Biz imzaları yox, əsərləri dərc edirik...

Tənqid ədəbi mənzərəyə ayna ola bilir? – Sorğu
2202
09 Avqust 2019, 09:45
 Artkaspi.az saytı "Tənqid ədəbi mənzərəyə ayna ola bilir? sorğusunu təqdim edir:

 Ədəbi tənqid - müasir ədəbi proseslə məşğul olur. Tənqidçi yaranmaqda olan ədəbiyyatın dəyərini müəyyən edir, ayrı-ayrı ədəbi-bədii nümunələrə, yazıçıların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr aparır, müasir ədəbi prosesin dərk edilməsində oxucuya kömək edir. Әdəbiyyat tarixçisindən və nəzəriyyəçisindən fərqli olaraq, tənqidçi elmlə yaradıcılıq təcrübəsini əlaqələndirir, yazıçı ilə oxucu arasında anlaşma, ünsiyyət yaradır. Ədəbi tənqid (və ya ədəbi tədqiqatlar) ədəbiyyatın öyrənilməsi, qiymətləndirilməsi və təfsiridir. Müasir ədəbi tənqid tez-tez ədəbi nəzəriyyədən təsirlənir, bu, ədəbiyyatın məqsəd və metodlarının fəlsəfi müzakirəsidir. Bu iki fəaliyyət yaxından əlaqəli olmasına baxmayaraq, ədəbi tənqidçilərin və ədəbi nəzəriyyəçilərin fikri həmişə eyni olmur.
 Ədəbi tənqidin ədəbiyyat nəzəriyyəsindən ayrı bir tədqiqat sahəsi hesab edilməsi və ya əksinə, kitablar barəsində rəy bildirməkdən fərqli olması mübahisəli məsələdir. Bəzi tənqidçilər ədəbi tənqidi ədəbi nəzəriyyənin praktik tətbiqi hesab edirlər, çünki tənqid həmişə xüsusi ədəbi əsərlərlə birbaşa məşğul olur, ədəbiyyat nəzəriyyəsi isə daha ümumi və ya abstrakt ola bilər.
 Ədəbi tənqid tez-tez inşa və ya kitab şəklində dərc olunur. Akademik ədəbi tənqidçilər ədəbiyyat şöbələrində dərs deyirlər və akademik jurnallarda dərc olunurlar. Məşhur tənqidçilər  daha çox "Times Literary Supplement”, "New York Times Book Review”, "New York Review of Books”, "London Review of Books”, "Nation, and The New Yorker” kimi nəşrlərdə əsərlərini yayımlayırlar.
 Fevral ayında Xalq yazıçısı Elçin Yazıçılar Birliyindəki məruzəsində "hazırda Azərbaycan ədəbiyyatında tənqidçi qıtlığı var" xəbərdarlığını etdi: "Janrda təqsir yoxdur - bu baxımdan, bizdə sadəcə, tənqidçi qıtlığıdır və olsun ki, "tənqidçi qıtlığı" ifadəsi vəziyyəti tam ehtiva etmir, bu cür desək, elə bilirəm ki, daha dəqiq olar: bizim ədəbi prosesdə bəsit, diletant, bəzən də xalis qrafoman mülahizələri kəmiyyət etibarilə professional tənqidçinin fikrini (yəni ictimai fikrin mühüm bir hissəsini) xeyli dərəcədə üstələyib, "tənqidçi qıtlığı" yox, professional tənqidçi qıtlığıdır".
 Yazıçı "Tənqidçi kimdir və o, özünü necə təsdiq edir (ya da etməlidir)” sualları əsasında Azərbaycan ədəbi prosesi və dünya ədəbiyyatşünaslığına nəzər salıb, bu istiqamətdə fikirlərini, təklif  və iradlarını səsləndirdi.
Çağdaş ədəbiyyatımızda tənqid ədəbi mənzərəni necə əks etdirir? Ümumiyyətlə, ədəbi tənqid ədəbiyyatın ümumi problemlərini necə əks etdirir?
 "Müzakirə”mizdə iştirak edən ədəbiyyat adamlarının mövzu ilə bağlı fikirləri birmənalı deyil.
 
