Biz imzaları yox, əsərləri dərc edirik...

Cənnət və gözəllik fədaisi – Məmməd Qocayev
160
11 İyul 2018, 14:50
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Cənnət və gözəllik fədaisi" adlı esseni təqdim edir:
 
 Yazıçının şəkillərinə baxıram. Çox hüznlü sifəti vardır. Sanki bütün həyatı boyu bu adamın bir dəfə də olsun üzü gülməmişdir. Amma onun bir şəkli var, orada dodaqlarında xəfif bir təbəssüm ilişib qalmışdır. Bu, onun ölüm yatağında çəkilmiş şəklidir. Ömrü boyu qan ağlayan bu sima bu dünyadan o dünyaya incə bir təbəssüm payı aparıb gedir.
 

 
 Görəsən bu təbəssüm nə deməkdir, ölüm ayağında onu yaradan duyğu haradan peyda olmuşdur? Bəlkə hüznlü mütəfəkkir əzab-əziyyətlərdən qurtararaq sevinib gülümsünür. Axı həyat, Dostoyevskinin dediyi kimi, toy-bayram deyil, faciədir, daha dəqiq desək, həmişə toy-bayram deyil, əksərən faciədir, xüsusən də onun mahiyyəti barədə dərindən düşünənlər üçün. Amma təbəssüm düşüncədən deyil, təhtəlşüurdan gələn bir nəsnədir. Onun kökləri insan ruhunun dərinliklə­rindədir. Deməli, ölüm ayağında nəsə yazıçı ruhunun alt qatının açılmasına səbəb olub. Yəqin ki, bu belədir. Bəs onda bu səbəb nədən ibarətdir? 
 Dostoyevskinin özünün də dəfələrlə təsvir etdiyi bu psixoloji vəziyyət, onun şəxsi müşahidəsinə görə, epilepsiya tutmaları başlayan anda da baş verir və onda da elə bir keçid məqamı yaranır ki, insan sanki vücudun məngənəsindən azad olaraq ruha qovuşur. Bu an, yazıçının qeyd etdiyi kimi, son dərəcə əzablı, həm də nəşəli bir andır. Əzablıdır, ona görə ki, bu məqamda vücud ağrılı şəkildə dəf olunur, nəşəlidir ona görə ki, ruh bir növ saflaşır. Yəqin ki, belə bir an insanın həyatdan ölümə, bu dünyadan o dünyaya keçdiyi məqamda da baş verir, yəni ruh vücuddan azad olur və əbədiyyətə qovuşur. Bax, məhz bu, həyatdan, vücuddan qurtulub, ölümə, ruha tapınmaq anı nəşəli bir an kimi həmin o sehirli təbəssümü yaratmışdır. Bəlkə də insanların cənnət haqqındakı təsəvvürləri elə bu anın sehrindən və şirinliyindən yaranmışdır. Varlıqdan yoxluğa keçid məqamının şirinliyindən yaranmışdır. İnsanın dünyaya gəlişi də, dünyadan köçməsi də işgəncələr içində baş verir. Amma gəliş cənnətdən işgəncələr dolu dünyaya düşməkdirsə, gediş işgəncələr dolu dünyadan cənnət deyilən əbədi bir səadətə qovuşmaq deməkdir.
 İnsan yoxluqdan (yəni cənnətdən) gəlib varlığa (yəni yer üzündəki həyata) düşür. Bu gəliş də əzablıdır, sonrakı həyat da, həyatdan köçmək də. Gəlişdən əvvəlki dövr isə, o cümlədən insanın ana bətnindəki həyatı, cənnətdir. Orada nə isti var, nə də soyuq, nə qidalanmaq qayğısı var, nə də yıxılıb əzilmək qorxusu. Bütün bunları insan bu dünyaya gələndən sonra hiss edir. Hər şeydən əvvəl onu incidən şey isə onun ciyərlərinə dolan havadır ki, bu da körpə tərəfindən bir qışqırtı ilə qarşılanır. Cünki hava ciyərləri ağrıdır. Dünyaya gəlmiş körpə cənnətdən qovulmuş Adəmə bənzəyir. İnsanın cənnətdən gəlib cənnətə də gedəcəyi ideyası, çox güman ki, bax bu iki duyğu əsasında – doğuluş və ölüm anında hiss olunan duyğular əsasında yaranmışdır. Odur ki, ən əzəli bir mif kimi cənnət əhvalatı ana bətnindən başlayaraq insanın ölümü ilə yekunlaşır.
 

 
 Dostoyevski daim insanın yer üzündəki cəhənnəmə bənzər həyatını, əzab-əziyyətlərini təsvir etməklə yanaşı, daim gözəllik və cənnət haqqında düşünən, o əbədi səadətə inanan bir yazıçı idi. Dünyada Dostoyevski qədər zülməti duyan və işığa can atan ikinci bir yazıçı göstərmək çətindir. O, zülmət içində işığa, cəhənnəm içində cənnətə sidq ürəkdən inanan bir yazıçı idı.
 Dostoyevski gözəllik və cənnət fədaisi idi. Cənnəti də, gözəlliyi də o, insanın ruhunda axtarıb tapırdı.