Martın 3-ü Ümumdünya Yazıçılar
Günüdür. Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN-klub tərəfindən (bu ad
ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella,
roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa
başlayıb. PEN-klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda
keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq
konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü
"Yazıçının Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin
vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN-klub mərkəzləri fəaliyyət
göstərirdi. Bir sıra ölkələrdə bu bayram, sadəcə "Yazıçı Günü” adlanır və bir
növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib
gün kimi qeyd olunur. Bayramı keçirməkdə məqsəd "Dördüncü hakimiyyət”in –
demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli
təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və
şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə
çağıran peşə bayramıdır.
Qeyd edək ki, eyniadlı təşkilat – PEN-klub bizim ölkəmizdə də
yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə
2011-ci ildə yaradılıb və prezidenti postuna yazıçı Çingiz Abdullayev seçilib.
Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf
götürülüb. Ölkəmizdə PEN-klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya
ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun
üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
Bəs Yazıçılar Günü bizdə qeyd olunurmu? "Müzakirə”mizdə qələm
adamlarının peşə bayramlarına münasibətlərini öyrənməyə çalışdıq.
Azərbaycanda PEN klubun
yaradıcılarından olan yazıçı Natiq Rəsulzadə yazıçılığı fərdi iş hesab
edir: "Yazıçılar gününü qeyd etmək də olar. Ancaq mən elə düşünürəm ki, bu, çox
fərdi işdir. Bir çox ölkələrdə heç yazıçılar birliyi də yoxdur. Bu qurumlar öz
mənasını itirib. Çünki sovet dövründə bu ideoloji bir peşə idi. Dövlətin
rəhbərliyi yazıçılara ideoloji cəbhənin əsgəri kimi baxırdı. Yazıçıların
əksəriyyəti də ideologiyaya işləyirdi. İndi bunlar mənasını itirib və yazıçının
sənəti fərdi bir sənətdir. İndi onları bir yerə yığıb «Yazıçılar gününü qeyd
edəcəksiniz» demək o qədər də düzgün deyil. Çünki hər bir yazıçının öz
düşüncəsi, dünyaya baxışı, ideyası var”. Yazıçının fikrincə, əgər bütün dünyada
bu tarix qeyd edilərsə, biz də təbii ki, buna etiraz edə bilmərik: "Qeyd olunsa
da, bu, formal bir yanaşma olacaq. Necə ki, Şaxtaçılar Günü, Tibb İşçiləri
Günü, Müəllimlər Günü qeyd olunursa, bu tarix də ondan fərqlənməyəcək. Ancaq
hesab edirəm ki, müəllimlərin, həkimlərin günü qeyd olunursa, onlar bir
ordudur. Biz hələ gileylənirik ki, yazıçıların sayı 2000-dən çoxdur və bu, 10
milyonluq əhalisi olan ölkə üçün çoxdur. Əgər yazıçı günü qeyd olunarsa olsun,
olmasa da bunun yazıçılar üçün heç bir zərəri yoxdur».

Xalq şairi Sabir
Rüstəmxanlı belə bir günün bizdə indiyə qədər qeyd olunmadığını və ümumiyyətlə,
bu tarixdən xəbərsiz olduğunu dedi: "Etiraf edim ki, Yazıçılar Gününü hansısa
tarixi əsərlə və ya hər hansı bir yazıçının taleyi ilə bağlı olduğunu deyə
bilmərəm. Niyə məhz martın 3-ü? Bunu bilməməyim bu məsələyə indiyə qədər maraq
göstərməməyimlə bağlıdır. Hesab edirəm ki, yazısı üçün xüsusi bir gün yoxdur.
İlin 365 gününün hamısı yazıçının günüdür. Nə vaxt ilhamı var, o vaxt yaza
bilir, onda özünü xoşbəxt hesab edir, sözünü deyə bilir, kitabları nəşr olunur.
Bu günlərin hər biri yazıçı üçün bir bayramdır. Ümumiyyətlə, yazı prosesinin
özü nə qədər əzablı olsa da, amma yazıçı yenə yaza bilirsə, sözü ona qulaq
asırsa və ürəyindən qopan sözləri düzgün ifadə edirsə, sonda əsərindən nəyi
gözləyirsə, onu həyata keçirə bilirsə, onda yazıçı o zəhmət prosesinin özündə
xoşbəxtdir. Sonra kitabın çapı, oxucuya
çatdırılması və nəhayət, əgər oxucu məhəbbəti qazanırsa, bunlar hamısı
yazıçının xoşbəxtliyidir. Onda hər gün yazıçının günüdür”. S.Rüstəmxanlı hesab
edir ki, bununla belə, təqvimdə xüsusi bir günün qeyd olunması da bu peşəni
yada salmaq baxımından normal bir hadisədir: "Necə ki, 8 Mart qadınlar
bayramıdır və ilin 365 günü qadın öz ailəsində xoşbəxtdir. Ona bir günün yaradılması
qadına qarşı diqqətdir. Eləcə də, yazıçıya da bir günün ayrılması ona qarşı
diqqətdir. Mən buna qeyri-adi hadisə kimi baxmıram".

