Biz imzaları yox, əsərləri dərc edirik...

Yollar, yollar... – Pərvin yazır
442
09 İyul 2018, 14:03
 Artkaspi.az Pərvinin "Yollar, yollar" adlı yazısını təqdim edir: 


 Bütün gecəni zülmətə qərq olmuş şəhər hələ yuxudan ayılmamış yola çıxırıq. 


 
 Bərdəyə gənc yazarlarla görüşə gedirik, amma fürsətdən istifadə edib Ağcabədidə Həmidə xanım Cavanşirin, Göyçayda Rəsul Rzanın ev muzeylərini də ziyarət etmək istəyirik. Hətta İstilik Elektrik Stansiyalarını da sıradan çıxaran havada bu göyləri od ələyən rayonları gəzmək asan olmayacaq. Amma "incəsənət qurban tələb edir” kimi qulaqlarımızı yağır edən pafoslu təsəllidən yapışaraq hər zülmə dözməyə hazırıq. Həm də zülm deyəndə ki, axı bizi gözləyən zövqdən də xəbərsiz deyilik, ona görə özünü naza qoyub gileylənməyin yeri yoxdu...
 Bayıla yaxınlaşdıqca hava açılır, dənizin üstündə təptəzə günəş görünür. Heç vaxt sıradan çıxmayan, əbədi bir işıq mənbəyi – günəş. Baxıb düşünürəm min-min illərdi beləcə, öz qaydası, nizamı ilə dayanıb duran dünya bütün texnologiyalara və insanın düşündüyü, tapdığı yeniliklərə meydan oxuyur. İndi də bu işıqsızlıqdan xilas günəşdi, istisi yandırsa da, şəfəqləri göz qamaşdırsa da, fərqi yoxdu... Hələ indicə oyanan günəşə açıq gözlə baxmaq olur. İsa Hüseynov son dərəcə koloritli hekayələrində Aya, Günəşə "dəsdəyirmi” təyinini verir. Vaqif Bayatlı isə eşqin özünü də  dəyirmi görür, "Gəl mən də sevim səni, lap yepyeni, yupyumru bir eşqlə” - deyir şeirlərindən birində. Yer planeti kimi, Ay kimi, Günəş kimi yupyumru eşq. Bu, əslində, sonsuzluğun, tükənməzliyin simvoludur, çıxdığın nöqtədən bir dairə vurub yenə həmin məqama qayıdırsan, beləcə davam edir hər şey, ilk dəfəki kimi, lap əvvəldə olduğu kimi yaşayırsan hər şeyi... Görünür, sadəcə günəşi dənizin üstündə görməklə yaranan bu assosiasiyalar sənətin yoluxdurduğu xəstəlikdən irəli gəlir. Gördüyün hər şeyi sənət kimi qavrayırsan, amma bütün hallarda gerçək həyat və real gözəlliklər daha təsirlidir. Axı Allahdan böyük yazıçı, şair, rejissor yoxdu, ola da bilməz... Bax yenə sənət! Bu dəfə də Tolstoy yaddaşın hansısa "ucqar”lıqlarından çıxıb qabağa gəlir. Tolstoy operanı sevmirmiş, "Hərb və Sülh” romanında qəhrəmanı Nataşa Rostovanın gözüylə sənətin süniliyini tənqid edir. Kənddən yenicə gələn və yaşıllıqlar, təbiət içindən çıxan Nataşa opera səhnəsindəki karton ağaclara, böyük parçaya deşik açmaqla yaradılmış "Aya”, "Günəşə” heyrət içində baxır, adamların özlərin əzə-əzə gəzmələrinin, ağızların bütöv açaraq danışmalarının, oxumalarının səbəblərin başa düşə bilmir... Əlbəttə, Tolstoy səviyyəsində sənətkarın "şərtilik” məhfumundan xəbəri vardı, amma bu priyomla yazıçı real həyatı quramalara, immitasiyalara qarşı qoyur və gerçəkliyin gözəlliyini, qeyri-adiliyini izah edir. Yəqin məhz buna görə sənət haqqında danışanda "həyatdan gəlmə” kimi qəribə ifadə işlədilir. Bəlkə elə ev muzeylərinin də əsas hədəfi bu olmalıdır... O sənətkarın yaradıcılığında "həyatdan gəlmə” məqamları müxtəlif əşyalar, eksponatlar, fotolar vasitəsiylə izah etməlidir. Bizsə dahi Mirzə Cəlilin, xeyriyyəçi qadın Həmidə xanım Cavanşirin birgə "həyatına” - evinə, muzeyinə gedirik...                


