Biz imzaları yox, əsərləri dərc edirik...

Ermənilərdən qisasımızı alacağıq – Sorğu
1165
26 Fevral 2019, 11:12
 Xocalıda yaşananlar incəsənət nümayəndələrinin xatirəsində  

 1992-ci il fevralın 25-dən 26-na keçən gecə idi. Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayətin yaşandığı gecə. Beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilən gecə. Bu alayın çoxsaylı ağır texnikasının qəfildən şəhərə yeridilib, vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanlarımızın cinayətkarlar tərəfindən amansızcasına qətlə yetirildiyi gecə. O gecənin üzərindən 27 il keçir. O gecə dünyaya göz açan körpələrin artıq 27 yaşı var. 


 27 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Ermənistan silahlı qüvvələrinin mühasirəsinə salınaraq, milli mənsubiyyətinə görə 613 nəfər soydaşımızın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərinin birini itirib, eyni zamanda, çoxsaylı əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman insanların əsas hüquqları, ən başlıcası, yaşamaq hüququ kütləvi şəkildə pozulub.
 
 Biz bu günü unutmuruq və unutdurmuruq. Məhz bu günü Ağdamda yaşayan, o hadisələrin canlı şahidləri olan sənət nümayəndələri göz yaşları ilə dilə gətirirlər. Həmin gecəni xatırlayan incəsənət nümayəndələri acılarını "Kaspi” ilə bölüşdülər. 
 
 "Bəzən ölümü gözə alıb oralara getmək istəyirəm”
 
 Xalq artisti Arif Babayev bizimlə söhbətində Xocalı faciəsinin baş verdiyi dövrü ömrünün ən dəhşətli günləri hesab etdiyini bildirdi: "Ağdam mənim doğulduğum torpaqdı, uşaqlığım orada keçib. Ağdamla bərabər, Xocalının mənim üçün nə qədər əziz olduğunu sözlə ifadə edə bilmirəm. O günləri heç cür unuda bilmirəm. Hadisələri eşidən kimi, hamımız Ağdama getdik. Məni hadisələrin yaşandığı o ərazilərə buraxmadılar. Bildirdilər ki, sənət adamı olduğum üçün o torpaqlara getməyimə icazə verilmir. Nə qədər mübarizə aparsam da, razılıq ala bilmədim.  Xocalıda yaşananlar ömür boyu yaddaşımdan silinməyəcək Orada canlarını tapşıranlar - yaşlılar, cavanlar, körpələr, torpağı üçün döyüşənlər bir an olsun gözümün önündən getmir. Xocalıda şəhid olan insanların üzü tanınmaz halda idi. Təsəvvür edin ki, cəsədlərdən hündür bir təpə düzəltmişdilər. Onların hamısı bizim soydaşlarımız, canımızın bir parçası idilər. İnsan buna necə dözər? Biz buna necə dözürük, necə tab gətirə bilirik, hələ də inana bilmirəm”.
 
 Xalq artisti Xocalı hadisələrinin onun yaddaşında böyük izlər buraxdığını dedi: "Biz ermənilərdən bu qisasımızı alacağıq. O günlər heç kimin yadından çıxmaz. Xocalı sakinləri insanlara hörmət edən, insanlığın, sevginin nə olduğunu bilən soydaşlarımız idi. Onların fəryadları, ah-nalələri hələ də qulağımdadır. Xocalı hadisələrində meyitləri Ağdam məscidlərinə gətirib, orada yuyurdular. Ağdam da bir döyüş meydanı idi. O anlar gözümün qabağına gələndə, düşünürəm ki, İlahi, belə də dəhşət olarmı? İnsanları belə də məhvedərlərmi? Biz bu intiqamı qanla almalıyıq. İnanıram ki, cənab prezidentimiz İlham Əliyev bu qisası yerdə qoymayacaq. Hərdən o torpaqlara getmək, uşaqlıqda gəzdiyimiz o ərazilərə ayaq basmaq istəyirəm. Çünki gənc yaşlarımda o torpaqlara tez-tez gedirdim. Bəzən ölümü gözə alıb oralara getmək istəyirəm. Xocalı böyük bir şəhər idi. Allah ermənilərə lənət eləsin”. 
 
