Biz imzaları yox, əsərləri dərc edirik...

Səhnə sənindir, bacarırsansa özünü göstər – Aygün Fətullayevanın müsahibəsi
1374
15 Mart 2019, 09:14
   Artkaspi.az saytı Aygün Fətullayevanın müsahibəsini təqdim edir:
 
  Gənclərlə söhbət maraqlıdır. Yeni fikir, yeni nəfəs, yeni sima, yeni ideya və yeni baxış bucaqları var. Bu dəfəki müsahibim Fətullayeva Aygün də məhz o gənclərdəndir. 3 ildir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Bu illər ərzində irili-xırdalı bir çox rollar oynayıb. Teatrın səhnəsində hazırlanan "Mənim ağ göyərçinim”də şagird, "Məhv olmuş gündəliklər”də Anjelin dublyoru, "Buratinonun macəraları”nda qaraçı, "Qohumlar”da  Artemida, "Uzuncorab Peppi”də Annika, "Məlikməmməd”də Dilşad, "Çipollino”da Turp, "Qulliver cırtdanlar ölkəsində”də xəzinədar, "Qar kraliçası”da Gerda, "Çeburaşka”da Tobik,  "Bremen musiqiçiləri”ndə Şahzadə və başqa obrazlara həyat verib. 
 


  2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu” fakültəsinə daxil olub. Tələbəlik illərində həvəskar səhnələrdə bir çox obrazlar canlandırıb. Qısametrajlı filmlərdə fərqli obrazlarla yadda qalıb. 

   Universitetə daxil olanda, tədris ocağını necə təsəvvür edirdiniz? O təsəvvürlərin puç olduğu anlar oldumu?
   Universitetə daxil olanda düşünürdüm ki, filmlərdəki kimi, təhsil ocağının hər qapısını açanda, yaradıcı məşqlərin, proseslərin şahidi olacağam. Əslində universitetdə o mühit az da olsa vardı. Mən şagird olarkən bacım İncəsənət Universitetində təhsil alırdı. Ona görə həmin ab-hava ilə əvvəlcədən tanış idim. Universitetə qəbul üçün öncədən məşqlərə gedirdim. Orada təhsil alarkən heç də xəyal qırıqlığına uğramamışam. Ancaq dərslərin daha səmərəli keçməsini istərdim. 
 
   Tələbəlik illərində özünüzün hansı tərəflərini kəşf etməyə başladınız?
   Əslində mən tələbə olanda deyil, işləyəndən sonra özümü, yaradıcı keyfiyyətlərimi kəşf etdim. Düzdür, dərs prosesində öyrəndiyimiz nəzəriyyə bizə çox kömək olur. Ancaq nəzəriyyə bizim bazamız üçün lazımdır. Əsas təcrübədir. İşləyəndən sonra başa düşdüm ki, keçdiyimiz sadəcə praktika olub. Səhnəni daha dərindən mənimsəmək tamam başqa bir aləmdir.
 
   Niyə teatr? Bu sualı özünüzə vermisinizmi?
  – Çünki teatrda özümü rahat hiss edirəm, bura mənə maraqlıdır. Getdiyim məkanlara - bankda, məktəbdə və yaxud başqa bir yerdə olarkən düşünürəm ki, bir müddətlik burda çalışa bilərəmmi? Hiss edirəm ki, mən orda sıxılıram. Texniki və humanitar sahələrdə ömrümü keçirə bilmərəm. Özümü orada heç cür təsəvvür edə bilmirəm. Bu, insanın daxili harmoniyası ilə bağlı olan bir şeydir.
 
  –  Özünüzü ifadə etmək üçün teatr sizə nə qədər meydan verir?
  –  Yetəri qədər. Əgər sən özünü ifadə etməyi bacarırsansa, teatr sənə bunun üçün hər bir imkanı verir və şərait yaradır. Səhnə sənindir, bacarırsansa özünü göstər. Teatrda hansısa senzura yoxdur. Teatrın öz qaydaları var. Onları pozmadığın müddətdə sərbəstlik sənin əlindədir. Yetər ki, buna şərait yaradılsın.
 
