Biz imzaları yox, əsərləri dərc edirik...

Zülmün rəngini söz fırçası ilə çəkən Nurəngiz Gün - Fəridə Ləman yazır
133
01 Mart 2021, 15:33
 Artkaspi.az saytı  Fəridə Ləmanın "Zülmün rəngini söz fırçası ilə çəkən Nurəngiz Gün və ya ədəbi dilimizin obrazlılıq xəzinəsi" adlı yazısnı təqdim edir:

 Mən bir epos oxudum. Orada ahın şəklini, zülmün rəngini gördüm. O fırça köksünü od üstə sac asmış bir xanım ananın, bəşəri şairin əlindədi. O şair rüzgarın söz sənətinə bəxş etdiyi çox sevdiyim Nurəngiz Gündür. Dünyanın hərb meydanlarına bir Ana hökmü ilə meydan oxuyan, ruhunu tel-tel edib simlərə çəkən, bəzən də anasını itirmiş mələr bir yavru kimi ünü ərşə bülənd olan, "Xocalı simfoniyası”nın müəllifi Nurəngiz Gün!
              
                   Əl çəkin! Qırın hərbin belini! 
                   Dağıdın təbilini siz onun!  
                   Doğrayın müharibə sözünü, 
                                   siliniz lüğətlərdən!


 Əfsuslar olsun! Bu xitabımız heç vaxt yerinə yetməyəcək! Bu istək arzularda qalacaq. Axı insan insanı sevmir, insan insanın qənimidir. Qatil kimisə öldürəndə onun insanlığını fikirləşirmi? Əsla! Onun beynində bir məqam olur, necə olur olsun işin icrasını başa çatdırsın. İnsanım, Tanrına üz tut, haqqında halallıq al. Halal torpaqlarımız, körpələrimiz kəlisaların günahına düşdü. Öz qanları ilə bozarmış çəmənlikləri al çiçəklər kimi bəzədi Xocalılarım. 


                           
 
                             "- Xocam!” Məğlubum! 
                             Necəsən? Yoxsa dağ çəkdi sinənə, tarixi dilənçi -
                            Bəd qonşu?- 
                            Dramatik "Yazıq Erməni” ilə 
                           Məşhur Qırmızı Qospodin?”- 


