Biz imzaları yox, əsərləri dərc edirik...

Xəlil Cübranın “Peyğəmbər” əsəri və onun tərcüməsi haqqında – Zinaida Krasnevskaya yazır
2206
15 Avqust 2019, 10:08
 Artkaspi.az saytı Zinaida Krasnevskaya "Xəlil Cübranın "Peyğəmbər” əsəri və onun tərcüməsi haqqında” yazısını təqdim edir:

 Esse

 (ixtisarla)

 Müəllif: Zinaida Yakovlevna Krasnevskaya. 1947-ci ildə anadan olub. Minsk dövlət xarici dillər pedaqoji institutunu bitirib. Tərcüməçi kimi fəaliyyət göstərir, tərcümə problemlərinə həsr olunmuş bir neçə kitabın müəllifidir.

 ***

 İsa dedi ki, vicdansız peyğəmbər olmur, 
 nə öz vətənində, nə də öz evində.

 İncildən
 
 Dəyərli oxucu! Gəlin, imkansız hesab edilənləri həyata keçirərək sizin kimi mütaliəli və məntiqli oxucuya keçmişdəkilərin "vətəndə peyğəmbər olmayıb” fikrində yanıldığını sübut etməyə çalışaq. Əslində isə sübuta ehtiyac yoxdur! 
 Bu yerdə minnətdarlıq etmək istədiyim bir insan var – gözəl şair, tərcüməçi Yuri Mixayloviç Sapojkov. Y.Mixayloviçə tərcümə etdiyi əsərə – Amerikada yaşayıb, dünyasını dəyişən, əsərlərini ingiliscə yazan Xəlil Cübranın (1883-1931) "Peyğəmbər” poemasının rus dilində virtuozcasına uyğunlaşdırılmasına görə ayrıca təşəkkür düşür. "Peyğəmbər” poeması native-born (yerli) amerikalılar, daha doğrusu ABŞ-ın yerli əhalisi, Yeni İngiltərədən gəlmiş ziyalılar arasında olduqca sürətlə ağlagəlməz populyarlıq qazanıb.   
 Əsəri bu dəfə artıq rus dilli interpretasiyada oxudum. Yazarkən düşündüm. Bu kitab haqqında oxucuya yeni nə söyləyə bilərəm? Axı mən artıq dəfələrlə istər yazılı, istər şifahi, səbəbli, səbəbsiz Y.M.Sapojkovun tərcümə işindən duyduğum heyranlığı elan etmişəm. 
 Lakin sənədli material əsasında qələmə alınmış hər hansı essenin müəllifinin oxucunu seçilmiş mövzuya obyektiv yanaşmağa təlqin etməsini nəzərə alaraq, ziddiyyətli məqamları ilə zəngin X.Cübranın əsərlərinə qarşı subyektiv mövqeyinə diqqət edək. Bu yerdə qeyd etməyə məcburam ki, şəxsən mən poemanın özündə qeyri-adiliyə rast gəlməmişəm. Əsərin əsasında çoxcəhətliliyi ilə günümüzə qədər qorunub saxlanan Qədim əqdlərin mətnlərindən başlamış, Süleyman və Psaltirin pritçalarına, Ömər Xəyyamın rübailəri və ya Hafiz Şirazinin məhəbbət şeirlərinə qədər ədəbi abidələrlə tanış olan, Qədim Şərqin   mədəniyyətini sevən hər kəsə məlum olan tipik şərq meditasiyaları dayanır. Onu da deməliyəm ki, bütün bu zəngin mədəni irs dəfələrlə avropa yazıçıları, şairləri və filosofları tərəfindən yenidən işlənmiş və dəyişdirilmişdir. Bu barədə "Peyğəmbər” kitabının tərcüməsində yazdığım ön sözdə, Cübranın əksər fikirlərinin məsələn, Fridrix Nitşenin məşhur "Zərdüşt belə söylədi” əsərindən analoji nəticələrlə oxşarlığını qeyd etmişəm.
 
