Biz imzaları yox, əsərləri dərc edirik...

Yazıçının əsl pasportu onun sənətidir – Vladimir Nabokovun müsahibəsi
1161
25 Sentyabr 2018, 11:52
 Artkaspi.az Vladimir Nobokovun müsahibəsini təqdim edir:
 
 
 
 – Uzun illər ədəbiyyatşünaslar və jurnalistlər bilmirdilər ki, sizi Amerika yazıçısı saysınlar, yoxsa rus yazıçısı. Amma indi siz İsveçrədə yaşadığınız bir zamanda, deyəsən, hamı sizin Amerika yazıçısı olmağınızla razılaşıb. Necə bilirsiniz, yazıçının şəxsiyyəti ilə bağlı belə bir məqama diqqət yetirməyin əhəmiyyəti varmı?
 – Hələ Rusiyada tələbə olduğum illərdən daim bu fikri müdafiə etmişəm ki, görkəmli yazıçının milliyyəti o qədər də əhəmiyyət kəsb etmir. Yazıçının əsl pasportu onun sənətidir. Onun kimliyi bilavasitə xüsusi bir meyar əsasında və ya sırf fərdi xüsusiyyətlərinə görə müəyyən edilməlidir. Ola bilər ki, yazıçının vətəni fatalizmin doğruluğunun təsdiqinə çevrilsin, lakin bu, bizi fatalizmə doğru yönəltməməlidir.
Bütün bunları bir kənara qoysaq, bu gün mən özümü bir zamanlar rus yazıçısı olmuş Amerika yazıçısı hesab edirəm.
 
 – Əsərlərini tərcümə etdiyiniz və ya haqqında nəsə yazdığınız rus yazıçılarının hamısı "realizm əsri"ndən əvvəlki dövrə mənsubdur. Bunu genetik və estetik yaxınlığın nəticəsi saymaq olarmı?
 – Mənə elə gəlir ki, XIX əsr rus yazıçıları ilə yaxınlığın olub-olmaması məsələsi ideoloji məsələ deyil, daha çox təsnifat məsələsidir. Çox nadir hallarda hər hansı bir təsnifatçı mənə müraciət etmədən hansısa məşhur və klassik rus yazıçısından söhbət açır. Şekspirin qanı labüd şəkildə ingilis ədəbiyyatının damarlarında axdığı kimi, Puşkinin qanı da müasir rus ədəbiyyatının damarlarında axır.

 – Məşhur rus yazıçılarının əksəriyyəti, o cümlədən Puşkin və Lermontov həm poeziyada, həm də nəsrdə özünəməxsus nüfuz qazanmışlar – bu, ingilis və Amerika ədəbiyyatında az təsadüf edilən bir müvəffəqiyyətdir. Maraqlıdır, görəsən, bu, Rusiyanın spesifik mədəni və ədəbi səciyyəsi ilə əlaqədar deyil ki? Rus ədəbiyyatında bu cür rəngarəngliyi mümkün edən texniki və ya linqvistik mənbələr mövcuddurmu?
 – Qoqol, Tolstoy və Çexov əsla şairlik sayəsində tanınmayıblar. Eləcə də ən mühüm ingilis və ya amerikan romanlarının bir çoxunda poeziya ilə nəsr arasında sərhəd xətti çəkmək müşkül məsələdir. Məncə, siz sualınızda gərək "qafiyəli şeir" anlayışından istifadə edəydiniz. Bu halda demək mümkündür ki, rus dilinin qafiyələri ingilis dilinin qafiyələrinə nisbətən daha təsirli və daha boldur. Və buna görə də rus nasirinin, xüsusən gənclik çağlarında belə bir gözəlliyə maraq göstərməsi təəccüblü deyil.
 
