Biz imzaları yox, əsərləri dərc edirik...

Teatr tənqidinin tənqidi – Könül Əliyeva Cəfərova yazır
613
12 Oktyabr 2018, 09:05
 Artkaspi.az teatrşünas teatr tənqidinin tənqidi Könül Əliyeva-Cəfərovanın "Teatr tənqidinin tənqidi"  adlı məqaləsini təqdim edir:
 
 


 
 
 Ötən əsrin ortalarından başlayaraq tənqid bir peşə kimi qəbul olunurdu və bu peşə ilə məşğul olanlar digər peşə sahibləri kimi, məşğul olduğu sahədən gəlir əldə edirdi. Bu gün də teatr tənqidinin bir peşə olduğunu zənn edənlər olsa da, belə bir fakt faktlığını qoruyub saxlayır: teatr tənqidi peşə deyil. Birincisi, sırf tənqidlə məşğul olan insan (tənqidçi) qazandığı məvaciblə minimum yaşam şərtlərini belə təmin edə bilmir. İkincisi, tənqidçinin yazdığı yazını dərc etdirməsi üçün heç bir mətbu orqan yoxdur. 10 milyon əhalisi, 86,6 min kv. km sahəsi, 26 dövlət teatrı, yüzlərlə aktyoru, rejissoru olan Azərbaycan boyda məmləkətdə 3-5 tənqidçinin yazdığı yazını çap edən və sərf elədiyi enerjinin, əməyin, zəhmətin qarşılığını ödəyən bir dənə də olsun teatr jurnalı demirəm, heç olmasa, qəzeti yoxdur. Üçüncüsü, prosesin dəyərləndirilməsi, yönləndirilməsi məsələlərində tənqidçinin fikri və tənqidin mövqeyi nəzərə alınmır. Buna görə də, tənqidin bir peşə kimi tam və səmərəli fəaliyyəti mümkünsüzdür. 
 Bəs, bu o deməkdirmi ki, tənqid ölür? Düşünürəm ki, məsələni bu sayaq qoymaq çox sərt və acımasız bir yanaşma olar. Mövcud durumun analizi onu deməyə əsas verir ki, tənqid yox, ötən əsrin tənqid modeli ölür. Nədən ki, çağdaş dövrün tənqidinin mahiyyəti və funksiyaları dəyişilir, çünki müasir teatr prosesinə ötən əsrin tənqidinin üsul, vasitə və formaları ilə yanaşmağın özü elə qanunauyğunluğu pozmaq deməkdir. Bu gün ölkəmizdə teatr tənqidi ilə bağlı yaranan xaotik prosesin də səbəbi elə bundan qaynaqlanır: dövr dəyişib, proses dəyişib, zaman yenilik tələb edir – teatr sənətçisi isə tənqiddən "yeni hamamda köhnə tasla işləməyi” gözləyir. Bu gün tənqidçinin funksiyası tənqidçidən daha artıqdır, yəni tənqidçinin işi təkcə tamaşanı analiz etmək, rejissor və aktyor haqqında portret yazıb, müsahibə almaq deyil: teatr prosesini izləmək, boşluqları doldurmaq, tənzimləmək, alternativ üsullar tapmaq, ölkədə və ölkədən xaricdə gedən prosesləri izləyib müqayisələr aparmaq, fiksasiya etmək və s. Müqayisə üçün, Gürcüstanda teatr festivallarında, müsabiqələrdə, mükafatlandırma mərasimlərində jüri heyəti ancaq teatr tənqidçilərindən ibarətdir. Çünki prosesi bütünlüklə izləyən mütəxəsis yalnız tənqidçidir. Hətta Gürcüstanda teatrların bədii rəhbərini teatrşünaslardan ibarət komissiya heyəti təyin edir. 
 