 Kəhrizli yolları

 Həmidə xanım Cavanşirin Kəhrizlidəki ata evinə aparan yollar adamın ürəyini parçalayır. Fərid Hüseynin maşınında Cavid Zeynallı, Rəşad Məcid və mən söhbətləşərək gedirik. Rəşad müəllim gənclərə hər cəhətdən bələdçilik edir, həm yolu göstərir, həm də yolboyu müxtəlif  yerinədüşən izahlar verir. Bəhramtəpəni keçəndə "Sovet vaxtı bu yolla getmək üçün xüsusi icazə lazım idi, çünki o tay Cənubi Azərbaycandı, qorxurdular ki, kimsə gedər o üzə... Qatarlar bu yoldan keçəndə qapıları, pəncərələri bağlayırdılar, kimsə özün atıb o biri üzə qaçar deyə” - söyləyir Rəşad müəllim. Nədənsə ürəyim sıxılır bu şərhlərdən, bəlkə də, yaşdan irəli gələn hövsələsizlikdi, təmkinlə dinləmək olmur bu sözləri. Ancaq bir az sonra, Kəhrizliyə yaxınlaşanda daha çətin olacaq. Çünki Rəşad müəllim onu da deyəcək ki, "bax burdan Ağdamın mərkəzinə on beş, iyirmi dəqiqəlik yoldu. Amma...” Hə, bu tikanlı məftillər adamın gözünə batır, ürəyini sıxır, ruhunu məngənəyə salır, acizlik duyğusu oyadır. Amma neyləməli...
 Ağcabədiyə çatanda redaktorum Yusif Rzayevə bənzəyən bir nəfər qarşılayır bizi. Yusif müəllimin kiçik qardaşı Caviddir. Təmkinli, tələsmədən danışığı, gözünü qaldırıb adamın üzünə baxmaması və xəfif təbəssümü ilə eynən qardaşıdır. Maşını ilə bələdçilik edir bizə, Həmidə xanımın evinə, Kəhrizliyə gətirir. Bu evi Həmidə xanımın atası Əhməd bəy qızına hədiyyə edib. Bura həm məktəb olub vaxtında, həm dəyirman çalışıb həyətində, həm də qadınlar üçün bir neçə dəzgahla tikiş fabriki işləyib burda. Həmidə xanım Gürcüstandan gətirdiyi liflərlə uşaqlara peyvənd vururmuş burda, xalqın balaların ölümcül xəstəlikdən xilas edirmiş. Mirzə Cəlil burda oturub təsərrüfatla məşğul olurmuş, əkini çəyirtkədən xilas etməyin yolların axtarırmış... Köhnə, sadə evə, balaca otaqlara baxdıqca, qarışıq hisslər keçirirəm. Muzey rəhbərliyi və işçiləri, gəlişimizdən xəbər tutub həyətdə bizi gözləyən yerli ziyalıların – Zahid Avşar Eloğlu və Yəhya Paşazadənin danışığı ümumiyyətlə qarabağlılar haqqında düşündürür. Üzlərində təbəssüm qabağımıza çıxıb "xoş gəldin” edirlər, kəlməbaşı "qadan alım, başına dönüm, canım sənə qurban” deyə danışırlar, mütləq nəyəsə qonaq etmək istəyirlər. Adama elə gəlir ki, istənilən qanıqaralığı bu yolla aradan qaldıra bilərlər, elə bircə dəfə ağızlarının içində "Ay can, qadan alım” - desələr məsələ tamam olar. Görünür, bu da genetik hadisədir, axı qarabağlılar qonaq-qaralı olublar həmişə, şəhərin, aranın istisindən qaçanlar Qarabağa, o səfalı yerlərə üz tutublar tarixən... Ona görə qonaqpərvərlik canlarından, qanlarından gəlir... İndi isə... Nə isə...