 Tendensiyaçılıq və yarımçıqlıq
 
 "Məncə, bu gün ədəbi tənqid ədəbiyyatın problemlərini qismən işıqlandırır”- deyən yazıçı-publisist Nəriman Əbdülrəhmanlı hesab edir ki, əsasən ayrı-ayrı kitablara və əsərlərə yazılan resenziyalara daha çox rast gəlinir: "Xülasə, yaxud müəyyən bir dövrə həsr olunmuş yazıların əksəriyyətində də tendensiyaçılıq və yarımçıqlıq hiss olunur. Yəni müəlliflər yalnız tanıdıqları və münasibətdə olduqları yazıçıların əsərlərini, bir qədər də
ancaq oxuduqlarını qeyd edirlər. Amma istisnalar da var. Xüsusilə elmi-tədqiqat xarakterli yazılarda və kitablarda xeyli tamlıq hiss olunur. Məsələn, ötən illərdə AMEA-nın hazırladığı "Azərbaycan ədəbiyyatı" iki cildliyinə verilmiş məqalələr əhatəli idi. Xüsusən son illərdə filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin "Azərbaycan ədəbiyyatı" üçcildliyinin iki cildi, mühacirət ədəbiyyatı və milliyyətçiliyin üç formulu ilə bağlı tədqiqatları kifayət qədər əhatəlidir”.
 
 

 Ümumilikdə öz işini görə bilir
 
 Tənqidçi Tehran Alışanoğlu hesab edir ki, bu gün ədəbi tənqid bütövlükdə ədəbiyyatın ümumi mənzərəsini işıqlandırır. Sadəcə, bunu ilk nəzərdə görmək bir qədər çətindir: "Yaxınlarda yazıçı Elçin ədəbi tənqidlə bağlı problemləri səsləndirdi. Məsələ budur ki, ümumi problemləri yalnız bu cür məruzələr səslənərkən hiss edə bilirik”. Tənqidçinin sözlərinə görə, ədəbi tənqidin inkişafı il bağlı hər il AMEA-nın Ədəbiyyat İnstitutunda  ədəbi ilin yekunları keçirilir: "Həmin tədbirdə ümumi problemlər daha qabarıq görünür. Bu baxımdan yanaşanda, görürük ki, ayrı-ayrı tənqidçilərin yazılarında günün mənzərəsi əksini tapır. Sadəcə, çox müxtəlif problemlər olduğundan bunu ilk baxışdan hiss etmək olmur. Ancaq elə hesab edirəm ki, bütövlükdə ədəbi tənqid var. Yəni ədəbi tənqid müstəqillik illərinin ədəbiyyatına nə gətirib, ədəbi proses ortaya nə qoyub, hansı ümumi tendensiyalar var, ayrı-ayrı mövzular ədəbiyyatda necə əksini tapır və s. məsələləri ayrı-ayrı tənqidçilərin fəaliyyətində görə bilirik”. T.Alışanoğlu hesab edir ki, bu gün ədəbi-tənqidi prosesi həm ümumiləşmiş şəkildə "Ədəbiyyat” qəzeti əks etdirir, həm də ayrı-ayrı mətbu orqanlarda – "Kaspi”, "Ədalət”, "525” və bir sıra ədəbi saytlarda bu prosesin mövcudluğunu müşahidə edirik. Bu baxımdan hesab edirəm ki, ədəbi mənzərə kifayət qədər görünür. Yəni  problemlər də qaldırılır. Məsələn, Qarabağ müharibəsi mövzusu ilə bağlı ədəbiyyatın problemləri, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına inteqrasiyası ilə bağlı problemlər, tərcümə problemləri və s. məsələlər müzakirə olunur. Həm də daha çox tənqiddən şikayətlər səslənir və bu da problem kimi qaldırılır. Elə hesab edirəm ki, ümumilikdə ədəbi tənqid öz işini görə bilir”.
 
