Biz imzaları yox, əsərləri dərc edirik...

Yeni yaşın tunellərini açacağıq tənhalığa doğru – Tuğrul Tanyol
2276
15 Avqust 2019, 10:10
 Artkaspi.az saytı Tuğrul Tanyolun şerilərini təqdim edir:

 Şüşə
 
Bir gözünü qaranlıq üçün saxla,
Bir ovcunu qara günlər üçün qoru.
 
Qəlbinin bir gözünü sevgiylə doldur,
Amma nifrəti əsla unutma!
 
Sən içindəki şeytana uy,
əsil tanrılıq edənləri vur.
 
Çünki qəlbi daşdan bir adam,
Şüşəli bir evdə yaşayır.  
 
 Qlobal çətinlik
 
Uzaq coğrafiyalardan yorğun bir adam,
Daşlara hopan dərdini alnına sürtür.
Dünya kiçildikcə dərdin ölçüləri böyüyür
və laqeydlik sularında yuyunan gün,
Gecənin bütün izləri silməsini gözləyir.
 
İnancların olduğu yerdə durdum,
Heçliyin heçliklə qapandığını gördüm,
Kompassız qalmış bir gəmiçi kimi
sonsuz dənizin ortasında, ya da
çaxan şimşəyə məna verə bilməyən vəhşinin
gecədə kor inancla yol alıb getməsi kimi... 
 
Onunçün,
başqa bir sahilə uzanmalıydı sözlərimiz,
başqa ruhlarla görüşməliydi ruhumuz.
İnancı ortadan qırıb
düz içinə baxmalıydıq.
Gerçəyi görmək üçün.
 
Ah, saçlarım ağrıyır,
dərimi deşib çıxarkən.
Quşun səsi,
Qoşun kimi düşür boşluğa. 
 
 Çiçəkləri tökülən ağac  
 
Tənhayam...
Soyuq bir dənizin maviliyində
İçim-çölüm qupquru...
Qopub düşür əlimi atdığım hər şey,
Duza-buza dönür sevgilər,
İzsiz olur keçdiyim yollar,
Kölgəm belə qorxur məndən.
 
Qapqara bir qaranlıq
uzanır damarlarıma...
süzülürlər içimə yağış yüklü buludlar. 
Çıxılmaz küçələrə düşür gecə, 
Ürpənir içimdə bir körpə, 
can verir səssizcə...
 
Tənhayam,
Səhəri gözləyən pəncərəm önündə,
Heç kimsə keçmir küçəmdən,
Beynimin içində bir yerdə,
Çiçək açır bir ağac, içimdən
çiçəklər tökülür yerə.
 
Çıxılmaz küçələrə qonur gecə,
Şəhərin kirli divarlarına,
Dilsiz səkilərə.
İçimdə bir uşaq,
İçimdə ürpənən dəniz.
İçimdəki sevincə acam...
 
Mən
Çiçəkləri tökülən ağacam...
 
 Uzaqda qalan 
 
Əlvida gəncliyim, bir də görüşərikmi?
Zamanın  çayları qaranlıq dənizlərə axır,
Sən getdiyin yolu qayıdır ölüm.
 
Əlvida gəncliyim, incik deyiləm səndən,
Bu rəzil, bu çirkli, bu namərd dünyada
İçimdə bir tək sən təmiz və mərd qaldın.
 
Xatirələr getdikcə daha uzaq,
Ölüm getdikcə daha yaxın olur.
 
 İstanbul şeiri 
 
Saatsaz saatını boynuna asdı – çık-çık, ya da çıx, çıx,
Bir tramvay sevinciylə İstanbulun şəklinə bax!
 
Qar da yağırdı bəlkə Boğazın xırçın sularına
Qəndilli, qəndilsiz gözü sataşıb Yəhyanın rüzgarına.
 
Köhnə şeirlər alıb-satan bir alverçi həvəsiylə,
Düşdü qiymətdən şeirin, dolların və qızılın yüksəlməsiylə...
 
İtalyan bir qayıqçı ədasıyla yazılmaqda indi şeir,
İstanbul bəlkə də o əski İstanbul deyil. 
 
