Biz imzaları yox, əsərləri dərc edirik...

Azərbaycan fəlsəfəsinin dan ulduzu – İzzət Rüstəmov yazır
678
15 May 2018, 12:38
 Artkaspi.az Bakı Dövlət Universiteti "Sosiologiya” kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor İzzət Rüstəmovun "XX əsr Azərbaycan fəlsəfəsinin dan ulduzu” məqaləsini təqdim edir: 
 
 
                                             
 Onu həmişə görmək, eşitmək arzusunda olmuşam. Heydər Hüseynovun şöhrəti, nüfuzu, ad-sanı o qədər  yüksək idi ki, istər Azərbaycanda, istərsə də bütöv Sovet İttifaqında elmi dairələrdə onun şəxsiyyətinə ciddi maraq göstərir, xüsusi şəkildə parlayan elmi təfəkkürünün, fəlsəfi zəkasının bərq vuran spektrlərini dərk etmək istəyirdilər. Çox təəssüf ki, onu görmək, müəllim kimi səsini eşitmək mənə qismət olmadı! Mən lap öncədən qəlbimdə özünə yuva salmış arzuma uyğun olaraq 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin nəzdindəki fəlsəfə şöbəsinə daxil oldum. Amma müəllimlərimin sırasında Heydər Hüseynov yox idi. Daha konkret desəm, o, bizə dərs demirdi. Lakin sevinclə deyə bilərəm ki, onun bizə yadigar qoyub getdiyi çox qiymətli irs, böyük idraki əhəmiyyətli fəlsəfi əsərləri bir çox digərləri kimi mənim üçün də namizədlik və doktorluq dissertasiyaları üzərində işləyərkən ciddi örnək rolunu oynamışdır. Fəlsəfə tarixinə aid yazdığım elmi araşdırmalarım üçün ən aparıcı ideya istiqamətlərini məhz Heydər Hüseynovun əsərlərində tapmışam. İndi xüsusi fərəh hissi ilə deyə bilərəm ki, sonradan mənim sevimli müəllimlərimə, elmi rəhbərlərimə çevrilmiş, nüfuzlarına xüsusi hörmət bəslədiyim şəxsiyyətlər məhz akademik Heydər Hüseynovun yaratdığı, elə özünün də daxil olduğu elmi-yaradıcılıq mühitində yetişmiş, böyük elmə doğru addımlamışlar. Bu barədə xüsusi zərurət yaranarsa, bir qədər sonra da bəhs edə bilərik. Hələlik kifayətlənirik. Lakin bunu təkrarən deməyə ehtiyac var ki, akademik, böyük müəllim, bizə fəlsəfi təfəkkürü, elmi düşüncə düsturunu yadigar qoyub getmiş Heydər Hüseynov dönə-dönə sevilməyə, yad edilməyə, unudulmamağa layiqdir. Mən təskinliyi həmçinin bunda tapıram ki, onun qızı Sara xanıma və nəvəsi Heydərə Bakı Dövlət Universitetində fəlsəfədən dərs demişəm, yəqin ki, böyük filosofun əsərlərinə dönə-dönə müraciət edə-edə!
 Hörmətli oxucular, gəlin dahi filosof alim Heydər Hüseynovun həyat tarixçəsini və fəlsəfəsini vərəqləyək. Vərəqləyək ki, onun hansı odun-alovun içindən qovrula-qovrula çıxıb,  mətinləşdiyini, hansı zəhmətlərə qatlaşaraq dəmir iradəyə və əzmkarlığa sahib olduğunu, onun üçün bəlkə də süni olaraq yaradılmış çətinliklərə, "sıldırımlı yollara” mərdliklə sinə gərmiş olduğunu anlayaq. Böyük yazıçı Stendalın Napoleon haqqında dediyi sözlər yada düşür: "O, iztirablara sinə gərmək üçün dünyaya gəlmişdi”.
