Biz imzaları yox, əsərləri dərc edirik...

Yazıçı azad olmalıdır – Alpay Azərin müsahibəsi
3388
19 Mart 2019, 08:54
  Artkaspi.az saytı Alpay Azərin müsahibəsini təqdim edir:
 

  –  Köşə yazıları ilə çıxış etmirsiniz, hekayələriniz üzərində zərgər kimi işlədiyinizdən imzanızı gec-gec  görürük. Necə düşünürsünüz, mətnə belə həssas yanaşmağın, gec-gec çap olunmağın yaradıcılığınıza hansısa mənada mənfi təsiri varmı? 
  –  Düzü, ədəbi mühitdə formalaşan "imzanızı gec-gec görürük” fikri ilə o qədər də razı deyiləm. Şəxsi statistikama görə ildə 4-5, bəzən də daha çox hekayəm jurnal, qəzet və saytlarda çap olunur ki, bu, məncə? elə də pis nəticə deyil. Sualın digər tərəfi ilə tam razıyam. Mətnə hədsiz həssas yanaşıram və bunun üçün də redaktə prosesi çox vaxt aparır. Məsələn, 5 səhifəlik hekayəni 6-7 ay redaktə edə bilərəm. Ümumiyyətlə, hekayələrimi minumum 15, maksimum 40 dəfə redaktə edirəm. Mətnə keyfiyyət yox, kəmiyyət baxımından yanaşsaydım, siz deyən həssaslığın mənfi təsirini görərdim. 
 
 
 

  –   Əksər yazarlardan fərqli olaraq mövzu bolluğundan da "şikayətlənirsiz”...
  –   (Gülür). Bəli, vaxtilə belə bir status da yazmışdım feysbukda: "Mövzu verən Allaha həmd olsun”. Elə vaxt olur ki, avtobusda gedən zaman w, ayrı-ayrı hekayə süjetləri ağlıma gəlir. Məndə mövzu o qədər çoxdur ki, bəzən eyni gündə beynimə daxil olan o mövzuları kağıza, ya metroda, avtobusda olanda, telefonumun yaddaşına köçürməyə belə ərinirəm. İnanırsız ki, bu dəqiqə yazılmağı "gözləyən” 20-yə yaxın yarımçıq hekayəm var. Artıq onlarla aramdakı energetik bağım qopub. Bu bağ yenidən bərpa olunacaqmı, bunu bilmirəm.

  –  "Yazıçı və arvadı” hekayənizdə belə bir hissə var ki, iki ayrı hekayəni birləşdirib povest etməyə çalışan "arvad”a "yazıçı” qəzəblənir. Nə dərəcədə doğru müşahidədir, bilmirəm, amma oxuyarkən hiss etdim ki, hekayədə 1 və 2 ilə işarələdiyiniz hissələri də siz birləşdirib uzun hekayə formasına salmısınız...
  –  Çox doğru duymusunuz o məqamı, iki ayrı-ayrı hekayə süjetini birləşdirmişəm.

  –  İstərdim ki, suallarımıza elə bu hekayədən detallarla davam edək. Hər iki obraza xüsusi ad verməməyiniz nədən qaynaqlanır? Bütün yazıçılar və onların xanımlarının eyni taleli olmasından, yoxsa?
  –  Yox, belə bir ümumiləşdirmə iddiasında olmamışam. Məndə adətən, obrazların çox olduğu hekayələrdə oxucu çaşmasın deyə obrazların az olmasına  çalışıram. Amma dediyiniz "Yazıçı və arvadı” povestində sadəcə, əvvəlcədən əsas obrazlara ad vermək fikrim olmayıb.

  –  Buna tamam zidd olaraq hekayələrdə bəzi konkret şəxslərin də adlarını qeyd edirsiniz. Məsələn, Anar, Nigar Köçərli...
  –   Hekayələrim qismən müasir ədəbi mühitin mənzərəsini əks etdirir və düşünürəm ki, gələcəkdə bu cür yazılar hardasa mənbə rolunu oynaya bilər. Ona görə də real şəxslərin adlarını bəzən olduğu kimi yazıram.

  –  Hekayələrinizi oxuyarkən diqqət edim ki, ümumiləşdirməni, qruplaşdırmanı, adlandırmanı sevirsiniz. Məsələn, "Yarımsürrealist hekayələr” yaxud "İrrasional”, "Hisslər, macəralar” silsiləsi. Belə kateqoriyalaşdırmanın sizin üçün hər hansı xüsusi mənası varmı?
–  Görünür, bu, elmi dərəcəm və problemləri təsnifləşdirməyə meylimlə bağlıdır. Həm də gələcək planlarımdan biri də həmin təsnifləşdirdiyim hekayələri ayrı-ayrı kitablar şəklində nəşr etdirməkdir. Yəni "Fraqmentlər”, "Yaddaş eskizləri”, "Siyasi-psixoloji” tipajlar” silsiləsindən olan hekayələri ayrı-ayrı kitablar şəklində çap etdirmək var planımda.

