Biz imzaları yox, əsərləri dərc edirik...

Yaşımın üstünə yaş gəlir, amma qocalmıram – Ramiz Məlikin müsahibəsi
1460
14 Sentyabr 2018, 14:22
 Artkaspi.az Xalq artisti Ramiz Məliklə müsahibəni təqdim edir: 
 
 – Ramiz müəllim, 75 yaşınız tamam oldu. Necəsiniz, yubiley əhvalı var, yoxsa sadəcə, yaş üstünə yaş gəlib?
 – Heç bir xüsusi əhval yoxdur. Rəqəm istər yuvarlaq olsun, istər qeyri-yuvarlaq. Mənim üçün heç bir əhəmiyyəti yoxdur. Yaşımın üstünə yaş gəlir, amma qocalmıram.
 
 
 
 – Qocalığın xofu ağır olur...
 – Qorxmuram. Əksinə, qocalıq hər bir adamın alın yazısıdır. İnsan qocalmalıdır. Amma bir var, əsa ilə gəzəsən, gözün kor olsun, təfəkkürün yerində olmasın, bir də var, sağlam düşünüb özünü idarə edə biləsən. Bunlar fərqli-fərqli şeylərdir.

 – Bir də gərək insan köhnəlməsin...
 – (Gülür). Ay sağ ol! Mən 75 il ömür yaşamışam və bizim teatrda bir çox görkəmli aktyorlarla işləmişəm.

 – Onların içində gözləri zəif olan, əsa ilə gəzən, amma səhnəyə çıxan aktyorlar olub?
 – Əlbəttə. Bizim korifey sənətkarımız Ağasadıq Gəraybəyli. Biz ona dayı deyirdik. Ağasadıq dayı 90 yaşına qədər səhnəyə çıxardı. "Natəvan” tamaşasında rəhmətlik Telman Adıgözəlov onun qolundan tutub səhnənin kənarına gətirərdi. Sonra Ağasadıq dayı deyərdi ki, məni burax. Bilirdi ki, neçə addım atandan sonra pilləkən gəlir. Pilləkəni qalxırdı və kresloda oturub sözlərini deyirdi. Heç vaxt da səhv etməzdi. Bu, sənətə, teatra olan sevgi idi.

 – Teatrın rəhbərliyi də bu riski gözə alıb onun bu şəkildə səhnəyə çıxmağına razı olurdu?

 – Heç kim ona bir söz deyə bilməzdi. Ağasadıq dayı çox hörmətli aktyor idi. Özü də Gəraybəyli Azərbaycan kinosunun ilk qaranquşlarından biri idi. 1920-ci illərdə səssiz filmlərə çəkilmişdi. Teatra gələndə Ağasadıq dayı ilə bərabər İsmayıl Osmanlı, Əliağa Ağayev, Həsənağa Salayev, İsmayıl Dağıstanlı və başqaları ilə tərəf müqabili olmuşam. Onları görəndə özümü itirirdim. Hələ qadınları demirəm. Fatma Qədiri, Barat Şəkinskaya, Hökumə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova, Ətayə Əliyeva, Sofa Bəsirzadə, Məhluqə Sadıqova... Bu böyük sənətkarlarla mən bir səhnədə oynamışam.

 – Akademik Milli Dram Teatrının indiki binasının açılışını xatırlamırsınız?
 – Onda mən 31 nömrəli orta məktəbi təzə bitirmişdim. 1961-ci il idi. 31 nömrəli məktəbi bitirənlər Azərbaycan teatrını sevən insanlar olublar. Həsənağa Turabovdan başlamış, Azər Paşa Nemətov, Həsən Əbluc, İlham Namiq Kamal, İsrafil İsrafilov, Məryəm Əlizadə, Sevil Xəlilova, Məsmə Aslanqızı 31 nömrəli məktəbi bitiriblər. Məktəb vaxtı Əbilov adına dram dərnəyinə getmişdim. Yusif Əzimzadənin tamaşasında rol verdilər, oynadım. Həmin gündən başlayaraq, mənim teatr həyatım başladı.

