Biz imzaları yox, əsərləri dərc edirik...

Tənzimat ədəbiyyatının yaranma səbəbləri və bədii-estetik dəyərləri – Elman Quliyev yazır
390
23 İyul 2019, 09:49
  Artkaspi.az saytı Elman Quliyevin "Tənzimat ədəbiyyatının yaranma səbəbləri və bədii-estetik dəyərləri” məqaləsini təqdim edir:
 

 
  Şərq və eyni zamanda onun tərkibi olan türk fəlsəfi-mədəni tarixinə nəzər saldıqda görürük ki, məhz qədim və orta əsrlərdə yaşayıb-yaratmış İbn-Ərəbi, Cəlalədin Rumi, Əbu Hənifə, Qəzali, Fəxrəddin Razi, İbn-Sina, N.Tusi, Ö.Xəyyam, M.Uluğbəy, Söhrəverdi və s. kimi şəxsiyyətlər Şərq elminin inkişafında böyük xidmətlər göstərmişlər. Lakin Şərqin istər siyasi, istər iqtisadi, istər elmi-mədəni ənənələri olsa da, XIX əsrdə Avropa bu ənənələri qabaqlayaraq bütün sahələrdə özünü dünya üçün model anlamında qəbul etdirə bildi. Əbu Turxanın sözləri ilə desək: "Bu gün Şərq özünün dərin genetik qatlarında uyuyan böyük ruhani gücün qayıdışına nail olmaq üçün Qərbin köməyinə ehtiyac hiss edir". Tənzimat qanunlarına uyğun "Avropalaşmaq ehtiyacının" səbəblərinin bu istiqamətində bir həqiqət var. Lakin bu da bir həqiqətdir ki, Qərb aparıcı dövlətlərinin marağı dairəsində 1856-cı ildə Osmanlı dövlətinin qəbul etdiyi İslahat fərmanı bir növ Avropanın Osmanlıya (geniş mənada Şərqə) özünü diktəsi və eyni zamanda Osmanlının təzyiqlərə dözməyərək Avropa qarşısından geri çəkilməsi  idi.
  Tənzimat ədəbiyyatı dövründə ədəbiyyat yeni problemlərlə qarşılaşmış və tamamilə yeni bir səpkidə inkişaf etmişdir. Bu dövrdə əski türk ədəbiyyatı ilə yeni türk ədəbiyyatı arasında böyük bir mübarizə başlamışdı. Birinci tərəf ədəbi meydandan çıxmamaq, ikinci tərəf isə qalib gələrək öz mövqelərini möhkəmləndirmək məqsədi güdürdü. Tənzimat ədəbiyyatının əsas təəssübkeşləri yeni ədəbiyyatı tam müdafiə etməklə yanaşı, klassik ədəbiyyatın da müəyyən xüsusiyyətlərinə olan maraqlarını gizlətmirdilər. Şinasi, Ziya Paşa, Namiq Kamal, R.Əkrəm, Ə.Hamid və s. sənətkarlar əski ədəbiyyatın dil, forma və s. cəhətlərinə hörmətlə yanaşır, hətta onu müdafiə edirdilər. Türk ədəbiyyat tarixçiləri bu cəhəti həmin sənətkarların formalaşdıqları klassik şeir zövqü və marağının təsiri, eyni zamanda bu ədəbiyyatın onların nəzərində böyük və gözəl olması qiyməti ilə bağlayırdılar.
XIX əsrin II yarısında yaranmış Tənzimat ədəbiyyatının forma, mövzu və ideya baxımından formalaşmasında dövrü mətbuatda çap olunan məqalələrin böyük təsiri olmuşdur. İ.Şinasi, N.Kamal, Ziya Paşa, R.Əkrəm və digər tənzimatçıların ədəbiyyatla bağlı dövrü mətbuatda çap etdirdikləri məqalələr yeni ədəbiyyata dair fikir formalaşdırmaqda əhəmiyyət kəsb edirdi. İ.Şinasinin "Cərideyi-havadis" və "Təsviri-əfkar"da dil və sənət barədə görüşləri yeni nəzəri fikir tarixində xüsusi maraq doğururdu.


  N.Kamalın "Təsviri-əfkar" qəzetində "Lisani Osmaninin ədəbiyyatı haqqında bəzi mülahizatı şamildir", Ziya Paşanın "Hürriyyət" qəzetində "Şeir və inşa" məqalələrində ədəbiyyatın yeni istiqamətləri, ənənə və novatorluq məsələləri, müzakirə obyektinə çevrilirdi.
