Biz imzaları yox, əsərləri dərc edirik...

Yazılmamış sevgi dastanı
272
17 İyul 2019, 11:06
 Artkaspi.az saytı Rafael Hüseynovun "Yazılmamış sevgi dastanı” yazısını təqdim edir:

 Bəlkə də bunlar çox sadə deyişlərdir. 
 Bu sözlərin məhəbbətin böyük mənasını, fəlsəfəsini aça bilən, sevgi haqqında qiymətli qənaətlər sayıla biləcək düşüncələr olması iddiasında deyiləm.
 Heç o düşüncələrin ardınca gələn sevdalı misraları da dünyanın hər dilində və şeir var olduqca bütün zamanlar boyu söylənmiş məhəbbət qoşqularının seçkinlərindən saymıram.
 Məhəbbət haqqında ən müdrik filosoflar, ədiblər da qənaətlərini bölüşüblər, bu haqda qalın-qalın kitablar da bağlanıb.
 Sevgi barəsində ürəyindən keçənləri kağıza köçürən, həm də bunları bir kimsənin görməsi, oxuması üçün deyil, elə ürəyini boşaltmaq üçün edən gənc bir qızdır.
 20-21 yaşı olar, 1946-47-ci ildir. Adı ışıqlı – Münəvvər olan bu qızın qəlbinə qonan istəkdən nuru sanki birəbeş artıb. Köksünə sığmayan, indiyəcən yaşamadığı duyğuları bölüşməyə dərindən dərin ehtiyacı var. Amma belə məhrəm hislərini necə açsın, kiminlə bölüşsün! 
 Kağızdan, qələmdən etibarlı həmdərd heç vaxt olamayıb!
 "Sevgi! Bu nə qədər böyük, nə qədər müqəddəs bir sözdür! Bu söz nə qədər cazibəlidir, bu söz sanki yanar bir ocaqdır. Sevgi odundan alışıb yanmaq, nə qədər gözəl, necə də nəşəlidir! 
 Kimin ürəyi eşq atəşində yanmamışdır, sevgi kəməndinə düçar olmayan varmıdır?
 Hər kəs, ən böyük alimlər belə bu kəməndin əsiri olmuş, bu kəmənddən xilas olmamışdır. 
 Ən çətin işləri həll edə bilən bir çox ən güclü adamlar sevgi qarşısında aciz qalmışlar.
 Eşq oduna yananların lap az hissəsi muradına çatmış, əksəri ömrü badi fənaya vermişlər.
 Görəsən mənim aqibətim necə olacaq?
 Muradıma yetib öz sevgilimlə həyatı başa verəcəyəmmi?
 Yox, buna inana bilmirəm...”
 Və ardınca da sədaqət andı sayıla biləcək sadədil misralar:
 Mənim arzum, diləyim,
 İlk və son sirdaşımsan.
 Yerin ürəyimdədir, 
 Qaldıqca bədəndə can!
 Mən Şərqin və Qərbin çox şairlərini oxumuşam və yüksək bədii sözün nə demək olduğunu yaxşı anlayıram.
 Lakin bu saya, sakit sətirlərdə məni cəzb edən nədir ki, onlara belə diqqət edirəm?
 İstəyinin böyüklüyündən, coşqunluğundan onun hətta baş tuta biləcəyinə belə şübhə ilə yanaşan bu qıza tale yar oldu.
 Sevdiyi ilə qovuşdu və 40 ilə yaxın müddətdə birgə, xoşbəxt, bayram kimi şeir kimi, nəğmə kimi bir ömür yaşadılar.
 
