Biz imzaları yox, əsərləri dərc edirik...

Türk kinosunun nadir nilufəri
2852
21 Dekabr 2018, 11:25
 Artkaspi.az Ülvi Babasoyun "Nilufər" adlı yazısını təqdim edir:
 

 
 
 Doğma adamların ölümünə tab gətirmək, yaşamağı bacarmaq böyük ürək və dözüm tələb edir. Yaşamaq və ölmək. Var olmağın ekzistensial, qaçılmaz tərəfləri. Adətən, analar övladın ölümünə tab gətirə bilmir. Bəs övlad? Müslüm Gursəsin anası və körpə bacısı Zeyno onun gözləri qarşısında öldürülür. Özü də sərxoş atası tərəfindən. Hər şeyə rəğmən Müslüm həyatın ağırlıq bürcünü deyil, yüngüllüyü, dözülməz dərəcədə xəfif olan yaşamaq bürcünü seçir. Balaca qardaşı Əhmədi böyüdür. Həyatla yalqız, tənha şəkildə mübarizə aparır. Ana və bacısını öldürən atasını bağışlayır. Ancaq ömür boyu ata olmaqdan qaçır. Qorxur ki, birdən o da  atası kimi... Hətta həyat yoldaşı Möhtərəm Nur bircə dəfə, ömründə bircə dəfə hamilə qalır. Nəticədə uşaq tələf olur. Müslüm Gursəsin həyat hekayəsində bütün bunları və daha çoxunu bilirdik. 
 Rejissor Can Ulkay və Hakan Kırkavaçın çəkdiyi "Müslüm” filmi Müslüm Gursəsin dözümünü sənətin dili ilə təqdim edir. Can Ulkay "Sarıqamış uşaqları” və "Ayla” filmlərində etdiyi ciddi qüsurları "Müslüm”də təkrarlamır. Əvvəlki filmlərdəki yanlış aktyor seçimləri, yersiz ritorika və inyeksiya edilən ideoloji qatlara, film dilinə yad olan gedişlərə rast gəlinmir. Əlbəttə ki, "Sarıqamış uşaqları” və "Ayla”nın mövzusundan qaynaqlanan ideoloji ritorika var idi. 
 "Müslüm” filmi, əvvəla, düzgün, kino ilə uzlaşan aktyor seçimlərinə görə uğurludur. Timuçin Esen (Müslüm) və Zərrin Tekindor (Möhtərəm Nur) öz rollarını oynamırlar, yaşayırlar. Digər aktyorlar Şahin Kəndirçi (Müslümün gəncliyini ifa edir), Ayça Bingöl (Müslümün anası Əminə), Turqut Tuncalp (Müslümün atası), Erkan Can (Müslümün ilk musiqi müəllimi Limonsatan Əli), Taner Ölməz (Müslümün qardaşı), Erkan Avcı (Müslümün prodüseri Bəxtiyar) da professional aktyor işi qoyurlar ortaya. 
 Müslüm Gursəsin uşaqlıqdan atası tərəfindən cürbəcür işgəncələrə məruz qalması onda ataya, atalıq hissinə qarşı travma yaradır. Musiqi ilə yaxından tanışlığı da atasından qaçarkən baş verir. Adana Mədəniyyət Evində Limonsatan Əli ilə tanış olur. Yay kinoteatrlarında Limonsatan Əli ilə səhnəyə çıxır. Diqqəti özünə cəlb edir. Xalq bu əsrarəngiz səsi heyranlıqla qarşılayır. Atası həbsdə olan Müslüm evə qazanc belə gətirir. Anası Əminə sevincindən qəhər içində boğulur. Ancaq Müslümün atası Mehmetin həbsdən qayıtması hər şey alt-üst edir. Ata əvvəlcə musiqi müsabiqəsində iştirak etmək istəyən Müslümün saçını biabırçı bir şəkildə kəsir ki, səhnəyə çıxa bilməsin. Ancaq Limonsatan Əli deyir: Dərvişlər kimi  heç nəyə baxmadan bütün tüklərdən azad olacaqsan... Bəzən həyatda hər şeyi rədd edəcəksən.
 Müsabiqədə birinci olan Müslüm, qardaşı, anası və körpə bacısı Zeyno sevinc içindədilər. Səhəri gün qəddar atadan xilas olacaqlar. Əminə Mehmetdən boşanacaq. Ancaq Mehmet Əminəni və körpə Zeynonu Müslüm və qardaşı Əhmədin gözləri qarşısında öldürür. Əhmədin aldığı travma yaşadığı qısa ömür ərzində ağır yükə çevrilir. Müslüm meyxanələrdə mahnı oxuyaraq həyatını keçirir. Limonsatan Əlidən halallıq alır. Sənəti kənara atıb pul qazanır. Limonsatan Əli Müslümə deyir: Sənin səsin ancaq sən susarsansa, kəsilər. Müslüm acı və faciəvi ömür sürür. Avtomobil qəzası keçirir. Öldüyü halda morqda dirilir. Üç il musiqidən, yanğılı nəğmə və türkülərdən uzaq qalır. Qulağının biri kar olur. Ancaq Müslümü yaşadan və həyata bağlayan yeganə nəsnə olan musiqidən vaz keçə bilmir. Həbsdən çıxan atasına sığınacaq verir. Görəsən, niyə? Bu mümkündürmü? Qardaşı isə atasına nifrət edir. 
 
