Biz imzaları yox, əsərləri dərc edirik...

Təslim ola bilsəydim, daha rahat həyatım olardı – Deniz Çakırın müsahibəsi
2654
18 İyul 2019, 09:23
 Artkaspi.az saytı Deniz Çakırın müsahibəsini təqdim edir:

 – "Vurğun” serialında yer almağa necə qərar verdiniz?
 – İlk əvvəl ssenarini oxuyanda çox bəyənmişdim. Hər hansı layihədə işləməzdən əvvəl ssenarini oxuyur və ordakı obrazımı təhlil edirəm. Bir layihədə iştirak etməyim üçün ilk növbədə ssenarini bəyənməliyəm. Çünki ssenari məni yönləndirir. Misal üçün, sizə bir xarakter verirlər, amma özünüzü xarakterin yazılış biçiminə uyğun görmürsünüzsə, istədiyiniz qədər yaxşı aktrisa olsanız da, bu sizdə alınmayacaq. Uşaqlıqdan bəri hər kəs müğənnilərə heyran olarkən, mən yazarlara heyran idim. Bu serialda da güvəndiyim prodüser ilə çalışdım. Serialda çox gözəl bir komandamız oldu. Yaradıcı heyət və aktyorlar təbii ki, insanlardan ibarətdir. Biz hər şeyimizi bir-birimizlə paylaşırdıq. 
 

 
 – Deniz Çakır həyatın haqqını verə bilirmi? 
 – İnsanıq, bəzən haqqını verirəm, bəzən də... Biz daim ölümlü dünyanı özümüzə xatırlatmalıyıq. Həyatımızda bir çox hadisələr yaşanır. Dünən yanımızda oturan insanlar bu gün dünyasını dəyişirlər və ona görə də həyatı bir gündən ibarət imiş kimi yaşayıram. Sıradan hadisələrə o qədər də diqqət etmirəm. Həyatımda nə baş verirsə, versin, həyat mənim üçün hər zaman gözəldir, hər şey xoşbəxtliyi, kədəri ilə bizim yaşamağımız üçün mövcuddur. Kədər olmasaydı, gözəl xatirələrin və xoşbəxt günlərimin qiymətini anlamayacaqdım.
 
 – Hər günə bu düşüncə ilə başlayırsınızmı?
 – Daha çox musiqidən dəstək alıram. Hər səhər məni oyadan zəngli saatım musiqi ilə çalır. Zaman dəyişir, ama mən hər il eyni müğənninin səsi ilə oyanıram. Mənim üçün ən önəmli duyğu böyüdükcə öyrəndiyim hər günüm üçün şükür etməkdir. Əvvəllər bunu mənə nənəm deyərdi, ancaq onun nə demək istədiyini anlamazdım. İndi şükür etməyin, minnətdarlıq hissinin nə demək olduğunu daha yaxşı anlayıram. Ən çətin anlarımda belə bunu səsli şəkildə dilə gətirirəm. Çünki nəfəs alıram, yaşayıram. Şükür ki, içimdə bir yaşam enerjisi var. Həyatda hər şey olduğu kimi dayanıb qalmır. Hər şeyə bir az ayaq uydurmaq lazımdır, insan gərək tez təslim olmasın. Təslim ola bilsəydim, daha rahat həyatım olardı.
 
 – Sabahları necə oyanırsınız?
Səhərləri yataq otağımın pəncərəsindən görünən yaşıl bağçaya baxaraq və pişiklərimin əhatəsində oyanıram. Əgər yağış yağıbsa, yarpaqlar daha çox yaşıl olur. O yaşıl mənim ruhuma dəyirsə, həmin günə olan qayğım getməsə də, yüküm azalır. Səhərləri musiqi dinləyərək çayımı içirəm və özlüyümdə "həyat budur” deyirəm. Hesab edirəm ki, biz təslim olub "qismətimiz budur” deməməliyik. Heç zaman təslim olan tiplərdən olmamışam, olmayacam da. 
 
 – Son dönəmlər qadınlar daha çox şiddətə məruz qalırlar. Bununla bağlı nələr düşünürsünüz?  
 – Çox məyus oluram. Kişilərin özündə bu haqqı görməsini qəbul edə bilmirəm. Ancaq keçmişə görə indi daha ümidliyəm. Biz qadınlar bu gün daha çox bir-birimizə dəstək olur, yan-yana dura bilirik, bir-birimizə "sənin belə bir haqqın var” deyə bilirik. Mən də teatrda seçdiyim obrazlarda qadınların problemini daha çox önə çəkirəm.  
 
 – Qadın olduğunuz üçün heç təhqirə məruz qalmısınızmı?
 – Əlbəttə ki... Maqazin xəbərlərində də bilərək və ya bilməyərək bir qadından bəhs edərkən sanki bir heyvanından bəhs edirlər. Ancaq eyni hadisəni bir kişi edəndə, onun haqqıymış kimi bəhs edirlər. Mən qadına qarşı olan bu gender bərabərsizliyinin tərəfdarı deyiləm. Qarşı tərəflə hüququmuz bərabərdir. Bir-birimizə qarşı yaxşı davranmalıyıq. İnsan insanı yola verməyi bacarmalıdır. Bu cəmiyyətdə yaşamaq üçün kişi-qadın ayrı-seçkiliyi olmamalıdır. Nənəm hər zaman deyirdi ki, "Allah səni hər zaman yaxşı insanlarla qarşılaşdırsın”. 
 
