Biz imzaları yox, əsərləri dərc edirik...

Yazarlar artkaspi.az-dan danışır
2603
17 Fevral 2020, 08:59
  Fevralın 17-də  "Kaspi” qəzetinin "Ədəbiyyat” əlavəsinin mədəniyyət və ədəbiyyat əlavəsi kimi meydana gələn artkaspi.az saytının 3 yaşı tamam olur. Bu ilin mayında isə "Kaspi”nin indiyə qədər 4000-ə qədər sayı dərc edilmiş  "Ədəbiyyat” əlavəsinin 10 yaşı qeyd olunacaq. Ötən üç il ərzində artkaspi.az saytında 8000-dən çox ədəbiyyat, mədəniyyət, incəsənət mövzulu yazılar dərc etmişik. O cümlədən 300-dən artıq müsahibə,  300-ə qədər mövzuda müzakirələr aparmışıq. 
  Biz bu illər ərzində daim çalışmışıq ki, ədəbiyyatımıza, mədəniyyətimizə sədaqətlə xidmət edək. Prezidentimizin ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına təkan verən Sərəncamlarını diqqətlə izləmişik. O qiymətli Sərəncamlara uyğun öz iş planımızı müəyyənləşdirmiş və çalışmışıq ki, yubileyləri qeyd olunan, fəxri adlara layiq görülən ədəbiyyat və mədəniyyət adamlarına daha diqqətlə yanaşaq, gərəkli mədəniyyət tədbirlərinin, forumların iştirakçısı olaq, bir sözlə, bir mədəniyyət və ədəbiyyat saytı olaraq dövlətimizin mədəniyyət siyasətinin inkişafına gücümüz daxilində xidmət göstərək. Muğam sənətimizin, rəssamlığımızın, bütövlükdə mədəniyyətimizin böyük himayədarı olan I Vitse-Prezident Mehriban xanım Əliyevanın mədəniyyətə diqqətini də bir mədəniyyət və ədəbiyyat saytı olaraq daim diqqətlə işıqlandırmışıq və çalışmışıq ki, ölkə rəhbərinin, I vitse-prezidentin gərgin əməyinin nəticəsi olan uğurlu mədəniyyət siyasətimizi layiq olduğu hörmətdə, ucalıqda oxucularımıza təqdim edək.
   Xoşbəxtik ki, ölkəmizin mədəniyyət və ədəbiyyat adamlarında bir mənəvi ehtiyac yaratmışıq, heç zaman ədəbi qrupbazlığa, yersiz intriqalara, sözü, mənəviyyatı gözdən salan məqamlara, klassiklərə qarşı qarayaxmalara, tərbiyəvi mahiyyətdən uzaq materiallara yer verməmişik. Ədalətli olmağa, milli-mənəvi dəyərlərimizi qorumağa çalışmışıq. Daim bir devizimiz olub: "Biz imzaları yox, əsərləri dərc edirik”. Bu amalımıza sadiq olmuşuq, gözəl əsərlərə daim yer vermişik, istedadlı mətnlər diqqətimizdən kənarda qalmayıb, bizimlə əməkdaşlıq edən müəlliflərə daim ehtiramla yanaşmışıq.
 Əziz oxucular, biz dövlətimizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulayaraq yolumuza davam deyirik...
 
  artkaspi.az 
 
 

  Bakı Mühəndislik Universitetinin müəllimi, ədəbiyyatşünas Ülvi Babasoy: 
 
   Artkaspi.az digər mədəniyyət və ədəbiyyat portallarından fərqlənir. Məxsusi estetik platforması olan ədəbiyyat faktıdır artkaspi.az. Xüsusi şəxslərin təbliğinə xidmət etmir. 3 il ərzində saytda yüzlərlə yazı və müsahibə dərc edilib. Ədəbiyyat və sənət faktına çevrilən bütün imzalara bu saytda yer var. "Kaspi” qəzeti və artkaspi.az saytı mənim imzamı da tanıdıb. Azərbaycan ədəbi mühitində, yaxşı mənada estetik dava yox səviyyəsindədir – demək istəyirəm. Ancaq dilim gəlmir. Sayt ədəbiyyat hadisəsi olan mətnləri çap etməklə, saytın konkret platforması ilə estetik mühit formalaşdırmaqdadır. Saytın fəaliyyəti davamlı olsun.  Bütün artkaspi.az-sevərləri təbrik edirəm. 

