Biz imzaları yox, əsərləri dərc edirik...

Zamanın arxasında – Vüsal Nurunun hekayəsi
3941
20 Oktyabr 2020, 11:59
  artkaspi.az Vüsal Nurunun "Zamanın arxasında" adlı hekayəsini təqdim edir:
 
  O vaxtlar otuz yaşım var idi, təəccüblü budur ki, indi də otuz yaşındayam...
Evin sahibəsi kirayə pulu üçün gələndə hamamda üzümün bir tərəfini qırxmışdım. Əynimdə mayka, üzüm sabunlu, əlimdə alət, saçlarım pırtlaşıq vəziyyətdə qapını açdım. Balacaboy, dolu bədənli, saçları xınalı, qarayanız qadın özünü içəri saldı. Dirəndi ki, iki aydı pulu vermirsən, indi də ayın yarısı keçib, elə bu saat pulu ver, vacib lazımdı. Nəyi də bacarmasam uydurmaqda professoram. Dedim ki, nazirlikdə işə düzəlmişəm, üzümü qırxıb ora gedirəm. İşdən gələndə borcumu qaytaracam. Arvad boksçu oldu, sorğu-sual yumruğu, raund başladı, məni hansı cinaha çəkdisə, əlindən nokautsuz canımı qurtardım... 
 

 Evdən nazir ədasıyla çıxdım. Başqa əşyalarımla vidalaşdım, xüsusən, kitablarımla. Onları götürə bilməzdim, qaçmayım deyə qadın məni qarşı pəncərədən nəzarət kamerası kimi güdürdü. 
 Tale yenə bəxtsizliyimi üzümə vurub, məni tay-tuş yanında utandırırdı. Həmin gün otuz yaşım olurdu. Evsizliyi, işsizliyi və çarəsizliyi zəmanə mənə hədiyyə vermişdi. Amma həmin gün alacağım əsas mükafatdan xəbərsiz idim. 
 Ömrümün ən ağır stressinə yoluxmuşdum, vaksini tapılmırdı. İşdən çıxarılan adam necə olar? Səhəri gündən iş axtarmağa başladım, amma hər yerdə ixtisarlar repressiya kimi hələ də davam edirdi. Odur ki, ağlıma gələn hər kəsi söyüb-bulayırdım. 
Skamyada oturub doğum günü hədiyyəsi olaraq sadəlövh uşağa dönmüşdüm, çox şey arzulamışdım. Məsələn: zəngin bir qadını xilas etmək, ildırım sürətli tanışlıq, sevgi macərası və onun şirkəti... Xeyir xəbərlə gələn telefon zəngi, məni rəhbər vəzifəyə çağırırlar... Kolluğun arasından tapdığım pul dolu çanta. O qədər pulu harda gizlədəcəyimi düşünürəm, məni izləyənlərdən qaçıram, bu boyda dünyada yer tapılmır... Amma o gün başıma gələnlər ağlımın yüz kilometrliyindən də keçməmişdi. Görünür, bu taleyin, ya da hansısa fövqəladə qüvvənin verdiyi hədiyyədir. Antik dövrdə yaşasaydım, bunu Zevsin mükafatı hesab edərdim. Amma bu, bəladı və bundan hələ də canımı qurtarmağın bir yolunu tapmıram. İstəyirəm bu hədiyyə geri alınsın... 
Həmin gün - yəni, doğum günümün axşamı fevral yağışı evsizlərin anasını ağladırdı. Boş vaxtımı öldürməyin ən yaxşı yeri metro idi. Gecə on ikiyə qədər adamları müşahidə etmək, hansısa qızlarla baxışmaq, dayanacaqdan-dayanacağa sevmək kimi əyləncə tapırdım orda. 