 – Amerika yazıçılarından hansına daha çox üstünlük verirsiniz?
 – Cavan vaxtlarımda Edqar Alen Ponu sevirdim. İndinin özündə də Melvillin vurğunuyam, hərçənd gəncliyimdə onun əsərlərini oxumamışdım. Ceymsə mənim münasibətim müəyyən qədər mürəkkəbdir. Əslində ondan son dərəcə bezmişəm, amma eyni zamanda, vaxtaşırı onun bir metaforasını və ya anlaşılmaz və mənasız bir qeydini görəndə elə bil məni ildırım vurur; elə bil Ceyms mənim damarlarımdan keçir. Hotorn misilsiz bir yazıçıdır. Emersonun poeziyası isə əsl ləzzətdir.
 
 – Bəzi romanlarınıza yazdığınız müqəddimələrdə dünyagörüşündən söhbət düşəndə siz aydın şəkildə Freydə mənfi münasibətinizi bildirmisiniz. Oxucular maraqlanır ki, Freydin hansı əsəri və ya ideyası sizi qane etmir və nə üçün?
 – Mən bir daha bu mövzuya qayıtmaq istəməzdim. Freyd mənim romanlarımda və eləcə də xatirələrimdə göstəriləndən artıq iltifata layiq deyil. Qoy sadəlövhlər və avam adamlar buna inansınlar ki, bütün psixi pozuntuları yunan miflərinin fərdi çərçivədə gündəlik istifadəsi yolu ilə müalicə etmək olar. Mən buna əhəmiyyət vermirəm.
 
 
 – Freydin "standartlaşmış simvolları" barədə sizin kəskin tənqidiniz bir çox digər nəzəriyyəçilərin paradiqmalarına da şamil olur. Sizin fikrinizcə, ədəbi tənqidin, ümumiyyətlə, məqsədi varmı və əgər belədirsə, siz onu necə təsəvvür edirsiniz?
 – Mənim ədəbi tənqidə məsləhətim belədir: bayağı yazıları ayırd etməyi öyrənsin; unutmasın ki, fəlsəfədən faydalanmaq yolu ilə yaranan ortabab əsərlərin sayı artacaq; modanın təsirindən qaçsın; daim özünə sual versin: kəşf etdiyi simvol, görəsən, onun öz ayağının izi deyil ki; həmişə "necə"ni "nə"dən üstün tutsun; qəfildən tüklərinin biz-biz olmasına inansın və belə anda əbəs yerə Freydi köməyə çağırmasın.
Qalan məsələlər şəxsin fərdi istedadına bağlıdır.
 
 – Bir yazıçı olaraq, tənqidi nə isə öyrədən bir şey kimi qiymətləndirirsinizmi? Əlbəttə, mən sizin əsərlərinizin çoxsaylı təhlillərini nəzərdə tutmuram, ümumilikdə "tənqid" anlayışından danışıram. İkincisi, öz təcrübəniz əsasında deyə bilərsinizmi, tədris və yaradıcılıq bir-birini zənginləşdirir, ya yox?
 – Əgər haçansa bir mütəxəssis mənim təsvir etdiyim reallıqların və ya işlətdiyim dilin qrammatikasının yanlış olduğunu mənə sübut etsə, o zaman "tənqid" anlayışını son dərəcə ibrətamiz və faydalı hesab edərəm. Tədris fəaliyyəti ilə bağlı onu deyə bilərəm ki, bu iş xüsusən iki cəhətdən yazıçılar üçün səmərəlidir: bunlardan birincisi, yaxşı kitabxanalardan istifadə etmək imkanı, ikincisi, uzunmüddətli tətillərdir. Digər tərəfdən, bizim üçün ən yaxşı mükafat fikirlərimizin cavan beyinlərdə əks-səda tapmasıdır. Və bu, qarşılıqlı şəkildə baş verən zaman tədrislə məşğul olan romançıları dərs otaqlarında öz üslublarının düzgünlüyünə və inandırıcılığına daha çox diqqət yetirməyə vadar edir.

