Biz imzaları yox, əsərləri dərc edirik...

“Ulduz”un may sayı çap olundu
671
04 İyun 2020, 13:16
 "ULDUZ" jurnalının may sayı sevdiklərinə ayrılıq acısı yaşadan incə ruhlu şair Fərqanə Mehdiyevanın "Ömür muncuq kimidir, qəfil dağıla bilər...” başlıqlı şeirləri ilə açılır. Daha sonra baş redaktor Qulu Ağsəsin Fərqanə Mehdiyevanın əziz xatirəsinə yazdığı "Yeddi il və yeddi gün” yazısı oxuculara təqdim olunur. Cəlal Bəydili "Qısa fikirlər xəzinəsi”ndə nadir fikir adamlarının qısa fikirlərini paylaşır.
 
 

 "Şeir vaxtı”nda Məhsəti Musa, Zahid Sarıtorpaq və Cavid Fərzəlidir. "Türk eli” Türk yazıçısı Bəxtiyar Aslanın "Nəqliyyat” hekayəsini Aslan Quliyevin, İmdat Afşarin "İtmiş bahar nərgizi” hekayəsini Təranə Vahidin tərcüməsində oxuculara təqdim edir. "Nəsr”də Rövşən Yerfinin hekayəsi, Günel Mehrinin və Sadiq Qarayevin esseləri yer alır. Müasir fars şeirindən seçmələri gənc tərcüməçi Məhəmməd Nuri dilimizə çevirib. "Debüt” El Romanı şeirləri vasitəsilə oxuculara tanıdır. Elnarə Qaragözova "Tribuna”da "Kafkanın "Proses”ində parabolalardan danışır. "Modern ədəbiyyatın yolu"na Dalğa Xatınoğlu işıq salır.
 
 

 Əkbər Qoşalı "Karantin dövrünün iki şeiri”ni oxucularla bölüşür. "Tərcümə saatı”nda Afaq Şıxlı yakutiyalı yazıçı Nikolay Luqinovun "İldegis haqqında əfsanə”sini, Sevil Gültən amerikan yazıçısı Ralf Henri Barbourun "Ölüm yatağında etiraf” hekayəsini oxuculara təqdim edir. "Dərgidə kitab”da "Ömür” əsəriylə Günel Natiqdir. P.S.-də may sayının redaktoru Günay Səma Şirvanın "Həyat kitabını özü yazanlar" yazısı yer alır. "Ulduz"un may sayını qaçırmayın!