Biz imzaları yox, əsərləri dərc edirik...

Təkliyin qüdrəti
2887
10 Dekabr 2018, 15:54
 Artkaspi.az Fərid Hüseynin Lev Tolstoyun "Anna Karenina” romanı barədə "Ağlın toxluğundan qəlbin aclığına" adlı yazısının növbəti hissəsini təqdim edir:
 
 
 
 
 
 

 Anna Karenina və bumeranq

 "Anna Karenina”da xəyanət həm də tamamlayıcı bir nöqtədir. Əsərin əvvəlində oxuyuruq ki,  Annanın qardaşı  evlərində mürəbbiyəlik edən fransız qadınla öz həyat yoldaşına xəyanət edib. Bu xəyanət Oblonskilərin evini çalxalayıb, narazılıq hətta, ayrılmaq, ailəni dağıtmaq həddinə çatdırıb. Xəyanətin, yalanın insanlar arasındakı doğmalığı, yaxınlığı məhv etdiyini, araya soyuqluq salmaq qüdrətini Tolstoy qələmi belə ifadə edir: "...Bir karvansarada təsadüfən qarşılaşmış adamlar onlardan... – Oblonskilərin ailə üzvlərindən... bir-birinə daha yaxın idilər”. Karvansarada, mehmanxanada insanlar bir-birini cəmi bir neçə dəfə görürlər və oradakı insanların münasibəti salamlaşmaq, ötəri ehtiram göstərməkdən uzağa getmir. Çünki mehmanxanada rastlaşdığımız adamlar əksərən sabahımızda olmur. Bəs, nəyə görə bu qədər dağıdıcıdır, nə üçün illər ərzində insanlar arasındakı məhəbbət bir anın içində, yaxud bircə xəyanətlə heç-puça dönür? Bu məhəbbətin nifrət önündəki gücsüzlüyü ilə bağlıdır, yoxsa burda başqa səbəblər var? Niyə nifrət etdiyimiz anlarda ağlımıza keçmişdəki arzulu günlərimiz, fərəhli çağlarımız, qol-boyun olduğumuz anlar gəlmir? Nə üçün insan yaddaşı xeyirxahlığı, yaxşılığı, sevincli anları unutmaq üçün hər an hazırdır? Səbəb, sadədir: sevgi hər bəndənin könlündə nifrətlə, etibarla, qayğı ilə, qəzəblə birgə yaşayır, sevginin əhatəsində bütün hisslərə, duyğulara, insanı insan edən nəsnələrə yer var, amma nifrət tək yaşayır. Nifrət bayquş xislətlidir, o, tənhalıq vurğunudur. Elə ki ruhumuzda nifrətə meydan verilir, o zaman nifrət təkliyin məğlubedilməz qüdrətini göstərir. İnsan nifrətin qanunları ilə yaşadığı anlarda heç bir gözəlliyi, ona edilən heç bir yaxşılığı görmür. Sanki nifrət hər addımını hər şeyi unudaraq atır. Biz qəlbimizdə kiməsə və ya nəyəsə kin bəsləyəndə həyata nifrətin gözü ilə baxırıq deyə, nüvəsində xeyir olan heç nəyi görmürük. Nifrət qəlbin korluğunu ifadə edir. Necə ki, yenicə gözləri tutulmuş adam ətrafdakı hər şeyi dağıdır, nifrət eləməyə başlayan insan da əvvəlki bütün xoş münasibətləri yerlə-yeksan edir. Ona görə də ərindən xəyanət görmüş Dollini sakitləşdirmək mümkün deyil!  O, ərini bağışlamaq istəmir!  O, ərinə nifrətin gözləri ilə baxır deyə, geridə qalan səadətli günlər onun üçün çürük bir qoz qədər də dəyərli deyil. Tolstoy əsərin əvvəlində bu xəyanəti canlandırmaqla, əslində, Annaya  ibrət nümunəsi göstərir. Anna isə hamı kimi öz aqibətindən xəbərsizdir. Bu xəbərsizlik onda əminlik yaradıb, onun heç ağlına da gəlməz ki, haçansa oxşar hadisə onun da ailəsinin başına gələ bilər. Müəllif əsərin əvvəlindəki bu xəyanət motivi ilə göstərir ki, Allah hər kəsi bir-birinə ibrət üçün yaradıb, cənnəti də, cəhənnəmi də ətrafımızdakı adamların əməlləri bizə nişan verir. Özünü unutmamaq üçün başqalarına baxmaq vacibdir, bunsuz keçinmək mümkün deyil.  
 