 – Amma bildiyimə görə, Azad Mirzəcanzadəyə imtahan vermisiniz, sizə qiymət yazmayıb...
 – Bəli, belə bir hadisə olub. Sənədlərimi "AZİ”yə vermişdim. İmtahan götürən adamın Azad Mirzəcanzadə olduğunu bilmirdim. Məsələ verdi, gördüm, başım çıxmır. Çağırdı, suallar verdi, axırda da iki verib yola saldı. 31 nömrəli məktəbin direktoru məni pioner dəstə rəhbəri dəvət elədi. Üç il böyük məmnuniyyətlə işlədim. Onda İsrafil İsrafilovun qardaşları Fərhad İsrafilovla Ağamehdi mənim pionerlərim idilər. Əbilov adına dram dərnəyinə gəlişimlə mənim həyatım teatra bağlandı. Azad Mirzəcanzadənin məni imtahandan kəsməsinin üstündən illər keçmişdi. Bir dəfə Həsənağa Turabov məni bir məclisə dəvət elədi. Orda kimlər var idi? Azad Mirzəcanzadənin özü, Elçin Əfəndiyev, Timuçin Əfəndiyev, Kamal Abdulla və başqaları. Azad Mirzəcanzadə mənim sağlığıma içməyi təklif edəndə, imtahan məsələsini onun yadına saldım. Qayıtdı ki, əcəb edib kəsmişəm. Səni o vaxt imtahandan kəsməsəydim, bu cür aktyorumuz olmayacaqdı. Çox maraqlı günlər, çox maraqlı zaman idi. İnsanların ürəyi təmiz, münasibətlər aydın idi.

 – İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimləriniz kimlər olub?
 – İlk müəllimim Məlik Dadaşov olub. Sonra Məlik müəllim insititutdan getdi. Müəllimimiz oldu Rza Təhmasib. Altı aydan sonra bizim kursu Tofiq Kazımov götürdü. Sənət müəllimimiz isə Nəsir Sadıqzadə idi. Görün, neçə korifey sənətkardan dərs almışam. 1948-ci ildə daşnaqlar İrəvan Teatrını bağlamışdılar. 1967-ci ildə həmin teatr bərpa olunanda bizim kursdan 12 nəfəri İrəvana göndərdilər. Biz orda Cəfər Cabbarlının "Sevil” əsərini oynadıq. Məni İrəvanda saxlamaq istəyirdilər, qalmadım. Hətta məni Moskvaya rejissorluğa göndərirdilər. Çünki instituta rejissor kimi qəbul olunmuşdum. Yer olmadığına görə aktyorluq fakültəsinə keçirdilər. Bu necə olmuşdu? Nazirlik rejissorluğa on yer vermişdi, axırıncı günlərdə altı nəfərə saldılar. Rektor məni çağırdı ki, əsgərlikdə olmayıbsan, ona görə səni rejissorluğa qəbul edə bilmirəm. Ona görə də məni verdilər Məlik Dadaşovun aktyorluq kursuna. Özü də nə təqaüd verirdilər, nə də adım dəftərdə var idi. İtirib-axtaran yox idi, nə vaxt istəyirdim, onda da gəlib-gedirdim. Bir Məlik müəllimin dərslərinə girirdim, bir də rəqsə. O vaxt yaxşı rəqs edirdim. Elə indi də edə bilərəm.

 – Qocalmadığınızı bir daha sübut etmək istəyirsiniz...
 – Ay sağ ol! (Gülür). Başım elə qarışdı, bilmədim institutu necə bitirdim. Aktyor sənətinə elə vurulmuşdum ki, dövlət imtahanı vermədən bizi İrəvana göndərdilər.

 – Eyni şövqü bugünkü gənclərdə görmək olur?
 – Bəzilərində görürəm. Bizim teatrda elə gənclər var ki, bilirəm, onlar teatrın gələcəyidirlər. Amma bizim dövr tamam başqa idi. Korifeylərdən, böyük insanlardan görüb-götürürdük.

 – Ramiz müəllim, görürəm, Sovet dövrü teatrının təəssübünü çəkirsiniz. Amma ən böyük intriqalar, ən böyük düşmənliklər elə o dövrdə olub...
 – Rəhmətlik Tofiq Kazımov deyirdi ki, intriqasız teatr ola bilməz. Düz deyirsiniz, o dövrdə böyük intriqalar var idi. Amma o intriqalar teatrın binasından o yana çıxmırdı. Çünki mətbuat bu dərəcədə aktiv deyildi, hər şeyi yazmırdı.

 – Mətbuata sızmasa da, Mərkəzi Komitəyə gedib çıxırmış...
 – Bəli. Bir dəfə zəng olunurdu və söz-söhbət artıq orda yayılırdı. Adlarını çəkmək istəmirəm, elə insanlar intriqa yaradırdılar ki... Hələ Tofiq Kazımova qarşı olan intriqanı demirəm. Biz gənclər, məsələn, Şəfiqə Məmmədova, Fuad Poladov, mən, Amaliya Pənahova, Rafiq Əzimov, Hamlet Xanızadə başa düşmürdük ki, Tofiq Kazımova qarşı niyə bütün bu hərəkətlər olunur? Məsələn, Tofiq Kazımovun məsələsi büroya qoyulmuşdu. Çıxış edənlər Tofiq müəllimi aşağıladırdılar. Mən dözə bilmədim. Necə ola bilərdi ki, öz müəllimimi, mənə hamilik edən insanı müdafiə etməyim? Durdum ayağa, dedim, Tofiq müəllim müasir teatrı yaradandır, yeni nəsli teatra gətirir, siz ondan nə istəyirsiniz? İçki məsələsini deyirsinizsə, bu onun şəxsi işidir, siz onun böyük tamaşalarına qiymət verin. Aləm dəydi bir-birinə. Yaşlı aktyorlar düşdülər mənim üstümə.

