Biz imzaları yox, əsərləri dərc edirik...

Yazarlı filmlər
397
21 Yanvar 2020, 10:24
  Kino sektoru çiçəklənmə dövrünə qədəm basandan ədəbiyyatla iç-içədir. Hətta film ulduzlarının gerçək həyatlarından çox ədiblərin həyatının ekranlaşdırılmasına üstünlük verilir. İncəsənət xadimləri və ədəbi tənqidçilər tez-tez bu iki sektoru rəqib kimi təqdim etsə də, ədəbiyyata və yazarlara həsr olunmuş filmlərin tələb gördüyü, sevildiyi göz qabağındadır. "huffingtonpost”un redaktorları da bu yüzillik müqayisə və müzakirəni bir kənara çəkib, kino və ədəbiyyata ortaq bir yerdən baxıb və ərsəyə gələn izlənilməli nümunələri toplayıb. Bu filmlərin əsas üstün cəhəti isə sevdiyiniz yazarların həyatı ilə bağlı açılmamış sirr, diqqət çəkilməmiş nüans qalmır. Yazarların baş qəhrəmanlar olduğu filmlər:
 
 

  ·       "Sevdiklərini öldür” ("Kill your darlings”) – Allen Qinzberq, Uilyam Barrof və Cek Keruakın tanışlıqları, ictimai təzyiqlər və ədəbiyyata qovuşan yollarından bəhs edən filmdə yazarların həyatını sıralamaya uyğun olaraq, aktyorlar Daniel Redklif, Ben Foster və Cek Hyuston canlandırıb. 
  ·       "Nora” – Ceyms Coysun şəninə dillər əzbəri olan şeirlər yazdığı, sonralar isə evliliyə uzanan yolda yoldaşlıq etmiş sevgilisindən bəhs edir. Əslində, çörəkçi qızı Noradan çox Ceyms Coysun dünyası, həyatı, ədəbi çevrəsi, yazı prosesi ilə tanış oluruq. Ədib obrazına aktyor Evan MakQreqor həyat verib.
  ·       Yəqin ki, Kristofer Plummerdən Tolstoy yaratmaq heç də çətin olmayıb. "Sonuncu qatar” ("The last train”) filmində Plummer sadəcə obraz yaratmayıb, Tolstoy kimi yaşayıb.
  ·       Virciniya Vulfun daimi gərgin, depressiv ruhunu canlandırmaq üçün bir çox aktrisa sınaqdan keçirilib. "Saatlar” ("The hours”) filmində Nikol Kidman ağır qrimlənməyə məruz qalsa da, Vulfun emosional ruhunu olduqca uğurla ötürə bilib. 
  ·       "Poçtalyon” ("İl postino”) bu siyahıda yəqin ki, ən məşhur filmlərdəndir. Çilili şair Pablo Nerudanın siyasi sürgün həyatı yaşadığı adaya məktub aparan poçtalyonla qurduğu möhkəm dostluq fonunda şairin mənəvi dünyasına, ideyalarına işıq tutan filmdə baş qəhrəman obrazını aktyor Filip Noyrenin canlandırmasına şəxsən yazıçı özü qərar verib. 
  ·       Franz Kafkadan yazmaq, onu oxumaq, həzm etmək ədəbiyyatın "çətin”ləri sırasındadır. Steven Şoderberq isə bütün çətinlikləri gözə alıb, yazarın həyatını bioqrafik qəliblərdən uzaq nüanslar üzərindən irəliləməklə ekranlaşdırıb. "Kafka” filmində baş rolu aktyor Ceremi Ayrons canlandırıb. "Kafka” filmində baş rolu aktyor Ceremi Ayrons canlandırıb. 
  ·       "Görünməz qadın” ("The invisible woman”) eyniadlı kitabında Kler Tomali yazıçı Çarlz Dikenzin şöhrət zirvəsində ikən tanışdığı Nelli Ternan ilə yaşadığı məhəbbət macərasının pərdəarxasına işıq tutub. Filmdə bütün ictimai nüfuzunu zədələyəcək "gizli və qadağan olunmuş məhəbbət”dən uzaq dura bilməyən ədib rolunu aktyor Ralf Fyennz ustalıqla ifa edib.
  ·       Qadağan olunmuş məhəbbətlər ekranlaşdırılarkən Silvia Platsla Ted Haqsın ülvi və müqəddəs eşqi kənarda qala bilərmi? Əsasən, Silvia Platsın ön planda durduğu "Silvia” filmində baş rollara Daniel Kreq və Qvinet Peltrou həyat verib.

  Hazırladı: Elcan Salmanqızı