Biz imzaları yox, əsərləri dərc edirik...

Tbilisidə azərbaycanlı fotoqrafın sərgisi
182
18 İyul 2019, 14:31
  Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı fotoqraf Nurlan Tahirlinin fərdi sərgisi açılıb.
  AZƏRTAC xəbər verir ki, Gürcüstan Milli Parlament Kitabxanasında açılan sərgi "Travel Tunnel” (Səyahət Tuneli) adlanır.
 
 

  Azərbaycan Fotoqraflar Birliyi (AFB) və Gürcüstan Fotoqraflar Assosiasiyasının (APG) birgə təşkil etdiyi sərgidə fotoqrafın 30-dan çox səyahət və şəhər mənzərələri mövzusunda, habelə 360 dərəcə panoramik şəkilləri nümayiş olunub.
  APG-nin sədri Kaxa Pxakadze tədbiri açaraq gənc fotoqraf N.Tahirlinin yaradıcılığını təhlil edib, onun fotoqrafiya sahəsində daha böyük uğurlar qazanacağına əmin olduğunu söyləyib.
  APG idarə heyətinin üzvü Nino Mgebrişvili, "Associate Press”in fotomüxbiri Şahvələd Eyvazov və fotoqraf George Okromçedlişvili N.Tahirlini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.
  Azərbaycan Fotoqraflar Birliyinin katibi, eləcə də Gürcüstan Fotoqraflar Assosiasiyasının 2017-ci ildən üzvü olan N.Tahirlinin bu sərgisi sayca üçüncüdür. Daha öncə fotoqrafın Azərbaycanda (2015) və Türkiyədə (2016) fərqli mövzularda əsərləri nümayiş olunub.
  N.Tahirli təhsilinin bakalavr pilləsini Azərbaycan Dövlət İqtisad Universitetində, marketinq üzrə magistratura təhsilini Türkiyənin Sakarya Dövlət Universitetində alıb.
  Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirakçısı və mükafatların laureatı olan fotoqraf 2019-cu ildə Avropa Fotoqraflar Federasiyası (FEP) tərəfindən "European Photographer" (Avropa Fotoqrafı) kvalifikasiyasına layiq görülüb.