Biz imzaları yox, əsərləri dərc edirik...

Unudulmaq məni xoşbəxt edir – Ali Smits
3059
14 Avqust 2019, 10:58
  Ali Smits çağdaş dünya ədəbiyyatının seçilən, nüfuzlu imzalarındandır. Demək olar ki, bütün beynəlxalq ədəbi mükafatlara namizəd göstərilən, bir çoxunun qalibi olan, əsərləri ekranlaşdırılan xanım Smits hazırda "Man Booker”in uzun siyahısında yer alır. Müəllif "Guardian” dərgisinin "Məni yaradan kitablar” rubrikası çərçivəsində ünvanlanan sualları cavablandırılıb:
 
  Hazırda oxuduğum kitab – Katerin Mansfeldin məktub kolleksiyasının birinci hissəsi, İzabel Kolleqeytin "Orlando” trilogiyası, Kamyunun nitqlərindən ibarət "Təhlükəli yaradılış” ("Create dangerously”) kitabı və Arundate Royun "Təhrikedici arzularım” ("My seditious heart”) sərlövhəli sonuncu esse kolleksiyası. Esse kolleksiyasının hər səhifəsini oxucuya müdriklik, cəsarət, mənəvi dinclik, intellekt ötürən hədiyyə kimi qəbul etmək olar. 
  Həyatımı dəyişən kitab – Tonni Morrisonun "Mavi göz” ("The bluest eye”) romanı. Lakin pərəstiş sadəcə adını çəkdiyim romanla bağlı deyil. Toni Morrisonun bütün əsərləri həyatımı tamamilə dəyişməyə qadirdir. 
  Müəllifi olmaq istədiyim kitab – burada sadalayacağım siyahı hər ay, hər həftə, hətta hər gün dəyişə bilər. Hazırda Namvuali Serpelin "Qədim köç” ("An old drift”) romanı həsəd apardıqlarım siyahısında birinci yerdədir. Təsəvvür edə bilməzsiniz ki, bu salnaməvari həyat mübarizəsindən bəhs edən roman Serpelin debüt əsəridir. 
  Bədii üslubuma təsir edən kitab – Levis Qrasse Gibbonsun 1930-cu illərdə yazdığı İsveç trilogiyası – "Gün batımının nəğməsi” ("Sunset song”), "Bulud karvanı” ("Cloud howe”), "Boz qranit” ("Grey granite”) romanları. Bu romanla mən təkcə özümə məxsus cümlə strukturu, süjet inkişaf üslubu tapmamışam, həm də oxucunun fikrini yönləndirmək yolları da kəşf etmişəm. Bu bədii zənginlik baxımından Britaniya ədəbiyyatı skandinav folklorundan çox-çox geri qalır. Sadəcə bu 3 romanla əsl incəsənət nümunəsinin nə qədər heyrətamiz olduğunu dərk etmək mümkündür.  
  Layiq olduğu dəyəri görməyən kitab – bu suala cavab verərkən, kitabların satış göstəricilərini dəyərləndirmək lazımdır? İndi həyatın hər sahəsində olduğu kimi ədəbiyyatda da insanlar çox vaxt özlərini bir xaosun içində tapır və dəyərli şeyləri gözdən qaçırtdıqlarını sezirlər. Mən ayrı-ayrı romanların adını çəkə bilmərəm. Lakin layiq olduğu kimi qiymətləndirilməyən müəlliflər arasında Paul Beylin, İrnmqard Keun, Helen Makqlori və Helen Oyeyeminin adını çəkə bilərəm. 
  Düşüncələrimi dəyişən kitab – düşüncələrimi dəyişdiyini iddia edə bilmərəm, lakin bir çox lazımsız düşüncədən Alastair Qrinin "Janin” ("Janine”) əsərinin köməyilə azad olmuşam. Birmənalı şəkildə əmin ola bilərsiniz ki, ədəbiyyat həyatımızda bir çox şeyi dəyişə bilir.
  Sonuncu dəfə məni ağladan kitab – Larenza Manzettinin "London gündəlikləri” ("London diaries”) əsəri. Müharibə ədəbiyyatı insanı hər zaman şiddətli mənəvi sarsıntılarla üz-üzə qoyur. 
  Sonuncu dəfə məni güldürən kitab – Nikola Barkerin "Mən azadam” ("I am souvereign”) romanı. Oxuduğum ən əyləncəli, intellektual yumorun hər cür drama meydan oxuduğu, bütün bədii standartlara cavab verən bir nümunədir. Mənim nəzərimdə şah əsərdir.
  İlkin mütaliə xatirələrim – ilk dəfə "Beatles”-in mahnı sözləri ilə mütaliəyə başlamışam. Bütün mahnıların sözlərini əzbər bilirdim, amma bu şeiri romandan daha çox sevməyimə səbəb olmadı. Uşaqlıqda oxumaqdan çox oxuduğum sözlərin mənasını araşdırmağa meylli idim. Bu araşdırmalara da elə "beatles” sözü ilə başlamışam.
  Ən çox hədiyyə etdiyim kitab – İtalo Kalvinonun bütün romanları. 
Əbədiyyən xatırlanmaq istədiyim romanım – unudulmaq hissi məni xoşbəxt edir. Xatırlamayanlara minnətdaram.
 
  İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı