Biz imzaları yox, əsərləri dərc edirik...

Vəsiyyəti “oğlumu vətənpərvər böyüt” olan şəhid
276
09 Yanvar 2021, 16:08
 Kamil Şixmuradovun vətən sevgisi də kamil idi 
 
 Sentyabrın 26-da başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan xalqının, Azərbaycan ordusunun tarix kitabına qızıl hərflərlə yazılacaq qələbəsi ilə yekunlaşdı. Bu qələbə minlərlə qəhrəman döyüşçümüzün, qazimizin, şəhidimizin bizə ərməğanıdır. Biz bu sevinci, bu qüruru, bu başucalığını onlara borcluyuq. Qarşısında özümü borclu bildiyim Vətən uğrunda şəhid olanlardan biri də Şixmuradov Kamil Şixəmməd oğludur. O, 1978-ci il dekabr ayının 25-də Xaçmaz rayonunun Xudat şəhərində anadan olub. 1994-cü ildə Xudat şəhərində 3 nömrəli orta məktəbinin 9-cu sinfini bitirərək Xaçmaz rayon peşə liseyinə daxil olmuş və 1997-ci ildə həmin liseyin "rəngsaz-suvaqçı" peşəsi üzrə tam kursunu bitirib. 1997-ci ilin iyul ayında SHXÇDX Xaçmaz rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
 
 

 1997–1999-cu illərdə Naxçıvan MR-da N saylı hərbi hissədə sürücü-elektrik, 1999-cu ilin fevral-iyul aylarında 216 nömrəli hərbi hissədə atıcı vəzifəsində müddətli həqiqi hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Dəmir Yollarının Təhlükəsizlik Xidmətinin Yalama Yüklərin və Obyektlərin Təhlükəsizliyi komandasında atıcı vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin 342 nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olaraq "mühəndis-istehkamçı" ixtisası üzrə manqa komandiri və taqım komandirinin müavini-manqa komandiri kimi xidmət edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə, komandalıq tərəfindən baş çavuş hərbi rütbəsi verilib. Şəhidimiz, həmçinin 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub, Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Bununla əlaqədar general-mayor Mais Bərxudarov tərəfindən mükafatlandırılıb.  2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibəti ilə "Azərbaycan Ordusu 1918-2018" yubiley medalı ilə təltif edilib.
 
 

 General-mayor Mais Bərxudarov və Milli Qəhrəman, polkovnik Şükür Həmidovun rəhbərlik etdikləri hücum istiqamətində ön sıralarda hücuma keçən birlik və birləşmələrin önündəki mina sahələrindən və möhkəmləndirilmiş maneələrdən keçidlər açaraq öz vəzifə borclarını layiqincə yerinə yetirib. Şəhidimizin keçdiyi ömür yolu, taleyi, qəhrəmanlıq gündəliyi ilə tanış olmaq üçün ailəsi ilə söhbətləşdim. Anası Şixmuradova Sürəyya xanım oğlundan əsl azərbaycanlı qadın, şəhid anası kimi böyük təmkin və səbirlə danışdı: "Kamil çox istiqanlı uşaq olub. Heç vaxt məni incitməyib. Xasiyyəti çox mülayim idi. Bir dəfə də olsun heç kimə acıqlanmadı, səsini qaldırmadı, xətrinə dəymədi. Gülərüz, xoşxasiyyət idi. Hamı da onun xətrini çox istəyirdi. Qardaşı uşaqları ilə əmi kimi yox, dost kimi davranırdı. Uzaqda olmağına baxmayaraq, ailəsinə, uşaqlarına çox bağlı idi. Hər gün danışırdı, hal-əhval tuturdu. Artıq müharibənin qızğın vaxtında, əlbəttə ki, hər gün danışmaq mümkün deyildi. Çox narahat olurdular. Sonuncu gün düz otuz dəfə zəng vurdular, nömrəsinə zəng çatmadı. Elə ümidli idilər ki, zənglərdən birində şəbəkə tutar, danışarlar.  İndi yanımdadırlar. Ataları ilə fəxr edirlər. Çalışırıq ki, başlarını nə iləsə qataq, imkan verməyək ki, çox darıxsınlar. Nə etmək olar? Kamil şəhidlik üçün seçilmişdi. Öz də elə bu yolu seçmişdi.
 