 Heydər Hüseynov 1908-ci ilin aprel aynın 3-də vaxtilə doğma vətənimizin bir parçası olan İrəvanda Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülüstan ananın ailəsində dünyaya göz açmışdır. Heydər ailədəki 6 uşağın kiçiyi idi. 1 yaşında olanda atası rəhmətə gedir. Böyük qardaşı Yusif 1918-ci ildə azğın-quldur erməni dəstələri tərəfindən öldürüldüyündən, ailələri əvvəl Batum şəhərinə, sonra Stavropola, axırda Bakıya köçmək məcburiyyətində qalır. Heydər digər böyük qardaşının və anasının himayəsi altında böyümüş, yalnız 12 yaşında Bakıda 18 saylı məktəbin şagirdi olmuşdur. O, 1927-1931-ci illərdə V.İ.Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. Heydər Hüseynov 1924-cü ildə əmək fəaliyyətinə başlamışdır. 1931-1932-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alır. 1936-1940-cı illərdə Heydər Hüseynov SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı, Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945-1950-ci illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti işləmişdir. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetində əvvəl Marksizm-Leninizmin əsasları kafedrasının, sonra isə Fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışır, 1945-1950-ci illərdə  Azərbaycan KP MK  yanında Partiya Tarixi İnstitutunun direktoru işləyir.
 
 

 Heydər Hüseynov 15 iyun 1939-cu ildə  Tibilisi şəhərində "M.F.Axundovun fəlsəfi görüşləri” mövzusunda  namizədlik dissertasiyasını müdafiə etmişdir, 1944-cü ildən professor, 1945-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
 Heydər Hüseynov 16 illik fəaliyyəti dövründə bütövlükdə  Azərbaycan elminə, onun tərəqqisinə, xüsusilə də XX əsrdə Azərbaycanda fəlsəfənin istər bir tədris sahəsi, fənn kimi formalaşmasına, istərsə də metodoloji, xüsusi ideya istiqamətli elm sahəsi olaraq vətəndaşlıq qazanmasına böyük töhfələr vermişdir. Bəhs etdiyimiz dövrdə birinci olaraq məhz onun sayəsində Azərbaycanda fəlsəfə ayaq alıb, yerimiş, nüfuz və hörmət qazanmışdır. Lakin "Nədən başlamalı?” sualı  o vaxtlar ilk dəfə olaraq xüsusi aktuallıq qazandı.  Bu sualın cavabını  da yaradıcılıq  istedadının və enerjisinin qaynayıb, coşmaqda olduğu dahi filosofumuz,  böyük alimimiz Heydər Hüseynov məhz özü tapdı. Filosofların ifadəsi ilə desək o, bütün bu prosesin ideya cizgisini çəkdi, daha konkret desək, onu ciddi şəkildə modelləşdirdi. Buraya bir neçə təsisatlandırma pilləsi daxil idi. Lap əvvəlcə cəsarətlə deyə bilərik ki,  Heydər Hüseynov Azərbaycan Elmlər Akademiyasının ilk yaradıcılarından biri və ilk vitse-prezidenti idi. Əminəm ki, heç kim etiraz etməz ki, Heydər Hüseynov, Akademiyanın ilk Prezidenti seçilənə qədər, bir xeyli müddət elmi təsisat,  elmi struktur olaraq Elmlər Akademiyasına rəhbərlik etmişdir, ictimai və humanitar elmlər üzrə Akademiya strukturlarının başlıca ideya istiqamətinin  müəyyənləşdirilməsində  misilsiz dərəcədə müsbət rol oynamışdır. İkincisi, məhz Heydər Hüseynovun təşəbbüsü və titanik səyləri nəticəsində Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə  İnstitutu yaradıldı. Əlbəttə, Fəlsəfə İnstitutu  bir vaxtlar "İnstitut”, ya "Fəlsəfə filialı” kimi fəaliyyət göstərirdi, yaxud Akademiyanın  "Tarix və Fəlsəfə İnstitutu” kimi fəaliyyətini davam etdirirdi, bir sıra ad və forma  dəyişikliklərinə uğrayaraq AMEA-nın Fəlsəfə  İnstitutu adını saxlamışdır.  