Biz imzaları yox, əsərləri dərc edirik...

Rahiblik fəlsəfəsi – Məmməd Qocayev yazır
1557
14 Mart 2019, 07:38
Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Zosima ata və onun rahiblik fəlsəfəsi" adlı esseni təqdim edir: 
 

 
 Zosimanın obrazı romanda xüsusilə vacib yer tutur. O, rus pravoslav dininin daşıyıcısı və dayağı kimi ilk növbədə Böyük inkvizitora qarşı qoyulmuşdur. Zosima ata ortodoksal xristianlığın nümayəndəsi və müdafiəçisi deyildir. O, kilsədə xidmət etmir, monastırda rahib kimi yaşayır. O sanki kilsəylə həyat arasında dayanmışdır və onun xidmətləri kilsə ideyalarını həyata və insanlara çatdırmaqdan ibarətdir. Ona görə də Zosima ata inkvizitordan fərqli olaraq din xadimi kimi deyil, canlı bir obraz, adi bir insan kimi təsvir olunur. Onun inamı da, ideyaları da insanın ruhi mahiyyətinə əsaslanır. Odur ki, onun diqqət mərkəzində olan insandır. O, Allahdan çox insandan danışır, onun aqibətini düşünür. Ona görə də Zosimanın təlimi dini təlim də olsa, insanın real mahiyyətinə istinad edir. Əgər onun ideyaları və tələbləri insanın imkanları xaricində olması təəssüratını oyadırsa, bu, ona görədir ki, Zosima ata Böyük inkvizitordan fərqli olaraq, insanın ötəri, maddi və praqmatik tələblərindən deyil, onun dərin ruhi mahiyyətindən və ruhi tələblərindən çıxış edir. 
 

 
 İnsan öz həyatında sırf gündəlik və məişət tələblərindən çıxış edir, amma bu o demək deyildir ki, insanın dərin ruhi mahiyyətini məişət qayğıları təşkil edir. Real həyat və məişət insanın ötəri tələblərini əks etdirir. Onun dərin ruhi tələblərini isə yalnız din və inam ödəmək iqtidarındadır. Zosima ata insanın bu dərin ruhi mahiyyətinə istinad edir. O, müqəddəs deyil, sadəcə olaraq insan qəlbinin bilicisidir. Zosima atanın mənəvi siması, onun insanlara təmənnasız məhəbbəti və qayğısı sanki adi və günahkar insanlar üçün bir nümunədir, inam nümunəsidir. Bu cür insanların varlığı ziddiyyətlər içində yaşayan adi insanlarda inamın qorunub saxlanmasına kömək edir. Bu cür insanlar olmasaydı, yer üzündə müqəddəs heç nə qalmazdı və inam tükənərdi. Zosima ata insanlar üçün İsa dininə inamın yaşaması üçün bir zəmanət idi. 
 Zosima ata çoxlu sayda dərdli insanlar görmüş, onlarla söhbət etmiş və on­ların narahat ruhunu, bədbəxtlik içində şübhəyə düşmüş qəlblərini mətin­ləş­dirmiş və bu zavallıları imana qaytarmışdı.  Zosima atanın sirli dostu ona öz ürəyini açır və deyir: "hər bir kəs, öz günahlarından savayı, bütün başqalarının günahları üçün də məsuliyyət daşıyır". Başqasının günahı müqabilində özünü günahkar hesab etmək o deməkdir ki, bütün insanlar qəlbən özlərini bir-birinin doğmaları hesab edirlər, özlərini başqalarına qarşı qoymurlar. Zosima ata inanır ki, elə bir zaman gələcək ki, insanlar vahid ailə halında yaşayacaqlar. Amma əvvəlcə onların bir-birindən təcrid olunması dövrü baş verəcəkdir. Yəni insanlar ayrılıqdan, eqoizmdən keçərək dinə və birliyə qayıdacaqlar. Ona görə də bu qlobal ayrılıq və eqoizm dövründə o birlik bayrağını və ideyasını qoruyub saxlamaq lazımdır. Zosima ata məhz bu ideyanın qoruyucularındandır.
 Zosima atanın ideyaları, onun Alyoşa tərəfindən yazılmış qissəsində öz əksini tapmışdır. Təsadüfi deyil ki, romanda Zosima atanın həyatından bəhs edən "Rus rahibi" kitabı Böyük inkvizitor haqqındakı "Pro və contra" kitabından sonra gəlir. İnkvizitorun və İvanın ideyalarına qarşı Zosima atanın və Alyoşanın ideyaları qoyulur. Böyük inkvizitor doxsanyaşlı, ucaboylu möhtəşəm və güclü bir insan kimi təsvir olunur. Zosima ata isə onun əksinə olaraq zəif, cılız, gücdən düşmüş bir qocadır. Lakin bu qocanın gücü onun insanlara olan intəhasız məhəbbətindədir. İnkvizitor insanlara onların öz naminə qayğı göstərir. Zosima ata isə insanları Allahın naminə sevir, Allahın adı ilə onlara qayğı göstərir. İnkvizitor insanları gündəlik çörəklə təmin etmək barəsində düşünürkən, Zosima ata onların ruhunun qidası olan inam barədə düşünür. İnkvizitor özünü Allahın yerinə qoyub bütün ixtiyarı öz əlinə alır, Zosima ata isə insanları sevməkdən savayı ixtiyar tanımır.
 

