Biz imzaları yox, əsərləri dərc edirik...

Üzeyir bəyin tələbəsi olan bəstəkar, dirijor, pedaqoq
1717
18 Fevral 2020, 10:42
  Onun adı Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafına xidmət etmiş, bir çox ansambl və xor kollektivlərinin  yaradılmasının təşəbbüskarı kimi musiqi tarixində yer alıb. Muxtar Respublikanın musiqi tarixini vərəqlədikcə, bəstəkar Məmməd Məmmədovun bu tarixə töhfələrini aydınlıqla görür,  bu sahənin inkişafı ilə bağlı həyata keçirdiyi işlərin Naxçıvanın musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil etdiyinə əmin olursan. M.Məmmədov uzun  illər  Naxçıvanda  kütləvi  musiqi  tədbirlərinin  keçirilməsində fəal  iştirak  edib, musiqi kadrlarının yetişdirilməsində əvəzsiz xidmətləri olub. Bəstəkarın 1956-cı ildə yaratdığı "Əlvan çiçəklər” mahnı və rəqs ansamblı muxtar respublikada xeyli məşhur olub. M.Məmmədov həmçinin kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər, nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün mahnı və romanslar yazıb, xalq mahnı və rəqslərini toplayaraq nota köçürüb. Naxçıvanda  truba  və  akkardeon  siniflərinin  açılması,  vokal  ansamblları və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olub, Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan onlarla tamaşaya musiqi bəstələyib.
 
  Trubanın mahir ifaçısı 
 
  Bəstəkarın həyat yolunu vərəqlədikcə maraqlı keçən səhifələrlə üz-üzə qalırsan. Məmməd Məmmədov 1920-ci il aprel ayının 28-də Naxçıvan şəhərində doğulub. O, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olub. İstedadlı gənc, texnikumda oxuduğu illərdə musiqiyə maraq göstərib. Musiqiyə hədsiz sevgisi, gələcəkdə ömrünü bu sahəyə həsr etməsinə səbəb olub.

  Gəncin diqqətini musiqi alətləri içərisində daha çox truba nəfəsli aləti çəkib. Bu alətə sevgisi də, onun mahir ifaçısı kimi yetişməsi də təsadüfi olmayıb. Naxçıvanda nəfəsli alətlər üzrə tanınmış ifaçı, pedaqoq Məmməd Kəngərli bu alətdə ifaçılığın bütün sirlərini tələbəsindən əsirgəməyib. Truba xalq çalğı aləti olmasa da, gənc, milli musiqi nümunələrini bu alətdə məharətlə ifa etməyi öyrənib. O, həmin əsərləri yoldaşlarına da öyrədib, melodik ifa tərzi ilə onların diqqətini alətə yönəldib. Qısa zamanda gənc musiqiçi peşəkar ifaçıya çevrilib. Heç şübhəsiz, gərgin zəhməti, yuxusuz gecələri, sonsuz həvəsi və gördüyü işə böyük məhəbbəti ilə məqsədinə nail olub. 
  Bəstəkar, ilk müəllimini gözəl insan, istedadlı musiqiçi, pedaqoq kimi xatırlayırdı: "Məmməd Kəngərli riyaziyyat müəllimi kimi fəaliyyət göstərdiyi orta məktəbdə çox əziyyətlərə qatlaşaraq ictimai əsaslar üzrə nəfəsli alətlər orkestri yaratmışdı. Mən də həmin orkestrin üzvü idim. İlk dəfə trubada ifa etməyi də məhz bu orkestrdə Məmməd Kəngərlinin köməkliyi ilə öyrəndim. Müəllimimlə birlikdə 1938-ci ildə muxtar respublikamızda ilk dəfə qızlardan ibarət nəfəsli alətlər orkestri yaratmağa nail olduq. Həmin orkestrin çıxışları mənim yaddaşımda silinməz izlər buraxıb”. 
  Məmməd Məmmədovun musiqiyə sevgisi sonsuz idi. Onu Bakıya çəkib gətirən də bu həvəsi idi. Musiqiyə olan sevgisi onu Bakı şəhərinə, Musiqi Texnikumuna gətirir. Gənc, nəfəsli alətlər şöbəsində təhsil alır. Texnikumdakı təhsil illərində böyük sənətkarlardan, xüsusilə də dahi bəstəkarımız Üzeyir Hacıbəylidən dərs alması, taleyinin naxışı idi. Hətta tələbə ikən xəstələnəndə Üzeyir bəy xeyirxahlığını gəncdən əsirgəmir. Dahi bəstəkar tək yaşayan tələbə ilə şəxsən maraqlanır, maddi-mənəvi dəstəyini əsirgəmir. Ancaq maddi çətinlik üzündən Məmməd Məmmədov Bakıdakı təhsilini yarımçıq qoyub Naxçıvana qayıtmalı olur. Amma bunu yolun sonu yox, əvvəli kimi qəbul edir.
 