 Bu nə millət, bu nə din?! Amma müəllif adını qoyub  – "Tarixi dilənçi!”
...Moto-atıcı alay – bu kütləvi qırğın maşını bir gün atacaq sənin öz daşını, tökəcək özgəsinin torpağına baxan həris, riyakar gözlərinin yaşını məlun məxluq-erməni. İnsanlığın başına gətirdiyini – dəhşətləri, vəhşətləri unutma! Əzik-üzük edilmiş "ətlər”, heyrətdən böyümüş gözlər, Torpağa çökən canlar, şəhid ruhlarının çapdığı qanadlı atlar üstünüzə gələcək, külə dönmüş tüstünüzə gələcək, öz söz fırçası ilə zülmün rəngini çəkən şair Nurəngiz Gün də gələcək.
 Onun içindən o iniltilər, haraylar, hıçqırtılar, yaralı düşüncələr, ağlayan həsrət çıxmalıdır. Xocalını və xocalıları yenidən yaşatmaq üçün, gələcəyimizə olanları çatdırmaq üçün. Biz qurban verməkdən qorxmuruq. Çünki İslamımız və qurbanlığa gedən İsmayılımız var. Ana Torpağımızın, Vətənimizin əqidə qurbanlarıyıq. Naxələf əməllər təlxək oyunlarıdı. Amma nə acı yaddaş qoydunuz, lənətlər olsun sizə şeytan övladları. Haqsızlıqdan diksinən ruhumuz sizi heç zaman bağışlamayacaq. Allah da sizi bağışlamasın, fidanların və qocaların ruhu xatirinə. Olum və ölümün məkansızlığında ruhlar boğazımızdan yapışacaq, günahsız öldürülənlərin xatirinə. Ah! Bu könül yaraları şairin ruhunu tar-mar etdi. Amansız intiqam alverçiləri, siz onların nurlu gözlərini süngünüzlə ovsanız da, azad yaşamaq üçün qaçan ayaqlarını kəssəniz də, Tanrıya dualar üçün qalxan əllərini qırsanız da, lailahə-illəllah kəlməsini pıçıldayan dilləri boğazından çıxarsanız da çox-çox ucalıqdan əməllərinizə baxıb, yazıqlar olsun deyən – Ulu Tanrı var...
 "Onların sümük xatirələrində indi yalnız, diri-diri torpağa əndərilmiş böyük hürkü, şaşqın qışqırıqlarının yaddaşı yaşayır.  Bir də ki,...Lənət sənə faşizm”... Lənət sənə, lənət sənə! – hayqırıqları yaşayır” deyir şairə.
 Ey dünya! Ey bəşər!  Misraları ilə hönkürən müəllifin səsini eşidirsinizmi, ey məkr və hiylə qulları, ruhların səsini eşidirsinizmi?! Açın qulaqlarınızı, dünya dağılır, əməllərinizin səsini eşidirsinizmi? Sellə gəlir, yellə gəlir dərdlər. Ümmanlar günahlarınızı yumağa, qasırğalar bəd üzlərinizi silməyə gəlir. Hər gələn nələrisə, kimlərisə aparır. O qasırğalar içində çapaladığınız fırtınalar şəhid ruhlarının haraylarıdır üstünüzə tökülür. Sizləri don vuracaq, don. Axı, siz onları 26 fevral qarlı qış günündə cəsəd eləyib dondurmuşdunuz, yandırmışdınız. İnsan cəlladları, sizi də aparmağa gəliblər, bir baxın onlardı günahsız tökülən qanların sahibləri, qan haqlarını istəməyə gəliblər. 
                         Ah fırlanır bəbəklər çuxurunda, 
                         Çuxurundan indicə sıxacaqlar,                                                                                                                       bəbəklər!
                         Çün yaşamaq-  ehtiyacdır! 
                         Yaşamaq – su istəmək, çörək 
                                                  dadmaq,  
                        Sevməkdir, sevilməkdir – yaşamaq!


 Yerin altından qulağıma iniltilər gəlir deyəsən, zəlzələ olacaq, buludlar qaşlarını yamanca çatıb nəmli gözləri, çətir kiprikləri indicə  içinə sıxıb tökəcək, palçıq, zığ axacaq insanları üz-gözünə, Allahdan rəhm diləyəcəklər. O rəhm etməyəcək. Rəhmi tükənib Allahın, lap zəhləsi gedir yaratdığından. Görəsən son məkana bir qiyafədə gedən hər kəs bunu dərk edirsə, nə istəyir? Torpaq da, yer də, göy də onun deyilmi – Uca varlığın. 


                       Sizlərdə beləmi zorakıdır Kəlisa? -     
                       Allahın  müqəddəs  evləri?..
                       Yəqin elə onunçun da özünüz öz əlinizlə 
                       mıxladınız çaharı-mıx gözəlim İsanı!
                                                    
                      O! Mariya! Gözəl Ana! Belə isə ,
                      faydasızdır sizlərdən etina gözləmək,
                     ah, hava...sevən... müqəddəs!..


 Göy üzündəki rəngbərəng buludlara bax! Körpələrin bələkləridi uçuşurlar. Mələklərdi onları uçurdan, gözlərinə qan dolmuş atalar, rəngi avazımış analar "inqa” səsi çıxaran bəbələrinin dalınca qaçırlar. Bələklər boşdur, boş. Bəs onların yemək vaxtıdır... 
                      O! Məryəm!.. 
                      Ancaq ki, 
                      Ana məməsi istəyir körpələr
                               torpağın altında! 
                      Hey bir şey anlamır inqalar!.. 
                      İnqalar ana döşü əvəzinə
                      İndicə torpağı əməcəklər!..


 Bəli torpağı əmib yenidən göyərəcəklər inqalar. Bağımıza, bağçamıza, çölümüzə, düzümüzə, evimizə dönəcəkdir. Ətir qoxuyacaq Xocalımız, süd ətirli, çiçək baxışlı Xocalımız. Şeytan hiyləsinə, şeytan gülləsinə tuş gələn Xocalımız. 
                        
