Biz imzaları yox, əsərləri dərc edirik...

Cəhənnəmin rəngarəng tarixi – Fərid Hüseyn yazır
3416
13 Fevral 2020, 09:09
 Artkaspi.az Fərid Hüseynin "Cəhənnəmin rəngarəng tarixi" adlı yazısını təqdim edir:
 
 Georges Minoisin "Cəhənnəmin tarixi” kitabından hasillər... 
 
 Hər dövrün cəhənnəmi
 
 Cəhənnəm ideyası bütün sosial quruluşlara, cəmiyyət modellərinə, dinlərə və yaşam tərzlərinə gərəkli olub. Dünya heç zaman cəhənnəmsiz keçinməyib. İnsan daim əbədi ünvan axtarışında olub. O ünvanın öz daxili bölgüsü olub: xoşbəxtlik dayanacağı – cənnət, cəza dayanacağı – cəhənnəm. Bu sonuncu dayanacaqlar insanların əbədi təskinlik yeridir. Cənnətin və cəhənnəmin əsasında duran vacib məsələ nəticəlilikdir: yəni xeyir və şər öz sonuna çatır. Ona görə də, cənnət və cəhənnəm əbədiyyətə aid edilir. Cəhənnəm və cənnət hər ikisi cəmiyyətə –ictimai şüura aid məsələlərdir. Çünki sonda xeyir əməllərin sahibləri cənnət əhli, naqis əməllərin sahibləri cəhənnəm əhli kimi bir yerə toplaşırlar.  Cəhənnəm ideyası dövlət, toplum, dini qruplar və s. maraqları ifadə edib deyə, daim ona sosial məsuliyyət yüklənilib. Cəhənnəm ictimai mahiyyət kəsb edib ki, onunla bağlı çağırışlar, yaxud qorxu təlqini ümumi xitab kimi hamıya aid edilsin. 
 
 
 

 Cəhənnəmə vasil olanlar
 
 Cənnət və cəhənnəm ideyası cəmiyyətlərin düşüncəsinə görə dəyişib. Məsələn, ovçuluq inkişaf edən yerlərdə inanca görə, əliçəp, yanatan, bacarıqsız ovçular cəhənnəmə, ov üçün canını qoyan, ruzi gətirənlər isə cənnətə gedəcəkdilər. Bu düşüncə onları bu dünyada gecə-gündüz səfərbər edirdi, amma əsas yatırım başqa bir dünyaya qoyulurdu. Monqol əsgərləri inanırdılar ki, bu dünyada öldürdükləri hər əsgər, o biri dünyada onların xidmətində dayanacaq. Ona görə də, hər əsgər çalışırdı, daha artıq can alsın ki, o biri dünyada daha çox nökərə sahiblənsin. Beləcə, cəhənnəm düşüncəsi zamanla, dövlət və cəmiyyətin quruluşu ilə birgə dəyişib. 
 
 Arzuların cəhənnəmi
 
 Cəhənnəm və cənnət ideyasının əsasında daim insan arzuları dayanıb. İnsan çata bilmədiyi arzulara gələcəkdə – nə vaxtsa çatacağını düşünüb. Məsələn, insan şər qüvvələrin cəzalanacağına, xeyr əməllərin mükafatlandırılacağına inanıb. Belə arzular bu dünyada çox zaman reallaşmadığından, insan başqa bir dünyada həmin kama yetəcəyini düşünüb. Cəhənnəm ideyası həm də insanları ədalətə inandırmaq üçün bir vasitədir, daxilən  narahat insanlara aram, toxtaqlıq gətirən bir "inancdır”. Bu mənada cəhənnəm ədalətin ünvanlarından biridir. Həmçinin cəhənnəmin mahiyyətində insanların qisasçılığı, öc almaq əzmi dayanır. Amma cəhənnəm həm də bəzən insana günahı unutdurur, onun nəticəsinə yönələn mahiyyəti gözləməyə – axirət intizarında olmağa sövq edir. Yəni törədilən günah sıra etibarı ilə ikinci yerə keçir, əsas olan cəzadır. 
 