 

 Məsələ Nitşe ilə yekunlaşmır. Şərqin avropa ədəbiyyatına təsiri haqqında yazmaq istədiyin zaman onlarla ad, şöhrətli imza, o cümlədən bugün demək olar ki, unudulanlar yada düşür. Burada Monteskyonun "Fars məktubları”, Madlen de Sükderi ilə Volterin fəlsəfi povestləri və Hötenin poetik balladaları, Bayronun coşqun poemaları və Motsartın, Rossini, Bizenin musiqiları, Adan və Minkusun baletləri və Bryullovun, Delakruanın, Semiradın rəsm əsərləri də yer alıb. Maariflənmiş oxucu avropa mədəniyyətində qədimdən ta müasir dövrə kimi oriental motivləri izləyərək bir çox məqamları xatırlaya bilər. 
 Nədənsə, Cübranın poemasının Amerikada deyil, Avropa peyda olsaydı bu cür yüksək rəğbət qazanmayacağına əminəm. Amma Cübran kitabı məhz Amerikada nəşr etdirib və əsər elə əvvəlcədən Yeni Dünyanın aborigenləri üçün nəzərdə tutulub. Bütün fəaliyyət sahələrində insanlığın qarşısında guya öz aşkar üstünlükləri ilə öyünən, amma, əsasən də mədəniyyət və onun mənəvi tərəfləri barədə   slenq vasitəsilə (slenq – müxtəlif sosial qruplarda (professional, yaş və s.) işlədilən xüsusi, yeni mənalı sözlər – X.N.) ifadə etdikdə əslində o qədər də inkişaf etməmiş toplum. Nə qədər də olmasa gənc xalqdır, axıra kimi formalaşmayıb, uşaqlıq olmasa da, ən azı yeniyetməlik dövrünü yaşayır. Bir sözlə, belə çıxır ki, müasir amerikalılar neçə əsrdir ki, Tom Soyer və onun dostu Heklberri Finnin nə zamansa üzdüyü Missisipi sahillərindən uzağa gedə bilməyiblər. 
 Cübran kimi şərq mentallığı ilə zəngin, uzun illər Birləşmiş Ştatlarda yaşayıb işləyən və orada dünyasını dəyişən, çiyinlərində Qədim Şərqin bir neçə minillik mədəniyyətini gəzdirən insanın Qərbdən yaşamaq qaydalarını öyrətmək cəhdində qeyri-adi heç nə yoxdur. Onlar üçün yer kürəsindəki yaşayışlarında hər zaman müraciət edəcəkləri bu cür əxlaq kodeksi nəşr etmək bəzən olduqca sadə, hətta primitivcə hadisədir. Hətta poemanın fəsillərinin adlarında da bu cür metodiki istiqamət gözlənilir. Özünüz düşünün: "Sevgi barədə”, "Nigah barədə”, "Sevinc və kədər barədə”, "Yemək-içmək barədə”, "Alış-satış barədə”  və ardınca "Zaman barədə”, "Gözəllik barədə”, "Ölüm barədə”. 
 Bütün bu sadaladıqlarımdan sonra poemanın amerika kitab bazarında peyda olmasının əsl səs-küy yaratdığını deməyə ehtiyac yoxdur. Kitabın rus dilinə tərcüməçisi Sapojkovun "Tərcüməçidən” başlıqlı qısa təqdimatında yazdığı kimi – "Peyğəmbər”in 1923-cü ildəki ilk nəşri Amerikada 4 milyon nüsxə ilə satılmışdır. İlk nəşrin ardınca çoxsaylı təkrar nəşrlər baş tutmuşdur. Kitab bu gün dünyanın aparıcı dillərinin hamısına tərcümə edilib. Yuri Mixayloviçdən sitat: "Poemanı kolleclərdə tədris etməyə, toylarda və hətta kilsələrdə ondan parçalar oxumağa başladılar. Bu gün amerikalıların, əsasən də altmışıncılar nəslinin nümayəndələrinin hər birinin evində "Peyğəmbər” kitabı var.”
 Maraqlıdır ki, müasir ingilis dilində Xəlil Cübranın əsərlərinin hətta üslubunu ifadə edən xüsusi söz də var: Cübranizm. Axı Cübranın bu cür "nəsr poemalar”ının əksəriyyətini müstəqil, idarəedilməz ritm fərqləndirir – yeri gəlmişkən bunu, tərcümə prosesində olduğu kimi qoruyub saxlamaq olduqca çətindir.
 Beləliklə, ilk baxışdan bayağı məzmunlu, avropalı ziyalıya prinsipcə yeni heç nə ötürməyən kitabın ulduz taleyi bu cürdü: Əlmustafa adlı hansısa peyğəmbərin ömrünün uzun illəri qürbətdə keçmişdir. O, əsrlər boyu həmvətənləri tərəfindən rədd olunaraq təqib edilən, həqiqət uğrunda əzab çəkən və əksər hallarda bu yolda həlak olan peyğəmbərlərin taleyini yaşayır. Bu xüsusda faciəli taleyi bizdən yeddi əsr uzaqda olan əzəmətli, kübar peyğəmbər, italyan, bəxtsiz Dantenin həyatını xatırlamaq kifayətdir. Əbədiyyətlə üzbəüz olduqda bütün bunlar mənasız görünür, deyilmi?
 