 Nikelli turnikdən tutub qapıya söykənmişdim və ekspert kimi hamını bir-bir incələyirdim. Telefonla oynayanlar, mürgüləyənlər, dil qəfəsə qoymayıb ağzı köpüklənə-köpüklənə danışanlar, forsundan-ədasından oturduğu yerə sığmayanlar, tovuzquşuna çevrilmiş qadınlar, tikan gövşəyən dəvə kimi saqqız çeynəyənlər getdikcə əsəblərimə toxundular. Qarşımdakı qapının şüşəsində gözüm özümə sataşdı. Qatar tunelə girəndə şüşə qara güzgüyə çevrilmişdi. Başımı tərpətdikcə əksim qəribə şəkillənirdi, gah sifətim yastılanır, gözlərim bərəlirdi, gah boğazım uzanır, başım qoz boyda olur, gah da alnım enlənirdi. Ağlımdan keçdi ki, zaman tunelinə düşmüş adam, yəqin ki, belə deformasiya olur. Heç kimə fikir vermədən başımı oynadır, ağız-burnumu əyişdirir, özümü zaman yolçusu hesab edirdim və üzümdə o boşluğa düşüb sovrulan insanın əzabını verməyə çalışırdım. Bəlkə də, kənardan çox axmaqcasına görünürdüm və heç şübhəsiz ki, görənlər, xüsusən, iki qadının ortasında oturub gözaltı baxan kişi məni psixi xəstə hesab edirdi. Amma bu mənim heç vecimə də deyildi. Çünki işsizlik, aclıq və evsizlik ağlımı alıb, beynimi başqa istiqamətdə işlədirdi, yeni qatlar açılırdı, orda ətrafım mövcud deyildi. 


 Qatar tuneldə ləngiyəndə ağlıma qəribə bir fikir gəldi; insan duyğu orqanlarını idarə edə bilər. Xarici qıcıqlar sinir impulslarına çevrilib analiz etmək üçün beynə gedəndə beyin darvazaları bağlayar və gələni şüurlu olaraq qəbul etməyə bilər. Maddə dediyimiz hər şey sadəcə bizim beynimiz qavradığı üçün mövcuddur. Əgər bizim duyğu orqanlarımız olmasa, demək, maddə də olmayacaq. Qapının qarşısında durub ona baxdığım an duyğularımı bir anda söndürsəm, mənim üçün hər şey itəcək. Bu, gözü yummaq kimi, otağın işığını söndürmək kimi bir şeydi. Otaqda əşyalar var, amma mən görmürəm, demək, mənim üçün itirlər. Görünür, bəzi varlıqlar öz duyğularını belə idarə edə bilirlər. İstədikləri an duyğularını söndürür və qeyb olurlar. Bizim gördüklərimiz onlar üçün mövcud deyil. Dünya duyğuları olan, onu idarə edə bilməyən varlıqlar üçün bu şəkildə mövcuddur. Əslində, maddi aləm yoxdur. Onu biz xəyalımızda yaratdığımız üçün burdayıq. Ola bilər ki, bizə məlum olmayan başqa bir duyğu orqanı açıla bilər və beynin qavrama funksiyası daha da genişlənər, onda bizim maddi aləm tamamilə fərqli görünər. Beynimizdə aça bilmədiyimiz o qədər qatlar var ki, nəyə qadir olduğumuzdan xəbərsizik.
 Əlaqədə, təmasda olduğumuz bütün əşyaları, əslində, analizatorlarımıza görə tanıyırıq. Müvafiq mərkəzində məlumatları şərh edən beynimiz, həyatımız boyu maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki sürətləri ilə münasibətdə olur. Biz də bu sürətləri xaricimizdəki həqiqi maddə zənn edərək yanılırıq. Mənim qatarın şüşəsindəki əksim kimi. Maddi dünyanın əslini qavramağımız qeyri-mümkündür. 
 Qatarın şüşəsindən özümə baxırdım və əsl həqiqətin mən, yoxsa qarşımdakı qapıya söykənib mənə üz-gözünü əyişdirən o psixi xəstə olduğunu ayırd etməyə çalışırdım. 
Mənə yeni bir qabiliyyət verilmişdi, duyğularımı söndürə bilirdim və söndürmüşdüm. Ətrafım mənim üçün silindiyi kimi, qatarın içi də, qarşıdakı qapı da, tunel də mövcud deyildi, dəri-əzələ hissiyyatımı dondurmuşdum, ətrafım fəzaya çevrilmişdi və kosmonavt kimi fəzada üzüb beynimdə şəkillənən məkana keçə bilərdim. Ağlımdan keçirdiyim əşya əlimdə peyda ola bilərdi.