 

 Birinci Qarabağ müharibəsi dövründə 12-13 yaşı vardı. Müdafiə Nazirliyi səfərbərlik elan etmişdi, o zaman. Kamil də sinif yoldaşı ilə birlikdə evdə demədən çıxıb getmişdi Bakıya. Orda onları qəbul etməyiblər ki, uşaqsız, yaşınız çox azdır. Kamil deyib ki, heç olmasa əsgərlərə silah danışmağa, güllə daşımağa kömək edərik, onu ki bacararıq. Aparmamışdılar. Biz də burda narahat olmuşduq ki, bu uşaqlar hardadır. Bir də baxdıq ki, Bakıdan qayıdıblar. Kamil o qədər məyus olmuşdu ki. Torpaq onun üçün müqəddəs idi, uca idi. Kitab oxumağı çox sevirdi, xüsusən də,  tarixi və hərbi mövzuda olan kitabları oxuyurdu. Üç uşaq idilər, tez-tez dava-dava oynayırdılar. Həmin uşaqlardan ikisi böyüdü, hərbçi oldu.  O birilər ortaboyludur. Amma Kamil ucaboylu idi. Həmişə qardaşları zarafatla deyirdi ki, Kamilə xüsusi qulluq edibsən, ona ayrı yeməklər veribsən ki,  ucaboydur. Deməli, balamın boyu kimi, özü də ucalığa – şəhidlik zirvəsinə qalxmalı imiş.
 
 

 Böyüklə böyük, kiçiklə kiçik...

 
 Yoldaşlıqda, dostluqda da çox etibarlı, sədaqətli olub. Hamının dərdinə qalıb, hamının hayına yetib. O bir söz var e, deyirlər ki, böyüklə böyük olub, kiçiklə kiçik, bax, Kamil də elə insan idi.  Orda – hərbi hissədə xidmət zamanı da  yaşca o birilərindən böyük olduğundan, həmişə özünü qabağa verib. Yoldaşları danışır ki, hamı ilə bir-bir maraqlanırdı. Hamının halını soruşurdu. Çox həssas idi, diqqətli idi.

 

 Sonuncu dəfə məzuniyyətə gələndə dedim ki, ay oğul, uşaqların atası yanlarında gərək. Çıx gəl daha. Böyüyürlər, səni istəyirlər, burda ol, yanlarında ol. Gözlərimə baxdı, dedi ki, məni sən belə tərbiyə edibsən.  Oğlumu da mənim kimi vətənpərvər böyürdərsən. Uşaqlarım sənə əmanətdir. Dedi və getdi. 
O, qəribə uşaq idi. Onunla danışanda mən həmişə rahatlıq tapırdım. Səsi, danışığı, təmkini mənə xüsusi bir sakitlik verirdi. Onunla danışan kimi, elə bilirdim ki, vəssalam, hər şey yaxşı olacaq. Onun elə gözəl yaxşı energetikası vardı, adama ruh yüksəkliyi ötürürdü.
 

 
 Sonuncu dəfə onunla görüşə gedəndə oğlunu da aparmışdıq. Uşaq baxdı-baxdı ona, dedi ki, ata, mən də hərbi forma istəyirəm. Atam kimi olmaq istəyirəm. O da elə Beyləqanda onun üçün hərbi geyim sifariş etdi. Özünə qismət olmadı, təəssüf ki. Gətirib geyindirə bilmədi, görə bilmədi balasını həmin o formada. Dostları sağ olsun, götürüb gətirdilər, uşağa geyindirdilər.  Əminəm ki, o gördü, o hiss etdi bunu, ruhu şaddır.

 Müharibə başlayanda Bakıda gözümdən əməliyyat olunmuşdum. Çox da tez-tez zəng vurmurdum. Gecə vaxtı telefonda o biri oğlum Mehmanla danışanda eşitdim ki, deyir anam bilməsin. Düzü, içimə bir narahatlıq gəldi, amma heç nə soruşmadım. Səhər xəbərlərdə  eşitdim ki, müharibə başlayıb. Başa düşdüm ki, elə bunu deyirlərmiş. Əməliyyatdan çıxmışam deyə, oğlum fikir eləməyimi istəməyib.  Düzü, gözlərim doldu, kövrəldim. Oğlum da dedi ki, ana, ağlama, hər şey yaxşı olacaq. Özümü birtəhər ələ aldım. Fikirləşdim ki, hərbçidir də, hərbçi olan, müharibədə də olmalıdır. Həmin gün də yığışıb şəkil çəkdiriblər və gediblər Cəbrayıla. Aradabir danışırdıq, heç vaxt heç nədən şikayət etmirdi. Deyirdi, hər şey yaxşıdır, irəliləyirik. Mən ondan nigaran idim, yeməyini-içməyini soruşurdum, o isə "burda hər şey çox yaxşıdır – yeməyimiz də var, içməyimiz də, sən özündən muğayat ol, özünü soyuğa vermə" deyirdi. Yəni o vurhavurda da məni, ailəsini düşünürdü. Döyüşlər gedən müddətdə bir dəfə də olsun çətinlikdən, sıxıntıdan danışmadı. Elə hey deyirdi ki, hər şey yaxşıdır. Qələbəyə, torpaqlarımızın işğaldan azad olunacağına inamı sonsuz idi. Deyirdi ki, az qalıb, tezliklə qələbə qazanacağıq. Heyf, özü bu günləri görmədi.