                       Ah!
                      Səslərə ürpəşirəm, 
                      Şum edilmiş insanların Kütləvi Qırğınına  
                              daraq çəkə bilmirəm... 
                                         Bax, ona ağlayıram, 
                                                   Məryəm Anaa!..     


 Ah, yalvarıram, fidanlarım! Bir sizi köksümə sıxa bilsəydim. Lap donmusunuz ki!.. Çingiz! "Ey ən gözəl həlak!” Haradasan, Boyuna qurban, gəl, tez gəl, götür onları qolların üstə, isit onları, oxşa onları, sazaqdan dilləri, dodaqları quruyub. Gəlmişkən onların şəklini də çək, yaxşı-yaxşı çək, bütün dünyaya göndəririk, bəşər analarına göndərərik, qoy görsünlər erməni uşaqlarımızın başına nə oyunlar açıb. Uşaqlar oynamağı sevirlər, amma bu "oyunu” yox. Hanı məsullar, hanı dünyanın xəzinəsini uşaqların adı ilə ac qurd kimi yeyib udan uşaq təşkilatları?! Bu uşaqlar ac qaldılar. Onların payını yeyənlər, onların paltarını geyənlər boğazınıza...
 Ehey yoldan keçən! Sən bir mənim gözümün içinə bax. O quyudur, onun içi dolu sudur, bax şəklini görəcəksən, o həm də güzgüdür, qarşıdakını özünə göstərən güzgü. 
 Yaddaşım ağrıyır, ürəyim sızlayır zəhməti puç olanlara. Yazar üçün bunu yazmaq bilsən nə qədər zülümmüş. Günəşin od biçimli saçaqları altında o zəminin qırağında başına gündöyən kimdir? Saatlardı dayanıb orda, hərəkətsiz, filansız sünbülləri sayırmı?! Zəminimi seyr edir, yoxsa sözmü toxuyur. Yox, yox! O qəmli bir nəğmə oxuyur. Bu nəğmə balasını itirən anaların nəğməsidi. Sünbüllər də yellənir, deyəsən şairə səs verirlər. O yandan, göylərin yeddi qatından sürünən duman gəlib başının üstündə dayanır. Uşaqların səsinə bax, üzünə meh dəyir, yelpiyə bax. Ah mələklərim, bu sizsiniz?! Nurəngiz ana, gedin, dayanmayın burda, bu boş zəminin yanında dayanmayın, biz burdayıq, baxın, göylərdəyik. Dən-dən olub buraya uçmuşuq.
 
                Ah Rüzgar! Dostum ol!..
                Bura bax...
                Sən torpağı süpürüb ötəndə,
                şayəd görə bilirsənmi hərdən-bir
                belibükük əkinçi-biçinçi
                             kölgələri....
                Öpə bilirsənmi sən arada, 
                Boşuna yellənən sünbüllü zəmiləri?


 "Ölüm şərqiləri”.... Nə qəribə, nə qorxunc sözdür. Ölüm və şərqilər, yəni nəğmələr. Şairin tapıntısı və çəkilməz dərd içində oxuduğu ağılar.
Dərddən qəşş edib, ağlı çaşıb gülən insan, ah, faciələrimizin ağırlığına bax, ilahi.
                  Onların hamısının – 
                  Bir-birinin ətəyini dartışdıran
                  heç bir şey anlamadan
                  burnunu qurdalayıb 
                  zırıldayan uşaqların  
                  ölüm şərqilərini –
                        Mən eşidə bilirəm.   


 Bəli, bu ölüm şərqilərini eşidən vicdan sahibləridi, ürək sahibləridi. Kimlər ki, eşitməlidi kardırlar, kimlər ki görməlidi kordurlar. Təsadüfi deyil ki, müəllif belələrini Cahanın canavar iştahlı adamyeyənləri, yırtıcıları adlandırır və bu yırtıcıların, adamyeyənlərin zülmlərinə bir hayqırış olacağına inanır. Bu insanlığın, zillətin, həlak olanların hayqırışı olacaq.
 Onlar getdilər gözləri qorxudan hədəqədən çıxmış, körpə yaddaşlarında güllə səsi, ata ahı, yaralı ana harayı. Onları çölə, düzə səpələyən qatillər bu günahsızları haraya sürükləyir? İmdad diləklərinə cavab gəlmir, səmanı duman, çən tutub. Qoy günahkar da duman, çən olsun... 
                 