 
 

 Kosmik cəhənnəm
 
 Cəhənnəm irreal aləmin ədalətidir, sanki ora ayrıca bir kosmik dünyadır. Bu dünyadakı günahların başqa bir dünyada cəzalandırılması, real aləmlə, irrealın, yerlə kosmosun ahəngdə olmasının göstəricisidir. Belədə, bu dünyada ədaləti tapdamaq başa bir dünyada öz rahatlığını pozmaqdır. Qədim Mesopotamiyada irreal dünyanın varlığına – cəhənnəmə inanalar az idi, amma əksinə, orada yaşayan insanlar pislik edəndən bir az sonra başlarına bədbəxt hadisə gələndə dua edərək əvvəlcə gizli saxlamaq istədikləri günahlarını etiraf edərmişlər. Xüsusən, xəstəlik vaxtı bu cür düşüncələr onların yaxasından tutanda etirafa qurşanarmışlar.  
 
 Sinxron cəhənnəm
 
 Qədim Misirdə və Mesopotamiyadakı inanca görə, "Ölülər diyarı” mövcud idi. Oradakılar palçıq yeyən, əbədi qaranlıqda qalan sakinlər idilər və onların yaşam şəraiti olduqca ağır idi. Ondan sonra Assuriya dövründəki inanca görə, "Ölülər diyarı”ndakı şərait daha da kəskin olub, oranın sakinləri daha qəddar işgəncələrə məruz qalıblar. Maraqlısı odur ki, həmin dövrlərdə real dünyadakı işgəncələr, cəza növləri də artmış və kəskinləşmişdi. Burada maraqlı olan real dünya ilə axirət arasındakı sinxron münasibətlərdir. Yəni bu dünyada qəddarlıq, işgəncələr, rəhimsizlik artdıqca, paralel olaraq "Ölülər diyarı”ndakı işgəncə təsvirləri də artır. 
 
 Əkiz cəhənnəm
 
 Qədim misirlilər ruhu öz əkizləri sayırdılar. Ancaq həmin əkiz, inanca görə, həyatını axirətdə yaşayacaqdı. Bu dünyada əgər sən naqis işlər görüb əməl dəftərini korlayırsansa, hər cür vicdansızlığa gözüyumulu qol qoyursansa, deməli, öz əkizinin gələcək zillətinə bais olursan. Bu, özlüyündə ikibaşlı məsələ idi, çünki elə insan vardı ki, onu əkizi qətiyyən düşündürmürdü, "məndən ötdü qardaşıma dəydi, elə bil, saman çuvalına dəydi” havası ilə hər cür günaha batmaqdan çəkinmirdi və hesab edirdi ki, bu dünyadakı həyat ona məxsusdur, o, arzuladığı kimi yaşamalıdır. Amma əksini düşünənlər də vardı ki, onlar öz əkizlərinin başqa dünyadakı gününü qara etməmək üçün mümkün qədər dürüst yaşamağa çalışırdılar. 
 
 

 
 Homerin cəhənnəmi
 
 Homer "İliada” və "Odisseya”da cəza və cəhənnəm təsvirlərinə geniş yer verir. Bu artıq rasional cəhənnəm sayılır. Yəni oradakı reallıqlar dünyadakı gerçəklikdən, xüsusən Zərdüştlük, Hinduizm və digər dinlərdəki, yaxud qədim "Ölülər diyarı”ndakı təsvirlərlə müqayisədə çox uzaq deyil. Homerin cəhənnəminin əsas özəlliyi yanlış real həyata yaxın olmasında deyildi, həm də sonralar yaranacaq "xristian cəhənnəmi” daha çox Homer dastanlarından "qidalanıb”. Amma əlbəttə ki, "xristian cəhənnəmi” həm də Orta Şərqin və Yunan-Romanın "Ölülər diyarı”nın sintezindən yaranıb.
 
 Filosofların cəhənnəmi
 
Cəhənnəmə filosofların münasibəti də fərqli idi. Bu barədə Georges Minois yazır ki, Heraklitə görə, pislik eləmək "bəşəri nizam”ın bir hissəsi idi. Demokritin nəzərində yamanlıq etmək təsadüfə bağlı məsələdir, buna görə kimisə cəzalandırmaq olmaz. Sokrat düşünürdü ki, şər işlərə qurşanmaq cahilliklə əlaqəlidir və bu, özü-özlüyündə o cür işləklərə qol qoyanlara qarşı cəzadır. Aristotel deyirdi ki, ölümlə hər şey sona çatır və insan bu həyatda öz bədbəxtliyini özü yaradır. Epikürə görə isə Allah heç vəchlə insanlarla maraqlanmır, ona görə də, sonda heç bir cəza-zad yoxdur. Seneka düşünürdü ki, ölənlər dünyaya gəlməyənlər kimi heçliyə qovuşacaqlar. Siseron isə vurğulayırdı ki, cəhənnəm boşboğazların uydurmasıdır. 
"Xristian cəhənnəmi” isə üç yerə ayrılırdı. Lucretiusun bu dünyada var olduğunu dediyi cəhənnəm, Platonun xeyirxah tanrının əməli sayılan ədalət nişanı olan cəhənnəmi və Vergilinin amansız işgəncələrlə təsvir etdiyi cəhənnəmi. 
 