 
 
  Şair, AYB-nin mətbuat katibi Xəyal Rza:

  Dedilər ki, artkaspi.az saytının 3 yaşı tamam olur. Təəccübləndim. Çünki mənə elə gəlirdi ki, artkaspi.az-ın ən azı 15 yaşı var. Bu körpə yaşıyla böyük işlərin öhdəsindən gəlməyi necə bacarıb, bu sayt?! Görünür və bir daha sübut olunur ki, peşəkarlıq öz sözünü deyib. Peşəkar kollektiv qısa bir zamanda bu sayta layiq olduğu imici qazandıra bilib. Elə buna görə də artkaspi.az-ın oxucu problemi, oxunmaq dərdi də yoxdur. Dostlarımızı artkaspi.az-ın yaranış günü münasibətilə ürəkdən təbrik edirəm. "artkaspi”yə böyük yubileylər arzulayıram.
 
 

 
 
 Yazıçı, Azərbaycan Yazıçılar Birliyi Oğuz bölməsinin sədri Vüsal Oğuz
 
  artkaspi.az saytı bizə doğma olan "Kaspi” qəzetinin sanki sonbeşiyi, balaca balasıdır. Yarandığı ilk günlərdən parlayan, özünü tanıdan, yerini tuta bilən, böyük işlər görən, ədəbiyyata, mədəniyyətə şərəflə xidmət göstərən, onu təmsil edən və eyni zamanda da qoruyan saytın 3 yaşını təbrik edirəm. Yaradıcı kollektivə daha da böyük uğurlar arzu edirəm. Uzunömürlü olsun həm "Kaspi”miz, həm "artkaspi”miz.  
 
 

 
 Şair, Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov:
 
  Bu gün  bədii ədəbiyyata rəqib olan yüzlərlə süni vasitə, texnologiya var. Belə bir dünyada ədəbiyyatla yaşamaq, ədəbiyyat üçün yaşamaq asan iş deyil. atkaspi.az süni intellektin bədii düşüncəni deportasiya etdiyi dövrdə ədəbiyyata sığınacaq verən adalardan biridir. Təbriklər!
 
 
 
  Şair Şəhriyar Del Gerani:
 
  Azərbaycan klassik və çağdaş ədəbi-mədəni mənzərəsini büsbütün aydınlığıyla göstərən Artkaspi portalının bütün işçi və oxucu kollektivini dəruni hisslərimlə təbrik edirəm. Ən önəmlisi bu. Ki, Artkaspinin ilk gündən bu yana bəlli profili var, həmin profilə də sadiqdir. Elə mətnlər var ki, onu yalnız Artkaspidə oxumaq olur. Mən, demək olar hər gün bu gözəlim ünvana baş vururam. Qısası, Fərid Hüseynin olduğu yerdə peşəkarlığa və ədalətə inanıram. Davamlılıq diləyilə... Allah hər daim sizinlə olsun. Eşqlər!


  Yazıçı Sahilə İbrahimova:
 
  Mənim üçün insanlar önəmlidir. artkaspi mənim üçün Fərid Hüseyndir, Rəvan Caviddir, Xanım Aydındır. Müasirdirlər, zövqlüdürlər. Təbriklərə layiqdirlər.
 