 
 

 "Bu bizim qan yaddaşımızdır və onu unutmamalıyıq”
 
 Xalq artisti Mənsum İbrahimov "Kaspi”-yə açıqlamasında Xocalı faciəsinin xalqımızın, insanlığın qan yaddaşına yazılmış ən dəhşətli hadisə olduğunu qeyd etdi: "Xocalıdan canlarını qurtarmağa çalışan insanlar Ağdama pənah gətirmişdilər. 26 fevral ömrümə həyatımın ən çətin günü kimi yazıldı. Həmin gecə ermənilərin nə körpə uşağa, nə də hamilə qadınlara rəhmləri gəldi. Heç bir insanlığa sığmayan, faşistlərdən betər hərəkətlər etdilər. Xocalıdan Ağdama pənah gətirənlərin çoxu ayaqyalın, ayaqları donmuş vəziyyətdə idi. Ermənilər Xocalı sakinlərindən  öldürdüklərini-öldürüb, çoxunu da əsir götürmüşdülər. Əsirləri də öz əsgərləri ilə dəyişirdilər. Ağdamda Allahverdi Bağırov adlı batalyon komandiri var idi. Xocalıdakı əsirlərin çoxunu o dəyişdirirdi. Gözümüz yolda, qulağımız səsdə idi”. 
 M.İbrahimov 26 fevral Xocalı faciəsində Ağdamda da ağır günlərin yaşandığını deyir: "Bizim qan yaddaşımızdır və bunu unutmamalıyıq. Hələ də bizim torpaqlarımız düşmən tapdağı altındadır. O insanların ruhu hələ də narahatdır. Bilirəm ki, bu qisas yerdə qalmamalıdır. Artıq bütün dünyada "Xocalıya ədalət” kampaniyasına başlanılıb. Amerikada 20-dən çox ştat bunu soyqırımı kimi qəbul edib. Bu gün hamımız bir olub, birlikdə olacağıq. Xocalı abidəsinə yürüş edərək dünyaya bir mesaj ötürəcəyik. İndi Azərbaycan güclü bir dövlətdir, özünün güclü ordusu və güclü lideri var. Şükürlər olsun ki, cənab prezidentimiz haqq sözünü bütün tribunalardan ucadan deyir. Hər kəsə də yerini göstərir. Hesab edirəm ki, ali baş komandanımızın rəhbərliyi ilə biz o torpaqları işğaldan azad edəndən sonra o ruhlar da şad olacaq”.
 
 

 
 "Meyitlərin halından qadın, ya kişi olduğunu seçə bilmirdik”
 