 
 

 Cəhənnəmdə münasibətlər
 
 İnsanların cəhənnəmə münasibətləri zamanla dəyişib və buna hər dövrün fəlsəfi düşüncəsi səbəb olub. Çünki qədim dünyada dinlərin (həm də inancların) ideoloji gücü tam mənada ümumdövlət və ümumxalq əhəmiyyəti, yaxud mahiyyəti qazanmamışdı, ona görə də, o dövrkü fəlsəfə cəmiyyət tərəfindən qəbul edilən sistemli düşüncənin önündə gedirdi və ictimai şüura təsir imkanına malik idi. Titus Lukretius Karus yazdığı didaktik əsərdə cəhənnəmi modern – dövrünə uyğun təsəvvür edirdi. Bu halda insanlar özlərini bu cəhənnəmə daha yaxın bilirdilər və nəhayətdə onların xəyali qorxularını real qorxular əvəz edirdi. Onun təsəvvüründə insan ölüm qorxusundan xilas olmalıdır, çünki ölüm qorxusu bizim yaşamımızı cəhənnəmə çevirir, eyni zamanda insan real həyatının ən dəyərli günlərini hansısa naməlum günü (qiyamət günü) və qərarı (cəhənnəmi) gözləməklə keçirir – yəni cəza haçan və necə olacaq? Sonra da zamanla insan yaşlanıb ölümə yaxınlaşdıqca cəhənnəm onun şüurunda daha sürətlə reallaşmağa başlayır, insanın həyatına zəhər qatır. Onun düşüncəsinə görə, insan özündən xilas ola – Mənindən qaça bilmir deyə, yaddaşındakı cəzadan, əməllərinin əzabından, yaxud real qorxularından da yaxa qurtara bilmir. Bu qorxulardan xilasın yolu ancaq və ancaq ölümdür. Bu fəlsəfə insanı intihara çağıran, həyatın mənasını yox olmaqda görən, çıxış yolunu dünyadan yaxa qurtarmaqda axtaran nicatsız bir fəlsəfədir ki, filosofun 45 yaşında intihar etməsinin səbəbini də bu ideyasını şəxsiləşdirməyində axtarmaq olar. 
 Qədim dövrdə – çoxallahlılıq zamanı Allahların böyük əksəriyyətinin pis əməllər törədənləri cəzalandırmaq, yaxud kimlərləsə mübarizə aparmaq metodu vardı, hər Allahın cəza üsulu başqa idi. Bütün bunlar cəmiyyətdə qorxu təlqinini artırırdı, – insanların beynində daha çox (həm də rəngarəng) mifin (allahın) dəhşəti alırdı. Ona görə də, cəmiyyət özünü daha artıq dərəcədə cəzaların, verəcəkləri cavabların məngənəsində hiss edirdi. Eyni zamanda haqqında danışdığımız filosofa görə, insanın cəhənnəmi həm də onun arzularıdır. O, arzuları altsız güldana bənzədirdi, ora nə qədər su töksən də dolmur. İnsanın inkişaf etmiş zövqü onu daha ali şeylərə sövq edir, sonra zövq qəlbimizə nəfs toxumu səpir, nəfis isə zamanla insanı bütünlüklə öz əsirinə çevirir. Və həyat durduqca insanlıq bu cəzadan – adamların təkrar-təkrar əsirə çevrilməsindən xilas ola bilməyəcək. Bu isə dolayısı ilə əbədi cəhənnəm deməkdir. İnsanın şüurunda da bir mazoxistlik var – o bu qədər cəzadan sonra da, yenə özünə qarşı daha böyük cəza – cəhənnəm gözləyir. 
 