 – Mümkünsə, bir yazıçı kimi vərdişləriniz və romanlarımınz üzərində necə işlədiyiniz barədə danışın. Əsərinizin ümumi planı olurmu və yazının ilkin mərhələsində hekayətinizin sonrakı istiqamətini tam şəkildə bilirsinizmi?
 –
İyirmi yaşımdan otuz yaşlarıma qədər adətim belə idi ki, qələmi mürəkkəbə batırıb qaralama üçün nəzərdə tutulmuş dəftərçələrdə yazırdım. Bu proses nəyisə pozmaq, nə isə artırmaq, yazdığımı dəyişib yeni şəkildə yazmaq və hətta vərəqləri əzib atmaq kimi hallarla müşayiət olunurdu. Hər səhifəni üç-dörd dəfə yazırdım, axırda romanı başqa rəngli mürəkkəblə və daha yaxşı xətlə köçürürdüm. Sonra onu yenidən oxuyub düzəldir və təzədən köçürürdüm. Nəhayət, son variantı arvadıma diktə edirdim ki, makinada yazsın. Ümumiyyətlə, deməliyəm ki, mən ləng yazıçıyam. Lap ilbiz sürətilə hərəkət edib bir il ərzində son mətnin cəmi yüz səhifəsini ortaya çıxarıram. (Doğrudur, bir dəfə istisna da olub və mən əsərimi fövqəladə həyəcan və ilham şəraitində vur-tut iki həftəyə yazmışam). O vaxtlar romanı yazarkən çox zaman fəsillərin ardıcıllığını izləyirdim. Lakin o vaxt da, lap ilkin dövrdə də mən büsbütün düşüncə ilə yazmağa inanmışam: mən bütün fəsilləri küçədə gəzişərkən, vanna qəbul edərkən və ya taxtda uzanarkən qururdum, hərçənd sonra onları ixtisar edir, ya da təzədən yazırdım.
 Təxminən otuz səkkiz yaşımda müəyyən təcrübələrim əsasında iş metodumu dəyişdim və praktik baxıman daha səmərəli saydığım üsula keçdim. Bu yeni metod pozanı olan karandaşla əlifba sırası ilə düzülmüş kartoçkalar üzərində yazmaqdan ibarət idi. Həmişə işin əvvəlindən bütün roman barədə az-çox aydın təsəvvürə malik oluğum üçün bu kartoçkaları son dərəcə əlverişli sayıram. Xüsusən ona görə ki, fəsillərin məntiqi ardıcıllığını izləmirəm, əksinə, romanın müxtəlif yerlərindən ayrı-ayrı parçaları yazıram və sonra heç bir xüsusi ardıcıllıq gözləmədən boşluqları doldururam. Ümumiyyətlə, mənim fikrim belədir ki, yazılmamışdan öncə bütün kitabın beyində hazır olması çox yaxşıdır. İstər tam aydın şəkildə olsun, istər dumanlı şəkildə. Hər halda bundan sonra mənim vəzifəm onu yazmaqdır, bacardığım qədər və ya daha dəqiq desəm, bir insan kimi gücüm çatan qədər yazmaqdır. Yazı prosesində mənə ən çox ləzzət verən şey filan obrazın və ya filan strukturun nə üçün və necə "gəlməyindən" tam xəbərsiz olmağımdır. Və bəzən hansısa oxucunun mənim o qədər də konstruktiv olmayan təfəkkürümün bu sistemsiz və qarışıq işlərini müəyyən bir yolla anlamağa cəhd etməsini gördükdə, mən əməlli-başlı əylənirəm.
 
