Biz imzaları yox, əsərləri dərc edirik...

Gecikmiş mütaliənin ziyanıSorğu
369
04 İyul 2018, 10:49
 
  artkaspi.az yazarlara "Sizcə, hansı yazıçını gec oxumusunuz, əsərləri ilə müəyyən yaşdan sonra tanış olmusunuz və buna görə peşmanlıq keçirirsiniz?sualı ilə müraciət edib. Qələm adamlarının cavablarını təqdim edirik:


 
 
  Şərif Ağayar: Gec oxuduğum yazıçılar çoxdur. Bu həyat tərzimlə bağlıdır. 1998-ci ilə qədər oturaq bir yerim, evim, balaca bir otağım belə olmayıb. Əyalətdə sərgərdan və yoxsul həyat yaşamışam. Əlimə nə düşüb onu oxumuşam. Bakıya gələndən sonra sistemli oxudum. Məncə, oxumaq heç vaxt gec deyil. Ancaq təbii nə qədər tez və sürətlə oxusan o qədər zaman qazanırsan. Taleyimdən də, metaliəmdən də peşman deyiləm. İnsan istedadı gücündə yazır. Mütaliə sadəcə buna kömək edir.
 Tanrı mənə hisslərimi yazıya çevirmək istedadını verib, buna görə xoşbəxtəm və özümü oxuduğum, oxumadığım heç bir yazıçıdan zəif hesab etmirəm. Mən öz tale dastanımı yaradıram və bu dastanı heç Folkner də mənim kimi yaza bilməz. Oxuduqlarım sadəcə təcrübə üçündür. Kitab hava atmaq, kimisə imitasiya etmək, istedadsızlığı onun  arxasında gizlətmək üçün deyil.
 
 
  Kəmalə Abıyeva: Mütaliə ən çox sevdiyim bir iş olub. Əlifbanı öyrənəndən oxumuşam əlimə düşən, tapdığım bütün müəllifləri. Amma Markesi, Simon Montefiore, Oşonu gec oxumuşam. Daha çox Virciniya Vulfu və Cənubi Azərbaycan ədəbiyyatını gec oxuduğuma peşmanam.


 
  Nərmin Dadaşova: Bir neçə ay bundan əvvəl ədəbi zövqünə güvəndiyim bir dost mənə Kosinskinin "Boyalı quş" romanını oxumağı tövsiyə etmişdi. Açığı müəllifin adını daha əvvəl eşitmədiyim üçün bir müddət oxumaqda tərəddüd etdim. Ancaq oxuyandan sonra bu önyarğıma görə özümü xeyli qınadım. Və vaxt itirmədən müəllifin başqa kitablarını oxumağa başladım. Hələ ki, digər iki romanını "Addım" və "Boşluq" kitablarını bitirmişəm. İmkan olduqca başqa əsərləri ilə də tanış olacağam. Sonradan tanıyıb sevdiyim yazıçılar arasında Knut Hamsun da var. Bir neçə gün ərzində müəllifin beş romanını oxudum. Romanlardan ikisi, "Aclıq" və "Torpağın bərəkəti" ən sevdiyim əsərlər siyahısına düşdü. Adını qeyd etdiyim hər iki müəlliflə tanışlığımıza sözün
əsl mənasında şadam. 
 
 
 
  Aysel Fikrət: Mən uşaq vaxtından oxu mühitində yaşamışam. Bizim evin divar boyu kitab rəfləri var idi. Vaxtından tez oxumağa başlamışam demək daha düz olar. Hər kəsi oxuyardım. Olurdu ki, tələbə dönəmində dörd- beş kitabla gəzirdim. Yalnız bir etiraf edəcəm. Hər kəsi oxuyurdum hətta əsərləri əzbər bilirdim. Yalnız nə atam Fikrət Sadığı, nə də, qardaşım Orxan Fikrətoğlunu vaxtında oxuya bilmirdim. Mənim doğmalarım olduğundan onları başqa prizmadan tanımaq istəmirdim. Atamı yenə də oxumuşdum. Yalnız elə yazııları var çox gec bildim. Bu yaxınlarda axır ki, Orxanı oxudum. Çox gec də olsa. "Tək” romanını oxuyanda o, mənim üçün böyük bir yazar kimi doğuldu. Onunla fəxr etdim, qürrələndim. Bilirəm o, da məni oxumur. Yəqin o, da çox gec oxuyacaq məni. 
  Başqa bir söz tapa bilmirəm çünki gec oxuduğum yazar doğurdan da Orxan Fikrətoğludur.
 

  
  Afaq Şıxlı: Ən son oxuduğum əsər Frans Kafkanın "Çevrilmə” (rusca "Превращение») novellasıdır.
Bu əsər ədibin yaradıcılığında mühüm yerlərdən birini tutur. "Çevrilmə”ni sadəcə bir fantastika hesab etmək yalnışdır. Burada özü üçün yaşaya bilməyən, hər zaman ailəsinin qayğıları ilə məşğul olan bir şəxsin transformasoyasından gedir söhbət. Böcək obrazı simvolikdir. Kafkanın Qreqor Zamzası insan cildində böcək həyatı yaşayırdı. 
Xatırlasaq, adi həyatda da biz özünü unudub yalnız məişət qayğıları ilə, özgələri üçün yaşayan insanlara rastlamışıq və getdikcə bu insanların düşüncələrində, yaşam tərzlərində baş verən anomaliyalara şahid olmuşuq. Hər bir insan fərddir və yalnız bir dəfə yaşadığı ömrü mənalı, dəyərli, dolu yaşamağa borcludur. 
Mütaliəyə təzə həvəs göstərən adamlara Kafkadan başlamağı məsləhət görməzdim. "Kafka mənlik deyil”- deyə yalnış fikrə düşə bilərlər. 
  Bəli, Kafka hər kəsin yazarı olmaya bilər. Ümumiyyətlə, tanınmışdır deyib hər yazıçını dahi hesab etmək, yazdığı hər şeyi başa düşdün-düşmədin tərifləmək, səhv anlaşılmamaq üçün çoxluğun fikrini dəstələmək düzgün deyil. Öz fərdi fikrinin olması insan üçün vacib şərtlərdən biridir. Lakin söhbət Kafkadan gedirsə, onun dahiliyinə şübhə etmək mümkünsüzdür! Bir neçə saatlıq boş zamanında oxunulan, əsərləri "su kimi içilən” yazıçı deyil Kafka. Onu yalnız və yalnız xüsusi atmosferə qapılaraq, oxumaq aclığı duyaraq, mütaliə eşqilə oxumaq lazımdır.
 

 
 
  Pərviz Cəbrayıl: Sözün düzü, yaddaşımı ha qurdalayıram, konkret müəllif adı xatırlaya bilmirəm. Hə, hansısa müəllifin hansısa bir-iki əsərini gec oxumuş ola bilərəm. Biz sovet uşaqlarıyıq. O çağda nə ələ keçirdisə, nə tərcümə olunurdusa, oxuyurduq. İndi, şükür, daha bolluqdu. Əminəm ki, gec oxuduğum kitablar var, ancaq oxuyub niyə gec oxumuşam deyə bir peşmanlıq hiss etməmişəm. Ama elə nəhəng kitablar da var ki, onları hələ də oxumamışam, bir az oxuyandan sonra qərar vermişəm ki, oxumayacağam da.
 
 Hazırladı: Aysu Kərimova