 

 
 Teatrşünaslığın auditoriyaya təsir mexanizmi və fəaliyyət formatı dəyişdiyi kimi, onun fəaliyyətinin son məhsulu olan resenziyanın oxucu auditoriyasına çatdırılması mexanizmləri də dəyişib. Əvvəllər ancaq qəzetdə və jurnalda məqalə oxuyurduq, indi isə internet mətbuatı, sosial şəbəkələr yaranıb. O da həqiqətdir ki, indi sosial şəbəkələrin istifadəçiləri hər hansı bir qəzetin, yaxud jurnalın auditoriyasından qat-qat artıqdır. Sosial şəbəkələr sosiumu teatra qaytarmaq potensialına malikdir. Bilmirəm, bu yaxşıdır, ya pisdir, amma indi, müəyyən mənada, istəyən hər kəs təndiqçi ola bilər: akkaunt yaradıb, qeydiyyatdan keçir, baxdığı tamaşalar haqqında yazırsa, deməli, o artıq təndiqçidir. 
 Ötən əsrin 60-cı illərinin teatr tənqidini araşdıranda belə bir mənzərə ortaya çıxır ki, 60-cı illər tənqidi teatr həyatının detallı təsvirini yaradan bir mexanizm idi və bu detallı təsviri əks etdirməyə dövrün bütün mətbuat orqanları yardımçı olurdu. Bu gün teatr sənətçilərinin də tənqiddən istədikləri teatrın detallı təsvirini yaratmaqdır. Bizi əhatə edən fəzanın və içində bulunduğumuz çağın mövcud prioritetlərinin isə detallara ayıracaq zamanı yoxdur. 
 Əslində, vəziyyətdən çıxış yollarının nədən ibarət olduğunu demək də çətindir. Lakin bu məsələ hansısa bir formada mütləq həll olunmalıdır. Çünki tənqid teatrın bir parçasıdır, tənqidçisiz teatr da yaşaya bilməz. Son zamanlar rejissorlar və aktyorlar tərəfindən hər nə qədər də iddia olunsa ki, tənqidçi onlara  lazım deyil, istənilən rejissor və aktyorun mütləq tənqidçi fikrinə ehtiyacı var və onlar özləri haqqında, gördükləri iş haqqında mütləq yaxşı bir yazı oxumaq, tərif eşitmək istəyirlər. Bu da o deməkdir ki, teatr və tənqid ayrılmaz bir mexanizmdir. Tənqid teatra özü haqqında, gördüyü iş haqqında düşünməyə imkan yaradır, özünə hesabat verməyə yardımçı olur. Teatrla tənqidçinin apardığı birgə müzakirələr də prosesin tərkib hissəsidir, əslində, prosesin özünü yaradan amil elə tənqiddir. Bu gün bu proses müəyyən qədər deformasiyaya uğrayıb. Teatr çox zaman tənqidçi ilə açıq müzakirələrə (dialoqa) hazır olmur. Çünki müzakirələr istər teatr, istərsə də təndiqçi üçün həm də kifayət qədər ağrılı prosesdir. Müzakirələr zamanı bəzən konfliktlər də baş verə bilir. Ancaq müzakirələr, yəni teatrla tənqidin dialoqu baş tutmursa, teatr gördüyü iş haqqında fikir formalaşdırmaqdan məhrum olur. Əslində, öz gördüyü işin tam mahiyyətini və effektivlik dərəcəsini anlaya bilmir. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. Rejissorlarımızın və aktyorlarımızın teatr tənqidçisindən gözləntiləri özləri haqqında xoş söz, tərif eşitmək, müəyyən mənada, eqosunu təmin eləmək istəyindən başqa bir şey deyil. Ancaq dahilərin, böyük sənətkarların çalışdığı teatrda tənqidçinin hər hansı qeydi, iradı, yaxud tənqidi qərəz, gözügötürməzlik, qeyri-peşəkarlıq kimi qiymətləndirilir. Qısaca desək, teatr və tənqid bir-birinə etimad göstərmir, inanmır, bir-birinə inkorporasiya oluna bilmir. Ayrı-ayırılıqda, əlahiddə şəkildə fəaliyyət göstərən teatr və tənqidin münasibətləri "dəyirman və çax-çax” modelini realizə edir. Belə olan halda isə, hər iki fəaliyyət sahəsi canlılığını və əhəmiyyətini itirir.
 