 – Şəfiqə Məmmədova və Amaliya Pənahovanın adını çəkdiniz. Münasibətləriniz necədir?
 – Çox yaxşı. Şəfiqə Məmmədova ilə münasibətimiz bacı-qardaş münasibəti kimidir. Amaliya xanıma böyük hörmətim var. Teatrımızda yaşlı nəsildən üç-dörd nəfər qalmışıq. Salam-kalamımız var. Əvvəllər münasibətlər daha isti idi. Son illərdə hiss elədim ki, aramızda soyuqluq yaranıb. Bilmirəm, bəlkə məndən irəli gələn səbəblər var.

 – Hər halda özünüzdən gəldiyinizi hiss edirsinizsə, deməli, səhvləriniz olub...
 – Ola bilər. Bəlkə haradasa səhvim olub, onların xoşuna gəlməyib. Amma araşdıranda görürəm ki, yox, yolumuz başqa-başqadır.

 – 60-a yaxın filmə çəkilmisiniz. Yaxşı qonorar aldığınız vaxtlar olub?
 – Əlbəttə. "O qızı tapın”, "Babək”, "Sevinc buxtası”, "Mahmud və Məryəm” kimi filmlərindən yaxşı qonorar almışam.

 – Dolanışıq necədir?
 – Prezidentin fərdi təqaüdünü alıram. Teatrdan maaşım var, yaşa görə pensiya kəsilib. Bir də fəxri ada görə təqaüd alıram. Bunları üst-üstə qoyanda dolanışıq mümkündür. Çox sağ olsun dövlətimiz ki, bizə hər zaman qayğı ilə yanaşır. Hörmətli prezidentimiz məni mənzillə təmin edib. 2012-ci ilə qədər dublyajda da işləyirdim.
 
 
 
 – Nə vaxtsa sənətə gəlməyə peşman olmusunuz?
 – Yox, heç vaxt. Çətin günlərim çox olub. 70–80-ci illərdə uşaqlar böyüyürdülər. Onların əyin-başları var idi, məktəb oxuyurdular. Üstəgəl, ev darısqal idi. Teatrla bərabər dublyajla da məşğul olub özümü dolandırırdım. Amma indi şükür Allaha, hər şey yaxşıdır. Sağ olsun dövlət ki, biz aktyorlara öz səxavətini göstərib.

 – Övladlarınızdan danışaq. Nəçidirlər?
 – Bir oğlum, bir qızım, dörd nəvəm var. Qızım Tibb İnstitutunu bitirib, amma sahəsini dəyişdirdi. İndi Dubayda yaşayır. Menecer sənəti ilə məşğuldur. Böyük nəvəm yoldaşımın adını daşıyır. Madriddə universitet bitirib, orda işləməyə başlayıb. Oğlum Anar Məlikli isə mənim yolumu tutub. Televiziya rejissorudur, indi AzTV-də çalışır.

 – Kitab oxuyursunuz?
 – Xeyli kitablarım var. Özü də avtoqrafla mənə hədiyyə ediblər. Nəriman Həsənzadə seçilmiş əsərlərini verib. Nəriman müəllimin Nuru Paşa haqqındakı poemasını böyük məmnuniyyətlə oxudum. Bir dəfə görüşəndə dedim, bu poemanı bəlkə dram əsərinə çevirəsiniz? Cavab verdi ki, ürəyimi hardan oxudun? Olduqca gözəl poemadır. Bundan başqa Elçinin əsərləri var, onları oxuyuram. Düzünü deyim, əvvəllər daha çox kitablar oxuyurdum. İndi internetə valeh olmuşam. (Gülür). 800-ə yaxın feysbuk dostum var. Özü də onlar həqiqi dostlardır.

 – Ramiz müəllim, din haqqında fikirlərinizi bilmək istəyirəm...
 – Allahıma, peyğəmbərimə, "Quran”a inanıram. Yerdə qalan təriqətlər mənim üçün yoxdur. Nə oruc tuturam, nə namaz qılıram. Evimdə yeddi-səkkiz "Quran” var. Tez-tez "Quran”ı vərəqləyirəm. Düzdür, axıra qədər oxumamışam. Niyə görə yalandan deyim ki, "Qurani-Kərim”i axıra qədər oxumuşam?! Hərdən vərəqləyirəm...
 
 Söhbətləşdi: Cavid Zeynallı