Biz imzaları yox, əsərləri dərc edirik...

Tofiq İsmayılovun 80 illiyi keçirilib
347
22 Aprel 2019, 13:56
  Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli kinorejissor, ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirilib.
 
  AZƏRTAC xəbər verir ki, tədbiri Milli Məclisin deputatı, akademik Rafael Hüseynov açaraq Tofiq İsmayılovla bağlı xatirələrini bölüşüb. Bildirib ki, görkəmli sənətkar həyata çox bağlı və arzularla yaşayan bir şəxsiyyət idi. O, Türkiyənin İstanbul şəhərində işlədiyi, Memar Sinan Universitetində çalışdığı vaxtlarda iki ölkənin mədəniyyətini tanıdan, təbliğ edən mühüm layihələr, tədbirlər həyata keçirib.
  Akademik daha sonra görkəmli rejissorun 1971-ci ildə çəkdiyi "Oxuyur Müslüm Maqomayev” filmindən bəhs edib. Qeyd edib ki, T.İsmayılov kino vasitəsilə zamanı tutub saxlamağı bacaran sənətkar idi: "Onunla ilk işbirliyimiz Cəlaləddin Rumi haqqında çəkdiyimiz "Gəl” filmində olub. Sonra uzun illər birgə əməkdaşlıq etdik. Çox arzularımız, planlarımız vardı. Nağıl qəhrəmanlarının obrazlaşdırıldığı uşaq filmləri çəkmək istəyirdik. Lakin ömür vəfa etmədi. Tofiq İsmayılov mədəniyyət tariximizdə silinməz iz qoyub. İllər ötəcək, nə qədər Azərbaycan mənəviyyatında gözəlliyə, sənətə sevgi var, Tofiq İsmayılov da yaşayacaq”.
  Filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev çıxışımda görkəmli kinorejissorla gənclik illərindən dostluq etdiyini söyləyib: "Onunla ilk dəfə dram dərnəyində tanış olmuşam. O, mənə həmişə deyirdi ki, elə bilirdim, aktyor olacaqsan. Rəssamlıq, musiqi dərnəklərinə də gedirdik. Bu sənət sahələrində özümüzü axtarırdıq. Onuncu sinifdə oxuyanda, artıq biz Gənc Tamaşaçılar Teatrının aktyoru idik...”.
  Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar bəstəkarla bağlı xatirələrini bölüşərək bildirib: "Tofiq İsmayılovla gənclik illərindən tanış idik. Ailəvi dost idik. Onun haqqında fikirləşəndə düşünürəm ki, insan, bir Azərbaycan ziyalısı, bir sənətkar və bir ailə başçısı nə etməli idisə, Tofiq İsmayılov hamısını edib. Yəni bir insan kimi yaşadı, sənətkar kimi gözəl filmlər çəkdi, bir yazıçı kimi həyati kitablar yazdı, müəllim kimi neçə-neçə tələbə yetişdirdi. Ailə qurdu və üç gözəl qız övladı oldu. Nəhayət, nəvəsinin toyunu gördü...”.
  Xalq yazıçısı qeyd edib ki, görkəmli sənətkar Türkiyənin Azərbaycanla mədəniyyət sahəsində yaxınlaşmasında çox böyük xidmətlər göstərib. O çalışırdı ki, Türkiyədə Azərbaycanın sənətini, musiqisini, kinosunu və ədəbiyyatını daha yaxından tanısın. Ona görə də o, Türkiyədə Azərbaycanda sevildiyi qədər, bəlkə də bir az çox tanınır və sevilir.
  Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi çıxışında T.İsmayılovu dəyərli insan, peşəkar rejissor kimi xarakterizə edib, onun Türkiyə sənətsevərlərinin yaddaşında unudulmaz sənətkar kimi qaldığını söyləyib. Bildirib ki, Tofiq İsmayılovun həyata, insana çox maraqlı və fərqli baxışları vardı. Sənətə, kinoya, ədəbiyyata böyük məhəbbət bəslədiyi kimi, öz xalqına, türk dünyasına, xüsusən gənc nəslə də bir o qədər sevgi ilə yanaşardı.
  Tədbirdə daha sonra Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyev, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist Ötkəm İsgəndərov və başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər. Çıxışlarda Tofiq İsmayılovun Azərbaycan mədəniyyətində xüsusi yerindən bəhs edərək vurğulanıb ki, o, yüksək peşəkarlığa malik kino xadimi idi. Onun "Oxuyur Müslüm Maqomayev” filmi tarixdə əbədi qalacaq.
  Sonda mərhum sənətkarın ailəsi adından qızı Sevinc İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.
  Tədbirdə kinorejissorun lentə aldığı filmlərdən fraqmentlər və həyatı ilə bağlı videoslayd göstərilib. Əməkdar artist İlqar Muradov və estrada müğənnisi Sərxan Sərxanın ifasında mahnılar ifa olunub.