 Dünya üçün şərti olan zamanı tuneldə saxladım. Qatarı qeyri-müəyyən zamana qaçırırdım, sərnişinləri girov götürmüşdüm. Başımı şüşədən geri çəkdim və qatar qarşımdan sürətlə keçib zaman boşluğuna getdi. Sərnişinlər özləri də bilmədən, bəlkə də, sonsuza qədər o qatarda fırlanacaqlar... 
 Duyğularımı yandıranda göyərtədə dayandığımı anladım. Fırtına əhvallı dəniz məni qorxudurdu. Sağ əlimi birinci dordan gələn yelkənin kəndirindən tutub, sol əlimi mənə baxan adama yelləyirdim. Məni görsün, burdan çəkib çıxarsın, istəyirdim. Və bu qorxu da, azad olmaq istəyi də mən özümü dərk etməmişdən əvvəl baş vermişdi. Mən bağırıb, harayladıqca beynim xatırlamağa başlayırdı. Yadıma düşdü ki, içində olduğum gəmi, iş otağımın divarından asdığım rəsmdəki Birqdir və mən əsrlərdi, o şəklin içindəyəm. Rəsmin orta əsrlərdə çəkilmiş olduğunu xatırlayanda məni vahimə bürüdü. 
 Gəminin içinə girmək, kapitanı tapmaq, hara getdiyimizi soruşmaq istədim. Amma gördüyüm hər şeyə sadəcə toxuna bilirdim, qarşımda hər şey iki ölçülü idi. Hətta başımın üstündə buludların arasından çıxmış qıpqırmızı kürə günəşin də üzünü dırnağımla qaşıya bilirdim. 
 Bütün fikrimi cəmləyib duyğularımı yenə söndürməyə çalışdım, lakin heç nə alınmadı. Qatardan gəmiyə necə gəldiyimi düşündüm, mənə elə gəldi ki, duyğularımı yandırdığım an arxa beynimdə qısaqapanma baş verib, lap elə uzaqdakı qara buludların   içində çaxnaşan şimşəklər kimi və o Birq şüuraltından beynimə daha tez ötürülən siqnal olduğu üçün xəyalımda şəkillənib, məkanlaşıb, mən də onun içinə düşmüşəm. İndi duyğularımı söndürüb yenidən yandırmağa qorxuram, hara düşəcəyimi bilmirəm. Təəssüf ki, şüuraltında hansı faylların yığıldığından xəbərsizəm. Qorxuram, bir də ayılam ki, hansısa tanrıya görə başımı kəsirlər, ya hansısa sözümə görə həbs ediblər, ya da hansısa planetdə kapsulun içindəyəm... Hər halda Birqdə olmağım hələ ki, daha yaxşı görünürdü, ona görə ki, orda çalışmasam da, sevimli iş otağımın divarındaydım və şəklin qarşısında durub mənə baxan adamı görürdüm, – o mən idim. Nəhəng dalğalı dənizə, qırmızı, qara buludların arasında ürəyim kimi alışıb yanan günəşə, küləyin üfürüb yelkənlərini şişirmiş Birqə baxırdım, hətta gəminin göyərtəsindəki insan siluetini də sezirdim. Amma onun havaya qalxan əllərinin fəryad siqnalı olduğu heç ağlımın ucundan da keçməmişdi. Başqalarının əzabını, iztirabını özümüz yaşamasaq, duymuruq. Və bu şəklə baxanda heç vaxt ağlıma gəlməzdi ki, tufana düşmüş gəminin göyərtəsindən bağıran o dünyanın ən yalqız adamı elə mənəm. Bu şəkillə maraqlanan olanda Birq haqqında bildiklərimin üstünə də uydurduqlarımı qoyub danışırdım. Hamı baxırdı və heç kim o adamı əl atıb xilas etməyi düşünmürdü. İztirabın, fəryadın, çarəsizliyin tufana düşmüş gəmiylə ifadə olunmasına heyranlıqla baxırdıq. Görəsən, üzümə necə tüpürə bilərəm?
