Biz imzaları yox, əsərləri dərc edirik...

Gəlməyəni gözləmək hünəri – "Qodonun intizarında"
2964
04 Mart 2021, 11:20
 Artkaspi.az Samuel Bekketin "Qodonun intizarında” əsəri barədə yazını təqdim edir:
            
 

 
 Məşhur irland yazıçısı Samuel Bekket "Qodonun intizarında" pyesini 1948-1949-cu illərdə fransız dilində yazmış və elə özü ingilis dilinə tərcümə etmişdir. Bekket ümidsizlik yazıçısıdır. O, öz dövrünə uyğunlaşmağa can atmırdı. Lakin biz "insan xoşbəxt olmaq üçün yaradılıb" fikrinə şübhəylə yanaşanda, Bekketin səsini duymağa başlayırıq. Tarixi kataklizmlər tənqidçilərə onun heç vaxt izah etmədiyi dahiyanə əsərlərini açmağa köməklik edir. "Qodonun intizarında" pyesi "XX əsrin ən təsiredici dram əsəri" adın layiq görülmüşdür. Bekketin dediyinə görə, bu əsəri ona uğur gətirməyən prozadan uzaqlaşmaq məqsədi ilə yazıbmış. Lakin tənqidçilər əsəri Bekketin də iştirak etdiyi fransız qarşıdurmasındakı təcrübəsini alleqorik şəkildə təsvir edən hərbi dram kimi qiymətləndirirdilər. Müharibə veteranlar deyirdilər ki, müharibə hər şeydən əvvəl sonu gözləməkdir. Və bu əsər də ikinci dünya müharibəsindən sonra yazılan digər əsərlər kimi, ümidin intizarıdır... 
 
 "İncil” motivi
 
 Digər bir baxışda Bekketin bu əsərinin həm adında, həm də personajların Allahın zühurunu gözlərmiş kimi Qodunun gəlişini gözləməsində dini əlamətlər də var. Məsələn, "İncil”də belə bir məqam var: "... sənin köməyinə ümid edirəm, Allahım" (49:18) və Apostol Pavelin nəsihəti "...Allahımız olan İsanın gəlişini gözlərkən..." (1 Korinf. 1:7). Əsərin sirli qəhrəmanı olan Qodonun adı ingilis dilindəki God – Allah sözüylə eyniləşə bilər. 
 Əgər Bekketin əsərinə "xronoloji" Yevangel perspektivindən nəzər salsaq, Qodonun gələcəyi gün yaradılış və sonsuz, həm də faciəvi apokalipsis günüdür. Əsərdə son  və başlanğıc daima üz-üzə gəlir, çəkişirlər. Bu faciənin yaxınlaşmasının hiss olunmasından irəli gəlir: "Klov. Sondur, sondur. Son  yaxındadır, yəqin ki, lap yaxındadır". Pyesdə qəhrəmanlar indiki zamanda öz əzablarını İsa peyğəmbərin çəkdiyi əzablarla müqayisə edirlər. Baxmayaraq ki, onlar yöndəmsiz, çox vaxt gülməlidirlər və "bədbəxtlikdən gülünc heç nəyin olmadığını" bilirlər. 
 

 
 Paskal və Bekket
 
 "Qodonun intizarında"ə Bekketin fəlsəfi düşüncələri tərəfindən baxsaq,  onun üçün səbəblərin həmişə bəhanələrdən üstün olduğunu görərik. Və əsəri bu yönümdə təhlil etsək, məncə dramın əsas məğzini yazıçının sevimli filosofu olan Paskalda axtarmalıyıq. Onların həyatında ümumi nələrsə var.  Paskal yazırdı: "Bir insanın onu düşünməyə imkan verməyən bütün əyləncə və məşğuliyyətlərini əlindən alsan, özünü bədbəxt hiss edəcək". Və o, düşünməyə başlayacaq, çünki başqa heç nəylə başı qarışmayacaq. Paskal daxilindəki məhvedici fikirləri gizlədərək deyirdi ki, biz mütləq daima eynimizi açmalı və əylənməliyik. Bu ideyaya dəstək olaraq Bekket teatr yaradır və orada müəyyən formada Paskalın dediklərini ("əbədiyyətin ixtiyarına buraxılmış zaman”ı keçirməklə məşğul insanları)  göstərməyə çalışırdı.  
 Pisi budur ki, seyr etdikcə onların nəyisə unutmağa çalışdıqlarını düşünürük. Bekketsə ön planla arxa planın yerini dəyişir. Personajların danışıqları heç bir əhəmiyyət daşımır. Əsas onların düşdükləri vəziyyətdir. Və bu da elə bizim düşdüyümüz vəziyyətlərdən demək olar ki, heç nəylə fərqlənmir. Əslindəsə biz bu tavtologiyanı təəssüratlarımızla təsdiqləməklə özümüzü görürük.
 
