Biz imzaları yox, əsərləri dərc edirik...

Unut məni, aldat məni, at məni… – Məmməd Arazın şeirləri
1775
14 Oktyabr 2019, 14:39
  Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür. Artkaspi.az saytı şairin şeirlərini təqdim edir:
 
  Sevgi sərhədi
 
Boyumdan yuxarı ucalığım yox,
Gözüm üfüqəcən görməyə qadir,
Dağın o üzündən umacağım yox,
Dağın bu üzündə bulaq mənimdir.
 
Sevən həm qayğılı, həm də qayğısız,
Sevin - səninkidir bu boyda aləm.
Qəlbinə bulanıq fikirlər sızır:
"Səninlə olsam da, sənin deyiləm".
 
"Elə öz yerində sayır vədlərim,
Elə həmişəki, həmənki adam...
Qırıb sərhədləri, qırıb sədləri
Eşqini dünyaya tanıtdırmıram..."
 
Tapaq məhəbbəti çəkən tərəzi,
Bəlkə qəlbimizdə inamı çəkək?
Sənin min şübhəni yığsaq bir gözə,
Mənim bir inamım ağır gələcək.
 
Ürək də qəribə xilqətdir deyən,
Bəzən öz istəyi özünə yükdür.
Dünən sevdiyini bu gün sevməyən
Sevginin özündən şərti böyükdür.
 
Demirəm əmr etsən, gözümü yumub
Göyün yaxasını bağlatdıraram.
Demirəm bir gecə kəsilsə yuxun
Sübhün gəlişini saxlatdıraram.
 
Yox Şirin şərtlərin,
Yox buna şübhəm!
Mən nə hökmdaram, nə qulam sənə,
Yox Fərhad külüngü hökmündə rütbəm,
Dəniz qucağında ev quram sənə.
 
İndi dəb deyildir Məcnun göz yaşı,
Leyli tələbinə nə tədbir tapaq?
Borcundan çıxarıq, Nofəl qardaşın,
Leyli nə istəyir? - Daş-qaş - bir tabaq!
 
Dilənçi məhəbbət sərhədlər aşar;
Sən mənim eşqimin sərhəd dirəyi.
Səndən o tərəfə sonsuzluq yaşar,
Səndən o tərəfə yer görünməyir...
 
  Qar
 
Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd düşüb qara...
Yadıma düşür ki, bəzən hissimiz
Nə qədər aldanır bu ağlıqlara...
 
Qayğılar görürük, bürüncək kimi –
Tikandan astarı, ipəkdən üzü.
Vədlər də görürük, kəpənək kimi
Aldanan uşağa döndərir bizi.
 
Uzaqdan baxıram ağappaq, qəşəng;
Yaxına gəlirəm: qar kif atıbdır.
Qəlbim inciməsin gözümdən gərək,
Qəlbim də gözümü çox aldadıbdır.
 
  Unut məni
 
Dilim dinməz, kirpiklərim səs elər, 
Necə xoşdu — ürəyimi kəs elə... 
Qalan ömrə yarım ürək bəs elər, 
Unut məni, aldat məni, at məni.
 
Enişi qar, yoxuşu qar bu yolun, 
Yad nəfəsdən buz qayası su olu... 
Yalan yolu beş addımlıq su yolu, 
Aldat məni, unut məni, at məni.
 
Sən ömrünün atəşində yananda, 
Kölgəndən də gərəksizdim yanında. 
Qiymətli bir itik saxla yadında, 
Unut məni, aldat məni, at məni.
 
Gözdən gözə körpü salmaq nər işdi, 
Baxışların meylini tez dəyişdi. 
Təzə addım özü təzə döyüşdü, 
Aldat məni, unut məni, at məni.
 
Bu sevdadan nə yetirdik, nə üzdük?! 
Dalğasına nə qərq olduq, nə üzdük. 
Axır səni düzdə qoydu bu düzlük... 
Unut məni, aldat məni, at məni.
 
  Mən səni taparam
 
Mən bura gül-çiçək
Dərməyə gəlmişdim,
Nəğməmi nəğmənə
Verməyə gəlmişdim,
Uşaqlıq çağımı
Görməyə gəlmişdim...
Nə gördüm? --
Gözənin yerində
Bir çılpaq tala var;
Bulağın yerində
Bir quru çala var.
Tək bircə qarışqa
Yolundan savayı,
Qırpbığın örtübdür
Cığırı, dolayı...
Ceyranın güzgüsü,
Ovçunun bərəsi,
Dərənin gözüydün,
             ay bulaq,
Gecənin səsiydin,
             ay bulaq...
Su itməz, bilirəm,
Hardasa sən yenə
Saçını sərmisən
Bir dərə döşünə.
Yüz yana qol atıb,
Yüz yerdən sən axsan,
Öz təzə yerində
Ayrı bir bulaqsan.
Mən burda bir zaman
Dəyirman qurmuşam,
Baldırğan gəmimi
Suyunda yormuşam.
Mən burda bir qızın
Eşqilə yanardım.
Mən səni qaynayan
Bir ürək sanardım.
O qız da suyunda
Daranar, gedərdi.
Xəyalım zülfünə
Dolanar gedərdi...
Sandım ki, səndə bir
Nişanə qaıbdır...
Gördüm ki, bulaq da
Viranə qalıbdır.
Bu nədir, o bulaq
         bəs hanı?
Dedilər:
Bir qəfil gurşadın
Olmusan qurbanı.
Gözünü lil tutub,
Qum tutub, gil tutub.
O kabab çəkənlər
Dövrəndə hanı bəs?
Hardadır onların
Vicdanı, qanı bəs?
Yüz dəfə, min dəfə
İçiblər suyunu;
Məst olmuş gözləri
Gözündə yuyunub.
Bircəsi gözünü
Axtarsa, nə olar?
Bir parça yer qazsa,
Daş yarsa, nə olar?
Mən səni dərədə
Sükutdan soruşar,
Gözləri dolan bir
Buluddan soruşar,
Gəzərəm, taparam.
Dağ-daşı kökündən
Üzərəm, taparam.
Qolumdan, qıçımdan
Bezərəm, taparam.
Dərələr, gəzələr
Görmədik desələr,
Sinəmi qələmlə
Qazaram, taparam,
Adına bir şer
Yazaram, taparam!
Yazaram, taparam!