 
 Həmidə xanımın eyvanında durub baxıram, həyətin yaşıllığı göz oxşayır. Pəncərələrə  toxunanda "Xatirələrim” kitabından bir məqam yadıma düşür. Əhməd bəyin düşməni çox imiş, ona görə pəncərələri də belə dərin tikdirib, gecələr pəncərə önünə qum kisələri yığırlarmış ki, güllə atan olsa, evə keçməsin... Həmidə xanıma da silahla atəş açmaq öyrədibmiş Əhməd bəy, gənc qız atasıyla çiyin-çiyinə evə basqın edənlərə qarşı  döyüşürmüş. Kim deyərdi elə bu pəncərədən çöldən içəri də atəş açmalı olacaq nə zamansa... Muzeyin gənc xanım işçiləri üzlərində utancaq təbəssümlə  – hə, bu pəncərə idi - deyirlər. Amma mən bu mövzuda danışmaq, üstünü vurmaq istəmirəm, elə içəri keçib Həmidə xanımın şəxsi əşyalarına, tikmələrinə baxıb o dövrün ab-havasını hiss etməyə çalışıram. Rəşad müəllim, Fərid, Cavid və mən muzeyə kitablarımızı hədiyyə edirik, xatirə kitabına ürək sözlərimizi yazırıq. Həmidə xanımın ev muzeyi diyarşünaslıq muzeyinin filialı kimi fəaliyyət göstərir. Əlbəttə, bu cür tarixi şəxsiyyətlərin Mirzə Cəlilin, Həmidə xanımın muzeyi müstəqil kimi fəaliyyət göstərsə və onlara aid eksponatlarla, fotolarla zənginləşdirilsə, daha gözəl olar... Elə bu arzularla Kəhrizlidən ayrılırıq.  


 Bərdə nə gözəldir...  


 Ağcabədidən Bərdəyə tələsirik. Nizami Gəncəvinin "Bərdə nə gözəldir, necə qəşəngdir, yazı da, qışı da güldür, çiçəkdir” misraları məktəb vaxtlarından əzbərimizdədir. Amma indi nə yazdı, nə də qış, od kimi isti yaydı... Bərdə Regional Mədəniyyət İdarəsinin, M.F.Axundzadə adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bərdədə gənc yazarlarla görüş təşkil olunub. Bu qədim ənənələri olan şəhərin sakinləri ilə görüş unudulmaz olacaq əlbəttə. Təşkilati məsələlərdə, ümumiyyətlə, hər işdə son dərəcə həssas adam olan Milli Kitabxananın direktoru Kərim müəllim bu tədbirə də xüsusi hazırlaşıb. Bərdənin mərkəzində kitabxanaya daxil olanda bir anlıq çaşıram, zalın əksəriyyəti qadınlardır. Bunlar kitabxana işçiləridir. Demək ki, çağdaş zamanda oxucuya kitabı qadınlar təqdim edirlər. Bir az əvvəl evini ziyarət etdiyimiz, qadınların savadlanması üçün mübarizə aparan, maarif yolunda ömrünü, qələmini əsirgəməyən Mirzə Cəlil arzusuna çatıb. Bu düşüncə sevindirir, nikbinləşdirir məni. Bərdə Regional Mədəniyyət İdarəsinin sədri İlyas Hacıyev tədbiri giriş sözü ilə açaraq dövlətin mədəniyyətə qayğısından, regionda kitaba, sənətə, ədəbiyyata maraqdan, bu cür tədbirlərin əhəmiyyətindən danışır. İsti hava və çalışmayan kondisionerlər mehriban bir ortamda söhbət etməyimizə, sənət müzakirələri aparmağımıza mane ola bilmir. Milli kitabxananın rəhbəri Kərim Tahirov ölkədə kitabxana işinin təşkili üçün, müasir standartlara cavab verməsi üçün görülən işləri dilə gətirir. Axı çağdaş dinamik zamanın adamı lazım olan mətni saatlarla axtarmalı, vaxt axtarışa sərf etməli deyil və kitabxanalarımız operativlik üçün, ən vacib kitabların elektronlaşması üçün əllərindən gələni edirlər. Rəşad Məcid bizi yetişdirən mühitdən, Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbindən danışır, görüşlərin gənc qələm sahiblərinə faydasını vurğulayır. Fərid Hüseyn şeirlərini oxuyur, Cavid Zeynallı tələbəlik illərinə aid düşüncələrini paylaşır, fürsətkən çalışdığı Dram Teatrının da repertuarını reklam edir. Bir sözlə, sərbəst və səmimi şəraitdə hər kəs arzularını, düşüncələrini, planlarını dilə gətirir və bütün bunları sevərək qəbul edən auditoriya var. Amma nədisə elə bu qadınlarla bərabər mən özüm də xeyli qürurluyam. Bəlkə feminist damarım tutub, bilmirəm. Axı, hətta dahi Nizami də Bərdəli Nüşabəni İskəndərdən üstün tutmuşdu... "İskəndərnamə” poemasında yazırdı ki, İskəndər Bərdə padşahı Nüşabənin yanına elçi cildində gəlir. Amma onun hüzurunda baş əymir, qılıncını açmır, cəsarətlə və ötkəm danışır. Bu zaman Nüşabə duyur ki, qarşısında dayanan elçi yox, İskəndərin özüdür. Makedoniyalılarla düşmən olmaq istəməyən Nüşabə simvolik ziyafət düzəldib, İskəndərə yemək əvəzinə daş-qaş təklif edir. Bu hərəkəti ilə İskəndəri utandırır, müharibə etmək fikrindən daşındırır.