 
 
 
 

 Anna Karenina və məhdudluq
 
 
 Annanın xəyanəti ilə qardaşının xəyanəti arasında bir əsas fərq var: Anna xəyanətini gizlətdiyinə görə iztirab çəkir, düşünür ki, olanları ərimə deməklə həm iztirabdan xilas olmalı, həm də gizlində eşq yaşamaq narahatlığından yaxa qurtarıb, məhəbbətin asudəliyinə, aramına qovuşmalıyam. Əks halda,  sevgi münasibətlərini bu cür davam etdirmək məhəbbətə qarşı riyakarlıqdır. Çünki Anna sevərək öz səmimiyyətinə qovuşub. İnsanlar az hallarda səmimi ola bilirlər, axı, səmimiyyət böyük azadlıq deməkdir. Anna sevəndən sonra qəlbini tanıyır, insan başqasını sevəndə həm də özünü sevir. Bir ünvanda – bir insanda səadət tapmağın azadlığı var eşqdə. İnsan biləndə ki, bir varlıqla xoşbəxt ola bilir, onda onun gözündə digər şeylər – insanın azadlığını əlindən alan məsələlər dəyərini itirir. Sevgi insanı məhz bu üsulla məhdudluqdan azad edir. Görürsən ki, sən demə, yalnız bir şeyin dərdini çəkmək, bir arzu ilə yaşamaq da olarmış. Amma məhəbbətin paradoksu da var – sevgi insanı həm maddi, fiziki dünyanın bəxş etdiyi məhdudluqdan xilas edir, həm də yeknəsəqliyə, yalnız bir düşüncəyə qapılmağa sürükləyir. Sevən insanın beynini yalnız bir şey – sevgi məşğul edir, bu da məhdudluq nişanəsidir. Klassik əsərlərdə insani sevginin İlahi sevgiyə çevrilməsinin əsasında həm də sevginin əhatəliliyi, geniş miqyası məsələsi dayanır. Allaha bağlanmaq qəhrəmanlarını bir insana bağlanmaq məhdudluğundan xilas edir – çünki Allaha sevgi hər şeyə sevgi deməkdir. 
 
 
 

