə, aktyorlar Ələsgər Ələkbərov, Hökumə Qurbanova, Mehdi Məmmədov, İsmayıl Talıblı, Həsənağa Salayev, Ətayə Əliyeva, Lütfi Məmmədbəyov, bir neçəəcnəbi aktyorlar, onların arasında görkəmli gürcü aktrisası Veriko Ancaparidze və başqaları...     
 Bir il ərzində kinostudiyada əmək fəaliyyətilə məşğul olaraq, burada maraqlı yaradıcılıq işlərini yaxından izləmək imkanı qazanaraq, orta məktəbi bitirib sənədlərimi Teatr İnstitutuna verdim və qəbul oldum. Beləliklə, çox illər ərzində özünüaxtarış yollarını keçərək, öz sənətimi seçmiş oldum. Burada biz bir il öncə dərc olunmuş müsahibənin lap əvvəlinə gəldik çatdıq.
 İndi isə müsahibə ilə bağlı bir məsələyə toxunmaq istərdim. Mən bu müsahibədə görkəmli alman dramaturqu, rejissoru Bertold Brextlə bağlı qeyri-dəqiq fikir söyləmişəm və indi onu düzəltməyə ehtiyac duyuram. B.Brext dünya teatrına son dərəcə qiymətli yeni nəzəriyyə - Epik teatr nəzəriyyəsini -  gətirmişdir və bu nəzəriyyə Yaşama sənəti nəzəriyyəsi ilə yanaşı, dünyanın hər yerində geniş şəkildə istifadə edilərək gözəl yaradıcılıq bəhrələri verir. Onu da deməliyəm ki, mən özüm də bu nəzəriyyədən bəhrələnərək 1989-cu ildə İncəsənət Universitetində öz tələbələrimlə F.Dürrenmattın "Möhtərəm xanımın təşrifi” pyesi əsasında tamaşa hazırlamışdım və bu tamaşa bütövlüklə Epik teatr prinsipləri üzərində qurulmuşdu. Alınmış uğurlu nəticə imkan verdi ki, bu kurs tamaşası dəfələrlə ali məktəbin Tədris teatrında, habelə Rus dram teatrının, Gənc tamaşaçılar teatrının, Aktyor evinin səhnələrində nümayiş etdirilsin, sonra da Respublika televiziyası tamaşanı çəkərək bütöv şəkildə göstərsin. Hətta İncəsənət Universitetinin ali orqanı olan Elmi şurası öz tarixində ilk dəfə və yeganə fakt olaraq bu tamaşanı Respublika Dövlət mükafatına təqdim etmişdir.    
 Sonda bu yazı ilə bağlı vacib arzumu bildirmək istəyirəm. Ali məktəbə qədər uşaqlıq, yeniyetməlik və ilk gənclik illərimdəki maraq dairələrim, gördüyüm işlər, təəssüratlarım haqqında qələmə aldığım xatirələr qəti şəkildə özününümayiş, Narsisizm sindromu, xəstəliyi kimi qəbul edilməməlidir. Bu yalnız bir gənc insanın öz gələcək peşəsinə doğru keçdiyi uzun, müxtəlif çalarlarla dolu özünüaxtarma yoludur, bir misaldır, nümunədir. Demək lazımdır ki, belə bir yolu hər bir insan keçməli və özünün daxili varlığına, istedadına uyğun peşə seçməlidir. Unutmayaq ki, bu seçim, bir qayda olaraq, gənclik illərində baş tutur. Ona görə də hər bir gənc özünün ömür boyu keçəcəyi yolu, peşəsini düzgün tapmalıdır. Bu məsuliyyətli işdə ona valideynləri, təhsil aldığı orta məktəbin pedaqoji heyəti, oradakı psixoloqlar fəal şəkildə yardımçı olmalıdırlar. Axı, insan öz istedadına və qəlbinin sevgisinə uyğun işlə məşğul olsa o, hər zaman daxili harmoniya əhvalında yaşayar, öz zəhmətinin bəhrəsini görər, ətrafdakılar və bütövlükdə cəmiyyət də bundan faydalanmış olar.