 Universallıqla konkretliyin sintezi
 
 Bekketin bütün qəhrəmanları cütlük təşkil edir – Vladimir və Estraqon ("Qodonun intizarında"), Xamm və Klov ("Endşpil"), Vinni və Villi ("Xoşbəxt günlər"). Onlar sanki bir-birlərinə vacib lazımi adamlardır. Lakin əslində onları bir-birinə bağlayan çəkişmədir. Varlıqlarından əmin olmaq üçün, sanki bir sübutdur. Bekketə görə ölüm azadlıq arzusunu, çətinliksə azadlıq hərəkətini məhdudlaşdırır.  Səma bizi göylərə, yer isə aşağıya çəkir. İnsan yerlə göy arasındadır. Bu, demək olar hamının, elə müəllifin də taleyidir. Hər bir dram əsərinin məzmunu Bekket özündən və həyat yoldaşından götürürdü. Dostlarının dediyinə görə "Qodunun intizarında" pyesinə Bekketlərdə qonaq olarkən, xırda ailə söz-söhbətlərində eşitdikləri dialoqlar da daxildir. Universallıqla konkretliyin sintezi Bekkerin dramını sonsuz edir. Heç kimin olmadığı, gəlib keçmədiyi, sadəcə quru bir ağacın olduğu yol kənarında baş verən hadisələr, iki əsas qəhrəmanın – Vladimir və Estraqonun Qodo adlandırdıqları xilaskarı gözləməyindən ibarətdir. Qodo ictimai və fərdi xüsusiyyətlərdən təmizlənmiş olsa da, maddi görüntüsü olan bir "varlıq"dır.  Simvolik olaraq kimə görə ümid, kimə görəsə Tanrıdır. Qodo hər bir insanın öz daxilinə görə fərqlidir. Əsərdə önəmli olan onun kim və ya nə olduğu deyil. Çünki onun kimliyi və ya nəliyi insanın ruh halına, daxilindəki "mən"inə uyğun olaraq dəyişir.  Pyesinsə əsas məğzi ondan ibarətdir ki, iki əsas obraz olan Vladimir və Estraqonun Qodonin gəlişini gözləməkdən başqa çarələri, ümidləri yoxdur. Onlar Qododan nəsə xahiş ediblər və Qodo düşünüb-daşınıb, məsləhətləşib, bank hesabını gözdən keçirib bir qərar verərək gələcəyini söz verib. 
 

 
 İntihara meyl
 
 Estraqon bu günlə yaşayan, heç nəylə başını yormayan bir adamdır. Ayaqqabıları ayağını sıxdığı üçün tez-tez onları çıxarır, geyinir. Və bir dəfə bezərək onları tamamilə kənara atır və İsa kimi ayaqyalın gəzir. Estraqon intihara meyllidir. Vladimir isə "Qodo gələr, bizi görməz" deyib, onu bu fikirdən uzaqlaşdırır. 
 Vladimir narahat adamdır. Tez-tez papağını başından çıxarır və yenidən qoyur. O, "İncil”i oxumuş və əsər boyu onu oxuduğunu göstərmək üçün oradan misallar çəkir.  Vladimiri tez-tez yuxu aparır. Nə vaxt yuxuda, nə vaxt oyaq olduğunu ayırd edə bilmir. Bəlkə doğrudan da yatıb? Və səhər oyananda, əgər doğrudan da oyanıbsa, yuxuda deyilsə, həminki yerə gələcək, Estraqonla görüşüb Qodonun gəlişini gözləyəcək. Əgər belə olarsa balaca oğlan gəlib Qodonun bu gün yox, sabah gələcəyi barədə məlumat verəcək.
 
 

 
 Eyni zamanda, eyni məkanda
 
 Vladimir və Estraqon bütün pyes boyunca dialoqa girsələr də, danışıqları yarımçıq qalır, bir fikir bitmədən başqa bir fikrə keçid alırlar. Gecəni səfil kimi keçirən qəhrəmanlar səhəri gün yenə də eyni zamanda, eyni məkanda Qodonu gözləmək üçün görüşürlər. Bir-birinə uyğun olmayan fikirlər dialoq qururlar.

            E:  Biz həmişə özümüzü elə göstərir ki, guya yaşayırıq, hə?
            V:  Hə, hə. Biz sehrbazıq. Fikirlərimizi qarışdırmağa imkan vermirik. 
 
 Yaşamaq üçün səbəb
 
 Pyesin qəhrəmanlarının Qodonun gəlişini gözləməkləri onların yaşamaq üçün sahib olduqları yeganə səbəbdir. Və Qodonun gəlməməsi bəlkə də gəlməməyindən daha pisdir, daha faciəvidir. Qodo mənadır, səbəbdir. Onu görmək, dərk etmək, anlamaq istəyi personajları onu gözləməyə sövq edir. Lakin bunu heç bir mənası yoxdur. Bəlkə də Vladimir və Estraqon elə bir adamın iki üzüdür.  Və o, öz-özüylə münaqişədədir. Gah intihar etmək istəyir, gah da Qodonun gəlişini bəhanə edib bundan çəkinir. Əsər absurd fikirlərlə doludur. Lakin absurd elə heç nədə məna axtarışıdır. Qodonin elçisi olan oğlan sanki dinin təzahürüdür. Heç nə edə bilməsə də, ümid verir. O ümidsə Qododur! Qodonun gəlişidir! 
 
 Hazırlayan: Xanım AYDIN