 

 1970-ci illərdə Bakıya Sofiyadan iki dəyərli ədəbiyyat adamı səfərə gəlmişdi. Bolqarıstan türkləri Məfkurə və Rza Mollovlar. 
 Özləri mehriban cütlük olan bu ədəbiyyatçılar ailəsi Münəvvər xanımla Bəhram müəllimə qonaq olmuşdular. 
 Əvvəlcə operada "Leyli və Məcnun”a baxmışdılar, sonra da Bəhram müəllimgilə evə, şam yeməyinə dəvət edilmişdilər.
 Və təəssüratlarla dolu bu görüşdən Məfkurə xanımın həssas müşahidələrinin əks olunduğu bir qısa şeir yaranmışdı:
 "Tar” deriz, Behram muallim anlarız,
 "Behram muallim” deriz, tar anlarız.
 Behram muallim "Tar” der, Munavvar hanım anlar,
 "Munavvar hanım” der, tar anlar.
 Bu, gün kimi aydın bir həqiqətin tam dəqiq ifadəsidir. 
 Bəhram müəllim 74 illik bir ömür yaşadı və tarla təmasları ilk uşaqlıq illərindən başlandı.
 60 ildən artıq müddətdə tar sinəsində oldu, Bəhram tarı ən yaxın sirdaşı, ürəkdaşı sandı.
 Sonra bəxt onu Münəvvərlə görüşdürüdü.
 Münəvvərlə Bəhramı qovuşduran, bu sevdanın körpüsü də tar idi.
 Bəhram dərnəkdə gələcək zövcəsinin tar müəllimi olmuşdu.
 Əsl məhəbbətin, onillər ötsə də sönməyən, soyumayan, solmayan məhəbbətin nə olduğunu bilmək istəyən bu iki aşiqin, bu iki insanın ömür yolunu izləsə yetər.
 Münəvvər xanımın ilk gənclik illərində qələmə aldığı sevdalı sətirlərinin qeyri-adiliyi və hikməti bundadır ki, o, həmin sözlərin gerçəyini vəfalı, etibarlı həyat yoldaşı ilə birgə ömrü boyu nəbz kimi içərisində yaşadıb.
 Həmin şeiri yaşayıb!
 Bəhramına görə Münəvvər tarı da ömrü boyu canlı bir varlıq kimi sevib.
 ...1985-ci ildə qoşa simdən biri qırıldı.
 Amma 1996-cı ilin iyul günlərinə, nəfəsinin gedib-gəldiyi son anacan Münəvvər elə bir gün olmadı ki, Bəhramsız qalsın.
 Hər gün adı dilində, surəti yaddaşında oldu və ömrün Bəhramsız yaşadığı hər saatını istəklisinin ömür və sənət salnaməsini yaratmağa, mükəmməlləşdirməyə sərf etdi.
 Və məzarları da indi yanaşıdır. İki qəbrin arasında da iri bir ağac. 
 Təbii, ağacın kökləri dərinə işləyib, Bəhramın Münəvvərə, Münəvvərin Bəhrama sarı uzanan əlləri kimi iki sevgilinin məzarını bir-birinə bağlayıb...
 ...Dünyaya gözünü açandan, ağlı kəsəndən bu sevdanın şahidi olmuş oğlanları Aydının verdiyi qiymətdən daha dürüstünü kim tapar?!
 Aydın söyləyirdi ki, Leyli ilə Məcnunun məhəbbətlərinin ülviliyini dərk etmək üçün bu sevginin bənzərsizliyi haqda tarixlərin yazdığını, şairlərin, yazıçıların qələmə aldıqlarını oxumağa ehtiyacım yoxdur. Əsl Leyli Məcnun sevdası mənim gözümün önündə yaşanıb. Bu alovlu məhəbbəti mən və qardaşlarım həyatda görmüşük. Anamla atamın bir-birinə istəyi eşq dastanlardakı sevdalardan daha üstün, daha ibrətli idi.
 Bəhram ustadın bu millətə ərməğan etdiyi çox dəyərli muğam irsi, Münəvvər xanımdan qalan musiqi tarximizin dolğun salnamələri öz yerində, övladlarına və xalqa bunca nümunəvi bir ailə həyatı, örnək bilinəsi sədaqət dərslərini yadigar qoyduqlarına görə onların xatirəsi əbədi ehtirama və şərəflərə layiq deyilmi?