Şübhəsiz ki, bu məsələnin geniş şərhi hazırda xüsusi  məqsədimizi təşkil etmir. Üçüncüsü, mənəvi mədəniyyətimiz və intellektual inkişafımız tarixində xüsusi əks-səda doğurmuş bir hadisə baş verdi. 1945-ci ildə Heydər Hüseynovun cəsarətli təşəbbüsü ilə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinin nəzdində  Fəlsəfə şöbəsi  yaradıldı. Nə böyük akt, zirvəyə  doğru nə əzəmətli yürüş!  Yazımın əvvəlində  qeyd etdiyim kimi, mənə  də  xoşbəxtlik nəsib oldu ki, 1949-cu ildə, akademik Abdulla  Qarayevin rektor olduğu dövrdə (taleyin gözəl "təyinatına” bax! 1961-ci ildə mən "Həsən bəy Zərdabinin ictimai-siyasi  və  fəlsəfi görüşləri” mövzusunda namizədlik  dissertasiyası  müdafiə edərkən,  birinci rəsmi opponentim dahi fizioloq  alim, akademik  Abdulla Qarayev idi)  həmin Fəlsəfə şöbəsinə tələbə olaraq qəbul olundum və 1954-cü ildə  artıq Universitetin və həmin şöbənin məzunu idim.  Çox təəssüf  edirəm ki, 1955-ci ildə Fəlsəfə şöbəsi bağlanıldı. Lakin sevinməyə, qürur hissi  keçirməyə də tam əsas var ki, H.Hüseynovun təşəbbüsü ilə yaradılmış Fəlsəfə şöbəsi öz fəaliyyəti ilə ümumiyyətlə mədəniyyətimizin tərəqqisində, Azərbaycanda fəlsəfənin və fəlsəfi fikrin inkişafında, ziyalılarımızın fəlsəfi təfəkkürünün cilalanmasında əvəzsiz müsbət rol oynamışdır. Əgər dahi mütəfəkkir Mirzə Ələkbər Sabirin Həsən bəy Zərdabi haqqında dediyi sözləri təkrar etsək, söyləyə bilərik ki, "bəh-bəh”, Fəlsəfə şöbəsinin "əkdiyi toxumlardan nə dadlı meyvələr yetişmişdir”.
 Bəli, qısa ömürdə böyük və əzəmətli həyat yaşamaq heç də hamıya nəsib olmur. Bu, məhz Heydər Hüseynova nəsib oldu. 42 yaşlı elm nəhənginə, xatirələrdən heç zaman silinməyəcək akademikimizə!
 Bəs Sabir demişkən, bu "dadlı meyvələr” nə idi və yaxud kimlər idi? 1950-ci ildə haqqında bəhs etdiyimiz Fəlsəfə şöbəsinin birinci buraxılışı oldu, onun ilk məzunları Azərbaycanın ali məktəblərində, mədəniyyət ocaqlarında uğurla fəaliyyət göstərməyə başladılar. Bunların sırasında sonralar yüksək elmi adlar, rütbələr qazanmış akademik Firudin Köçərlini, akademik Aslan Aslanovu, AMEA-nın müxbir üzvləri Ziyəddin Göyüşovu, Məqsəd Səttarovu və digərlərini göstərmək olar. Universitetin Fəlsəfə şöbəsi və AMEA-nın Fəlsəfə İnstitutu Azərbaycanda Fəlsəfə üzrə elmi kadrların yetişdirilməsinə böyük əhəmiyyət verirdi. Görkəmli akademik Aleksandr Osipoviç Makovelskinin Akademiyanın Fəlsəfə İnstitutunun direktoru işlədiyi vaxtlarda burada gələcəyin istedadlı filosofları və müəllimləri – Əhməd Kərədi Zəkuyev, Mehbalı Qasımov, Müseyib Mahmudov, Şükufə Mirzəyeva çalışırdılar. Elmi katib isə sonradan bizə fəlsəfə şöbəsində dərs deyən Rəşid Nəsrullayev, yenə də həmin şöbədə bizə dərs deyən, sonradan akademik A.O.Makovelskinin elmi rəhbərliyi altında "Epikurun materializmi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş Əddin Şakirzadə də Fəlsəfə İnstitutunun aspirantı olmuşdur (1947). Göründüyü kimi, Heydər Hüseynovun Azərbaycanda fəlsəfə kadrlarını yetişdirmək planları öz müsbət nəticələrini verməkdə idi. 