  Tənzimat ədəbiyyatın yaranması ilə Türkiyədə poeziya, nəsr və dramaturgiya yeni inkişaf mərhələsinə qədəm qoydu. XIX əsrin birinci  yarısının sonlarında yazılmış "Vaqiəyi Acibe və Havadisi qəribeyi kefşgər Əhməd" və Xeyrulla Əfəndinin "Hekayeyi-İbrahim Paşa be-İbrahim Gülşəni" (1844) adlı dram nümunələri olsa da, İ.Şinasinin 1859-cu ildə yazdığı, lakin  1860-cı ildə "Tərcümani-əhval" qəzetində dərc etdirdiyi "Şair evlənməsi" əsəri Avropasayağı ilk dram sayılırdı. (Qeyd etmək lazımdır ki, M.F.Axundov  Azərbaycan ədəbiyyatında yeni tipli komediyanın əsasını İ.Şinasidən 9 il əvvəl qoymuşdur).
  N.Kamalın "Vətən, yaxud Silistrə", "Gülnihal", "Akif bəy", "Cəlaləddin Xarəzmşah", R.Əkrəmin "Vüslət, yaxud sürəksiz sevinc", "Atala yaxud, Amerika vəhşiləri", "Çox bilən çox yanılar", Ə.Hamidin "Macəraye-eşq", "Səbrü-səbat", "Hind qızı", "Nesteren", "Əşbər" və s. dram əsərlərində müəyyən orijinallıqlar olsa da, Fransa teatr ənənələrinin, məxsusi olaraq Molyer və Kornel təsirini açıqca görmək mümkündür. Məsələn, İ.Şinasinin "Şair evlənməsi" komediyası xarakter yaratmaq, hadisələrə sosial dəyər vermək, obrazların mənsub olduqları zümrənin dili ilə danışmaq, həm həqiqətin, həm də gülüş obyekti olmağın bu ifadələrlə tamaşaçıya çatdırılması və s. cəhətlərdən Molyer komediya tiplərinə uyğun gəlir.
  Tənzimat ədəbiyyatının tələb və ölçüləri nəsrin janr imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayırdı. İlk baxımdan nəsrin xarakter yaratmaqda ənənəvi poeziya ilə müqayisədə üstünlükləri bu janrın ədəbiyyata gəlişinə həm ehtiyac yaratdı, həm də güclü təkan verdi. Türkiyədə nəsrin inkişafına Qərb nümunələri tərcümələrinin böyük təsiri oldu. 1864-cu ildə "Cərideyi-havadis"də V.Hüqonun "Səfillər", daha sonra D.Defonun "Robinzon Kruzo", Teodor Kasarın "Monte Kristo", Lesagenin "Topal şeytan" və s. əsərlərin Osmanlı türkcəsinə tərcüməsi Tənzimat ədəbiyyatında nəsrin yeni tələblər daxilində formalaşmasına güclü təsir göstərdi. Türkiyə ədəbiyyatında Avropa təsirli ilk nəsr əsəri Əhməd Midhət Əfəndinin 1870-ci ildə yazdığı "Lətaifi-rəvayət"lə başlamışdır. Bu istiqamətdə ikinci əsər isə Emin Nihadın 1873-cü ildə qələmə aldığı "Müsamərətnamə" hesab edilir. Qeyd edək ki, Əhməd Midhət Əfəndinin "Yeniçərlər" romanı ilk tarixi roman kimi qiymətləndirilir.
  Avropanın nəsr ənənəsinin Türkiyə ədəbiyyatına təsirini Namiq Kamalın "İntibah" (1876), "Cəzmi" (1880), Recaizadə Əkrəmin "Araba sevdası" (1889), Sami Paşazadənin "Kiçik şeylər" (1890), Xalid Ziyanın "Nemidə" (1889) və s. əsərlərində də görmək mümkündür. Ancaq adı çəkilən Tənzimat yazarlarının yaradıcılığında Qərb təsiri müşahidə edilsə də, onların əsərlərində milli özünəməxsusluğun da olduğu aydın görünürdü. Qeyd edək ki, bu sənətkarlar forma, məzmun, metod və s. baxımdan müxtəlif qruplara bölünürdülər. Məsələn, Namiq Kamal, Recaizadə Əkrəm, Sami Paşazadə Sezai öz əsərlərində daha çox ziyalı təbəqəni seçirdisə, Əhməd Midhət Əfəndi, Şəmsəddin Şami, Nəbizadə Nazim sadə kütləyə səslənirdi.