 
   
 
 Ürəkaçan deyil 
 
 Yazıçı Eyvaz Zeynalov hesab edir ki, ədəbi mənzərə ilə bağlı tənqidin tutduğu mövqe o qədər də ürəkaçan deyil: "Düzdür, resenziyalar, rəylər yazılır, üstəlik təqdimatlarda, tədbirlərdə ədəbi tənqidlə bağlı fikirlər söylənilir. Ancaq bu resenziyalar daha çox dost və tanışların əsərləri haqqında yazılır. Əvvəllər tənqiddə tərəfkeşlik, yaxın dost məsələsi yox idi. Tənqidçilər əsərə münasibət bildirəndə ümumi yanaşır, müəllif tanış oldu-olmadı əsəri götürür, onların haqqında fikir bildirir, oxucunu həmin əsərlərə yönəldirdi. Və yaxud əsərin hər hansı nöqsanlı cəhətini tənqid edir, müsbət tərəflərini təbliğ edirdi. Ümumiyyətlə, əsər haqqında maraqlı fikirlər söylənərdi. Tənqid həmişə yönəldici rol oynayırdı. Ancaq təəssüf ki, bu gün tənqidçilərimiz bu amili nəzərə almırlar. Ona görə, bu gün vəziyyət tam fərqlidir. İndi tənqidçilər daha çox dostların, tanışların əsərləri haqqında rəy yazmağa üstünlük verirlər”. Yazıçının fikrincə, tənqidçilər daha çox da əsər haqqında müsbət istiqamətdə – yəni tərif yazmaqla fikir bildirirlər: "Sanki tənqidçilər özlərinə əziyyət vermədən, haqqında tənqidi məqalə yazdıqları kitabı çox vaxt sona qədər oxumurlar. Hətta bəzən personajların adlarını qarışdırırlar. Köhnə məqalələrini uyğunlaşdırıb təzə əsərlər haqqında yazırlar - bu cür faktlara da rast gəlmişəm. Kənarda olan müəlliflərin adı çəkilmir. Başqa müəlliflərin əsəri oxunmur. Yazıçılar var ki, məsələn, təqaüddədirlər ancaq yenə də çalışıb əsər yazırlar. Onların həmin əsərlərinə əhəmiyyət verən yoxdur. Heç kim onların adlarını çəkmir, əsərlərini oxumur. İndi tənqidçilərin o adamlardan keçəcək bir işi yoxdur, ona görə də onların yaradıcılığı ilə maraqlanmırlar”. Yazıçı hesab edir ki, tənqidçilərin ədəbi tənqidlə bağlı real mənzərəni əks etdirməmələri ədəbiyyatın inkişafına mənfi təsir edir: "Bu, gələcək nəsillər üçün yazıçıların adlarını unutdurur. Belə münasibət həmin dövr üçün nöqsandır. Bu da, təbii ki, ədəbiyyatın ziyanına işləyir - ədəbiyyatı, həmin dövrü kasıblaşdırır. Eyni zamanda, bu, yazıçıların özlərinə də, oxuculara da pis təsir edir”.  
 
 

 Ciddi problem yoxdur
 
 Yazıçı İlqar Fəhminin fikrincə, səthi yazılan yazılar istisna olmaqla, ədəbi tənqid sahəsində ciddi problem yoxdur. Belə ki, AMEA-nın Ədəbiyyat İnstitutunda çalışan alimlər tərəfindən, o cümlədən "Ədəbiyyat” qəzetində ayrı-ayrı tənqidçilərin fəaliyyətinə geniş yer verilir: "Ümumi ədəbi mənzərəni işıqlandıran çoxlu tənqidçilərimiz var və onlar buna nail olurlar. Hesab edirəm ki, ədəbi mənzərə ilə bağlı kifayət qədər materiallar mövcuddur.
 
 

Bundan əlavə, ədəbi tənqid mövzusunda illik icmalar çap olunur, mühazirələr deyilir, hesabatlar verilir. Hesab edirəm ki, ədəbiyyatda məhz ədəbi tənqidlə bağlı məsələdə problem yoxdur”.
 

Təranə Məhərrəmova