 
 Bəli, Həmidə xanımın döyüşməsi, Nüşabənin İskəndər kimi sərkərdə qarşısına bu cür çıxması... və bayaq gördüyüm tikanlı məftillər... Ehhh!

 Rəsul Rza hələ 80-ci ildə yazmışdı:


 Sənin doğma torpağında
 neçələrin gözü qalıb. 
 Vətən adlı doğma yurddan
 püşk olarmı?!
 Pay olarmı?!

 Elə bu qarışıq düşüncələr, amma həm də ümid içində Rəsul Rzanın Göyçaydakı ev muzeyinə yollanırıq.


 Belə məğrur dayanmaqda haqlıyam..

 Bərdədən çıxdıqca yol kənarında yığılmış pambıq tayaları diqqətimi çəkir. Suallar verirəm, Rəşad müəllim Sovet dövrünün pambıq bəlasından danışır. Kürdəmirdə doğulub böyüyən Fərid Hüseyn uşaqlığından anasıyla bərabər pambıq tarlalarına gedib kömək edirmiş. Deyirlər ki, pambıq yığımını sərin havalara saxlamaq olmaz, çünki yağış vursa, məhsul zay olur. Deməli, yayın cırhacırında, al günün altında olur pambıq yığımı. Fərid deyir ki, bir kilo pambıq yığmaqdan ötrü əlini 220 dəfə aparıb gətirməlisən... Dinlədikcə bütün bunlar dəhşət gəlir mənə. Bizə "dərinizi gündən qoruyun” deyən müasir kosmetoloqlar yadıma düşür. Axı dik günün altında, dərmanlı, zəhərli pambıq tarlasında qadınlığı, zərifliyi necə qoruyasan?! Fərid anasının pambıq yığanda, sonra da pambıqları doldurmaq üçün kisələri əl maşınında tikəndə çəkdiyi əziyyətlərdən danışdıqca İran məhbəsi haqqında yazdığı xatirələr kitabı yadıma düşür. Kitabda mənə ən çox təsir edən Fəridin anası ilə görüşdüyü məqam idi, anasının əllərini buraxmadan elə hey öpdüyünü, öpüb gözünün üstünə qoyduğunu yazırdı. İndi qadının övladlarını böyütməkdən ötrü çəkdiyi zəhmətin kiçik bir hissəsini dinlədikcə İran həbsxanasındakı o görüşün və öpüşlərin mahiyyətini daha yaxşı başa düşürəm.
 Elə bu ovqatda söhbətlərlə Rəsul Rzanın çinarlarını vəsf etdiyi Göyçaya çatırıq. Bu çinarlar doğrudan da heyrətamizdir. Möhtəşəmliyi və kölgəsi ilə insanı sehrinə, cazibəsinə salır. Rəsul Rza və Nigar xanım Rəfibəyli arasında incə bir "mübahisə” varmış bu çinarlara görə, Gəncənin, yoxsa Göyçayın çinarları gözəldi? - deyə hey zarafatlaşarmışlar. İndi də qədim ağaclara baxdıqca tezliklə Gəncəyə gedib müqayisə etmək istəyirəm...
 Ənvər Məmmədxanlı "İki ömrün işığı” kitabına "Ön söz”ündə yazırdı:
 "Uşaqlıq illərimizin ən böyük arzusunu yada salmaq istəyəndə hafizəmdə iz salan budur ki, bizim ən böyük arzumuz səyahət idi. Və bir dəfə Göyçayın üstündəki Boz dağa yemlik, turşəng, quşəppəyi yığmağa gedəndə, hansı bir təpə başındasa uzaqlara baxarkən, Rəsul mənə demişdi ki, heç kəsə demə, buyaxınlarda evdən qaçarıq, baş alıb gedərik, bütün dünyanı gəzərik...”
 Görünür, hər şey məhz bu məqamda başlayır... Rəsul Rzanın da, Ənvər Məmmədxanlının da azadlıq arzusunun başlanğıcıdır bu; evdən qaçmaq və dünyanı gəzmək arzusu... "Mən bulağam, tapşırıqla axmıram” - deyən şairin üsyanının da təməli elə orda qoyulub...
 Rəsul Rzanın doğulub böyüdüyü evin həyətinə girən kimi Cavid Zeynallı – "Şair evi belə olar ey...” - deyir. Doğrudan da qəribə bir hüzur, rahatlıq var bu həyətdə. Xudmani bağçada meyvə ağaclarının kölgəsi, yetişmiş meyvələrin müxtəlif rəngləri ayrı bir ab-hava yaradır. Həyətdə bir az oturub, meyvələrdən yeyib içəri keçirik. Muzeyin direktoru Solmaz Həsənova qonaqpərvərliklə qarşılayır bizi. Şairin şəxsi əşyaları, kitabları, fotoşəkilləri ilə zəngin olan bu evdə Rəsul Rza dünyasının astanasına yanaşırsan sanki... Astanasına deyirəm, ona görə ki, o dünyaya daxil olmaq, onu dərk etməyin yolu kitablardan keçir, Rəsul Rzanın, Nigar xanımın və Anarın kitablarından... Muzeydə Azərbaycan mədəniyyətində öz yeri olan bu ailə haqqında xeyli zəngin məlumatlar var. Solmaz xanım böyük həvəs və şövqlə danışır, hər fotonu, əşyanı izah edir və bunlar hamısı şairin məişətini, böyüdüyü mühiti anlamağa kömək olur. Elə Rəsul Rzanın sağlığında bu ev satılıbmış, sonra şair Göyçayın başqa bir yerində özünə ev alır... Solmaz xanım o evə də getməyimizi təklif edir.