 

 Bir də o çox təmizkar idi, səliqə-sahman sevərdi. Orda da – o topun-tüfəngin altında da təmizliyə, sahmana riayət edirdi.  Bizə danışdılar ki, öz işilə yanaşı, yaralıları da daşımağa kömək edib deyə, üst-başı da qanlı olurdu. Sonuncu gün də Beyləqanda çimib-yuyunub, yeni hərbi geyim geyinib, gedib ön cəbhəyə. Elə həmin geyimdə də şəhid olub. Dediyim kimi, təmizliyə çox fikir verirdi. Bir dəfə zəng vurdu ki, yağışlar yağır, üst geyimim yaş olur, narahat oluram. Yuyub-qurutmağa da vaxt tapmırıq. İslanmayan, plaş materialında üst geyimi istədi. Hələ bunu da vurğuladı ki, təkcə özüm üçün istəmirəm ha, yoldaşlarım üçün də istəyirəm.  Qardaşı da burda aldı, hamı üçün apardı. O elə idi, heç vaxt təkcə özünü fikirləşməzdi. O, çox ehtiyatlı, çox diqqətli idi. Mən inanmazdım ki, ona bir şey olar. Mina təmizləmə əməliyyatlarında bir dəfə də olsun, əlində mina partlamamışdı. Qismət... yanına mərmi düşüb, şəhid oldu balam..."
 
 
 
 Biz getdik...
 
 Qardaşı - ehtiyatda olan polkovnik-leytenant Şixmuradov Mehman Şixəmməd oğlu deyir ki, hərbi xidmətə getməyinin səbəbkarı mən olmuşam. Bizə  qardaşı ilə bağlı xatirələrini, Kamilin şəhidlik zirvəsinə aparan hərbi yolundan danışdı: "2014-cü ildə Beyləqanda xidmət edirdim. Həmin il MAXE-lərin orduya kütləvi qəbulu başladı. Cənab Prezidentin göstərişi ilə ordunu professional səviyyəyə çatdırmaq üçün belə bir işə başlanıldı və elan olundu. Həmin dövrdə də mən nizami hissədə çalışırdım. Kamil və iki dayım oğlu komissarlığa müraciət etdilər və hərbi xidmətə başladılar. Elə oldu ki, apreldə onlar gəldi, may ayının 19-da mən təyinatla Bakıda - Silahlı Qüvvələrin Baş Qərargahında xidmətimi davam etdirməli oldum. Amma orda mənimlə çiyin-çiyinə xidmət göstərən zabitlərlə əlaqə saxlayır, Kamili soruşurdum. O, mənə həmişə başucalığı gətirdi. Heç bir dəfə də olmadı ki, adımdan, rütbəmdən istifadə etsin, hardasa özünü gözə soxsun, ya arxada gizlənsin. Əksinə, o, sanki mənə görə daha da məsuliyyətlə yanaşırdı bu işə. Mən onunla fəxr edirdim. Hər dəfə xoş xəbərini, xoş sədasını eşidəndə ürəyim dağa dönürdü. Komandirləri heç vaxt ondan şikayətçi olmadı. Mən ondan ötrü bir dəfə də olsun heç kimə ağız açmadım, heç kimdən heç nə xahiş etmədim. İstəmirdim ona mənə görə hörmət etsinlər. Hörməti özü qazanmışdı orda. Çox məsuliyyətli olduğundan, ən ağır, ən çətin işlərə təyin olunurdu. Özü də elə buna can atırdı. Yuxarı qərargahda çalışan bir adam kimi həmişə onunla fəxr etmişəm. Onun yüksək xidmətinə görə mənə təşəkkür edəndə, deyirdim ki, onun işidir, onun vətənə  borcudur.
 Gələndə də manqa komandiri kimi gəldi. Kiçik çavuş idi. İki il sonra Aprel döyüşlərində xidmətilərinə görə baş çavuş oldu. İlk gündən də Lələtəpə uğrunda gedən döyüşlərdə yaxından iştirak edib.  Döyüşlərdən sonra da istehkamların qurulması, ərazinin minalardan təmizlənməsində şəxsən iştirak edib, zəhməti çox olub. Buna görə, general-mayor Mais Bərxudarov tərəfindən müvafiq şəkildə mükafatlandırılıb.