 Bir qədər əvvəl xatırlatdığımız kimi, Heydər Hüseynov həm istedadlı müəllim, həm də görkəmli yaradıcı filosof alim idi. O, tələbələrin dərslik və dərs vəsaitlərinə  ciddi ehtiyacını nəzərə alaraq, özü bu sahədə ciddi fəaliyyət göstərmişdir. "Dialektik materializm”, "Dialektika və metafizika”, "Marksist dialektik metod”, "Dialektik və tarixi materializm haqqında” ilk dərslikləri işləyib hazırlamış və birinci növbədə filosof olmağa hazırlaşan tələbələrin, gənc fəlsəfə müəllimlərinin istifadəsinə  vermişdir. 
 Etiraf etmək olar ki, müasir tələblər baxımından bu kitablarla bağlı müəyyən iradlar irəli sürmək mümkündür, çünki hazırda fəlsəfi fikir, fəlsəfi təfəkkür sürətli inkişaf yolu keçmiş, bütövlükdə bəşəriyyətin fəlsəfi düşüncəsi misilsiz dərəcədə kamilləşmişdir. Bununla belə akademik Heydər Hüseynovun qələminin məhsüulu olan bu əsərlərin meydana çıxması öz dövrü üçün çox böyük hadisə idi. Bu yazını hazırlayarkən mən bir sıra filosoflarımızın Heydər Hüseynov haqqında yazılarına da diqqət yetirməli oldum. Bunların sırasında istedadalı Azərbaycan filosofu kimi ad-san qazanmış mərhum professor Cəmil Əhmədlinin müvafiq fikirlərinə müraciət etdim. Burada onun sözlərini eynilə gətirirəm: "Heydər Hüseynov bu əsərlərini yazdığı zaman Azərbaycanda nə dialektika, nə metod, nə də nəzəriyyə haqqında kifayət qədər əsaslı tədiqiqatlar vardı. Heydər Hüseynov əslində bu istiqamətdə xalqın fəlsəfi fikrinin, xüsusilə təfəkkür metodunun formalaşmasına həmin əsərləri ilə ciddi təsir göstərmişdir. Bu əsərlərin predmetləri Heydər Hüseynovun özünün kamil bir filosof kimi formalaşmasında mühüm rol oynamışdır” (Heydər Hüseynov-100, Bakı-2009, s.75).
 
 

 1949-cu ildə Heydər Hüseynovun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” ("İz istorii obhestvennoy i filosofskoy mısli v Azerbaydjane XIX veka”) adlı çox sanballı, yüksək elmi dəyərli  əsəri işıq üzü gördü. Rus dilində 725 səhifədən ibarət olan bu əsər1958-ci ildə müəyyən ixtisarlarla ikinci dəfə çap edilmişdir. Kitab 2006-cı ildə "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən” adı ilə ilk dəfə Azərbaycan dilinə tərcümə edilmişdir. Kitabın redaktoru akad. A.O.Makovelski idi. "Redaktorun ön sözü” adlı yazısında alim kitabı yüksək qiymətləndirir, onu XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının sistemli şərhinin ilk nümunəsi adlandırır. A.O.Makovelski belə hesab edirdi ki, kitabın hər bir hissəsi özlüyündə orijinaldır, əsas mənbələrin çox səbr və diqqətlə araşdırılması müəllifin xidmətidir. Böyük alimin kitab haqqında söylədiyi bu fikirlər bir daha deməyə əsas verir ki, Heydər Hüseynovun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı bu möhtəşəm əsəri sonradan Azərbaycan fəlsəfə tarixçilərinin stolüstü kitabına çevrilmişdir, o cümlədən bu sətirlərin müəllifinin, çünki Heydər Hüseynovun bu dəyərli elmi araşdırmasında XIX əsrdə Azərbaycanın ictimai və fəlsəfi fikrinin nəhəngləri olan Abbasqulu ağa Bakıxanovun, Mirzə Şəfi Vazehin, Mirzə Kazım Bəyin, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin ictimai-siyasi və fəlsəfi görüşlərinin ilk dəfə olaraq çox geniş, ilk mənbələrə əsaslanan ətraflı, özü də sistemli şərhi, o vaxt üçün tamamilə qəbul olunan elmi təhlili verilmişdir. Mən namizədlik və doktorluq üzrə dissertasiyalarımı yazarkən əsas ideya istiqamətlərini, XIX əsrdə Azərbaycan mütəfəkkirlərinin elmi-fəlsəfi baxışlarının təkamül pillələrini araşdırıb, izləyərkən Heydər Hüseynovun haqqında bəhs etdiyimiz əsəri ilk bələdçimiz, yol göstəricimiz olmuşdur. Əlbəttə, etiraf etmək yerinə düşər ki, biz elmi araşdırmalarımız zamanı elə təkcə həmin əsərin çərçivəsində qapanıb qalmamışıq.