 – Bir çox yazıçılar deyirlər ki, əsərlərinin qəhrəmanı onlardan uzaqlaşır və öz yolunu tutub gedir. Sizdə belə bir təcrübə olubmu?
 – Heç vaxt belə təcrübəm olmayıb. Necə də absurd bir təcrübədir! Belə bir şeylə qarşılaşan yazıçı ya çox cılızdır, ya da dəli. Xeyr, mənim beynimdə romanın möhkəm strukturu olur və hər bir surət yalnız mənim onun üçün müəyyənləşdirdiyim yolla gedir. Mən öz fərdi dünyamda tam səlahiyyətli hakiməm, belə ki, onun düzgünlük və sabitliyinin məsuliyyət yükünü özüm təklikdə daşıyıram.
 
 
 
 – Çarlz Snou "iki mədəniyyət", yəni ədəbi və elmi ictimaiyyət arasındakı uçurumdan narazılığını bildirmişdir. Siz bu uçurum üstündən körpü salmış bir şəxs kimi təbii elmlərlə humanitar elmlərin bir-birinə qarşı durduğunu qəbul edirsinizmi? Sizin bir alim kimi təcrübələriniz sənət əsərlərinizə təsir göstərirmi? Bəzi romanlarınızın strukturunun səciyyələndirilməsində fiziki terminlərdən istifadə olunması təxəyyülün məhsulu kimi görünmür ki?
 – Əgər sizin dediyiniz uçurum kiçik bir qurbağanın da hoppana biləcəyi ensiz və uzun bir arxdan başqa bir şey olmasaydı, o halda mən özümü Rodesin böyük heykli ilə müqayisə edə bilərdim; o kəslə ki, Snounun termodinamikası ilə Levisin lavrentomaniyası arasındakı məsafəni ən yaxşı şəkildə qət edə bilmişdir. Bu günlər "fizika" və "yumurtabaş ziyalı" istilahlarının işlənməsi tətbiqi elmlərin cansıxıcı obrazını, başqa sözlə, naşıcasına bomba və digər şeylərlə başını qatan bir enerji mütəxəssisinin obrazını xatirimdə canlandırır. Bu "iki mədəniyyət"in bir tərəfində xeyir güdən texnologiyadan başqa bir şey yoxdur, o biri tərəfdə isə nisbətən yaxşı romanlar, ideoloji miflər və xalq sənəti yerləşir. Fizika ilə humanitar elmlər arasında hətta uçurum varsa da, buna əhəmiyyət verən yoxdur. Bu yumurtabaş ziyalılar çox mədəniyyətsizdirlər. Həqiqətən yaxşı bir baş isə yumurtaşəkilli yox, dəyirmi olur.
 Çox vaxt mənim tarlada, laboratoriyada və kitabxanada həşəratların pulcuqlarına və qanadlarına əsasən təsnifatı ilə bağlı apardığım araşdırmalar ədəbiyyat sahəsindəki mütaliə və axtarışlarımdan daha ləzzətli olur. Yenidən müxtəlif kəpənək növlərinin qruplaşdırılması üzərində işlənmiş, çoxlu nümunələri izah edib hesablamışam. Mənim ilk dəfə muşahidə və təsvir etdiyim kiçicik varlıqlar üçün seçdiyim adlar bioloji lüğətlərə düşmüşdür. Dəqiq təsvirlərdən, mikroskopun cənnət sakitliyindən, təsnifatdakı poetik incəlikdən alınan ləzzət bütünlüklə yeni və ilkin bilik toplanışından doğan həyəcanın estetik xüsusiyyətini aşkara çıxarır. Bu biliyin adi adam üçün qətiyyən faydası yoxdur. Məncə, elm bütün təbii elmlərdən üstündür.
 Bütün bu fundamental baxışları bir kənara qoysaq, şübhəsiz, elmin müxtəlif sahələri və sənətin çeşidli qolları arasında terminlər mübadiləsi, mənim fikrimcə, hörmətə layiqdir. Təxəyyülsüz heç bir elm, həqiqətsiz heç bir sənət yoxdur.

 Tərcümə etdi: Məsiağa Məhəmmədi

 (Bu müsahibə 1966-cı ilin sentyabr ayında İsveçrədə götürülmüşdür)