 
 

 
 İdeya verən cəhənnəm
 
 Renessansdan sonra dünyada qəribə bir tendensiya yaranmışdı: mədəniyyətin hədsiz inkişafı elə məsələləri meydana gətirmişdi ki, onların bir çoxu din tərəfindən müəyyənləşmiş, sabit münasibət var idi, belə məqamlarda din və mədəniyyət arasındakı ziddiyyətlər dərinləşirdi. Renessansdan sonra, xüsusən, XVIII-XIX əsrlərdə cəhənnəmi Allahın zalımlığı kimi anlayıb bu düşüncəyə qarşı çıxırdılar. XX əsrdə isə cəhənnəmin mahiyyətini insan şüuru daha çox saf-çürük etməyə başladı. Cəhənnəm ideyası bəzi ölkələrdə işgəncə metodlarının təkmilləşməsinə və ya daha da qatılaşmasına yeni ideyalar verir, yaxud məhkəmə sistemləri öz cəza meyarlarını ayrı-ayrı dinlərdə və dünyagörüşlərindəki dini qaydalara əsasən müəyyənləşdirdirdilər.
 
 Cəhənnəmdə Allah həsrəti
 
 İnsan daim Yaradanı görmək istəyib, bu həsrət bütün zamanlarda Allaha inanan adamların qəlbində olub. Cənnət ideyasına görə, orada insan Allahı görəcək, oradakı xoşbəxtliyin əsasında həm də bu vüsal dayanır. Amma qədim inanclara görə cəhənnəmdə Allah yoxdur, fəqət onun cəzaları var – insan orada Yaradana həsrət qalacaq. Bu isə ölümün mahiyyətinə təsir edən məsələdir. Çünki ölüm Tanrıya qovuşmaq üçün fürsətdir, deməli, cəhənnəmə düşən əsas arzusuna çata bilməyəcək.
 
 Cəhənnəmin məntiqi
 
 Cəhənnəmin riyazi dəqiqliyi var: hansı əmələ görə insan hansısa cəzaya məruz qalır. Az günah sahibi isə daha yüngül cəzalandırılır. Yəni insan əməlinin ağırlığı nəzərə alınır. 
 
 Cəhənnəm elementləri
 
 Cəhənnəm elementlərinin də içərisində müsbət kateqoriyaya aid olanları var: Məsələn, alov. Alov olacaqsa, deməli, onun işığı ətrafa yayılacaq, bu da öz-özlüyündə cəhənnəm zülmətinin əleyhinə olan bir nüansdır. Bu cür məntiqli məqamlar üzə çıxanda başqa bir cəhənnəm anlayışında izah verilir ki, işığı olmayan alovlarda yanacaq insanlar. Bütün bunlar cəhənnəmi insanı əlacsız qoyan bir yer kimi göstərməklə bağlı məsələlərdir. Ancaq əksər dinlərdə və dini inanclarda ortaq bir cəhət də var: Cəhənnəm Tanrının qisas meydanı deyil, insanın özünün özünə verdiyi cəzaların məkanıdır. Buna görə də, din, cəhənnəmi real, ədəbiyyat isə alleqorik əks etdirir. 
 
 Cəhənnəm prosesləri
 
 İnsan mahiyyət etibarı ilə təbiiliyə köklənib və biz görüb-duyduqlarımızın fərqinə varmırıq, yaxud daxili orqanlarımızın fəaliyyətini bütünlüklə görmürük. Ancaq cəhənnəmdə hər orqan əzabı ayrıca dadacaq: məsələn, ağız danışdıqlarından, qulaq eşitdiklərindən, göz gördüklərindən zülm çəkəcək. Bu isə insanın varlığının və ona aid bütün proseslərinin son məqamda əyaniləşməsidir. 
 
 Amerikada cəhənnəm
 
 Cəhənnəm anlayışı zamanla dəyişib: Məsələn, Xristofer Kolumb Amerikanı kəşf edənə qədər "İsa” və "İncil” sözlərini eşitməyən insanlar sonradan xristian cəhənnəminə inandılar. Halbuki o çağa qədər xristian din adamları iddia edirdilər ki, xristian dininə iman gətirməyənlər cəhənnəmlikdirlər. Dünyanın hissə-hissə kəşfi də cəhənnəm ideyasının güclərin təsiri ilə yayğınlaşmasını reallaşdırdı. 
 
