Biz imzaları yox, əsərləri dərc edirik...

“Vətənim Azərbaycan” respublika uşaq rəsm müsabiqəsinin seçimləri başa çatıb
546
25 Yanvar 2021, 11:37
 Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Könüllülər ili” çərçivəsində "Vətənim Azərbaycan” adlı respublika uşaq rəsm müsabiqəsinin seçimləri başa çatıb.
 
 

 AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycanı gənc nəslə tanıtmaq, bugünkü Vətən müharibəsində həmrəylik və birliyimizin qorunmasını, həmçinin vətən uğrunda fədailik və şəhidlik zirvəsinə yüksələnlərin qəhrəmanlığını tabloda tərənnüm etmək, gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilib.
 Seçim 12 yaşa qədər, 12-17 və 17-21 yaş kateqoriyası üzrə keçirilib. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçilib. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb. Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzində nümayiş ediləcək.
 Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Müsabiqəyə AZƏRTAC da media dəstəyi verib.