 "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs Xocalının utanc yeri olduğunu, məhz Xocalı ilə bağlı danışarkən başını qaldırmağa utandığını dedi: "Ona görə ki, bizim vətəndaşlarımızın, analarımızın, babalarımızın, körpələrimizin, qardaş-bacılarımızın başına belə bir müsibət gətirilib. Təəssüflər olsun ki, biz bu gün də onun qisasını ala bilməmişik. Xocalıda yaşananları əvvəlcə televiziyadan eşitdik. Rəsmi olaraq məlumat verildi ki, Xocalıda təyyarə qəzaya uğrayıb və ölənlər var. Cəbhə bölgəsi ilə əlaqə saxladım, tamam fərqli informasiya aldım. Xocalıda qətliam baş verməsi xəbərini ilk eşidəndə inanmadım. Düşündüm ki, əgər orada qətliam olubsa, bəs televiziyada təyyarə qəzaya uğradığını niyə deyirlər? O zaman köhnə müdafiə batalyonuna zəng etdim. Bildirdilər ki, Xocalıda böyük qətliam olub. Onlar yaralananların xilası üçün yollanıblar. Rabitə çox pis idi. İkinci aldığım xəbər də məni inandırmadı. İnanmadım ki, belə bir dövrdə əsrin faciəsi baş verər. Sonra xəbərlər və şayiələr baş alıb getdi və həqiqət üzə çıxdı. Xocalıda çox böyük qətliam baş vermişdi. Hadisə ilə bağlı Ağdam məscidinin işçisi "Azərbaycan” qəzetinə bir məktub göndərmişdi. Məktubu oxuyub, hazırlayıb qəzetə verdim. Yazılmışdı ki, "yuduğum meyitlər elə bir vəziyyətdə idi ki, onların qadın və ya kişi olduğunu seçə bilmirdik”. Bu mənim üçün redaksiyaya gələn ən kədərli, tükürpədən bir məktub idi. Bütün ölkə bu faciədən xəbər tutdu və artıq rəsmi dairələr də etiraf etməyə məcbur oldular. Üzərindən bir müddət keçəndən sonra mən bir köşə yazdım: "Hər gün qisas, hər yer Xocalı”. Həmin gün hətta o meyitləri görəndən sonra Ağdam məscidinin axundunun belə Allahın varlığına şübhə etdiyini qeyd etdim. O yazıda bir ifadə var idi ki, "biz o dünyada Sirat körpüsündən keçəndə, Ağdamla Xocalı arasındakı meşə zolağını keçənlər həmin körpünü keçmiş kimi olacaqlar. Çünki onların imtahanı daha çətin olub”.
 
 Q.Ağsəs 5 il bundan qabaq Yazıçılar Birliyinə Milan Konservatoriyasının professoru Davide Qualterinin gəldiyini, Xocalı faciəsi haqda şeir gətirdiyini dedi. Həmin şeiri İtaliya-Azərbaycan dostluq cəmiyyətinin sədri Mais Ağayev tərcümə edib. O tərcümənin əsasında Q.Ağsəs  "Xocalı” simfoniyasını yazıb: "Davide Qualteri həmin simfoniyaya romans bəstələdi. Həmin romans Milan Konservatoriyasının səhnəsində italyan və Azərbaycan dilində səsləndi. Ən maraqlısı odur ki, ifaçıların arasında ermənilər də var idi. Bu çox böyük rezonans doğurdu. "Xocalı” əsəri orada həm də bir səhnəcik kimi nümayiş olundu. Bunu qeyd etməklə demək istəyirəm ki, Xocalını bu gün bir-birimizə tanıtmaqdan daha çox Azərbaycanı sevən, həqiqətin gözünə dik baxan namuslu insanların sayəsində dünyaya çıxarmalıyıq. Mədəniyyətin, musiqinin, incəsənətin, ədəbiyyatın dili ilə bütün dünyaya Xocalı faciəsini bəyan etməliyik. XX əsrin sonunda, XXI əsrin qapımızı döydüyü zamanda dinc əhaliyə divan tutmaq, onlara güllə atmaq, öldürdükdən sonra da işgəncə vermək dəhşətdir”. 
 
 
 

 
 "Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?”
 
Televiziya aparıcısı, Ağdamdan olan Günay Yelmarqızı Azvision.az saytında 26 fevral gecəsi yaşadıqlarını yada salıb: "26 fevral günü səhər Ağdamda qəribə bir hüzn var idi. Hər kəsin üzündə bir kədər, hər kəsin gözündə yaş... Hamı Xocalıya ağlayırdı... Əslində, şəhər o gecəni yatmamışdı, səhəri dirigözlü açmışdı. Xocalıların pənah, ümid yeri Ağdam idi. O gecə də son ümidlərini Ağdama bağlamışdılar. Canını qurtara bilən Ağdama sığınmışdı, Xocalıdan olan yaralıların yarasını Ağdam sarıdı. Meyitlərin son ünvanı da Ağdam məscidi oldu. Bu gün Ağdam torpağında nə qədər Xocalı sakini yatır görəsən?! Bilmirəm... Bircə onu bilirəm ki, qırğından sonra günlərlə Ağdama gətirilən xocalıların dəfn edildiyini böyüklərdən eşidirdim. Yaralılara üzülürdülər, şəhərimizə gələn xocalılara nə kömək edə biləcəklərini danışırdılar. Ağdam yas içində idi. Ağdam başdan-başa Xocalıydı...”