 Fərəhlə demək olar ki, görkəmli rus alimləri Heydər Hüseynovun elmi yaradıcılığına, onun ictimai-siyasi fəaliyyətinə böyük maraq göstərirdilər. İndiki halda isə ounun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı əsəri bütün İttifaq miqyasında çox böyük, özü də müsbət əks-səda doğurmuşdu. Heydər Hüseynovun ünvanına təbriklər, xoş sözlər gəlməkdə idi. Böyük alim Bertels istər Özbəkistanda yaşayarkən, istər sonralar Moskaya qayıdarkən özündən 18 yaş kiçik olan gənc alim Heydər Hüseynovla ciddi elmi əlaqə saxlayır, onunla müntəzəm olaraq məktublaşır, onun istər fəlsəfəyə, istərsə də ədəbiyyatşünaslığa dair əsərlərini ona göndərməsini xahiş edir. Haqqında danışdığımız "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsəri də istisna təşkil etmir. Böyük rus yazıçısı Aleksandr Fadeyev də Heydər Hüseynovun elmi yaradıcılığına ciddi maraq göstərirdi və onunla dostluq əlaqələri saxlayırdı. 1949-cu ildə Heydər Hüseynovun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsəri Stalin mükafatına təqdim olunur və mükafat təsdiqini alır. Ehtimallara və bir sıra faktlara görə əsərin Stalin mükafatına irəli sürülməsinin əsas təşəbbüsçüsü Aleksandr Fadeyev olmuşdur. Burada da əsas səbəb ilk növbədə A.Fadeyevlə Heydər Hüseynov arasında səmimi münasibət, dostluq alıqələri deyil, mükafata təqdim olunmuş əsərin yüksək elmi keyfiyyəti, o zaman üçün fəlsəfə sahəsində çox sanballı, monumental elmi-tədqiqat əsəri olması idi. Əvvəldə dediyimiz kimi, "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsəri haqqında görkəmli alimlər xüsusi müsbət fikirlər söyləmişdilər, əsər fəlsəfə elminə möhtəşəm bir töhfə kimi qiymətləndirilmişdi. Bir alim və ictimai xadim, filosof, həmçinin Azərbaycan ədəbiyyatı tarixinin, ümumiyyətlə mənəvi mədəniyyət məsələlərinin tədqiqi sahəsində xüsusi xidmətlərinə görə Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mikayıl Rəfili və b. Heydər Hüseynova xüsusi isti münasibət bəsləmiş, onunla dostluq etmişlər. Heydər Hüseynovun istər Azərbaycanda, istərsə də İttifaq səviyyəsində keçirilmiş elmi konfranslarda, ideoloji müşavirələrdə fəal iştirakı, çox qiymətli elmi məruzə və çıxışları onun bir alim kimi şöhrətlənməsində müsbət rol oynamışdır. Söyləməyə ciddi güman var ki, Mərkəzdən Mircəfər Bağırovla əlaqə saxlayıb, onun "razılığını” da alıblar. Stalin mükafatı təsdiq olunandan sonra Heydər Hüseynovun ünvanına təbrik teleqramları gəlməyə başlayıb. Müəyyən ehtimallara görə hətta İ.Stalin özü H.Hüseynova təbrik məktubu göndərib.