 

 Sentyabrın 26-da, axşamüstü mənə şəkillər göndərdi, yazdı ki, qardaş, biz getdik... Mən başa düşdüm ki, bunlar döyüşə gedir. Gündüzlər zəng vurmurdum, gərgin işləyirdilər. İmkan olanda danışırdıq. Füzuli rayonunun Alxanlı kəndində idi ermənilərlə təmas xətti. Elə ordan başlamışdılar. Mühəndis-istehkam qoşun növü elə bir qoşun növüdür ki, onlar olmadan nə xüsusi təyinatlılar, nə kəşfiyyatçılar  hücuma keçə bilər. Birinci bunlar ərazini minalardan təmizləyib keçid açmalıdırlar ki, qabağa getmək mümkün olsun. Kamil xidmət etibarı ilə ən ağır xidmət keçib, ən ağır döyüşlərdə iştirak edib. Çünki  aprel döyüşlərindən sonra ermənilər istehkamlarını daha da möhkəmləndirmişdilər. Beton sədlərdən öncə torpaq sədlər qaldırılmışdı. Bunu bizim tankların, texnikaların önə keçə bilməməsindən ötrü etmişdilər. Kamilgilin dəstəsi həmin ərazini minalardan zərərsizləşdirəndən sonra ilk keçid açılıb. Füzuli alınandan sonra Cəbrayıla gediblər. Hərdən danışırdıq, hər şeyin yaxşı olacağını deyirdi, qələbəyə inanırdı. Noyabrın 1-də Qubadlıda Həkəri çayının sahilində, Sarıyataq kəndində idi. Laçına doğru qoşunlarımızın içəriyə keçə bilməsi üçün alternativ yol açırdılar.

 
 Su götürmək üçün bir az aralanıb və...

 
 Noyabrın 6-da Qubadlı-Laçın istiqamətində gedən şiddətli döyüşlər zamanı, düşmən arxasına sızmağa çalışan kəşfiyyat qruplarına keçid açdıqdan sonra ara bir az sakitləşib. Kamil suzuyub. Olduğu yerdən su götürmək üçün bir az aralanıb. Və həmin vaxt məruz qaldıqları düşmənin artilleriya atəşi nəticəsində aldığı ağır xəsarətlərdən döyüş meydanında qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Mən Bakıda idim,  zəng vurdular. Sanki xəbəri bilib-bilmədiymi yoxlamaq istəyiblər. Amma deməyə ürək etməyiblər.  Zabitlərdən biri, axır ki, özündə cəsarət tapıb zəng vurdu, amma onun da deməyə dili gəlmədi.  Səsindən, danışığından başa düşdüm ki, Kamili itirmişik. O 40 gün ərzində mən də artıq psixoloji olaraq hər şeyə hazır idim. Özüm də hərbçiyəm, bilirdim ki, hər şey ola bilər. O biri qardaşım – Rafael rayonda hazırlıq gördü, evdəkilərə də bu xəbəri çatdırmaq onun boynuna düşdü. Mən isə qaynımla Füzuli diaqnostika mərkəzinə getdim. Kamili özümüz tanıdıq. Beyləqanda "Peyğəmbər" məscidində yuyulub, kəfənləndi. Noyabr 7-də Xaçmaz rayonunun Fərzəlioba kənd qəbiristanlığında sonuncu yolçuluğuna uğurlandı.  Mən fəxr edirəm ki, qardaşım hərbi xidmətini layiqincə, kişi kimi başa vurub. Vətənə borcunu Şərəflə, vicdanla yerinə yetirib".
 Qeyd etmək istəyirəm ki, şəhid Şixmuradov Kamil Şixəmməd oğlu ölümündən sonra "Azərbaycan bayrağı” ordeni və "Qubadlının azad olunmasına görə" medalı ilə də təltif olunub.
 
 Xanım Aydın
Xəbər lenti