 
 
 
 

 İstanbula gələn Müslüm qısa müddət ərzində Müslüm Gursəsə çevrilir. (Onun məşhur olmasında dövr böyük rol oynayır, bu isə başqa bir yazının mövzusudur). Gənclik illərindən xəyalını qurduğu Möhtərəm Nurla əyalət konsertlərindən birində tanış olur. Müslümün hekayəsi və yaşamı Möhtərəm xanımla başlayır. 
Onların sevgisi eşqin kamil və yetkin halıdır. 
 Müslüm 21 yaş özündən böyük olan Möhtərəm xanımla kifayətlənir. Nadir sevgi hadisəsidir bu.
 Müslüm Gursəs şöhrət və karyerasının zirvəsində bu qədər yaş fərqini uçurum görmür.
 Ən yaxın dostu olan içkini tərk edə bilmir.
 Çünki şərabla özünü keyitməyə çalışır.
 Çəkdikləri acını bir az da olsa yüngülləşdirmək istəyir.
 Qardaşı Əhməd də ölür.
 Qardaşının diri halına ağlayan Müslüm ölüsünə yas tutur.
 Ata olmaqdan qorxur.
 Ancaq  minlərlə insan, bütün Türkiyə ona Ata (Baba) deyir.
 Konsertlərində trans halına keçən Müslümsevənlər özlərini doğramaqdan belə çəkinmirlər.
 Müslümü bıçaqladıqları məqam belə olur. Çünki Müslümün səsi o qədər yanğılı və həssas idi.
 Möhtərəm Nur xanım ona bəyaz bir kostyum tikdirir.
 Çünki o bir mələkdir.
 Mələkləri də geridə qoymuşdu saf, uşaq xislətli xarakteri ilə.
 Ana və bacısının qatilinə sığınacaq verən bir adam ancaq və ancaq mələk kimi saf biri ola bilərdi. 
 "Arabesk” musiqini heç vaxt sevməmişəm... Müslüm Gursəsin bir neçə nəğməsi xaric. "İtirazım var” (Etiraz edirəm), "Əfv et” və "Nilufər” bütün arabesklərdən fərqlənir. "Etiraz edirəm”də Müslüm Gursəs Jan Pol Sartr və Milan Kunderanın ekzistensial fəlsəfəsi və estetik görüşləri ilə ortaq məkanı bölüşür. Ancaq Müslüm var olmağın dözülməzliyini daha ağır və daha geniş bir ünsiyyət vasitəsi olan musiqi ilə dilə gətirir. 
 
 Ben hep yenilmeye mahkum muyum?
 Ben hep ezilmeye mecbur muyum?
 İtirazım var bu yalan dolana
 Benim şu dertlere ne borcum var ki,
 Tuttu yakamı bırakmıyor
 Benim mutlulukla ne zorum var ki
 Bana cehennemi aratmıyor.
 
 
 
 

 Ancaq bu yazı üçün "Nilufər” mahnısını seçirəm. Yazının arxa fonunda səslənir "Nilufər”. Ən azından "Etiraz edirəm”dən yüngül atmosferi var. "Şansım olsun” deyir heç olmasa. Ümid edir.
 "Müslüm” filmi bir aya 6 milyondan çox tamaşaçı tərəfindən baxılıb. Kütləvi, populyar və sənət dəyəri yüksək olan bir filmdir. Necə ki, nilufər gülləri həmişə suya ehtiyac hiss edir. Suyun içində yaşayırlar. Eləcə də türk kino sənətinin "Müslüm” filmindəki peşəkar aktyor heyətinə, güclü dramaturgiya və təsir gücünə malik ssenariyə, vizual effektlərlə zəngin operator işinə və bütün detalları, hissələri sənətə çevirən rejissor əməyinə hava, su qədər ehtiyacı var idi. "Müslüm” filmi türk kinosunun nadir nilufərlərindən biri oldu.