Biz imzaları yox, əsərləri dərc edirik...

Çində qocalar evi – Lao Manın hekayəsi
436
13 İyul 2018, 08:13
 Artkaspi.az Lao Manın "Şəhərkənarı villa" adlı hekayəsini təqdim edir:
 
 Keçən ilin may ayında mən  Kanadaya simpoziuma getmişdim,  Vankuverdə bir neçə gün qalmalı oldum.
Heç bir işim olmadığına görə  Kanadaya köçüb gəlmiş bir tələbə yoldaşıma zəng etdim. 
 O mənim zəngimdən xoşhal oldu, məni evinə dəvət etdi. Mən onun telefondakı canfəşanlığından lap kövrəlmişdim, onun dəvətini tez qəbul etdim.

 
 
 Heç yarım saat keçmədi ki, keçmiş tələbə yoldaşım qaldığım otelin girişində məni gözləyirdi.  Bir-birimizin əlini sıxıb görüşəndə, qucaqlaşanda hər ikimiz çox həyəcanlı idik. Sonra zarafatla bir-birimizi yumruqladıq.  Bu vaxt otelin girişindən gəlib-keçən bütün qonaqlar bizə çəpəki baxırdılar.  Otelin sarışın qapıçısı soruşdu: 
 – Tayvanlısınız? 
 Mən ona  tərəf dönüb təbəssümlə dedim:
 – Yox! Yox! Mən Pekindənəm.
 Mənim keçmiş tələbə yoldaşım məni maşınında evinə apardı.
 Yol boyunca o başına gələn maraqlı hadisələrdən danışırdı. Onun davranışı, üz ifadələri, səsinin tonu və intonasiyasından müəyyənləşdirdim ki, vəziyyəti yaxşıdır, sanki o cənnətdə yaşayır.
 O əvvəlcə Birləşmiş Ştatlarda oxumuşdu, sonra isə Avstraliyaya getmişdi, sonralar isə kvalivikasiyalı emiqrant kimi Kanadaya köçmüşdü. Bu, onun lap çoxdankı arzusu idi.  Universitetdə oxuyan vaxtlarda o Çini tərk etmək üçün hər şeyə hazır idi, gecə-gündüz TOEFL əzbərləyirdi, qarşısına məqsəd qoymuşdu ki, xarici ölkələrə getsin. Başqa  tələbə yoldaşlarımız onu ələ salanda o çox hirslənirdi. O hətta dişlərini qıcayıb bizə belə demişdi: 
 – Gözləyin, hər şeyi görərsiniz! Mən hər şeyi gələcəkdə sübut edəcəm! 
 Məni həmişə bir şey maraqlandırırdı ki, görəsən o nəyi sübut etmək istəyir. Görəsən o düşündüyü "hər şey”-ə nələr daxildir?  Birləşmiş Ştatlarda oxuyanda o bir dəfə  Pekinə gəlmişdi, bəzi tələbə yoldaşlarımızı qonaq çağırmışdı, ancaq o istədiyi nəticəni almadı.  Həmin vaxtlarda xaricə getmək nadir hadisə sayılırdı. Xarici ölkələrə gedib qayıdan çinlilər özlərini başqalarından üstün tutur, köhnə tələbə yoldaşlarına yuxarıdan aşağı baxırdılar. Mənim bu tələbə yoldaşım Universitetdə oxuyanda başı yalınız ingilis dilini öyrənməyə qarışdığından tələbə yoldaşlarıyla elə sıx münasibəti yox idi. Nəticədə, onun dəvətini üç, ya dörd nəfər qəbul etdi ki, mən də onlardan biri idim. 
 Amerikada təhsil alanda o dərsdən sonra işləyirmiş, oradakı ağır işindən həzz alıb altı il orada qalır. Təhsili bitirib bir neçə il də qab yuyan işlədikdən sonra o işini dəyişmək üçün Avstraliyaya gedir. Orada maşın yumaqla məşğul olur, həm də hərdənbir turist bələdçisi kimi çalışır. Çindən gələn nümayəndə heyətini görməli yerlərə aparır, onların yükünü daşıyır, kirayə ev tapmaqda onlara yardımçı olur və sair.  Bu yolla Çinlə Avstraliya arasında iqtisadi, mədəni və təhsil mübadiləsinə öz töhfəsini verir.  Bir neçə il keçəndən sonra o Kanada miqrasiya siyasətinə qoşulur və  tədricən Vankuverdə məskunlaşıb şirkətdə işləyir.