 İçəri girib yenə səliqəli həyəti gəzib, dəbdəbədən uzaq evə baxınca Sovet dövrünün sərt qanunları haqqında düşünürəm. Rəsul Rza ensiklopediyada işləyəndə onu "vurmaq” üçün bu evlə bağlı yazırlarmış, şairdən izahat tələb edirlərmiş, şair ittihamlara cavab verərək, izahat yazır:
 "Bu Göyçaydakı evdən Yazıçılar İttifaqının dörd üzvü – mən, həyat yoldaşım, oğlum və əmim oğlu da istifadə edirlər. Moskvada, Kiyevdə, Tbilisidə, Daşkənddə və başqa böyük şəhərlərdə yaşayan yazıçıların səs-küydən uzaq bir yaradıcılıq guşələri – bağları olduğu kimi, mən də bu evi halal zəhmətimlə qazandığım pullara və dövlət təşkilatlarıyla müqavilə əsasında tikdirmişəm”.
 İndi bu sadədən sadə evə, həyət-bağcaya baxdıqca təəccüblənir adam... Necə vaxtlar varmış, hər daşın, hər ağacın haqq-hesabı çəkilirmiş o zamanlar. İndiki zamanla müqayisəyə gəlməz bu məqamlardan danışmaq yersizdi əlbəttə...
 Anar "Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını bu evdə yazıb bitirib. Eyvanda var-gəl edib siqaret çəkən, düşünən, sonra çap maşını arxasına keçib klaviaturanı taqqıldadan yazıçı kənd uşaqlarına maraqlı görünürmüş, hasara dırmaşıb tamaşa edirmişlər ona...
 Bütün bu gördüklərimlə bağlı beynimdə oyanan rabitəsiz fikirləri, assosiasiyaları səliqəyə salıram, Rəşad müəllim bir saatlıq məsafədə olan İvanovka kəndinə getməyi, orda istirahət edən anası Yavər xanıma baş çəkməyi təklif edir... "Yavər xanımın kənd toyuğundan çığırtmasını yeyərsiz” - deyir. Məmnuniyyətlə razılaşırıq... Amma qarşıda bizi gözləyən indiki zəmanə üçün gülməli problemdən xəbərimiz yoxdu hələ...  