 

 Lakin Cübranın peyğəmbərinin bəxti daha çox gətirib. Sürgündə keçən uzun illərdən sonra o, nəhayət ki, vətənə qayıdır. Vida zamanı isə Orfales şəhərinin ona sığınacaq vermiş sakinləri ilə dünyaya baxışı və hayatın mənası, xeyir və şər haqqında düşüncələri, ləyaqət və vicdan, səbr və gözləmək bacarığı, sevgi və nifrətin varlığı, valideynlərin uşaqlarla necə münasibət yaratması, dostluğu qorumaq və zamanı qiymətləndirmək, əsl insanın xoşbəxt olması üçün həzzin nə qədər vacib olması və nəhayət hər bir həyatı mükafatlandıran nəsnə haqqında, ölüm və əsl dünyanı bütün yüksək və əbədi olanlardan ayıran xətti layiqincə keçmək barədə fikirlərini bölüşmək qərarına gəlir. Bir sözlə yaşadığın zaman üçün bu cür məsləhətlərlə zəngin, olduqca müxtəsər və şərq üslubunda qələmə alınmış rəngarəng, insanlığın mövcud olduğu müddətdə çoxəsrli müdrikliyin özünəməxsus mükəmməlliyi. Amma sözsüz ki, coşqun, aydın, həqiqi səmimiyyəti ilə ruha bağlı olan poeziyanın da rolu əvəzsizdir.
 Əlvida, Orfales xalqı
 və sizin aranızda ötüb-keçən gəncliyim.
 "Peyğəmbər”in final sətirlərini oxuduğum zaman daxilən Bayronun "Vida” "FAREWELL” şeirinin aşağıdakı sətirlərini xatırlayıram. Bu nəhəng şeirin Mixail Yuryeviç Lermontovun əvəzsiz tərcüməsində bir neçə sətrini qeyd edirəm:

 Bağışla! Səmaya doğru yol alıb
 İnsanların duaları.
 Mənim duam da orda olacaq
 Uçacaq onların arxasınca.