 Cəhənnəm mübahisələri
 
 Peyğəmbərlərə qədər cəhənnəmin İlahi cəza olması məsələsi o qədərə də aparıcı mövzu olmayıb. Ona görə də o vaxta qədər cəhənnəm ideyası materialist düşüncə sisteminə yaxın olub. Yəni cəhənnəm təxminən ölüb yox olmağa bərabər idi, yaxud da pis insanların cəm olduğu gözəlliklərdən xali, toz-torpaqlı bir yer idi. Sonra peyğəmbərlər dövründə ictimai cəhənnəm fərdi cəhənnəmlə əvəz edilir: Məsələn, hər kəs öz əməlinə görə cavab verəcək, atanın günahına görə oğul cavabdeh deyil” məsələsi yəhudilikdə önə çəkilir. "Baxurun qiyamət”ində bu barədə yazılır: "Adəm ilk günahı işləyib gələcək nəsillərin ölümü dadmalarına səbəb olsalar da, həqiqət budur ki, onun nəslinin davamçıları ya özlərini cəhənnəmə hazırlayıblar, ya da gələcəkdəki cənnəti seçiblər. Çünki Adəm özündən başqa heç kəsə cavabdeh deyil. Hərəmiz özümüzə görə bir Adəmik”. 
  İbranilər cəhənnəm ideyasına Musəvilərdən gec inanıblar. Buna səbəb siyasi-sosial düşüncənin fərqi idi. Amma cəhənnəmə inamı gücləndirən bir məsələ ruhun əbədi olması idi. İnsanlar düşünürdülər ki, əgər ruh ölmürsə, deməli, onun əbədi sakin olduğu bir yer var. Cəhənnəmə inanmamaq ruh məsələsini də gözardı etmək idi.  
"İncillər”in özündə belə cəhənnəm fərqli təsvir edilir, ümumi mahiyyət oxşar olsa da, onlar arasında müəyyən fərqlər də mövcuddur. Məsələn, ən çox Mattanın İncilində cəhənnəm məsələsinə rast gəlmək olur. İncilin ilk variantında isə (Pavel) – yəni eramızın 50-ci illərində yazılanlarda cəhənnəm, sadəcə yeraltı bir aləm kimi ötəri təsvir edilirdi. Bu da özlüyündə ziddiyyətli məqamdır. 
 
 Cəhənnəm təhdidi
 
 Cəhənnəm daim insan çoxluğu kimi təqdim edilib: çünki cənnətlə bağlı fikirlərdə deyilir ki, yalnız 10 000 adamdan biri cənnətlikdir, seçilmişdir. İnsanlar zaman-zaman cəhənnəmin təhdidlərindən usanıblar. Cəhənnəmə aparan yolların böyük əksəriyyəti insan azadlığından keçir. Yəni insan nə qədər çox azad olursa, bir o qədər də cəhənnəmlik əməllər törədir. Ona görə də, cəhənnəm qaydalarının təlqini həm də insanları azadlıq ideyalarından sapdırmaq üçün idi. 
 
 Cəhənnəmin insaniləşməsi
 
 Bildiyimiz kimi cəhənnəm daim dini və ilahi məzmun kəsb edib. Ancaq XX əsrdən etibarən cəhənnəmin bu mövqeyi nisbətən sarsılıb. Çünki kilsənin dini mövqeyi azalmağa, dünya nisbətən siyasi-ictimai cəhətdən demokratikləşməyə başlayıb. Belə olan təqdirdə, yəni insanlar dini təlqinləri ötən əsrlərlə nisbətdə öz üzərilərində qismən az hiss edəndə, filosofların cəhənnəm barədə düşüncələri geniş miqyas alıb.
Filosofların fikirlərini əldə rəhbər tutan cəmiyyət isə öz təsəvvürlərini onların təlqinlərinə əsasən formalaşdırmağa başlayıblar. Nəticədə cəhənnəm məhz bu müstəvidə insan beyninin məhsulu kimi meydana çıxmağa başlayıb. Bu, cəhənnəm ideyasının insaniləşməsi prosesidir. Hələ XVII əsrdən etibarən din xadimləri təəccüblənməyə başlayıblar ki, necə olur biz bu qədər qorxulu fikirlərlə insanları cəhənnəmdən xoflandırırq, amma onlar qəti şəkildə öz tutduqları yoldan çəkinmirlər. 
 Başqa bir məsələ də vardı: Allahın rəhmli obrazı cəhənnəm ideyası ilə uyğun deyildi: "Allah atadır, biz insanlar onun övladlarıyıq” düşüncəsinə görə, necə ola bilərdi ki, Xuda öz yaratdığına bu qədər işgəncələr versin? Yaxud dini düşüncəyə əsasən dünyada baş verən hər nə varsa Allahın gözündən yayınmır, o hər şeyi görür: Belə olan təqdirdə cəhənnəmdə bu qədər insanın zülmünün tamaşasına necə dözmək olar? Rəhimli Allah bu gördüklərinə necə dözər? Əlbəttə, bütün bu suallar dünyəvi mahiyyət daşıyır, insanlar öz real həyatına əsaslanıb belə suallar verirlər. Bu məntiq dini düşüncə ilə tam uyğun gəlmir, cəhənnəm ideyasını qəbul etmək və anlamaq üçün dini məntiqə yaxın olmaq lazımdır. Əks təqdirdə, cəhənnəm ideyası olduqca məntiqsiz görünür. Necə ki, bu günün gözüylə mifoloji süjetlər, oradakı ailə münasibətləri, yaxud qəhrəmanların dözümü ilə bağlı ağlasığmaz məqamlar çağdaş insanlara ironik və əsassız təsir bağışlayır. Ona görə də mifə mifin reallığı kimi yanaşanda oradakı hadisələr cəfəng görünmür, dinə də məhz bu cür münasibət bəsləmək gərəkdir.
 