 Yavər xanım...  

 Yolumuz İvanovkayadır. Amma ora gedib çıxa biləcəyikmi? Fəridin maşını qırmızı işığı ilə elə hey göz vurur, benzindoldurma məntəqələri də "işıq yoxdur, benzin vura bilmirik” - deyirlər. Rəşad müəllim yüngülvari əsəbləşir deyəsən – bircə yolda qalmağımız çatışmırdı - deyir. Yolun kənarındakı yanacaqdoldurma yerlərindən birində saxlayır maşını, cavab eynidir. Cavid elə maşındanca başını çıxarıb vəziyyəti yumşaltmaq üçün "Rəşad müəllim, qəzetlə hədələyin də, öz maşınlarından çəkib versinlər benzini...” - deyə zarafatlaşır. Rəşad müəllim üst-başından cin hürkən arıq-sısqa kənd uşağına baxıb - "qəzet nə vecinədi ey bunun?” - deyir və gülümsəyir. Gülürəm, Üzeyir bəy yadıma düşür, hamını hədələyib "mən bunları qəzetimdə yazaram” - deyən Rza bəyi fikirləşirəm. Rəşad müəllim ağcabədili yerlisi Üzeyir bəyin idealların həyata keçirir əslində, qəzeti ilə hədələmək istəmir... Əksinə, bu qəribə cavanın qılığına girib, yardım etməsini istəyir. Göytəpə kəndində əldə benzin satılır deyir cavan oğlan, amma ora da gedib çıxmaq lazımdı. Oğlan maşına oturub yolu göstərir, birtəhər gedib çıxırıq o Göytəpə benzini satılan kənd mağazasına... Fanta qablarında benzin gətirirlər, maşına tökürlər... Bunun rəngi niyə belədi, lap qreyfrut şirəsinə oxşayır - deyib gülürəm... Əşi nə fərqi, əsas odu yolda qalmayaq!
 Üzüyuxarılara, İvanovkaya qalxdıqca fərəh hissi ilə dolur adam, açılan mənzərələri bir-birimizə göstərib tərifləyirik. Tolstoy düz deyir də, kartondan ağaclar, ya da parçadan günəş bunun yerini necə verə bilər axı...
 İvanovkada isə özümüzü tamam ayrı ölkədə hiss edirik. 1840-cı ildə, molokanların bura köçürülməsi ilə yaradılan kənd özünəməxsusluğunu qoruyub saxlayıb. Yastı-yapalaq evlər, öz adətləri olan əhali, həzin, sakit təbiət... Dincəlmək üçün daha nə lazımdı ki? Görünür, elə Yavər xanımın da istilər düşən kimi bura can atmasının səbəbi budur.
 Rəşad müəllim həyətə keçib anası ilə görüşür, bizi təqdim edir. Yavər xanım, axı mən bu uşaqları qəzetdən tanıyıram - deyib bağrına basır bizi. Kitab, mütaliə  həvəskarı olan xanım yazılarımızı qəzetdən oxuyubmuş, ona görə sanki bir-birimizi çoxdan tanıyırıq, səmimi söhbətləşirik. Çay süfrəsi arxasında söhbət edirik, Yavər xanım buranın təbiətindən, adamlarından, qapısına gətirilən ərzaqlardan, süd məhsullarından danışır. Ömrü boyu təbii məhsullar yeməyə alışmış adamlar üçün buranın əti, südü, pendiri, nehrə yağı, bəhməzi lap yerinə düşür. Özünəməxsus şirinliklə, koloritlə bütün bunları danışan Yavər xanımın birdən fikrə getdiyini də hiss edirəm. Laçından danışmağa başlayanda bayaqkı tikanlı məftillər düşür yenə yadıma. Yavər xanım danışdıqca, adama elə gəlir ki, bütün bunları kitabdan oxuyursan, Laçının sularından, təbiətindən, dağlarından elə danışır, sanki indicə gəlib ordan, Rəşad müəllim də şərhlər verir, xatirələrini bölüşür. Bax o anda başa düşürəm ki, o cür cənnətdən qovulan bu adamlar üçün İvanovka elə-belə immitasiyadır, təbiətə, dağlara alışmış genləri, təmiz havaya öyrəşmiş ciyərləri aldatmaqdan başqa bir şey deyil.