                    Bütün Allah evləri, 
                    Allah məbədlərindən 
                    yüksələn səsləri o daha eşitmək
                                              istəmir! 


 Əsər bədii təsvir və ifadə vasitələrilə olduqca zəngindir. Bu obrazlı deyim tərzi müəllifin üslubunu rəngarəng etməklə əsərə bir daha dəyər, sanbal gətirib – "torpağa əndərilmiş dipdiri ölülər”, "oyaq ölülər”, "böyük hürkü”, "şaşqın qışqırıq”, "qlobal ah”, "təngizar qulaqlar”, "məsum nəğmələr”, "nazik əndişə”, "fırtınalı hirs”, "məlul Xocalı, "məhbus düşüncə”, "şum edilmiş insan”, "ahın şəkli”, "zülmün rəngi”, "adamlarsız pəncərələr”, "yetim baxan yuvalar”, "zorun səs”,  " yad kölgələr”, "humanizm yelləyən səda”, "müntəzirsiz cavaba” "batqun arzular”, "göyərçin balalar”, "lal baxan ləpirlər”, "məzlum pıçıltılar”, "ey ən gözəl həlak!”, "yetim baxan bağça-bağ”, "sümük xatirəsi” və s. Əsərdə millətin hiddət dolu sarkazmları  da diqqətdən yayınmır. Nifrət o qədər güclüdür ki, sözün gücü mənanı bir daha kəsrli edir  - "lənət sənə faşizm”, "tarixi dilənçi”, "yazıq erməni”, "Qırmızı Qospodin”, "zorakı Kəlisa”, "adamyeyənlər kolu”, "bəşəri zalımlar”, "canavar iştahalı Cahandarlar”  və s.
Məhz bu ifadələr əsərin məzmun və süjet xəttindən irəli gəlir. Təzadlı, dramatik bir faciənin mövzu uyarlığında əsərə gətirilən bu ifadələr vacibləşir və lazımdır. 
 Və son olaraq.
 Bəşəri şairə bəşəri bir dərdin eposunu yaratdı. O eposun qələmini ürəyinin qanına batırıb yazdı. Əziz oxucu! Ahın şəkli, zülmün rəngi olan bu yazıda Xocalının əbədiyyət nəğməsini eşidəcəksiniz, görəcəksiniz.
                    
                        Və varındısa...sən allah, ey Rüzgar,
                        fırça gətir!
                        Mən bu Qlobal Ahın şəklini çəkərəm!
                        Çəkə bilərəm Onu –
                        Bəşəriyyət önündəki
                        Zülmün Nəhəng Pannosunu!


 ...Deyəsən qara buludlar dağılır. Göyün üzünə ağappaq pəmbə buludlar gəlir. Qışın ağırlığından, sazağından silkinən çöllər , düzlər sinəsinə zümrüd örtük çəkir, çəkir ki, "lal ləpirlər” yenidən dinsin , çiçəklik işində rəngarəng kəpənəklər dalınca çocuqların səsi eşidilsin.
Yeni həyat, yeni nəfəs gəlir əbədi ruhlarla. Amma o körpələr indi 18 yaş da böyüyüblər, oğlanlar "bəy”, qızlar "gəlin”, ata analar  nənə, baba olublar...
                     
                      Ah, yetim baxır o Bağçabağ...
                      O qızın qıvırcıq  tellərindəki
                       yaş danəciklərini...
                                                      parıltını...
                      danələri... axtarır, Bağçabağ!..
                      Ah, nə yazıq!..


 Doğrudan da, an hə yazıq!
Ey günah sahibləri,  bəşəri canavarlar, nələr etdiniz, nələr?! Allah götürməsin. Heç götürüləsi dərd də deyil... 
 
525.az