 

  Yazıçı Mirmehdi Ağaoğlu:
 
  artkaspi.az özünün yolu, istiqaməti olan saytdır. Burada hər dəfə bir-birindən maraqlı yazılar dərc olunur. Mən adı ötən il açıqlanan 2018-ci ilin Nobelçisi Olqa Tokarçuk ilə ilk dəfə orda tanış oldum. Türk yazarlarının müsahibələrini oxumuşum. Bunları niyə deyirəm? artkaspi.az ədəbiyyatın damarını tutan saytdır. Dünyada gedən ədəbi proseslərdən tez bir zamanda yerli oxucuları xəbərdar etməyə çalışır və məncə, bu, alınır. Özüm də arada-sırada bu saytda çap olunuram. artkaspinin yazarı və oxucusu olmaq gözəldir. Mən sayta uğurlar, nailiyyətlər arzulayıram! Və ümid edirəm ki, artkaspi.az daim ədəbiyyatımıza öz işığından pay verməyə davam edəcək.
 
 

  Yazıçı, Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı:
 
  artkaspi.az saytı gündəlik oxuduğum və fəaliyyətini yüksək qiymətləndiyim ədəbi orqandır. Öz yolu, siması, rəngi olan etibarlı ədəbiyyat-mədəniyyət saytı yaratmaq, onun ciddiliyini qorumaq, inkişaf etdirmək fədakarlıqdır. Sayta çalışan dostlarımızı və oxucuları təbrik edirəm. İnanıram ki, artkaspi.az  Azərbaycanın mədəni mühitinin ən vacib parçası olmaq missiyasını hələ uzun illər uğurla davam etdirəcək.
 

 
  Şair, axar.az saytının Ədəbiyyat şöbəsinin redaktoru Aqşin Evrən:
 
  artkaspi.az mənim hər gün baş çəkdiyim mədəniyyət kitabxanasıdır. Belə deyim, artkaspi.az mənim üçün  gündəlik saytdır, daim açıb vərəqləyirəm, hətta daha əvvəl dərc olunmuş bədii mətnləri yenidən oxuyuram. Çünki burada yayımlanmış materiallar daim canlı və yenidir.
  İçində olduğumuz xaos dövründə, şok, qanlı başlıqların beynimizi "güllələdiyi” bir vaxtda artkaspi.az sükut içində, bağırmadan öz varlığını davam etdirir. Qəribədir ki, saytın simasına baxanda adamın beyni dincəlir. Bu mədəniyyət kitabında təqdimat etibarilə sadə, mahiyyət etibarilə çox dərin, estetik mətnlər toplanıb. Biz daha əvvəl mədəniyyət portallarının bağlanmasının şahidi olmuşuq. Amma hesab edirəm ki, bu saytın fəaliyyətini davam etdirməsi zəruridir. 
  "Biz imzaları yox, əsərləri dərc edirik...” deyən artkaspi.az-ı və burada çalışan dəyərli kollektivi təbrik edir, saytın 30 yaşını qeyd etməyi arzulayıram!
 

 
  Şairə Sevinc Elsevər:

  Əvvəla "artkaspi.az” saytını üç yaşı münasibətilə təbrik edirəm! Bu sayt yarandığı vaxtdan onunla tez-tez əməkdaşlıq etmişəm. Əməkdaşları da ədəbi zövqlərinə inandığım adamlardır, həmişə də çağdaşları olan qələm adamı kimi şəxsimə qarşı hörmət, diqqət görmüşəm. İnanın, yazı adamı üçün bu çox dəyərlidir. Heç kimə sirr deyil ki, bu gün yazı adamlarının qazancı bir xoş söz, gülərüzlə qarşılanmaqdan başqa şey deyil. Amma ən vacibi də elə bu diqqət, bu sevgidir ki, onu mən hər zaman "artkaspi.az” saytının əməkdaşlarından hiss etmişəm. Eyni hisslər də məndə var onlara qarşı.   
  İnanıram ki, həmişə də belə olacaq. 
  Sayt yarandığı gündən qələm adamlarının diqqətini maraqlı mətnlərlə, müsahibələrlə çəkib. Olduqca maraqlı layihələri olub. Son layihələrindən birində də can-başla iştirak eləmişəm. Öz şeirlərimdən bir neçəsini səsləndirmişdim, həm saytda yayımlanmışdı, həm də "Youtube”a yerləşdirildi. Bilirsiniz, bu işlər indi ola bilsin ki, adi görünür. Ancaq gələcəkdə ədəbiyyatşünasların karına gələcək, oxucular üçün maraqlı olacaq.  
  artkaspi.az saytını mənim üçün xüsusi edən başqa bir cəhəti də saytda yayımlanan materialların "Kaspi” qəzetində də işıq üzü görməsidir. Dəfələrlə olub ki, hansısa saytda yazılarım gedib, amma bir müddətdən sonra o yazılar ya vəlvələdən, ya zəlzələdən yoxa çıxıb. Ancaq kağızda, qəzetdə çap olunmuş mətnlər daha etibarlı, daha qalıcı mənbədə qorunur. 
  Ədəbi prosesin davam etməsi və inkişafında artkaspi.az saytının rolu danılmazdı. Heyf ki, bu cür saytlar çox azdır. Qələm adamları üçün belə saytlar bir nəfəslikdir. artkaspi.az saytına uzun ömür, əməkdaşlarına isə bol-bol həvəs, ruh yüksəkliyi arzulayıram! Qoy o nəfəslik həmişə üzümüzə açıq olsun! Uğur sizinlə olsun! Yeni-yeni layihələrinizi həvəslə gözləyirik!
 