  – İlk dəfə peşəkar səhnəyə çıxanda hansı hissləri yaşadınız?
  – İlk dəfə "Məhv olmuş gündəliklər” tamaşasında Anjeli dublyorunu canlandırırdım.  Anjeli teatra yeni gəlmiş bir qızdır. Obrazı canlandırdıqca gördüm ki, həqiqətən bu, mənim özüməm. Səhnədə çox həyəcan keçirirdim. Tamaşa bitəndən sonra hər kəs gəlib məni təbrik edirdi. Vaqif müəllim yaxınlaşıb dedi ki, "səhnədə seçilirsən, bir aktrisa üçün bu yaxşı keyfiyyətdir”. Mən bundan bixəbər idim. Bilmirdim ki, debütü olan aktrisanı belə təbrik edirlər. Məni təbrik edəndə qəribə gəlirdi. Bu, çox gözəl hisslər idi. İlklər çox önəmlidir. Bünövrəsi iştirakım ilə hazırlanan tamaşalar mənim üçün xüsusilə gözəldir. Sonradan hansısa tamaşaya daxil olanda bilmirsən ki, həmin tamaşa necə yaranıb, hansı proseslərdən keçib. Bir də var ki, bu yaranma proseslərində əvvəldən axıra qədər iştirak edirsən.
 
   Ondan sonra sizdə sənət eşqi və səhnə hərisliyi yarandı?
   Ona qədər də içimdə teatra sevgi var idi. Zamanla qazanılan, zəhmətlə əldə olunan hər şey daha dəyərlidir. Yetər ki, sən onun sirrini hiss edəsən. O, sehri hiss etdinsə, eşqi gördünsə, bundan sonra səhnəsiz yaşaya bilmirsən. 
 
 

 
   – Siz birbaşa səhnəyə baş rolla gələn aktrisalar sırasında olmadınız. 
  – Canlandırdığım obrazlarım yavaş-yavaş, addım-addım böyüyüb. Belə ki, kütləvi, epizodik, orta və əsas obrazları canlandırmışam. Bunun özü də gözəl hisslərdir. Çox sevinirəm ki, ilk addımlarımı Gənc Tamaşaçılar Teatrında peşəkar səhnədən başlamışam. Mənim ilk teatr təəssüratım gözəl hisslərlə zənginddir. Azərbaycan kinosunda, teatrında sözünü demiş sənətkarlarla çiyin-çiyinə çalışıram. 
 
   Bu günün gəncləri uşaq tamaşalarında oynamağı sanki özlərinə yaraşdırmır. Sizdə necə, hər hansı kompleks hissi varmı?
   Uşaq tamaşaları oynamaq bizi narahat etmir. Baş qəhrəmanı hər zaman oynaya bilərsən. Uşaqların sevincini hiss etmək çox gözəldir. Biz bu tamaşaları oynamaqdan yorulmuruq. Uşaq sevgisi çox ülvidir. Pərdələr bağlanana qədər sanki uşaqlar sehrli bir aləmə düşürlər. Onların üzünü güldürmək, yaddaşlarında qalmaq bir aktrisa, səbəbkar olaraq insana möhtəşəm hisslər bəxş edir. Mən uşaq olarkən anam məni tez-tez teatra aparırdı. Hansısa aktyor zala baxanda, o, ümumi baxırdı, ancaq mənə elə gəlirdi ki, o mənə baxır, salam göndərir. O qədər sevinc hissi yaşayırdım ki, bunu hər yerdə danışırdım. İndi düşünürəm ki, həmin hissləri bu uşaqlar da keçirir. Teatr uşaqların mənəvi dünyasına çox təsir edir. Necə ki, zamanında anam məni teatra gətirib və içimdə teatra sevgi yaranıb. 
 
   Gənclər teatra yeni gələndə, rejissorlar onların nöqsanlarını deyir və bu istiqamətdə məşq etməyi məsləhət görürlər. Sizə də hansısa iradlar tutulmuşdumu?
    Əlbəttə, hər zaman tövsiyələr olur. Hansısa sənətkarın, rejissorun yerində və düzgün irad tutması mənə xoşdur və bunu gözəl qəbul edirəm. Rejissor bizi kənardan görür. O, bu işin peşəkarıdır. Teatra yeni gələndə saçlarım qısa idi. Nicat Kazımov demişdi ki, "bu oğlan kimdir teatra gəlib”. İndinin özündə də deyir ki, oğlan kimi yeriyirsən. Daha çox plastikamda səhvlər tutur. Hazırda "Tanrıya 14 məktub” tamaşasının məşqləri gedir. Nicat Kazımov mənə nə deyibsə, xeyrini görmüşəm. İnsan özü də bunu hiss edir. Hamısı yerində, düzgün deyilmiş iradlardır. Əgər inkişaf etmək istəyirsənsə, bu, mütləq olmalıdır. 
 