  Tənzimat dönəmində Qərbin daha böyük təsiri poeziyada hiss olunurdu. İlk növbədə nəzərə almalıyıq ki, Şərqdə poeziyanın həm tarixi qədim idi, həm də ənənələri güclü idi. XIX əsrə qədər Şərq-Türk poeziyası keçdiyi çoxəsrlik tarixi yolda Nizami, Xaqani, C.Rumi, Y.İmrə, Nəsimi, Füzuli, Fəraqi və s. şəxsiyyətləri ilə fəxr etmişdir. Lakin divan şeir ənənəsinin Avropa şeir ənənəsi ilə əvəzlənməsini şərtləndirən Tənzimat dönəmində böyük ənənəsi olan bu poeziya istər-istəməz Qərb şeirindən çox şeyləri əxz etmək məcburiyyətində qaldı. Şinasi ilə başlayan, Ziya Paşa ilə möhkəmlənən, N.Kamal ilə dərinləşən Qərb şeir ənənəsi Türkiyə poeziyasında yeni forma və yeni mövzuların tətbiqini zəruri etdi.
  Tənzimat dönəmində əski şeirlə yeni şeirə münasibət daxilində mübahisələr genişlənir. Tənzimat ədəbiyyatında şeirdə ictimai varlıq və ictimai təfəkkür birinci sırada dayanırdı. Əski şeirdə özünü göstərən həyəcan indi "millət üçün duyulan və ya duyulmağa çalışan faydalı və inqilabçı həyəcana" çevrilirdi. Yeni şeir "çılpaq təbiət gözəllikləri qarşısında duyğulanan, fərd və cəmiyyət daxilində insan macəralarıyla bağlanan, fəlsəfi misralarla əks etdirilən" nümunələr şəklində təzahürünü tapırdı. Ziya Paşa "Şeir və inşa" və "Xatirat" məqalələrində, Namiq Kamal "Təhribi-xarabat" və "Lisani Osmaninin ədəbiyyatı haqqında" yazılarında, Recaizadə Əkrəm "Təlimi-ədəbiyyat"ın ön sözündə divan şeiri ilə yeni şeirə olan münasibətlərini açıqlayırdılar. Tənzimat şeirində ilk dəyişiklik şeirin şəkil dəyişikliyi hesab olunur. Artıq bu dövrdən başlayaraq şeirdə əruzla yanaşı hecaya da yer verilir.
  1860-1895-ci illəri əhatə edən Tənzimatın ədəbiyyatı əsasən iki mərhələyə bölünür: 1860-1880-ci illəri əhatə edən I və 1880-1895-ci illəri əhatə edən II mərhələ. Tənzimatın I mərhələsinin nümayəndələri olan İ.Şinasi, N.Kamal, Z.Paşa, Əhməd Midhəd Əfəndi, Şəmsəddin Sami və başqaları "sənət cəmiyyət üçündür" prinsipi ilə fəaliyyət göstərirdilər. Ədəbi prosesi sənət və cəmiyyət problemləri daxilində inkişaf etdirən İ.Şinasi, Z.Paşa, N.Kamal və başqaları dövlət və cəmiyyət işlərinə qarışmaqla ədəbiyyatda yeni ideologiya formalaşdıra bildilər. Mədəniyyətçilik, Osmanlıçılıq və İslamçılıq ideologiyası məhz bu ədiblərin müdafiə etdikləri yeni ideologiya hesab olunurdu.
  Tənzimatın II nəslinə Recaizadə Əkrəm, Əbdülhaq Hamid, Sezai, Muallim Naci, Nəbizadə Nazim və başqaları daxildir. Əsasən R.Əkrəm – Ə.Hamid – P.Sezai məktəbi hesab edilən II nəsil tənzimatçılar "sənət sənət üçün" prinsipini məqsəd seçmişdilər. "Sənət sənət üçün" təmayülünün "sənət cəmiyyət üçün" ədəbi təmayülündən başlıca fərqi onların siyasi-ictimai ideologiyalardan bir qədər uzaq olmalarında idi. Lakin bu heç də o demək deyildi ki, "sənət sənət üçün"dür deyən şairlər siyasət və ideologiyalarından imtina edirdilər. Onlar siyasət məsələlərinə qismən də olsa qarışırdılar. Təbii olaraq Tənzimat ədəbiyyatı geniş əhatə dairəsinə malikdir. Hər şeydən əvvəl Tənzimat ədəbiyyatı həyati əhəmiyyət kəsb edən yeni ictimai və ideoloji məsələlərə münasibətdə olan ictimai bir ədəbiyyatdır. Bu ədəbiyyatda XVIII əsr fransız mütəfəkkirlərinin fikir­­­ləri əsas götürülmüş, Avropanın əski və yeni sənət xüsusiyyətləri­nin tətbiqinə xüsusi fikir verilmişdir. Tənzimatçılar ölkədə yalnız istibdad rejimini deyil, köhnə və yenilik tələblərindən uzaq hesab etdikləri bütün sənət və ədəbiyyat anlayışlarını da yıxmağa çalışırdılar. Düzdür, Tənzimat dövründə əski türk ədəbiyyatının dil, şəkil və s. cəhətləri bəzi sənətkarlar tərəfindən müəyyən hallarda mühafizə olunsa da, Avropa ədəbi modelinin tətbiqi ön sıraya çıxarılmışdır. Ədəbi yeniləşmə zamanı şeirin aparıcılığına son qoyulmuş, nəsr və dramaturgiyanın  üstünlüyü təmin edilmişdir. Yeni türk ədəbiyyatında xalq, vətən, millət, hürriyyət üçün səslənən ideallar Qərb ədəbiyyatının örnəklərinə söykənmişdir. Ailə problemləri, sosial məsələlər də yeni ideya baxımından özünə yer tapa bilmişdir. Onu da qeyd edək ki, yeni türk ədəbiyyatı fransız romantik və qismən də realist məktəblərinin təsirində idi.