 
 
  Şair, "Mücrü” nəşriyyatının direktor müavini  Cəlil Cavanşir:
 
  Özümü artkaspi.az saytının sadiq oxucularından hesab edirəm. Yarandığı ilk günlərdən maraqla izləyirəm. Həm yerli ədəbiyyatımızı, həm də dünya ədəbiyyatında gedən prosesləri çox çevik və akademik şəkildə işıqlandıran artkaspi.az ədəbi mühitdə öz sanbalına görə seçilir. Bir müddət müəllif kimi əməkdaşlıq etdiyim üçün, saytın iş prinsipi ilə də tanışam. Bədii zövqünə güvəndiyim Fərid Hüseynin sayta redaktorluq etməsi, saytın estetik fərqliliyinə yaxşı mənada təsir edib. Ədəbiyyatın və mədəniyyətin təbliği baxımından bu saytın rolu danılmazdır. Həvəslə və maraqla izlədiyim saytlardandır. artkaspi.az-a və onun möhtəşəm kollektivinə ardıcıllıq və uğurlar arzulayıram. Ümid edirəm ki, gələcək illərdə də sayt öz fəaliyyəti ilə həm oxucuları, həm də ədəbiyyat adamlarını sevindirəcək. Kollektivin bütün zəhmətkeşlərini, ədəbiyyatsevərləri təbrik edirəm! Yolunuz, yolumuz açıq olsun!
 

 
  Yazıçı, "Mücrü” nəşriyyatının direktoru Müşfiq Xan:
 
  Oxucu kimi belə görürəm: artkaspi.az azacıq qüvvə ilə böyük redaksiyanın işini aparmağı bacaran portaldır. Bu proses mənə çox yaxşı tanışdı, əlimin içi kimi bilirəm ki, peşəkarların sayəsində mümkün olur belə şeylər. Üçcə yaşınız tamam olur, səs-sədanızı ciddi oxucuların əksəriyyəti eşidib, məncə. Fəaliyyətinizdə uğurlar! Neçə gözəl yubileylərə! Təbrik edirəm!
 

 
  Şair Elşən Mehdi:
 
  Artkaspi.azı 3 yaşı münasibəti ilə təbrik edirəm. Davamlı olmağını arzulayıram. Aydınlardan kimsə demişdi ki, mədəniyyətdə davamlılıq mədəniyyətin özündən vacib faktdır. artkaspi.az mənimçün ədəbiyyat və ümumən sənət üçün təkanverici portallardan biridir. Həm də xüsusiliyi ondadır ki, əməkdaşlarının əksəriyyəti gənc və istedadlıdırlar. Bu, həm bir oxucu, həm də ədəbiyyat adamı kimi mənimçün önəmlidir.
 
