Biz imzaları yox, əsərləri dərc edirik...

Xocalı qurbanları İstanbulda silsilə tədbirlərlə anılır
242
25 Fevral 2020, 17:02
 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda törətdikləri soyqırımın 28-ci ildönümü qardaş Türkiyədə də silsilə tədbirlərlə anılır.
 Bununla əlaqədar konfranslar, yürüş və sərgilər keçirilir. Xocalı soyqırımının 28 illiyi ilə əlaqədar anım tədbirlərində iştirak üçün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Milli Qəhrəmanı, polkovnik-leytenant Vahid Quliyev və "525-ci qəzet”in baş redaktor müavini, ədəbiyyatşünas Seyfəddin Hüseynlidən ibarət nümayəndə heyəti də bu günlərdə Türkiyədə səfərdədir. Nümayəndə heyətimiz öncə fevralın 22-də İstanbul Türk Dünyası Araşdırmaları Vəqfini ziyarət edib, türkiyəli ziyalılar, ictimai xadimlər, media təmsilçiləri ilə görüşüb.
 
 

 Emin Həsənli Xocalı soyqırımı ilə bağlı İstanbulda keçiriləcək tədbirlərdən danışıb, görüş iştirakçılarını bu tədbirlərə fəal qatılmağa səsləyib. Seyfəddin Hüseynli Türk Dünyası Araşdırılmaları Vəqfinin Azərbaycan və Türk dünyası üçün önəmindən, dəyərli xidmətlərindən minnətdarlıqla söz açıb, vəqfin qurucusu unudulmaz ziyalı Turan Yazqanı ehtiramla yad edib. Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
 Vəqfə aid Süleymaniyyə kafedrasında Xocalı soyqırımına həsr olunan geniş konfransda isə Türkiyənin hazırda təqaüddə olan yüksək rütbəli hərbçiləri, eləcə də ayrı-ayrı sahələrdə fəaliyyət göstərən nümayəndələr qatılıblar. Kofransda Emin Həsənli, Vahid Quliyev və Seyfəddin Hüseynli soyqırımın dəhşətlərindən, bu qanlı və ağrılı gerçəklərin dünyada və türkdilli ölkələrdə təbliği naminə Azərbaycan dövləti tərəfindən görülən mühüm işlərdən bəhs ediblər. Onlar həm ictimai, həm mədəni qurumların xətti ilə də bu sahədə bir sıra addımlar atıldığını vurğulayıblar. Xocalı soyqırımını əsrin faciəsi adlandıran Emin Həsənli bu barədə həqiqətlərin dünyaya çatdırılması yönündə Azərbaycan dövlətinin davamlı olaraq çalışdığını, tədbirlər həyata keçirtdiyini qeyd edib. O, İctimai qurumların, QHT-lərin də üzərinə bu barədə ciddi vəzifələr düşdüyünü və oların da bu sahədə fəallıq göstərdiklərini bildirib.
 Konfransda nümayəndələrimiz türkiyəli ziyalıların, media təmsilçilərinin Xocalı həqiqətləriylə bağlı suallarına ətraflı şəkildə cavab verib, geniş şərhləri onların diqqətinə çatdırıblar. Azərbaycan nümayəndələri Xocalı həqiqətlərini bir daha dilə gətirmək üçün Türkiyənin önəmli media qurumlarından olan "Bengü TV”-də mövzu ilə bağlı proqramın qonağı olublar. Proqramda onlar Xocalı ilə bağlı fotoları sərgiləyib, soyqırımla bağlı nəşrlərin, qəzet və jurnallarda çıxan yazıların, xəbərlərin nüsxələrini televiziya işçilərinin və onların vasitəsilə tamaşaçıların nəzərinə çatdırıblar. Proqramda Emin Həsənli və Seyfəddin Hüseynli Xocalı soyqırımının mahiyyəti, onun təbliğinin vacibliyi, dövlətin, QHT-lərin və medianın bu yöndəki fəaliyyəti haqqında ətraflı danışıblar. Vahid Quliyev isə Qarabağ savaşı, Xocalı dəhşətləri ilə bağlı xatirələrini bölüşüb.
 
 

 Həmin gün digər bir görüş isə İstanbuldakı Rumeli mədəniyyət və təhsil dərnəyində keçirilib. Özlərinin də bir vaxtlar ayrı-ayrı Balkan ölkələrində məhz türk olduqları üçün zülmə məruz qaldıqlarını, torpaqlarından didərgin düşdüklərini, qovulduqlarını bildirən dərnək rəhbərliyi bu cəhətdən Azərbaycanın dərdlərini, problemlərini, Xocalı soyqırımının dəhşətlərini və səbəblərini anladıqlarını diqqətə çatdırıb. Emin Həsənli türklərin dünyanın bir sıra yerlərində, həmçinin, Balkanlarda və Qarabağda məruz qaldıqları tarixi təzyiqlərdən söz açıb. O, buna qarşı birgə fəaliyyətin əhəmiyyətini qeyd edib, Xocalı soyqırımının dəhşətlərini xatırlayıb.
 Seyfəddin Hüseynli Rumeli adlanan torpaqların Türk dünyasına, başda Atatürk olmaqla bir çox parlaq sima bəxş etdiyini, Azərbaycanda da balkan türklərinə qardaşlıq duyğulartı bəsləndiyini vurğulayıb.
 Qeyd edək ki, nümayəndə heyətimizin Xocalı soyqırımı ilə bağlı İstanbuldakı görüşləri davam edir. Bu səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşib.
 
 Şahanə Müşfiq

Xəbər lenti