Tənzimat dövründə şeir, nəsr və dramaturgiyada forma, məzmun, ideya, fikir və s. baxımından yeniliklər tam mənada özünü göstərirdi. 35 illik mövcudluğu dövründə Tənzimat ədəbiyyatının bir sıra qüsurları istisna olunmaqla bu ədəbiyyat Türkiyə türk ədəbiyyatının yeni məzmun və yeni formada inkişafında böyük rol oynamışdır.
 
 

  1895-ci ildə Türkiyə türk ədəbiyyatının həyatında yeni dövrün "Sərvəti-fünun" mərhələsinin başlanğıcı qoyulur. Tofiq Fikrət, Cənab Şəhabəddin, Faiq Əli, Hüseyn Cahid, Mehmed Rauf, Süleyman Nazif, İsmayıl Səfa və digər sənətkarların üzvü olduğu bu ədəbi hərəkat ədəbiyyatın yeni modelinin yaranmasına səbəb oldu. "Sərvəti-fünun" ədəbiyyatının qaynağı XIX əsrin ikinci yarısında formalaşan fransız ədəbiyyatı olmuşdur. Bu dövrdən sonra türklərin təbirincə desək, Türkiyə türk ədəbiyyatında "yeni və böyük bir Batılaşma mərhələsi" başlanmışdır. Gənc ədəbiyyatçılar tərəfindən yaradılmış bu ədəbi hərəkat üslub və şəkil baxımından fransız realistlərinin yolu ilə getməklə yanaşı, digər tərəfdən "yerli və ictimai bir romantizmin" təsirindən də kənarda dayanmırdı. Bu ədəbi hərəkatda fransız ədəbi təsiri güclü olduğundan fransız realistlərinin "sənət üçün sənət" meylli ədəbiyyat cərəyanı meydana gəldi. "Sərvəti-fünun''çular Şərq ədəbiyyatından çox Qərb ədəbiyyatını tanıyır, onu önə çəkir, hətta belə münasibətləri ilə iftixar hissi keçirirdilər. Yeni ədəbi hərəkat tərəfdarları Qərb nəzm şəkillərini Türkiyə ədəbiyyatına gətirir, hekayə və roman janrına Avropa hekayə və roman anlayışları səviyyəsindən yanaşırdılar.
  Onu da qeyd edək ki, Türkiyə türk ədəbiyyatında əruz vəznində yazılan sərbəst nəzm "Sərvəti-fünun''çularla başlamışdır. "Sərvəti-fünun" şeirinə qüvvətli bir musiqi  dili hakimdir. Bu cəhət  onu Tənzimat şeirindən fərqləndirən başlıca xüsusiyyətdir. "Sərvəti-fünun''çular Avropa tipli əsərlər yazmaq baxımından tənzimatçılardan çox-çox irəlidə gedirdilər. "Sərvəti-fünun" ədəbi hərəkatına bağlı olan sənətkarlar öz əsərlərində xalq kütləsinə müraciət etməkdən uzaq idilər. Bu ədəbiyyat milli, ictimai, estetik ehtiyacları daha az göstərmiş, yalnız yüksək zümrə və ya avropalaşmış adamların həyatını sənətdə əks etdirmişdi.
  XX əsrdə Türkiyədə ədəbi hərəkatlar ictimai-siyasi proseslərlə bilavasitə qarşılıqlı əlaqə və bağlılıq şəraitində inkişaf edirdi. Keçən əsrin əvvəllərində Türkiyənin ictimai-siyasi həyatı "qaynar qazanı" xatırladırdı. Ölkəni siyasi böhran bürümüşdü.
 
  Ardı var