 İndi o deyirdi ki, fantastik bir həyat yaşayır. Deyirdi ki, yaxşı işin olması hər şey deməkdir.
 O ev almışdı, dediyinə görə belə bir ev Çindəki şəhərkənarı villaya bərabər idi. Faktiki olaraq o məni indi villasına aparırdı.
 Bir saat maşınla yol gedəndən sonra axır ki, onun villasına çatdıq. Bu, şəhərdən aralıda gözəl dizaynı olan bir ev idi.  Ətrafda hər tərəfdə iki mərtəbəli evlər sıralanmışdı.
 Tələbə yoldaşımın arvadı evdar qadın idi, bütün günü evdə qalıb uşaqlarla məşğul olurdu.
 Çində universiteti qurtarandan sonra onlar evlənmiş, sonra o da əriylə birgə Kanadaya gəlmişdi.
Bu cütlük məni evin aşağı və yuxarı mərtəbəsi ilə əməlli-başlı tanış etdi. Həm ev, həm də evin yerləşdiyi yer çox gözəl idi, evi görəndə mən də çox təriflədim, heyranlığımı bildirdim.
 Həm o, həm də arvadı çox xoşbəxt idi, məni yerli pivəyə qonaq etdilər.
 Bir neçə saat orada qalandan sonra getməyə hazırlaşdım. Bu vaxt tələbə yoldaşımın təxminən səksən yaşlı atası əlimdən tutub dedi:
 – Olarmı mən də sizinlə gedim?
 Mən təəccüblə soruşdum: 
 – Siz hara getmək istəyirsiniz? 
 – Vətənə getmək istəyirəm. Vətən üçün çox darıxıram. 
 Danışanda qoca kişinin dodaqları əsir, gözlərinin içində yaş parlayırdı.
 – Nə? Vətənə qayıtmaq? Sən nə danışırsan? Bu villa sənin vətənindir! – tələbə yoldaşım atasının üstünə qışqırdı.
 – Yox... Mən geriyə, Çinə qayıtmaq istəyirəm! 
 Qoca kişi indi həyəcandan kəkələyirdi.
 – Ata, bunu unut! Bir gör, bura nə qəşəng yerdir! Çində sənin qayğına kim qalacaq? Burada dağlar yamyaşıldır, su da dupdurudur. Burada mavi səma, ağ buludlar var.  Ev böyükdür, buranın havası da təmizdir. Bura əladır! – gəlini kişini yola gətirməyə çalışırdı.
 – Ah, – qoca kişi dərindən ah çəkib mızıldandı: – Hə, hər şey gözəldir, mənzərə çox gözəldir, amma həyat cansıxıcıdır! 
 Mənim üçün onu Çin aparmaq qeyri-mümkün idi. Tələbə yoldaşım onu sakitləşdirdi,  dedi ki, növbəti şansı gözləsin.
 Qoca kişi gözlərini ümidsiz-ümidsiz mənə zillədi, onun baxışları ürəyimə tikan kimi batırdı.  Ah, vətən həsrəti nə yaman olurmuş! 
 Bir neçə ay keçəndən sonra tələbə yoldaşım mənə zəng etdi, Çində olduğunu dedi. O dedi ki, mən Kanadadan  qayıdandan sonra atası  möhkəm xəstələnib, iki həftə xəstəxanada yatıb. O xəstə yatanda yalnız ikicə sözü təkrar edirmiş: "Vətənə  get.. vətənə get.. vətənə get”. 
 

 
 Tələbə yoldaşımın başqa heç bir çıxış yolu olmur, atasını Çinə gətirir, onu  Çində qocalar evinə yerləşdirir. Ata oğlundan ayrı yaşaya bilir, amma vətənsiz yaşaya bilmir. İndi tələbə yoldaşım atasından mənə şikayət edirdi.
Mən ona dedim ki, insan təkcə təbiətin məhsulu deyil, o həm də sosial, mədəni varlıdır.  Heç bilmirəm tələbə yoldaşım telefonda ona dediklərimi eşidə bilirdi ya yox.
 Qoca kişinin şikayətləri hələ də qulağımda əks-səda verirdi: "Hə, hər şey gözəldir, mənzərə çox gözəldir, amma həyat cansıxıcıdır!”
 Bunu xatırlayanda həmin şəhərkənarı villa gözlərim önündə canlanır.
 

İngilis dilindən tərcümə etdi:  Sevil Gültən