 
 Anna Karenina və xəyanətlərin fərqi
 
 
 Onların hər ikisi  – həm Anna, həm də qardaşı həyat yoldaşını sevmədiyi üçün xəyanət edib, amma Annanın qardaşı başqa cür düşünür. Onun peşmanlığının səbəbi də fərqlidir: "O, etdiyi hərəkəti arvadından yaxşı gizlədə bilmədiyi üçün peşman idi”. Annanın qardaşı nə üçün belə düşünür? Çünki kişi xislətində sirli qalmaq azarı var. Kişilər sirri sevirlər, sirləri ilə macəralı olduqlarını düşünürlər, qadınlarsa aşkarlıqdan, bölüşməkdən, göstərməkdən zövq alırlar. Qadın seviləndə istəyir ki, bütün dünya onun sevildiyindən xəbər tutsun, kişi isə çox zaman öz gizli məhəbbət feyzi ilə kifayətlənir.
 Xəyanətlərin mahiyyətinə varaq. Anna sevdiyinə görə xəyanət edib, ona görə də xəyanətini üzə çıxarmaqla, əslində, başqasını sevdiyini nümayiş etdirir. Qardaşı isə nə arvadını sevir, nə də gecələdiyi mürəbbiyənin dəlisidir, onu ancaq fiziki həzz düşündürür. Anna eşqin qurbanıdır, qardaşı isə eyş-işrətin peşindədir. Ona görə də onların xəyanətləri, əməllərinə münasibətləri fərqli formada təzahür edir. Anna eşqini üzə çıxarıb, daxili zülmdən azad olmaq istəyir, qardaşı isə əməlini gizlədə bilmədiyinə görə peşmandır.
 Anna qardaşının arvadı Dolli ilə söhbət edərək, onu yola gətirməyə, dağılmaqda olan ailəni xilas etməyə çalışır. Söhbət  zamanı  Annanın özünü onun yerinə qoymasını istəyən Dolli soruşur: "– Sən bağışlaya bilərdin?
 – Bilmirəm, deyə bilmərəm... Yox, bilərdim, – Anna bir az fikrə gedib dedi və vəziyyəti düşünüb, qəlbinin tərəzisində ölçüb-biçərək əlavə etdi: – Yox, bağışlaya bilərdim, bəli, əfv edərdim onu. Bəlkə də əvvəlki kimi olmazdım, amma bağışlayardım və aramızda heç nə olmamış kimi onu bağışlayardım.
 – Hə, əlbəttə, – deyə Dolli sanki dəfələrlə düşündüyü bir şeyin haqqında danışırmış kimi, cəld onun sözünü kəsdi, başqa cür bağışlamaq olmaz. Əgər bağışlayırsansa, hər şeyi tamamilə unudub bağışlamaq lazımdır”. 
 Burda kotan daşa dirənir, məsələyə bu məqamda düyün düşür. Yuxarıda tamamilə unutmaq məsələsi meydana çıxır. Bəs, tamamilə unutmaq mümkündürmü? Heç vaxt. Dünənsiz məhəbbət yoxdur. İnsan məhəbbətin dünənini düşünməyə məhkumdur, çünki sevgi heçdən yaranmayıb, göydən zənbillə enməyib, bugünkü eşq dünənki hisslərdən, tərəddüdlərdən, götür-qoylardan yaranıb. Ona görə də, sevən insan istədi-istəmədi, həm də dünənlə yaşamalıdır – mövcud durum sevənə alternativ şans tanımır. Nədirsə odur. Özünü başqasının yerinə qoyaraq qərar vermək – Anna kimi davranmaq, öyüd-nəsihət vermək asandır. Xəyali olaraq kiminsə düşdüyü vəziyyəti yaşamaq çətin deyil, amma oxşar vəziyyətə düşmək və eyni qərarı vermək müşküldür. Ona görə də Anna bağışlaya biləcəyini düşünür. Anna onu sevən Vronskini bağışlaya bilmirsə, ona xəyanət edəni əfv edə bilərmi? Qətiyyən! Amma bu məqamda biz də Anna kimi tələsib, tez qərar verə bilmərik. Çünki insanın nə edəcəyi bəlli olmaz. Bu qənaətə gəlməyimizə səbəb  məntiqlə düşünməkdir.
 