 Cəhənnəmin əbədiyyəti
 
 Cəhənnəm ideyasının kökündə insanın bütün zamanlarda can atdığı əbədiyyət məsələsi dayanır. Yəni insan daim əbədi yaşama – ölməzliyə can atır, cəhənnəm də əbədidir. Yəni oradakı zülmlər sonsuz, cəza müddəti bitməzdir. Bu insanın, əslində, yetdiyi arzu ilə cəzalandırılmasıdır. Belə bir deyim var ki, "bəzən Allah insanı arzusuna çatdırmaqla cəzalandırır”. Amma başqa bir məqamı da nəzərə almaq lazımdır, insanın öləndən sonrakı yoxluğu – yəni bu cahana gəlib bir müddət sonra heçə çevrilib getməsi və bu prosesin təkrarlığı da həyatı mənasız edir. Bu ideya insanın mahiyyətini heçə endirir, onun mənalı ömrünü sanki ələ salır, oyuncağa çevirir. Əgər, doğurdan da, belədirsə, onda yaxşı da, pis də unudulacaq, sanki hər şey eyni tərəzidə çəkilib eyni ağırlıqda gələcək. Bu isə ədalətli Allahın meyarsızlığı demək deyilmi? Məhz bu mənada cənnət və cəhənnəm ideyasının reallığı həyatın məntiqi yekunu kimi çox önəmli və ədalətlidir. 
 
 
 

 
 Qərbdə cəhənnəm
 
 Qərb ölkələrində cəhənnəmə inam azdır. Hətta bir çox lüğətlərdə "cəhənnəm” sözünün mənasını izah edərkən onu insana aid bir düşüncə sistemi kimi əsaslandırırlar. "Cəhənnəm insanın qəlbindədir” düşüncəsinin tərəfdarı olan qərblilər, bununla da iki dünyanı – axirətlə, real dünyanı birləşdirirlər və insanın qəlbinə hər iki aləmin sığdığını iddia edirlər. Bu insanın özünə olan inamı gücləndirmək üçün meydana atılan bir ideyadır. Zaman-zaman şairlər bu ideyanı daha da gücləndiriblər. Məsələn, Şarl Bodlerin "Şər çiçəkləri” silsiləsindəki real təsvirlər, yaxud şəxsləşdirmələr bunun sübutudur. Pol Valerinin "Bədbəxtlik Tanrımdır” düşüncəsi, yaxud A.Rembonun "Elə bilirəm cəhənnəmdəyəm, deməli, ordayam” kimi poetik fikirləri yuxarıda deyilənləri bu və ya başqa şəkildə təsdiq edir.
 