Lakin necə deyərlər, müəyyən vaxtdan sonra "çərxi-fələk tərsinə dövran etməyə” başlayır. Böyük alim Heydər Hüseynov Mircəfər Bağırovun "qəzəbinə” tuş gəlir, M.Bağırovun "qaynar” və davamlı səyləri nəticəsində böyük alimə verilmiş Stalin mükafatı ləğv olunur (bütün bu mənfi prosesi bütün təfərrüatı ilə şərh etmək mümkünsüzdür), onun "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsəri marksist-kommunist ideologiyasına uyğun gəlməyən ziyanlı bir əsər kimi qiymətləndirilməyə başlayır, Şamil hərəkatını mütərəqqi hərəkat kimi göstərdiyinə görə kəskin tənqidlərə və "ifşalara” məruz qalır, əsərdə bir çox məddahlar tərəfindən səhvlər, nöqsanlar axtarılır. Heydər Hüseynovun bütün əsas vəzifələri, yüksək elmi adları əlindən alınır, respublikada çağırılan "ideoloji müşavirələr”də tənqid və qınaq obyektinə çevrilir, onunla ciddi elmi əməkdaşlıq edən, dostluq saxlayan görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri təqib olunmağa başlayırlar. Əsərə geniş rəy yazmış A.O.Makovelski və M.A.Dadaşzadə xüsusi olaraq siyasi qınaq obyektinə çevrilirlər, 1950-ci ilin yanvar ayının axırlarında H.Hüseynovun yaxın dostu, həmkarı Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının Prezidenti vəzifəsindən azad olunur. Heydər Hüseynovun gənclik dostu Azərbaycan Dövlət Universitetinin rektoru Abdulla Qarayev vəzifəsindən kənarlaşdırılır. Ətrafında cərəyan edən bu dözülməz ab-hava, kəsilmək bilməyən tənqidlər, siyasi təqiblər böyük alimi çox ağır psixoloji sarsıntıya salır, o, damarlarını kəsərək, intihara cəhd göstərir. Lakin "intihar” baş tutmur, onu sağaldırlar. Heydər Hüseynov ətrafında mənfi hadisələr davam etməkdə idi… Üstəlik də 1950-ci ilin 13 avqustunda Heydər Hüseynovun böyük qardaşı Yaqub Hüseynov həbs olunur. Çıxılmaz psixoloji burulğana düşən Heydər Hüseynov 1950-ci ilin 15 avqustunda ailəsi ilə birlikdə bağ evində olarkən ailəsinin gözündən yayınaraq təkrar intihara cəhd göstərir və həyatla vidalaşır.
 
 

 Əlbəttə, Heydər Hüseynov görkəmli ictimai xadim, istedadlı filosof alim kimi onu sevənlərin qəlbində daim yaşayacaq. M.Bağırovun hakimiyyətdən getməsi, yeni mütərəqqi qüvvələrin Respublikamızın rəhbərliyinə gəlməsi, sonra da totalitar bir rejim olaraq SSRİ-nin dağılması Heydər Hüseynova, onun elmi-fəlsəfi irsinə münasibətin müsbət istiqamətdə dəyişməsinə ciddi təkan verdi. Kommunist ideologiyasının iflasa uğraması, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və suverenlik qazanması tarixi keçmişimizə, milli inkişaf tariximizə, dini, əxlaqi dəyərlərimizə daha müsbət yanaşılması üçün ciddi ideoloji əsaslar yaratdı. Ulu öndərimizin Azərbaycançılıq fəlsəfəsi öz elmi-fəlsəfi sərvətimizə, onu yaradanlara daha qayğı ilə yanaşmağın prinsiplərini müəyyənləşdirməyə imkan yaratdı. Bunların sırasında da böyük filosofumuz hər cür bəraət aldı, əsərləri yenidən çap olunmağa başladı, onun necə deyərlər, "başına bəla açmış” "Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı çox dəyərli və sanballı əsəri ilk dəfə olaraq doğma Azərbaycan dilinə tərcümə olundu, onun haqqında elmi əsərlər, monoqrafiyalar işıq üzü gördü. Böyük alimin 100 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə 2009-cu ildə təntənə ilə qeyd olundu. Bizə məlumdur ki, Heydər Hüseynovun fəlsəfi irsinə dair namizədlik və doktorluq dissertasiyaları yazılmaqdadır. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində fəlsəfəyə dair bir otaq akademik Heydər Hüseynovun adını daşıyır. Hazırda böyük alimin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar elmi tədbirlər keçirilir, bir sıra yeni nəşrlər çapa hazırlanır. Azərbaycan xalqına, elmimizə baş ucalığı gətirmiş dahi alimimizin ruhu şad olsun. O, qəlbimizdə daim yaşayacaq.