 
 Anna Karenina və geriyə çevrilən çarx
 
 Anna Karenina ilə Aleksey Aleksandroviçin münasibətlərinin kəskinləşdiyi dövr haçandan başlayır? O zamandan ki, Aleksey arvadının sevgilisinin evə gəlməsini istəmir, bu barədə Annaya xəbərdarlıq edir. Anna isə onun qadağasına  məhəl qoymur, Vronski yenə də gəlir. Aleksey qərar verir ki, daha bu təhqirə dözmək mümkün deyil – o, arvadını boşamalıdır və uşağını onun əlindən alıb, bacısının himayəsinə verməlidir. Həmin günlər ərzində o, işlə bağlı Moskvaya gəlir və Annanın qardaşı Stepanla görüşür. Stepan onu evinə dəvət edir və min bir xahişdən sonra Aleksey qonaq olmağa razılıq verir. Amma dəvətdən əvvəl o, baş verənləri üstüörtülü şəkildə Stepana danışır. Evə gələndə isə Dolli ərindən eşitdiyi bu faciə barədə Alekseylə söhbətləşmək, bir ailənin dağılmasının qarşısını almaq istəyir. Bu dəfə sanki çarx tərsinə fırlanır – indi Dolli Annanın ailəsinin dağılmaması üçün canfəşanlıq edir. Dolli düşünür ki, Anna ayrılsa, məhv olacaq, heç kəs ona yiyə durmayacaq. O, Alekseydən xahiş edir ki, Annanı xilas elə. Alekseyin cavabı isə ağır olur: "Məhv olmaq istəməyən adamı xilas etmək mümkündür”. Dolli ərinin xəyanətini xatırlayır: "Mən özüm haqqında sizə bir şey deyəcəyəm. Mən ərə getdim və ərim məni aldatmağa başladı; hirs və qısqanclıqdan hər şeyi atıb getmək istəyirdim, mən özüm istəyirdim ki... lakin birdən özümə gəldim, özü də bilirsinizmi mənə kim kömək etdi? Məni Anna xilas etdi. İndi, baxın, mən yaşayıram. Uşaqlarım böyüyür, ərim ailəsinə bağlanaraq haqsız olduğunu hiss edir, getdikcə daha təmiz, daha yaxşı olurlar və mən də yaşayıram... Mən onu bağışladım, siz də Annanı bağışlamalısınız!”
 Maraqlı dialoq davam edir və Dolli deyir:
 – Sizə nifrət edənləri sevin.
 Aleksey Aleksandroviç həqarətlə gülümsədi. O, bunu çoxdan bilirdi, lakin bu fikir, onun dərdinə aid edilə bilməzdi.
 
 
 

 – Sizə nifrət edənləri sevin, lakin nifrət etdiyin adamları sevmək mümkün deyil.
 Tolstoy hər iki xəyanəti təkrarlanan çevrə metodu ilə bir nöqtədə birləşdirir. Sanki xəyanət motivində rollar dəyişir, Anna qardaşını, Aleksey isə Dollini əvəz edir. Dolli Annanı müdafiə edərkən sanki ona olan mənəvi borcunu ödəyir, çünki bir vaxtlar onların ailəsinin dağılmamasının səbəbkarı Anna idi. Dolli Annanı öz ailəsinin xilaskarı kimi xatırlayır və bu, əsərin əvvəlindəki xəyanətin unudulmamağına işarədir. Deməli, ailəni qoruyan təməl prinsiplərdən biri də "bağışla, ancaq unutma” prinsipidir. Uzunömürlü ailələrin sirri burdadır – iki insanın bir-birini on illiklər boyunca bağışlamasında. 
 Tolstoy xəyanətlərlə insanın dərs almamağı məsələsini də göstərir. Necə ki, saysız-hesabsız  kitablar oxuyan Tolstoy həyatda çoxlu səhvlər etmişdi, eləcə də, onun əsərlərini oxuyan çoxsaylı insanlar eyni günahları – əbədi günahları təkrarlayacaqlar. Tolstoy, məncə, bu romanında bir sıra əsərlərindəki kimi didaktikaya getmir. Çünki insanlar bir-birinə yox, özlərinə baxıb yaşayırlar, ona görə də, əksərən, çoxları üçün özgənin həyatı dərs olmur. Günahın qoynuna atıldığımız an insan çox şeyi unudur, hətta günahın özünü də. Ancaq elə ki, günah törədilir, onda insanın gözləri açılır. Bəzən də insan öz günahını Allahın gözləri ilə görür. Onda insan daha çox qorxur, onda günaha baxan rakurs daha da böyüyür.