 
 Zosima ata ölüm ayağında dostlarını ətrafına toplayıb onlarla söhbət edir. O, onlara deyir ki, mən sizi qəbirdən də sevəcəyəm, o dünyadan da sevmək olar, orada da məhəbbət tükənib yox olmur. Zosima atanın fikirlərindən nümunələr: "məhəbbətin mütiliyi dəhşətli qüvvədir", "insanları günahları içində də sevin", "xüsusilə də uşaqları sevin, çünki onlar mələklər kimi günahsızdılar", "hər şey okean kimidir, hər şey axır və bir-birinə qarışır", "özünü hamının günahı üçün müqəssir hesab elə", "bizim fikir və duyğularımızın kökləri burada deyil, başqa dünyalardadır", "insan özü kimisinin hakimi ola bilməz", "mömin ölüb gedir, amma onun ziyası əbədi olaraq bu dünyada qalır", "cəhənnəm artıq sevə bilmə­mə­yin əzabıdır", "öz kinli qüruru ilə qidalanmaq, səhradakı ac insanın öz qanını sorması kimi bir şeydir". Zosima atanın nəsihətlərini qeydə almaqla Dostoyevski dünyanın yeni mənəvi-etik mənzərəsini yaradır. Ənənəvi insan-cəmiyyət münasibətləri əsasında qurulmuş dünya əvəzinə yazıçı yeni, insan-Allah münasibətlərinə əsaslanan dünyanı təsvir edir. İnsan adi, təbii varlıq olaraq qeyri-təbii, ruhi qanunlar əsasında yaşamalıdır və yaşayır. İnsanlar Əyyub peyğəmbər kimi köhnə fəlakətləri və keçmiş faciələri unutmağı bacarmalıdırlar. Yalnız onda öz iradəni Allahın iradəsinə tabe etmiş olarsan. Zosima atanın həyat fəlsəfəsi ölümə məhkum insanlar üçün deyil, əbədi yaşar ruh üçün yaradılmışdır. Beləliklə, Böyük inkvizitorun və Zosima atanın həyat fəlsəfəsini qarşı-qarşıya qoyaraq, Dostoyevski Qərb katolisizminin insanın bu dünyadakı fani həyatı barəsində, pravoslav rus dininin isə o dünyadakı əbədi ruhi həyat barəsində düşündüyünü vurğulayır.