 
 

 
 İçində bulunduğumuz xaotik proses, müəyyən qədər, teatr tənqidinin tənəzzülə uğradığını andırsa da, əslində, baş verən siyasi-ictimai və iqtisadi proseslərin mədəniyyətdə, teatr sənətində və eləcə də teatr tənqidində yansımasıdır. 
 SSRİ dağıldıqdan sonra Azərbaycan öz taleyini, həmçinin milli mədəniyyətin və incəsənətin müqəddəratını həll etmək məcburiyyətində qaldı. Müstəqqillik dövründə ağır siyasi-ictimai, iqtisadi şəraitdə müstəqil yaşam uğrunda mücadilə edən teatr sənəti də o vaxta qədər rastlaşmadığı yeni problemlərlə üz-üzə qaldı. 70 il ittifaq sistemində, ideoloji-siyasi nəzarət altında gerçəkləşən teatr prosesi müstəqillik dövründə gərəksizlik sindromuyla üzləşdi və missiyasını yerinə yetirməkdən məhrum oldu. Teatrın gərəksizlik faktı ilə üz-üzə qaldığı bir zamanda tənqidin bütün fəaliyyət mexanizmi alt-üst oldu. Bu zaman tənqid nəinki teatrın mövcud durumdan xilas yollarını axtarmağa başladı, əksinə, özünün var olması sual altına düşdü və varlıqla yoxluq arasında vargəl edən tənqid pərakəndə şəkildə özünü göstərməyə başladı. Teatrşünas Məryəm Əlizadə teatr prosesindən, İlham Rəhimli teatr tarixindən, Aydın Talıbzadə isə teatr hadisələrindən ara-sıra yazılar çap etdirməyə başladı. Lakin onların fəaliyyəti teatrdan qopmuş şəkildə davam etdiyindən teatrla tənqidin dialoqu pozulmağa, teatrın və tənqidin monoloqlarına çevrilməyə başladı. 
 
 

 
 Sosio-psixoloji sarsıntılar keçirən teatr prosesi müstəqilliyin ilk 10 ilində yalnız varlığını qorumağa çalışdı. Sonrakı illərdə isə teatrda kommersiya meylləri yaranmağa başladı. Yuğ, Kamera, Pantomima, Bakı Bələdiyyə və özəl teatrların yaranması hesabına paytaxtın teatr şəbəkəsi genişləndi və sıxlaşdı. Lakin özəl teatrlar istər bədii-yaradıcı, istərsə də iqtisadi baxımdan özünü doğrulda bilmədi, bələdiyyə teatrları isə özlərini bədii-estetik qatda təsdiqləyə bilmədilər və əsasən, fantom (xəyali) teatrlara çevrildilər. Onlarla müqayisədə dövlət teatrları mövcudluğunu qoruyub saxlaya bilsələr də, müxtəlif problemlərlə qarşılaşdılar. Müstəqillik dövrü teatr prosesinin tərkib hissəsi olan tənqiddə də dəyişikliklər baş verdi. Artıq teatr tənqidinin başlıca məqsədi premyerası keçirilən hər bir tamaşa haqqında iki qəzet səhifəsi boyda "palaz” məqalə yazıb, musiqinin zərif notlarının qəhrəmanın həyat mübarizənini tamaşaçıya ən incə detallarına qədər çatdırması haqqında uzun-uzadı danışmaq deyildi. Müstəqillik dövründə tənqidin üzərinə düşən vəzifə dərin analiz, elmi-nəzəri təhlil nəticəsində əldə olunan yeni mənəvi dəyərlərin ənənəvi mənəviyyat sistemində mövqeyini göstərməkdən ibarət idi. Çünki müstəqil teatr prosesinin nəticəsində deformasiyaya uğramış teatr poetikası yenidən bərpa olunmağa başlayırdı. Bu proses mütəqillik dövrünün ikinci 10 ilində özünü göstərdi. Artıq dövrün teatr poetikasının başlıca səciyyələri ənənəyə, kökə qayıdışla xarakterizə olunmağa başladı. Bu, ən çox özünü dramaturgiyada göstərirdi. Müstəqillik dövrünün teatr tənqidinin dil-ifadə vasitələrində də əhəmiyyətli dəyişikliklər baş verdi. 
 İndi tənqid təkcə rus teatr sənətinin deyil, müəyyən qədər dünya teatr sənətinin lüğətində cəmlənən bütün dil-ifadə vasitələrini işlək hala gətirməyə, milli prosesə adaptə etməyə, Azərbaycan teatr sənətinin spesifikasını, milli özünəməxsusluğunu qorumaq şərtilə onu dünya teatr prosesinə qovuşdurmağa çalışır.