  –  Adətən gənclər teatra təzə gələndə, özlərini "xalq artisti” hesab edirlər. Rejissorlara, çevrəsindəkilərə "hər kəsdən çox bilirəm” nəzəri ilə baxırlar. İçinizdə elə hiss olubmu?
   Heç zaman belə hissə qapılmamışam. Haqqımda xoş sözlər deyiblər, ancaq yenə də özümdə bir tərəddüd olub: "Görəsən həqiqətən yaxşı idimmi? Bundan daha yaxşı oynaya bilərdim”. O dedikləriniz hər tələbədə 4-cü kursda baş verir. 4-cü kursda oxuyanda mən də özümü "xalq artisti” hesab edirdim. Universitetdən sonra iki il ara verdim. Teatra gələndə içimdə bir kompleks var idi. Çox narahat idim. Teatra yeni gələndə repertuardakı bütün tamaşalara baxdım. Aktyorların oyunu mənə çox möhtəşəm gəlirdi. Yavaş-yavaş səhnənin tozunu aldıqca, orda bişdikcə gördüm ki, əslində bundan da yaxşı etmək olarmış. Baza yığdıqca, düşünürsən ki, nə qədər yığsan, azdır. İnsan ömrünün sonuna qədər öyrənir. 
 
   Hədəfləriniz nələrdir? 10-15 il sonra özünüzü harda təsəvvür edirsiniz?
  – Əlbəttə ki, mənim də özümə görə hədəflərim var. Ancaq heç zaman qarşıma böyük, əlçatmaz hədəflər qoymamışam. Misal üçün, yeni yaşım olanda, qarşıma hədəf qoyuram ki, bu yaşımda bu kimi nailiyyətlər əldə edəcəm. Növbəti il onlara çatdıqdan sonra başqa hədəflər meydana çıxır.  İstəyirəm ki, nailiyyətlərin ya ən yaxşısına sahib olum, ya da olmayım. Natamam olmaq istəmirəm. Yaxşı tamaşalarda, keyfiyyətli layihələrdə iştirak etməyi qarşıma hədəf qoymuşam. Bu bir az da şansla bağlı olan məsələdir. Arzuladığım rolları zamanında oynamaq istəyirəm.
 
   Necə rollar oynamaq istəyirsiniz?
  – Yaşımın rollarını. Hər bir aktyora öz yaşının rolunu oynamağı arzulayıram. Mialçün, bu obrazı oynamaq mənim indi əsl vaxtımdır, bir neçə ildən sonra gec olacaq. Elə aktyorlar var ki, hiss edirsən, vaxtilə oynamaq istəyib, amma alınmayıb. Həmin dövrü keçib və içində o hisslər qalıb. İstəyirəm hər yaşımda öz yaşıma uyğun obrazlar canlandırım. 
 
 

  – Bəs film, serial?
  –  ARB telekanalında  yayımlanan "Uçurum” serialında Çiçək obrazını canlandırıram. Elşən Zeynallının rejissorluq etdiyi "Soyuq Günəş” filminə çəkilmişəm. Yəqin yaxın aylarda film təqdim olunar.  Əslində serialdan daha çox filmlərdə rol almaq istəyirəm.  Film tarixdir, qalandır. 
 
   Teatrı gələcəkdə necə bir yer kimi görmək istəyirsiniz?
   Teatrın daha çox insanların istirahət etməsi, dincəlməsi üçün əyləncəli bir məkan olmasını istəyirəm. Sözün həqiqi mənasında ali, ülvi bir məkan kimi görməyi arzu edirəm. İnsanlar teatra gələndə bilsinlər ki, mənəvi, tərbiyəvi bir yerə gəlmişik və bunun fərqinə varsınlar. Xaricdəki teatrlar kimi insanlar can atsınlar ki, tamaşanın seansına düşə bilsinlər və tamaşaçılar "mənə də o tamaşaya baxmaq qismət olsun” kimi yanaşsınlar. Deyirlər, indi texnologiya dövrüdür, teatra gedən yoxdur. Bu fikirlə razı deyiləm, teatr hər zaman sevilir. Teatr bu gün yaranmayıb, onun öz tarixi var. Bundan sonra texnologiya daha da inkişaf edəcək, ancaq teatra hər zaman ehtiyac olacaq. 
 
 
  Söhbətləşdi: Xəyalə Rəis