  –  Maraqlı detallardan biri də hekayələrinizin sonunda təkrar redaktə vaxtını qeyd etməyinizdir. Bəs bu nə ilə bağlıdır?
  –  Mən ədəbiyyata 2009-cu ildə kult.az saytında çıxan"Slovak qızı” hekayəsi ilə gəlmişəm, indi yarpaq.az saytında arvivdə durur o hekayə. Bircə həmin debüt hekayəmə toxunmamışam, necə var, elə də qalıb. Hərçənd o mətni təkrarən oxuyanda görürəm ki, redaktəlik çox işlər var. Qeyd edim ki, hekayə hardasa dərc olunandan aylar sonra belə ona yenidən düzəlişlər edirəm. "Təkrar redaktə” qeydi də bununla əlaqəlidir. Bəlkə də, bu, oxucu üçün maraqlı deyil, yazmasam da, olar. Amma düşünürəm ki, bəlkə, belə nüanslara diqqət edən oxucum da olar. Olsun da, nə ziyanı var?...

  –  Hekayələrinizdə ortaq cəhətlərindən biri də budur ki, mətndə bəzi fərqləndirilmiş – kursivlə verilmiş sözlər var. Öncə elə  zənn etdim ki, bu, sadəcə, vulqar sözlərdə, jarqonlarda istifadə olunub. Amma belə deyil. Belə kursivin səbəbi oxucu kimi mənə də maraqlıdır...
  –  Kursivlərdən bəzən sözün ironiya qatını vurğulamaq, bəzən də onların ikimənalılığını göstərmək və mahiyyətə diqqəti yönəltmək üçün istifadə edirəm. Hekayələrimi oxuyan yazıçı dostum Ataqam da deyir ki, kursivlər və mötərizələrdən çox istifadə edirəm. Kursivləri söylədim, mötərizlər məsələsini də açıqlayım. Mətndə adətən, anlaşılmayan sözlərin mənasını mötərizə daxilində verirəm. Bəllidir ki, anlaşılmazlıq oxucunu kitabdan itələyir. Məsələn, mən oxucu kimi bir səhifədə 4-5 anlaşılmaz, daha dəqiq desəm dialekt söz görürəmsə, kitabı atıram qırağa. Başqa bir misal deyim, Folknerin əsərlərində bəzən 7-8 cümlə mötərizə daxilində əlavə, aydınlaşdırıcı informasiya kimi verilir. Mötərizənin doğurduğu bir psixoloji durum var, istəyirsən, mötərizə daxilindəki cümlələri tez oxuyub sonrakı cümlələrə keçəsən. Sanki mətndə mötərizə adamı cansıxıcı bir qəfəsə salır. 
 
 


  –  "Yazıçı və arvadı” hekayənizin avtobioqrafik enerjisi var. Oxucu  sanki məhz Alpay Azərin yazı günlərini, mətnə münasibətini oxuyur. Və bu, kifayət qədər yaxşı alınır. İrəlilidə avtobiqrafiyanızı yazmaq kimi planınız varmı?
  –  Demək olar ki, bütün hekayələrimdə bu cür avtobioqrafik detallar var, amma keçən əsrin qismən 90-cı illəridə yaşadığım Rusiya həyatının keçid dövrünü əks etdirən çap olunmamış 3 povestim var ki, roman ovqatı gələndə, bunları irihəcmli bir mətndə birləşdirməyi düşünürəm. Hə, onu deyim, "Dinc dövrün şəhidi”, eləcə də işlədiyim başqa bir sənədli hekayə sırf avtobioqrafik mətnlərdir. 

  –   "Yazıçı və arvadı” kitabında toplanan hekayələrinizdə bir detal xüsusi diqqətimi çəkdi: bütün kişi obrazları oxumuş, təhsil almış şəxslər, əksər qadınlar isə yalnız sözün kobud mənasında "ərə getmək” barədə düşünənlərdir. 
  –  "Məni çoxlu öp-öp”, "Yazıçı və arvadı” hekayələrindəki qadınları istisna etsək, ümumilikdə bəlkə də, belə təəssürat yarana bilər. Amma bunun xüsusi bir səbəbi, hazırda dəbdə olan seksisizmlə heç bir əlaqəsi yoxdur. Sadəcə, konkret mövzu üzrə nəsə yazmışam, sonucda siz deyən hekayə yaranıb. 

  –  Zəhmət olmasa, hazırda üzərində işlədiyiniz mətnlər barədə də oxucuları məlumatlandırardınız.
  –  Əlbəttə. Hazırda paralel 3 hekayə yazıram. Rusiya həyat və məişəti ilə bağlı olan yazıb bitirdiyim bir hekayəni də redaktə edirəm. 

  –  Son olaraq, görəsən, Nobel çıxışında "uğura görə, ilk növbədə, rus nəsrinə borcluyam” desəniz, Azərbaycan bu işə necə baxar?
  –  (Gülür) Məncə, yazıçı azad olmalıdır. Düzdür, bəzən özüm də azadlığımı buxovlayan məngələrə düşürəm, dediyiniz məqam "Yazıçı və arvadı” povestindədir, yəni, ordakı yazıçı obrazını da oxucuların ümumi rəyi maraqlandırmır. 
 
  Söhbətləşdi: Aytac Quliyeva