 

  Şair Tural Turan:
 
  Fevralın 17-i artkaspi.az saytının 3 yaşı tamam olur. Üç əsrlik qəzetin – "Kaspi”nin "Ədəbiyyat” əlavəsinin 3 il ərzində gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının parlaq gənc imzalarından olan Fərid Hüseynin rəhbərliyi altında sayt öz yolunu uğurla müəyyənləşdirdi. Öz cığırını aça bildi. Bu müddət ərzində artkaspi.az gənc yazarlara geniş meydan verdi. Hər kəsin çap olunduğu sayt kimi tanındı. Yeni şeir və hekayələrin tanıtım qapısı oldu. Bu üç il müddətində artkaspi.az həyatın poeziya, nəsr, fəlsəfə, kino sahələrinə geniş yer ayıraraq, oxucusunu baş vermiş, verməkdə olan və verəcək bütün hadisələrdən xəbərdar etmək kimi bir missiyanın öhdəsindən layiqincə gəldi. Oxucuların sevimli saytı olmaqla yanaşı, həm də keyfiyyətli materialları ilə də diqqət mərkəzində olmağı bacardı. Bu üç il ərzində tez-tez mənim də yazılarım, şeirlərim bu saytda yayımlandı. İlk oxucularını artkaspi.az-da tapdı. Adıçəkilən portalın oxucuları artıq şairlərin, yazıçıların ilk oxucusu olmaları ilə öyünürlər. Arzum budur ki, həmişə ən yaxşı poeziya və nəsr nümunələrinin ilk yayımçısı olasınız! Oxucunuz bol olsun, əziz artkaspiçilər! Sizə də üç əsrdən uzun ömür arzulayıram!
 
 
 
  Şair Ümid Nəccari:
 
  Xalqımızın incəsənəti və xüsusilə ədəbiyyatımızın uğurunda şərəfli bir yolu keçmiş artkaspi.az saytının üç illiyini qeyd edirik; buna sevinirik ki, ədəbi portalların və qəzetlərin çətinliklə üzləşən dövründə artkaspi ayaqüstə dayana bilib və ədəbiyyata dəstək verməyi ilə xalqımızın gələcəyinə minlərlə ziyalı bəxş etməyi davam edir.
Üç yaşın qutlu olsun, artkaspi.az!
 
 

  Şair, avaqnqard.net saytının baş redaktoru Səxavət Sahil:
 
  artkaspi.az saytının 3 yaşı tamam olması münasibəti ilə saytın əməkdaşlarını və oxucularını təbrik edirəm.  Bu günə qədər səhifələrində ədəbiyyat və maarifçiliklə bağlı yazılar dərc edən saytın ədəbi-mədəni mühitimizdə yeri böyükdür. Üzərinə düşən missiyanı həyata keçirən saytın bundan sonrada da bu cür fəaliyyət göstərməsini arzu edirəm!
 

  Tərcüməçi, tele-jurnalist Ariz Tarverdiyev:
 
  Mənə elə gəlir ki,  artkaspi.az, ədəbiyyatımızın üzünə tutulmuş bir aynadır. Gördüyümüz rəngliliklər, fərqliliklərə rəğmən, aynada ədəbiyyatımızı tam aydın görə bilirik. Çağdaş ədəbiyyatın reallıqları fonunda gördüyünüz işlər çox dəyərlidir. Sizi təbrik edir, yaradıcılıq uğurları arzu edirəm!
 
 

  Şair Ulucay Akif:
 
  İnsanın həyatında elə dəyərli  adamlar olur ki, uzun müddət danışmasan da, görüşməsən də, xəbər tutmasan da ona olan sevgin həmişə dəyişməz qalır. Hətta adamın içində bir rahatlıq hissi olur ki, həmin adam ordadır, var. 
  Sən demə, adam bu hissi sadəcə insanlara qarşı keçirmirmiş. artkaspi.az saytına olan duyğularım da təxmini bu cürdür. Elə gün ola bilər ki, mən o saytdan nəsə oxumayım, lap 1 həftə o sayta daxil olmayım, amma həmişə içimdə rahatlıq var ki, artkaspi.az kimi ciddi ədəbiyyat və mədəniyyət saytımız var. Məncə, elə həmişə də olmalıdır!
 
 

  Hazırladı: Rəvan Cavid