Biz imzaları yox, əsərləri dərc edirik...

Ya anam, ya da atam – Arnaba Saha
3098
22 Oktyabr 2020, 14:30
 artkaspi.az Arnaba Sahanın "Seçim" hekayəsini təqdim edir:
 
  Məndən xahiş etdilər ki, koridordakı stulda oturub gözləyim. Koridorun aşağısında bir otaq vardı, bir azdan o otaqdan bir nəfər çıxıb məni içəri aparana qədər bu stulda oturub gözləməliydim. Çox həyəcanlıydım, içimdə qorxu vardı. Bura gəlməzdən qabaq atam mənə sakit olmağı tapşırmışdı. Anam isə demişdi ki, narahat olmaq üçün heç bir əsas yoxdur. Onlar hər ikisi mənə demişdilər ki, mən bütün suallara cavab verəndən sonra hər şey yaxşı olacaq. Mənə hansı suallar veriləcəyini bilmirdim. Mən bilmirdim ki, onların verəcəyi suala "düzgün” cavab necə olmalıdır. Koridorda bir az da gözləyəndən sonra bir qadın gəlib mənə dedi ki, onun arxasınca gedim. Bu qadının gözlərində bir şey vardı. Nə idi o? Onun mənə canı yanırdı, yoxsa yazığı gəlirdi? Bunu dəqiq bilmirəm.


 
 
 Biz qapıya yaxınlaşanda içəridən səs gəlirdi. Gah anamın, gah da atamın səsini eşidirdim. Arabir başqa adamların da səsi gəlirdi. Qadın qapını açanda onlar hamısı səslərini kəsdi, otaq sükuta qərq oldu. Qadın əlinin işarəsi ilə mənə keçib oturmağı təklif etdi. Onun dediyinə əməl elədim. Valideynlərimi görəndə bir az yüngülləşdim. Onlar da mənə baxıb çox sakit durdular. Heç biri heç nə demədi. Onların stolun bir tərəfində oturmuşdu, hər birinin də yanında bir kişi vardı. Üçüncü kişi isə stolun o biri tərəfində oturmuşdu. 
  Üçüncü kişi mənə dedi ki, gedib onun yanındakı stulda oturum. Keçib onun yanındakı stulda əyləşdim. O dedi:
  – Hə, oğlum, yəqin ki, bura nə üçün gəldiyini bilirsən.
  Mən başımı tərpətdim, kişi sözünə davam etdi:
  – Elə isə mənə de görüm, kiminlə qalmaq istəyirsən? Ananla, yoxsa atanla?
  Mən heç nə demədim. Susub durdum. Kişi sual verdi:
  – Oğlum, niyə dinmirsən? Seçim etməlisən. Sən hansını daha çox sevirsən? Atanı, yoxsa ananı?
Yenə də susdum, kişi, deyəsən, bir az hirsləndi:
  – Bir söz de! Nə fikirləşdiyini söylə!
  Mən duruxa-duruxa dedim:
  – Mən... bir az... cənab, çaşmışam.
  Nə deyəcəyimi bilmirdim, fikrimi cəmləşdirməyə çalışırdım. Uşaq bağçasındakı müəllimim mənə belə öyrətmişdi, bir söz deməzdən qabaq fikirləşim. Keçən il bağçadakı tədbirdə qabaqcadan əzbərlədiyim şeiri unutmuşdum, bir az fikirləşəndən sonra yadıma düşmüşdü. Nəhayət, dərindən nəfəs aldım, deyəcəyim sözləri bir yerə "yığıb” dedim:
  – Cənab, heç bilmirəm sizin sualın "düzgün” cavabı necədir. Sonuncu ad günümdə anamla atam məni zooparka aparmışdılar. Orda çoxlu heyvanlar vardı: fil, zürafə, hətta pələng də. 
  Bu sözləri deyəndə 6 ay bundan qabaq baş verənlər gözlərim önündə canlandı. İndi daha sərbəst danışır, özümü daha xoşbəxt hiss edirdim. 
 
 

 
 
 
  – Orda çoxlu qəfəslər vardı. Atam məni qucağına aldı, adamların başı üstündən qəfəsdəki heyvanlara baxdım. Biz bir qəfəsdən o biri qəfəsin yanına gedəndə anam əlimdən tutmuşdu.
  Demək olar ki, mən danışdıqca qara pencəkli kişinin necə hirsləndiyini də hiss etməmişdim. 
  – Mənim balam, – o ciddi tonda dedi. – Mən sənin sonuncu ad günündə baş verənlərə qulaq asmaq istəmirəm, sadəcə, sənə verdiyim sualıma cavab ver. 
Ad günümlə bağlı xatirələr məndə özümə inamı artırmışdı. Mən ona dedim:
  – Cənab, xahiş edirəm, xahiş edirəm, imkan verin danışım. Bu, mənim üçün çox vacibdir. 
  Hiss etdim ki, bu sözümdən sonra kişi bir az yumşaldı. Üzünün ifadəsi dəyişdi.
  – Yaxşı, davam elə, oğlum!
  Elə bil enerjim artmışdı, sözümə davam etdim:
  – Biz həmin günü bütün günü birlikdə keçirdik. Anamın evdə hazırladığı buterbrodları yedik. Atam dedi ki, buterbrodları yeyib qurtarandan sonra bir yerdə dondurma yeyərik. Mən dondurmanı çox sevirəm, cənab!
  – Biz hamımız dondurmanı çox sevirik, oğlum.
  Kişi bu dəfə mənimlə daha mülayim səslə danışdı.
  – Amma mən həmişə dondurma seçəndə karıxıb qalıram. Bilmirəm vanilli dondurma seçim, yoxsa şokoladlı dondurma. Onda da anamdan və atamdan soruşdum ki, hansı dondurmanı seçsəm daha yaxşıdır. Onlar mənə müxtəlif dondurmaları göstərdilər, nəhayət, birini seçdim. 
  Kişinin səbri tükəndi, o, bir az əsəbi tonda dedi:
  – Oğlum, sözünün məğzini de. Bütün bunları mənə niyə deyirsən?
  Mən yenə də çətinliklə udqunub dedim:
  – Cənab, hər dəfə oyuncaqlarımı, dondurmanı, paltarlarımı, hətta dostlarımı seçəndə həmişə ya anam, ya da atam seçim etməkdə mənə kömək ediblər.
  Sözümə ara verdim, qəhərləndim. Az sonra dedim:
  – Cənab, ancaq... bu gün onların heç biri mənə kimi seçəcəyimi demədi.
 
 
  İngilis dilindən tərcümə edən: Sevil Gültən