 Anar müəllim 1985-ci ildə "Qarabağ şikəstəsi” adlı essesində Yavər xanımın, Rəşad müəllimin danışdığı yerlər haqqında təəssüratlarını yazıb. O essedən bir parçanı yada salmaq istərdim:         
 "Heç vaxt heç yerdə bu qədər su görməmişdim. Buralar sanki su səltənətidir. İti çaylar, buz kimi soyuq bulaqlar, gur şəlalələr (yarğanlar köksündəki ağ şırımlar - selovlarda qurumuş şəlalələrin izidir), yerdən pırtlayıb çıxan fəvvarələr - su, su, su... Dupduru, şipşirin, səpsərin su... Şəffaflığında dibinin al-əlvan daşları sayılan, köpüklənəndə qaynayıb coşan, barmağını donduran, dişlərini gizildədən su...
 ... Bakının su qəhətliyini, Abşeron təbiətinin quru, susuz çılpaqlığını yada salanda bu yaşıl vadilərin su bolluğuna həsəd çəkirsən. Hələ bu yaydır. Yazın gürşad yağıntılarında, payızın boz çiskinində, boran, sel vaxtı buraların mənzərəsini təsəvvür edəndə, dağların köksündə oyum-oyum oyulmuş nəhəng mağaralara, kahalara təəccüblənmirsən.
 Rastımıza çıxan hər bulağın suyundan içirik. Biri o birindən soyuq, biri o birindən dadlı...
 Bozlu, Qarıqışlaq kəndlərindən keçirik, yol burda haçalanır - bu tərəf Qaragöl səmtidir, o biri tərəf Minkənd istiqaməti”.
 Rəşad müəllim deyir ki, 1985-ci ildə Anarın bu yazısını oxuyub təsirlənmişdi, hətta müəyyən parçaların əzbər yadında saxlamışdı... 3-4 il sonra oğlu Mirhacib 2 yaşında yeni-yeni dil açanda eyni yerlərə gedəndə Anar müəllimin yazdığı reaksiyanı verib, dörd dövrəni qoynuna alan sulara baxıb sevinc içində - su, su, su - deyə qışqırır. Peşəkar yazıçıda da, dünyanı yeni-yeni kəşf etməyə başlayan körpə uşaqda da eyni fərəhi, sevinci oyadan, 75 yaşlı qadının da xatirələrində sağalmaz bir yaraya çevrilən o yerlərə nə zaman qayıdacayıq görən? Qəribədi, Rəşad Məcid də, Yavər xanım da danışırlar, amma şikayət eləmirlər, bəlkə cavanları pessimist ovqata kökləmək istəmirlər, bilmirəm... Ona görə tez bu söhbətləri yığışdırıb süfrə açır Yavər xanım, təbii yeməklərə yadırğamış mədəmiz bu ətirli toyuq çığırtması ilə bayram edir... Yavər xanım elə hey - yeyin, yeməlisiz hamısını deyir... Bu da qarabağlıların qonaqpərvərliyinin daha bir nümunəsidir, qonaq doyunca yeməsə rahat olmazlar!
 Qapıda görüşüb, sağollaşıb çıxırıq. Yavər xanım qapıdaca qoyulmuş kiçik skamyada oturub maşının uzaqlaşmağın gözləyir. Gülümsəyir, əl edir bizə. Üzündəki təbəssüm, həm oğlu ilə qürur duyan, həm də təmkinli bir qadının halı...
 Bakıya qayıdan yolları zil-zülmət bürüyüb, işıq problemi yenə "aktuallaşıb”. Amma elə bu halda yorğun, yuxu ilə ayıqlığın arasındakı vəziyyətdə yazımın son cümləsini beynimdən keçirirəm... Həmidə xanımdan, bərdəli oxucularla görüşdən, Rəsul Rzadan, Yavər xanımdan aldığımız işığı hansı elektrik stansiyası verə bilər ki?
 
 525.az