Hazırda dünyada və Azərbaycanda yaranmış koronavirus epidemiyası ilə
əlaqədar xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı
Azərbaycan dövləti tərəfindən ciddi iş aparılır.
Epidemiyanın
gücləndiyi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin
bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistanda da bir
çox Azərbaycan vətəndaşlarının ölkəmizə qayıtması qeyri-mümkün olmuşdur.
Yaranmış vəziyyətlə
əlaqədar Özbəkistanda səfir Hüseyn Quliyev tərəfindən Xüsusi Komissiya
yaradılmış, Özbəkistanda qalmış Azərbaycan vətəndaşlarına dair ilkin araşdırma
aparılmışdır.
Məlum olmuşdur ki,
Özbəkistan Respublikasına müvəqqəti və iş məqsədi ilə gələn 100-dən çox
Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində yaşayırlar və
onların siyahıyaalınması aparılmış, yerləşmə, əlaqə ünvanları və başqa
məlumatlar dəqiqləşdirilmişdir.

Qeyd edək ki, bir
sıra vətəndaşlarımız maddi vəziyyətlərində çətinliyin yaranması, vəsaitlərinin
bitməsi səbəbindən müvəqqəti yaşadıqları otellərdən çıxmaq məcburiyyətinin
olması barədə Səfirliyimizə telefon edərək bildirmiş və Azərbaycan dövlətindən
kömək istəmişlər.
Azərbaycanın
Özbəkistandakı Səfirliyi tərəfindən mövcud vəziyyəti, xarici ölkələrdə təxliyyə
ediləsi çoxsaylı vətəndaşlarımızın olması, habelə ölkəmizə qayıdarkən onların
xüsusi karantin rejimində saxlanılması məsələsini və Azərbaycan dövlətinin
vətəndaşlarımızın müvəqqəti yaşadıqları xarici ölkələrdə qalaraq, onların
qorunması, karantin qaydalarına əməl etməsi barədə tövsiyələri Özbəkistandakı
qalan vətəndaşlarımıza çatdırılıb.
Qeyd olunan
problemlərin aradan qaldırılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı
Səfilriyi nəcib bir aksiyaya start verib. Səfirlik tərəfindən Özbəkistanda
əlacsız qalan vətəndaşlarımıza yardım məqsədi ilə xüsusi Fond yaradılmış və bu
fonda Səfirliyimizin diplomatları, onun nəzdindəki Mədəniyyət Mərkəzinin
əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və
Elvin Məmmədov ianə vermişlər.
İlkin olaraq
toplanan vəsait əsasında maddi vəziyyəti olduqca çətin, ailəli, uşaqlı
şəxslərə pul vəsaiti ilə yardım edilmiş,
dövlətimizin onlarla birlikdə olduğu, vətəndaşlarımızın xarici ölkələrdən
təxliyyəsi ilə bağlı görülən işlər, ölkəmizdə bu sahədə həyata keçirilən
qabaqlayıcı tədbirlər barədə onlara məlumat verilib.
Səfirliyiyin
tövsiyəsi ilə otellərdə yaşayan bir sıra vətəndaşlarımız gündəlik ucuz qiymətli
evlərə çıxmış və onlar Səfirliyimizin Konsulluq xidmətində müvəqqəti qeydiyyata
düşmüşlər.
Azərbaycan Səfirliyinin bu yardımını yüksək
qiymətləndirən vətəndaşlarımız dövlətimizə öz təşəkkürlərini bildirmiş,
təşəbbüs ictimaiyyət tərəfindən yüksək qarşılanıb.
Vətəndaşlarımız daimi olaraq Səfirliyimizlə
əlaqədədirlər və onlar diplomatik nümayəndəliyimizin diqqət və qayğısı ilə
əhatə olunurlar.