 Cəhənnəmin təbiəti
 
 Qərb insanı düşünürdü ki, təbiətin özündə müxtəlif cəhənnəm əlamətləri var. Məsələn, nəyisə və ya kimisə unuda bilməmək. Məsələn, insan sevir, bu, onun cənnətidir, sonra isə unuda bilmir, bu isə onun cəhənnəmidir. 
Yaxud Avropa romançıları sosial zülmlər qarşısında insanların zillətlərini cəhənnəm hesab edirdilər. Onlar göstərirdilər ki, insanlara dövlətlərin qurduğu bu cəhənnəm, eyni zamanda başqa cəhənnəmləri yaradır. Yəni cəhənnəmdən xilas olmaq istəyən insan, qəlbindəki cəhənnəmin qapısını açır – düşdüyü vəziyyətdən yaxa qurtarmaq üçün daha pis işlərə əl atır. Bu ideya da, cəhənnəmi maddi dünya ilə bağlamaq, əslində isə, insanları daha real olmağa səsləmək demək idi. 
 
 Cəhənnəmin əzəməti
 
 Ən əzəmətli cəhənnəm "müsəlmanların  cəhənnəmi” hesab olunur. Bura bir neçə qatdan ibarətdir, orda "çalışan kollektiv” var. Sorğu-suala tutan, cəzalandıran "personal” mövcuddur və ora olduqca əzəmətli qurulub. Mövcud xidmətdə insanlarla bərabər heyvanlar da çalışır. Ən ağır işgəncələr isə odla, daha doğrusu, yandırmaqla bağlıdır. Tibb sübut edir ki, insana verilən əzablar içərisində onun sinirinə təsir edən ən dəhşətli şiddət yanmaqdır. Cəhənnəmdə boyuna keçirilən alovlu halqalar, qızdırılmış dəmir ayaqqabılar, dabanın altına qoyulan kömürlər, odlu pəncələri olan əjdahalar və s. var.
 Müsəlman cəhənnəmində ən maraqlı məsələlərdən biri də cəhənnəmdəkilərin cənnətdəkiləri görməsidir. Yəni cəhənnəm əhli cənnət əhlinin yüksək "şəraiti”ni görüb öz əməllərindən utanacaqlar. 
 Bundan başqa müqəddəs kitabımız Quranda insanın cəhənnəmdən xilas ola biləcəyinə – cəhənnəmin əbədi olmadığına iki işarə var. Onlardan biri əbədiyyətə aid edilən əhkəb sözünün (cəhənnəmə vasil olanlar kontekstində)  ərəb dilində  həm də 67 ili  ifadə etməsidir. İkinci arqument isə Hus surəsinin 107-ci ayəsində deyilir: "Rəbbinin istədiyi (tövhid və iman əhli) istisna olmaqla, onlar orada əbədi göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar möminlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın izni ilə Cənnətə daxil ediləcəklər). Bu da o deməkdir ki, insanın sonu daim bilinməzdir, qərar verən Allahdan asılıdır və cəhənnəm hələ son demək deyil. 
 
 Cəhənnəmdə təcridlik
 
 Cəhənnəm ideyasına XX əsrdə daha geniş mənada qayıdış oldu. Çünki sosializmdə günahsız ləkələnənlərin, rejimin siyasətindən kənar qalanların hər tərəfdən təcrid olunması, eləcə də kapitalizmdə həddən artıq kasıbların fəal cəmiyyətdən kənarlaşdırılması, əslində, cəhənnəmdəki "təcridliyin”, hər şeydən əli üzülməyin az və ya çox dərəcədə real mənzərələrindən idi. 
 
 Sonuncu cəhənnəm
 
 XX əsrdən başlayaraq dünyada gedən proseslər insanları cəhənnəm ideyasına daha da yaxınlaşdırdı; soyqırımılar, dünya müharibələri, kütləvi xəstəliklər, atom bombası, ekologiyanın korlanması və s. Sanki yaranan böhranlar ucbatından insanlar cəhənnəmi "görməyə tələsdilər” və öz dövrlərindəcə axirətdə şahid olacaqları hadisələrin tamaşasına durmağa çalışdılar. Bu əsrdə Homerdən, Vergilidən, Dantedən gələn ənənəvi cəhənnəm ideyası xeyli dəyişildi və artıq hər kəs öz zamanı timsalında cəhənnəmin əyani, yaxud qiyabi sakinidir. Cəhənnəm ideyası zaman-zaman dəyişib, amma həm dini, həm dünyəvi dünyagörüşündə onunla bağlı bir meyar heç zaman başqalaşmayıb: Cəhənnəm bir seçimdir və insan həm öz qəlbində, həm öz əməllərində, həm də gələcəyində onunla bağlı qərar verməkdə – seçim etməkdə külli-ixtiyar sahibidir.
Doğrusunu bilən isə Allahdır...
 
 

Xəbər lenti