  Yenidən Naxçıvana
 
  Naxçıvana qayıdandan sonra daha fəallıqla çalışır. 
  Təkcə ifaçı kimi çıxışlar etmir, həm də muxtar respublikanın musiqi həyatında tanınmağa başlayır. İfaçılıqla yanaşı, nəfəsli alətlər üçün kiçik pyeslər, marşlar və xor üçün kütləvi mahnılar bəstələyir. Yorulmaz fəaliyyəti, onu, həmçinin bəstəkar kimi də püxtələşdirir. 1940-cı ildə Bakı şəhərində keçiriləcək idman bayramının musiqisinin sifarişini qəbul etməsini, gənc bəstəkar üzərinə götürdüyü ən böyük məsuliyyət sayır. Musiqinin dirijoru isə maestro Niyazi olur. Dahi dirijorla adının bir işdə hallanması gənc bəstəkarın uğurlu yaradıcılıq yoluna qədəm qoymasının göstəricisinə çevrilir.  Bu, onu daha məsuliyyətlə işləməyə sövq edir.
  Böyük Vətən müharibəsi başlayanda gənc bəstəkar da Vətənini müdafiə etmək üçün cəbhəyə yollanır. Davanın ən ağır günlərində qəlbindəki musiqi səsi ona ruh verir, qələbə əzmini gücləndirir. O, orduda yaradılan orkestrdə də çıxışlar edir, əsgərlər qarşısında konsertlər verərək onları döyüşə ruhlandırır. 
  Müharibədən sonra Məmməd Məmmədov Moskva Xalq Musiqi İnstitutunu dirijorluq ixtisası üzrə də bitirir. 1956-cı ildə yaratdığı və uzun müddət rəhbərlik etdiyi "Əlvan çiçəklər” mahnı və rəqs ansamblının fəaliyyəti Naxçıvan musiqi mədəniyyəti tarixinin zəngin səhifələrindən birinə çevrilir.
  Müharibə mövzusu bəstəkarın yaradıcılığından da yan keçmir. Davanın qanlı-qadalı illəri "Dostluq mahnısı”, "Ana Vətən” və "Azərbaycanım” mahnılarında əbədiləşir. 1950-1960-cı illərdə keçirilən "Mahnı və çiçək”, "Məhsul” bayramlarında onun rəhbərliyi ilə hazırlanan musiqi kompozisiyaları böyük maraqla qarşılanır.
  Görkəmli bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının layiqli davamçısı” deyə adlandırdığı "Əlvan çiçəklər” isə Məmməd Məmmədovun gərgin zəhmətinin bəhrəsi kimi Naxçıvanın musiqi tarixinin layiqli bir səhifəsinə çevrilir. Elə bir səhifə ki, bu gün qurur duymaya, haqqında fəxrlə söz açmaya bilmirsən.
 
  Teatrla uğurlu əməkdaşlıq 
 
  Məmməd Məmmədov kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər yazıb. Nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün "Kiçik prelüdiyalar”, klarnet və fortepiano üçün "Miniatürlər”, "Qaytağı”, truba və fortepiano üçün "Lirik rəqs”, "Vals”, xor üçün əsərlər, mahnı və romanslar onun yaradıcılığında mühüm yer tutur. Bəstəkarın yazdığı "Azərbaycanım”, "Gənclik mahnısı”, "Dostluq mahnısı”, "Olaydım mən”, "Ana Vətən”, "Nəğmə çalır ürəyim” və digər mahnıları onun mahnı janrının da peşəkarı olduğunun göstəricisidir. Təəssüf ki, bəstəkar-musiqişünasın bir sıra əsərlərinin not yazıları ələ çatmayıb. Bu yazılar bəstəkarın yaradıcılığı haqqında musiqişünaslara daha əlavə məlumatlar verə, musiqi xəzinəmizi zənginləşdirə bilərdi. 
  Bəstəkarın Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə əməkdaşlığı da uğurlu olur. Müxtəlif janrlarda yazılmış tamaşalara yazdığı musiqilər və bir çox əsərlərə musiqi tərtibatı tamaşaçı sevgisi ilə qarşılanır. Bu tamaşaların musiqiləri sonralar da konsert salonlarında ifa edilərək dinləyicilərin rəğbətini qazanır.
  Yorulmaq, işdən bezmək, həvəsdən düşmək kimi sözlər onun fəaliyyətinə yaxın deyildi. O, bəstəkarlıqla bərabər, pedaqoq kimi çalışır, dirijor kimi orta məktəblərdə, musiqi məktəblərində konsertlərin keçirilməsinin təşəbbüskarı olurdu. Pedaqoji fəaliyyətinə orta məktəbdə başlayan bəstəkar, sonralar Naxçıvan Pedaqoji Texnikumunda çalışıb, Naxçıvan şəhər 1 nömrəli uşaq musiqi məktəbində gənc musiqiçilər yetişdirib.  Hazırda Naxçıvanda ilk musiqi məktəbi olan 1 nömrəli uşaq musiqi məktəbinin Məmməd Məmmədovun adını daşıması da təsadüfi deyil.

  100 illik yubiley
 
  Tanınmış bəstəkarın musiqi sənətinin inkişafında xidmətlərini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bəstəkarın yubileyi "Ana yurdum Naxçıvan” deyə şəninə mahnı bəstələdiyi doğma yurdunda keçiriləcək. Heç şübhəsiz, bu sərəncam ömrünü Naxçıvan musiqi mədəniyyətinin çiçəklənməsinə həsr edən bəstəkarın yaradıcılığının dərindən araşdırılıb öyrənilməsinə və təbliğ olunmasına imkanlar açacaq.
  Məmməd Məmmədov özündən sonra böyük bir musiqi irsi yadigar qoyub. Bu gün bəstəkar "ömrünü milli musiqimizin öyrənilməsi və təbliğinə həsr edən, gənc musiqiçilərin yetişməsində var qüvvəsi ilə çalışan, sənəti yaşayan bəstəkar, dirijor” kimi anılırsa, bundan böyük xoşbəxtlik yoxdur.
 
  Təranə Məhərrəmova