 Qarşımda isə digər şair Yuri Mixayloviç Sapojkovun tərcüməsində qələmə alınmış sətirlər dayanıb. Bu hadisənin xoşbəxtliklə nəticələnməsi haqqında düşünürəm. Görünür ki, Xəlil Cübranın əsəri tərcüməçinin qəlbini fəth edib. Daha dəqiqi o, bu poemanı Birləşmiş Ştatlarda staj keçdiyi zaman ilk dəfə məhz ingilis dilində oxuyub və ona sadəcə olaraq aşiq olub. Bunu Yuri Mixayloviç Amerikadan qayıtdıqdan sonra əsərə heyranlığı haqqında fikirlərini bölüşərkən söyləmişdi. Cübranın "Peyğəmbər” kitabını (Sapojkov onu "nəhəng poema” adlandırırdı) ona kolleqası, məşhur amerika şairi Marion Penni Pendeqraft hədiyyə etmiş, bununla da Yuri Mixayloviçin "Tərcüməçidən” ön sözündə yazdığı kimi məşhur livanlının yaradıcılığı ilə tanışlığına səbəb olmuşdur. Digər amerikalı, sənətşünas Erik De Karpo isə uzaq Belorusiyadan gəlmiş qonağa məmnuniyyətlə müasir ingilis dilinin mürəkkəb nöqteyi-nəzərincə mətnin mənası və dilindəki qəlizlik barədə bəhs etmişdir. Hər iki şəxs şair Sapojkovun "Peyğəmbər” poeması ilə tanışlıq tarixçəsi haqqındakı qısa nitqində yazılı minnətdarlığa layiq görülmüşlər. 
 Yuri Mixayloviçin öz ilham pərisi olan dəyişkən "xanımı” yad poeziyanın çöllərində gəzməsinə izn vermədən idarə etməsi məndə xüsusi heyrət yaratdı. Axı şairlər... Onlar ehtiyatla ifadə etsək, qəribə insanlardır. Onlardan əksəriyyəti tərcümə etdikləri əsərin yelkənini öz poetik ladına salır, orijinaldakından tamamilə uzaq yaradıcı fantaziyalarına kökləyir. Amma Sapojkovun tərcüməsi fərqlidir. Burada hər bir söz poetik tərəzidən keçmiş, Cübranın yazdığına maksimal dərəcədə uyğunlaşdırılmışdır. 
 
 

 Bu da az qala hərfi tərcümənin ustadın əlində kiçik şedevrə çevrilməsini təsdiq edən nümunələrdən biri, "Sevgi barədə” fəslindən kiçik sətir:
Sükut çökdü və o səsini ucaltdı. 
 Amma bütün hallarda öz şeiriyyatı Yuri Mixayloviç Sapojkov üçün tərcümə işində əvəzsiz dayaq olub. "Zaman barədə” fəslindən bu mülahizələrə fikir verək:

 Hər duyğuda əbədiyyət var. 
 Bizə həyatın əbədi olduğunu təlqin edir.
 
 Dünən – bugün üçün xatirədir
 sabah isə bugünün arzusu.

 Sözügedən tərcümədən sonsuz misallar çəkmək olar. Elə "Nigah haqqında” fəslindəki bu sətirlər kimi:

 Şənliyə qəlbinizlə qatılın,
 Amma özünüz olaraq qalın yenə də.
 
 Ya da "ev barədə” fəslindəki bugün üçün aktual müşahidə:

 İnanın, rahatlıq həvəsi
 əvvəlcə ruhunuzu öldürəcək
 sonra, irişərək gedəcək cənazənizin ardıyca.
 
 Və ya "Dərketmə fəslində”ki bu sətirlər necə:
 Fikrinizdə qaynayan hər şeyi
 Söz vasitəsilə dərk edirsiz.

 İncilin məşhur "Əvvəlcə Söz vardı, Söz Tanrının idi və Söz Tanrı idi” başlanğıc cümləsi ilə həmahəng deyilmi?
 Bu da əsərdəki final sətirlər:

 Qoy bir az da əssin külək,
 tanımadığım bir qadın
 Aparacaq məni başqa dünyaya. 
 
 Etiraf edim ki, "Peyğəmbər” əsərindən bu kimi sitatları seçib böyük məmnuniyyətlə ayrıca toplu halında nəşr edər və kitabı: "Xəlil Cübranın "Peyğəmbər” əsərindən Y.M.Sapojkovun tərcüməsində 100 qanadlı ibarə” adlandırardım. Mənə belə gəlir ki, toplu bütün dünyaya səs salardı. Çünki əksər insanlar məsələn, Labryuder və ya Laroşfukonun mənəvi fikirlərini böyük məmnuniyyətlə oxuyurlar. Cübran niyə olmasın? Ya da Sapojkov? Bir sözlə, müasir naşirlərə ideya təklif edirəm. Bəlkə ağıllarına batdı. 

 Mənbə: zviazd.by
 
 Rus dilindən tərcümə edən: Xatirə Nurgül