Yazıçı Elçin Hüseynbəylininfikrincə,
Yazıçı Gününü xüsusi qeyd etməyə ehtiyac yoxdur: «Yazıçı əsasən öz əsərləri ilə
gündəmə gəlir. Nə dərəcədə bəyənilirsə və əsərləri nə qədər aktualdırsa, bu, onun
günüdür. Bəlkə də hansısa bir məşhur əsərin yarandığı günü xatırlamağa daha çox
ehtiyac var”. Yazıçı hesab edir ki, bəlkə də yazıçıların beynəlxalq birliyi
baxımından həmin günü xatırlamağa dəyər. Məsələn, beynəlxalq konfransların və
ya yazıçıların səfərlərinin təşkili və s. hadisələrlə bağlı qeyd edilə bilər: "Yazıçı
Gününün qeyd olunması bizim ölkə üçün aktual olmayıb və aktual deyil. Əgər
yazıçının hardasa hüququ pozulubsa, vacib deyil ki, martın 3-də qeyd edəsən. Martın
3-ü sadəcə statistik bir rəqəm kimi qeyd olunmalı deyil. Ümumiyyətlə, bizdə Yazıçı
Günü heç bir halda qeyd olunmur”.

Tənqidçi Əsəd Cahangir hesab edir
ki, yazıçının günü onun bulud kimi dolduğu gündür: "Yazıçının günü onun stol
arxasına keçdiyi gündür. Onun üçün ən böyük vəzifə kürsüsü elə yazı masasıdır.
Elə ki, o bulud kimi dolur və yazmağa başlayır, onun həyatının ən xoşbəxt
günüdür. Elə ki, o, içindəkiləri vərəqlərə səpələyir, bununla da əslində onun
ən bədbəxt günü başlayır. Bir də növbəti mərhələyə qədər eyni hissləri keçirir.
Bu mənada ilham anı yazıçının günüdür. İlham anı, təbə gəldiyi an, sırf peşəkar
nöqteyi-nəzərdən yanaşanda yazıçının günüdür”. Tənqidçi hesab edir ki, digər
tərəfdən, dünyadan yazıçıya baxanda, ilin hər hansı bir gününü yazıçı günü elan
edib, qələm adamına diqqət ayrılmasına ehtiyac var: "Bu, yazıçının ictimai
cəhətdən populyarlaşmasında, müəyyən problemlərinin həllində, ictimai ab-havanı
hiss etməsində rol oynaya, ona yaradıcılıq stimulu verə bilər. Onu həmin
xoşbəxtlik məqamına, təb halına gətirə bilər. Çünki sənətkar xalqın
sevgisindən, oxucunun diqqətindən güc alır. Axı yazıçı əsəri özü üçün yazmır.
Mən bütün qələm dostlarımı yazıçı günü münasibətilə təbrik edirəm!"

Yazıçı Aslan Quliyev hesab edir
ki, yazıçılar üçün belə bir günün qeyd olunmasına ehtiyac var: "Yazıçının üzərində
zəhmət və əzab çəkib yazdığı kitablardan xeyir götürməsi, dolanışıq mənbəyinin
olması vacibdir. Yazıçılar üçün başqa bir gün qeyd olunmur. Qoy onların da bir
günü olsun!”

Gənc yazar Cavid Zeynallınınfikrincə, simvolik olaraq Yazıçılar Gününün qeyd
olunması yaxşıdır. Belə ki, az qala bütün peşə sahiblərinin bayramı var: "Mən
bu məsələyə həm də oyun kimi, zarafat kimi, xoş əhval kimi baxıram. Çünki
yazıçılar çətin adamlardır, mürəkkəbdirlər. Onlara hər şeyi bəyəndirmək olmur.
Hətta bayramda da məsxərə tərəfi tapacaqlar. Mən arzu edərdim ki, Azərbaycan
yazıçıları da bu bayramı ürəklə, xoş ovqatla qeyd etməyə özlərində səbəb tapa
bilsinlər. Amma çətin məsələdir. Kitabı satılmayan, yazdığı oxucuya çatmayan
yazıçıya nə bayram? Nə isə, heç olmasa, bayram günündə deyinməyək. Təbəssüm!”

Təranə Məhərrəmova