Bəziləri deyir ki, İstanbul: Qalata ya da Pera pərisidir,
Xiffət edir, ax, hardadı Şantan kafesi, ya da opera?
 
İstanbul, bəli, bir az Qalata qalası,
Amma bir az da heç unutmayaq, Ayasofyanın minarəsidir.  
 
Saatsaz saatını boynun asdı, başladı çık-çıkı,
Şeir, bir az da güzgünün tarixinə baxmaqdır, açığı...
 
 Hər gün bu saatlarda
 
Dağ yıxılmışdır və qar
neçə uşağın köksündə qara
bir ləkə kimi yığılmışdır.
 
Yeganə və biganə suallarıdır ömrümüzün
azğın küləklərin sovurduğu bir uşaq
hər gün bu saatlarda
hər ürəyə bir şeir –
əl işi önlüklərdə qapqara
işlənmişdir.  
 
Laqeyd insanlarıq
ki, cavabları heç maraqlandırmır bizi qaydaların.
Yerində verilməyən suallardır
hər gün bu saatlarda
bir şairin ürəyini yandırar,
əlləri qoparılmış küləklərin 
toxuna bilmədiyi yarpaqlar.
 
Kim yığar onları? Hər gün bu saatlarda
qaranlıq bir çay kimidir sevgi,
Qar əsrlərdir yağmamışcasına yağar
və örtər bütün izləri.
 
Çılpaq baxışlı günlər!
Qara sədəf donanmasıyla
Kompası tərsinə dönmüş qozbel gəmiçilər!
Mən çox uzaq sahillərdən topladım bu qızıl qumları. 
 
Dünya bütün pəncərələrini bağlayıb görürəm
bir quşun indi çöldə qalıb səsi.
 
 Unutma 
 
Buludsuz yağmurlu gecələr, həyətdə ayaq səsləri,
Suyun sıyrılmış dərisində sarı leopard ləkələri,
Tozun uğultusu bu,  gözlərimizdə yaşaran damla,
Ağacın ovsunundan qaç, qaç uzaqlara.
 
Mən heç bilməzdim, indi qədimləşdim
Sükutunda daşların.
Yıxılmağın sızlayan ətində və ağrıyan əllərim,
Dərinin unutması imiş – sağalan yara.
 
 

 Axına qarşı 
 
O  sahildən
səslənən
zaman
tənhalığın tabutunu
döyəcləyir.
 
Suyun mərmər teştində
yuyunan
bir tanış uşaq üzü
mənəmi baxır gözucu?
 
Bir şəkil çəkilib, 
elə bil, haraya getsəm,
buludlar məni izləyir.
 
Suda yuyunan salxım söyüd,
salxım söyüdlərdə 
                yuyunan rüzgar,
yarpaqlar
         ağacların arxasında nə gizləyir?
 
O sahildən
 bir uşaq üzü bəri dayanıb
məni çağırır.
Mən 
o sahilə tərəf üzə bilmirəm. 
 
 Yağış sonrası 
 
Səninlə sirli xəyallar quracaqdıq, 
Hardasan?
Bu ağappaq ağacların altında nə çox gözlədim!
Yağışdan sonra... pəncərələri buğlanan bağça,
Buralara, elə bil, heç dəyməyib əlin. 
 
Qoy əllərin gəzişsin alnımda,
Sən də ağaclarla soyun, çıxar payız geyimlərini,
İslanmış saçlarınla əyil mən tərəfə,
Yaz bütün əsmərliyiylə daşsın köksündən.
 
Ay doğarkən bu son gecəmiz...
Bir azdan sarı və isti bir yola düşəcək saatlar.
Bu həyət, sonra bu küçə qalxıb gedəcək
Və alnımda gəzişən əlin yavaşca əriyəcək.
 
Bu son gecəmiz, yenidən öp məni,
Bu son gecəmizdi, deyə bilmirəm, budur ilk işıq, 
Qəlbini buraya qoy, burayasa dodaqlarını,
Öpüşlərinlə ört, üşüyürəm, ört üstümü. 
 
 Ağ gül
 
Ağ gül,
Gözlərinin üstündən sürüşən xəyal,
əllərinin arasında bir an,
alnını o anın içinə söykə!
 