 Aparıcı qeyd edib ki, həmin gecə Ağdam Xocalıdan qaça bilən insanlarla dolu idi: "Ermənilərin qəfil hücumundan xəbərsiz olan bu günahsız insanlar ayaqyalın, başıaçıq canlarını götürüb qaçmışdılar. Çoxu yaralı idi. Yaralıların ah-naləsi, ana-bacıların fəryadı ərşə qalxmışdı. Amma hamının gözü Xocalıya zillənmişdi, hamı Xocalıda qalanları düşünürdü. Yaxınlarını, doğmalarını axtarır, göz yaşı tökürdülər. Necə insanlıq dramının, insanlıq faciəsinin baş verdiyini dərk etmək üçün bu mənzərəni görmək kifayət idi. Mən bu mənzərəni görməmişdim. Böyüklərdən eşitmişdim.

 Cəmi 11 yaşım vardı, Xocalı faciəsinin ağrısını, böyüklüyünü dərk etmirdim. Və məni yalnız bir sual narahat edirdi: Görəsən məktəbdə xocalılar üçün hazırladığımız yardımın içində (Xocalı aylarla mühasirədə qaldığı üçün məktəbdə ərzaq, isti corab, geyimlər toplayıb göndərirdik onlara. Bəlkə bir köməyimiz dəyər deyə. Mən göndərdiyim payın içərisinə öz oyuncaqlarımdan birini qoymuşdum) göndərdiyim oyuncaq hansı uşağa çatıb? Görəsən o uşaq indi haradadır, görəsən o da Ağdama gəlibmi? Bunu sadəcə ürəyimdə düşünürdüm. Amma heç kimə demədim.
 O uşağın kim olduğun heç vaxt bilmədim. O uşağın taleyinin necə olduğunu da heç vaxt bilməyəcəm. Bəlkə də o həmyaşıdım Xocalıda vəhşicəsinə qətlə yetirilən 63 uşaqdan biri oldu. Bəlkə oyuncağını da götürüb qaçanda namərd düşmənin gülləsinə tuş gəldi, ya da yolda qarda, buzda dondu həyatı - oyuncağı ilə bir yerdə. Ya da bəlkə şans əsəri qurtula bildi. Mən də şans əsəri qurtulmuşdum düşmən gülləsindən. Xocalı faciəsindən təxminən ilyarım sonra. Ağdamda "qrad” mərmilərinin yağışı altında gözlərim qorxudan o qədər böyümüşdü ki... Nə baş verdiyini anlamırdım belə. "Bizə niyə hücum edirlər, evimizə niyə "qrad” atırlar” sualları ilə ölümdən qaçanda, ağlıma da gəlməzdi ki, bu, mənim Ağdamdan son çıxışımdır. Bir oyuncağımı belə götürməmişdim. Bu, mənim evimdən, doğulduğum torpaqdan və uşaqlığımdan qaçışım idi”.
 Aparıcı müharibələrə nifrət etdiyini qeyd edib: "Onlar bizim uşaqlığımızın qatilidir... Xocalıda 63 uşaq böyümədən öldü, o faciədən sağ qurtula bilən uşaqlarınsa uşaqlıqları elə Xocalıda qaldı. Biz uşaqlığımızı yaşamadan böyüdük. Bu dünyada hər şeyi bərpa etmək mümkündür. Torpaqlarımız geri alınacaq, buna inanıram. O torpaqlarda daha gözəl evlər tikiləcək, əvvəlkindən daha gözəl həyat olacaq. Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq? Dünya birliyindən soruşuram - "kimin müharibə uşaqlarının itirilmiş uşaqlığını qaytarmaq gücü var?” Mən Xocalıya Ədalət istəyirəm, Ağdama Ədalət istəyirəm, bütün itirilmiş torpaqlarımıza Ədalət istəyirəm. Hanı sənin ədalətin, dünya?” 
 

 
 Xəyalə Rəis