 

 
 – Gümüşlükdə 8 itin öldürülməsi xəbərinə sərt reaksiya verdiniz. Yaşanan hadisəyə susmadınız.  
 – Gümüşlükdə itlərin kim tərəfindən öldürdüyü araşdırılır. O itlərin hamısı çox sevimli və gözəl itlər idi. Tanımasaq belə, bir canlıya niyə zərər verək ki? Mən bunu qəbul edə bilmirəm. Mənim üçün ya bir iti öldürmüsünüz, ya bir körpəni fərqi yoxdur. Bunu edənlər həyatına necə davam edə bilirlər? Onların uşağı, anası, atası yoxdurmu? İnana bilmirəm. Cəmiyyətimizdə heyvanlara qarşı çox böyük haqsızlıqlar var. Buna görə də qanunlarımızda heç bir qadağa yoxdur. Bu mövzuda əlimdən nə gəlirsə, sonuna qədər edəcəm. Heyvanlarla, azyaşlı uşaqlarla bağlı kim nə dəstək istəsə, hər cür dəstəyə hazıram. Çünki artıq biri gəlib, əlini daşın altına qoymalıdır. Bu mövzuda nə lazımdırsa etməliyik. Hətta bu qatilləri tapıb, Gümüşlüyün küçələrində asmalıyıq. Heç canları yanmırmı? Bizim canlılarımıza, ağaclarımıza, heyvanlarımıza toxunmasınlar. Gözünüz heç gözəllik görmək istəmirmi? O qədər sosiallaşmışıq ki, özümüzün qiymətini bilmirik, nəinki təbiətin, heyvanların. Hər şey insanın özünə dəyər verməyi ilə başlayır. Biz özümüzə dəyər vermirik, özümüzə də haqsızlıq edirik. Özünüzə yaxşı gələcək qurmaq üçün gözəl dünya yaradın, xoşbəxt olun, yoxsa çevrənizi də bədbəxt edərsiniz. Bədbəxtliyinizi çevrəyə ötürməyə çalışmayın. Hər zaman həyatda çıxış nöqtəsi axtarın. Bahar gəlir, çiçəklər açır. Baxın, ətrafınız nə qədər gözəldir. Çiçəklərin "mənə bax, qoxula” deyə var gücü ilə ətrafa enerji yaydığını duymursunuzmu?
Bəzi insanlar özünü təbiətə o qədər bağlayıb ki, bu gözəlliyin fərqinə belə varmırlar. Niyə canlılara, təbiətə zərər verməyi düşünsünlər? Əvvəlcə o gözəlliyi görəcək, daha sonra ona zərər verməyəcəyik. Bəzi insanların gözü, qəlbi pisliklə doludur, o çiçəyi, ağacı görmürlər. Yaşılla qara arasında bir rəng fərqini hiss etmirlər. Ağacı da, körpünü də eyni rəngdə görürlər. Sən ona  "bu ağacı kəsmə” deyə bilmirsən. Belə hadisələri görəndə özümə "susma” deyirəm. Çünki getdikcə bu hadisələrin sayı artır. Qızlarımızın başına nə qədər hadisələr gəlir. Heç bir qadın başına gələnlərə görə özünü tək-tənha hiss etməməlidir. Qızlarımızın başına bu gəldi və hər şey qismətdir, olacaqmış - deyib oturmaq, gözləmək olmaz. Yalnız oxumayan qadınlarımız işgəncə görmür. Təkcə ucqar kənddə yaşayan qadınlar şiddətə məruz qalmırlar. Bütün qadınlar "mən bunu yaşamaq istəmirəm” deyərək ayağa durmalıdır. Varlısından tutmuş kasıbına, məşhurundan qeyri-məşhurunadək hər kəsin başına gələ bilər. Heç bir qadın bütün bunları görüb susmamalıdır. Heç kimin başqa birinə fiziki və mənəvi olaraq şiddət göstərməyə haqqı yoxdur. Burada qadın-kişi fərqi də yoxdur. Qadınlara şiddət göstərən kişilər rahat şəkildə ətrafımızda gəzirlər. Onların cəzalandırılması ilə bağlı qanun çıxsa da, həmin cəzalar düzgün şəkildə həyata keçirilmir. Vəkillər, hüquqşünaslar doğru örnək verməli, insanları məlumatlandırmalıdırlar. Şiddətin hər formasına qarşı əlimdən nə gəlirsə edirəm. Qadın, kişi, uşaq, heyvan fərqi yoxdur. Xüsusən də uşaqlar. Allah uşaqlara zərər verənlərin cəzasını versin. Dünyada ən çətin cəzaları onlara versin. Bunları edənlərə leksikonumda elə bir söz yoxdur ki, deyim, bəs etsin. Allah onları nöqtə, nöqtə, nöqtə...

Xəyalə Rəis