Ağ gül –
Gülümsəmə, ümid...
Məni alnımı söykədiyim 
yerdə unut!
 
Ağ gül –
Saflıqmı, 
əslində, vərdişdi, 
bir sual
qırışır alnında. 
 
Ağ gül,
kamandan tökülən ariya,
xatırlamaq çətin deyil,
illər girsə araya. 
 
Qırmızı gül –
Ağ gülə dəlilər kimi aşiq.
Ümidsizcə gözüm gəzər
evi basanda sarmaşıq.
 
Ağ gül, 
diqqətlə bax! Orada
qəlbin saatı qəflətən dayanar,
yüzillər keçər aradan. 
 
Qırmızı gül, köksündən
qopardığı tikanı
batırsa qəlbinə, 
İllərin unutduğu güzgüdə,
oyanıb görərmi gəncliyini?
 
Zaman güllərə qarışdı,
üfürdü özünü yavaşca,
çöllər, çəmənlər boyunca
eşq bitməz, doyunca bax -
körpə bir qönçə var
alışan saplağın ucunda. 
 
 Qış nağılı
 
Bu qış yeni yaşın tunellərini açacağıq tənhalığa doğru,
Və bir az daha dərinə dəfn edəcəyik üzümüzü.
Qədim bir xəzinə hərisi yeni adalara gedəcək,
Yeni piratlarla dolacaq dənizlər. 
 
Qış yuxusu, ağır və uzundur gecə,
Bəzən qar yağar, bəzən bir uşağın
Açıq qalmış kitabından çıxar səssizcə
Bir nağıl şahzadəsi... Göydən üç alma düşər...
 
Qış sayıqlamaları: yalan-palan, doğru-moğru,
Kimdir şahzadə, kim pirat, kimdir uşaq?
Bu qış yeni tunellər açıb dəfn edəcəyik özümüzü.
Qar örtəcək üstümüzü, düşəcək hərarət...        
 
Bu necə gəmidir ki, qorxar dor ağacından?
Qədim bir xəzinə hərisi, əslində, bir pirat!
 
 Gecə lövhələri
 
Gecə bizə gömgöy bir barmaq göstərir...
 
Orada üzlər uğultulu və soyuq
bir intizarla sarsılar.
Sən onu qucaqlayarsan,
Ayağı çöldə qalar. 
 
Naşı cəllad! Baş yerinə 
barmaq kəsən adam. 
Amma kim bilir harda?
Bir darçın qoxulu tənhalıq
sevişir baldırğanla...
 
Bir gəmi səssizcə körfəzə çatır...
Yabanı güllər, ay və sarmaşıq,
Dolaşır tüllərə... Dolaşır...
 
Sonra rüzgar bağlayır xatirə dəftərimizi,
Xatirələr və suallarla qalır qalan ömrümüz...
Bir-bir sınır şüşələri uca qüllələrin,
Daha ilk dalğada parçalanır gəmimiz.
 
Gecə bizə gömgöy bir barmaq göstərir...
 
Orada oğlaq südüylə bəslənir əqrəb,
Orada şəfəq bürclərin arxasında əylənir. 
Orada qoşa minarəyə çəkilmişdir qaranlıq,
Və orada bir uşaq,
Taxta tabutun formasına salır
Ay işığında çürüyən ətini.
 
Naşı aşiq! Üzümləri gilə-gilə
yeməyindən bəlli...
Girdiyi qul bazarında 
bir bədəvi eşqiylə hərəmxana quran tənhalıq
necə sevişir baldırğanla?
 
Ah, indi çürüyən süd kimi çatlayır alnım,
Gecə məni göstərir
(duş alarkən düşünən zaman).
Güllərin arxasında Ay, bütün çiçəklərin adı:
Məni unut!
Məni güldür!
Naşı gecə!
Naşı pirat –
Sudan quruya çıxanda quldur.
 
Gecə bütün barmaqlarıyla tənhalığı göstərir
və tut ağacının altında yatan uşaq da
çürüyür ahəstəcə Ay işığında. 
 
 Türkiyə türkcəsindən uyğunlaşdıran: Həyat Şəmi