 Çarəsizliyimə sənət əsəri kimi baxılması arıma gəldi. Arsızlaşmaq, laqeydləşmək, soyuqqanlı olmaq istədim, alınmadı. Su basmış dünyanın ortasında tək-tənha qalmaq məni acizləşdirirdi. İşdən, evdən çıxarılsam da, o qatarda, adamların arasında olmaq istəyirdim. Bir neçə dəfə duyğularımı söndürməyə cəhd elədim. Alınacağını bilirdim. 
...Və alındı. Növbəti dəfə duyğularımı yandıranda avtobusda oturmuşdum. Yanımda əyləşən gəlinin qucağında üç-dörd yaşında qızı var idi. Uzunayaqlı, sarısaçlı gəlinciyini bağrına basıb mənə və dizimin üstündə oturtduğum qızıma müstəntiq kimi baxırdı. Onun baxışları altında sıxılırdım. İstəyirdim bir anlıq da olsa diqqəti bizdən yayınsın, danışdırmağa, güldürməyə cəhd elədim. Qız hörüyümüzü gözləriylə açırdı. Sonra gəlinciyinin qırmızı ayaqqabılarını çıxarıb mənə uzatdı. Əlimi açdım, ovcuma qoydu. "Bunu sənin qızına verirəm – dedi, - onun ayaqqabıları cırıqdı... ” Ovcumdakı gəlincik ayaqqabıları qaynamış qurğuşun oldu, əlimi yandırdı, sümüyümü dağladı, qanım damarlarımdan ürəyimə lava kimi axdı, sinirlərimdən beynimə ağrı vurdu... Ovcumdakı gəlincik ayaqqabıları bədənimin ən axırıncı hüceyrəsinə qədər öldürdü məni. Qızımın üzünə baxmağa cəsarətim çatmırdı. Utandım… Utandım, vaxtında ayaqqabını ala bilmədiyim üçün boynum qırıldı. Yaxşı ki, gəlin məni gördü, ipimi kəsdi; ovucumdakı ayaqqabıları götürdü və mən havada partlayan sabun köpüyü kimi avtobusdan yox oldum. 
 Beynimin hansısa fazasında anladım ki, qatar dayanmalı, sıçrayışlar bitməlidir. Bu hədiyyədən imtina etməliyəm, girov götürdüyüm sərnişinlər azad olmalıdılar. Heç kim onlara görə bir qara qəpik də ödəməyəcək, onların varlıqlarıyla yoxluqları onsuz da bilinmir. Vacib olan qatardı, onu şirkətə geri qaytarmaq lazımdı. Bilirdim ki, işsizliyin və pulsuzluğun axırı ya qurbandı, ya qatil. Məni qatarı qaçırdığım üçün həbs edəcəklərini də bilirdim, əlbəttə, əgər tuta bilsəydilər. O vaxtlar tuneldə qeyb olmuş qatar haqqında az qala bütün saytlar yazmışdı. Məni axtarırdılar. 
 Axır ki, qatara qayıtmışam. İndi skamyada iki qadının arasında oturub qapının qarşısındakı psixə gözaltı baxıram, o xəstə şüşədəki əksiylə danışır. Durub onunla əksinin qarşısına keçirəm, əlaqə itir, telepatik dalğalar kəsilir, enerji körpüsü uçur... Onu tanıdığımı başa düşüb özünü yığışdırır. Deyəsən, ağlı özünə gəlir, onun üçün ətrafı səhnə-səhnə açılır, duyğuları bir-bir yandıqca tuneldə işıqlar görünür.
 Qatarı, nəhayət, stansiyaya qaytardım, qapılar açıldı. Uzaq planetdən qayıtmış kosmonavtlar kimi qatardan düşdük. 
 Başa düşürəm ki, qatarı qaçırdığım o günlə qaytardığım bu gün arasında neçə min işıq ili var. Bəlkə də, sərnişinlərin nəvələri, nəticələri lap çoxdan torpaq olublar. Buna görə də stansiyada heç kim bizi tanımır. Amma biz dəyişməmişik, yenə də mənim otuz yaşım var və yenə də işsizəm...