Artkaspi.az saytı Rahid Uluselin essesini təqdim
edir:
Cavid və Cibran "Peyğəmbər”ləri
Romantizm estetikasının açarı.
Dünya İntibahı – böyük idealların, klassizimi –
cilalanmış ölçünün, romantizmi – böyük təzadların mədəniyyətidir. Romantizm
tarixin bütün arsenalını hərəkətə gətirir və özünün poetik-fəlsəfi "ehtiraslar”
meydanında orada nə varsa hamısını toqquşdurur: harmoniya ilə xaosu, dinlə
siyasəti, oğulla atanı, qəhrəmanla yadelli işğalçını, şəxsiyyətlə dövləti,
daxma ilə sarayı, azadlıqla köləliyi, doğru ilə avantüranı, əxlaqla çamırı,
natura ilə qondarmanı, mələklə iblisi, ariflə cahili – yeni ilə köhnənin bütün
cinahlarını... və sonda özü ilə özünü. Bu çarpışmalardan doğan qığılcımlardan
romantizmin estetikası biçilir, fəlsəfəsi tikilir. Romantizm iradəsi öz
ideallarınca tarixi mifləşdirir, mifi tarixləşdirir. Bütün mifik və tarixi
konfliktlərdən öz həyat dramaturgiyasına material-qaynaq götürür. Buna görə də
dünyasını "konflikt modelində” yaşayan, fitrən dünyanın çarpış-gərdişinə nə qədər
üsyan etsə də, bu dramatizmdən ləzzət alan Romantizm mədəniyyətində dramaturgiya və esseistika yaradıcılığın əsas
formalarındandır. Romantiklər də gülür, hətta qəhqəhə çəkir: ancaq komediya ilə
yox, faciə ilə.

Azərbaycanda və Amerikada
Romantizmin inkişafının yalnız son çağlarına doğru
tarix dramatizmi düşüncə dramatizmində toxdayır. Bu təkamül prosesi dünyanın
iki böyük romantikinin – ömrünün sonunadək tarix dramatizmi ilə vidalaşmayan
Hüseyn Cavid (1882 – 1941) və düşüncə dramatizminin sədlərini də aşan Cibran Xəlil
Cibranın (1883 – 1931) yaradıcılığında özünü gerçəkləyir. Hüseyn Cavid heç səhnədə
oynanılmasını rəva görmədiyi "Peyğəmbər” dramını Azərbaycanda, Cibran Xəlil
Cibran əlyazmasını özündə dörd il saxladığı, "öz varlığının bir hissəsi” hesab
etdiyi "Peyğəmbər” essesini Amerika Birləşmiş Ştatlarında eyni ildə – 1923-cü
ildə çap etdirib. Həm bu dövrün, həm də müəlliflərinin bütöv yaradıcılığı
kontekstində baxılırkən, Cavid və Cibran "Peyğəmbər”ləri Birinci Dünya müharibəsindən
sonrakı bəşəriyyətin – müəyyən mənada öz keçmişindən və bir-birindən qırılmış bəşəriyyətin
öz bütövlüyünü hansı mənəviyyat təməlləri üzərində bərpa etmə, kəskin
sosial-siyasi transformasiyaların söküntülərindən qorunma, gələcəyin
cığırlarını arama səmtində atılmış qətiyyətli addımlar idi. Peyğəmbərliyin əzəl
missiyası – çaşqın toplumsal hərəkətləri yönlətmək, dolaşıq situasiyalara nizam
gətirmək, inkişafın sonrakı dövrələrinə keçid üçün mənəvi mühit yaradaraq cəsarəti
enerjiləndirmək – Cavid və Cibran "Peyğəmbər”lərinin dərin ideya qatlarının
gizlinindədir.
Həqiqətin seçim anı
Cavid və Cibran Peyğəmbərləri həqiqətin seçim anıdır.
Hər iki Peyğəmbər bəşəriyyətin iradəsinin fatalizmə güc gəlməsinin təsdiqidir.
Hər iki Peyğəmbərlik dünya mənəviyyatı təcrübəsinin itirilməzliyi, onun topar sərvətləri
təməlindən ideya-əməl prosesinə keçmə zərurətidir. Cavid və Cibran Peyğəmbərləri
bircə dənə də olsun adi söz işlətmirlər, hikmət saçırlar! Hər iki romantikin sənətinə
bəzək olan aforizmlərin (Cavid: "Məhəbbətdir ən böyük din”; "Qadın gülərsə, şu
ıssız mühitimiz güləcək, // Sürüklənən bəşəriyyət qadınla yüksələcək”; "Kəssə hər
kim tökülən qan izini, // Qurtaran dahi odur Yer üzünü”; "Hər düha başqa bir
cihan istər, // Kimsə olmaz evində Peyğəmbər...” [Tolstoyla səsləşmə]; Cibran:
"Müqəddəslərin belə qalxdığı elə yüksəklik yoxdur ki, sizin hər biriniz o zirvəyə
qalxa bilməyəsiniz. Elə bir alçaqlıq da yoxdur ki, siz ora enə bilməyəsiniz!..”;
"Həyatla ölüm birdir, çayla dəniz kimi”; "Ağacın istəyi olmadan onun bircə
yarpağı da saralmır...”) – əslində,
böyük həyat məramını ifadə edən düşüncə incilərinin çoxu onların "Peyğəmbər” əsərlərində
toplanıb. "Peyğəmbər”ləri onların canından qopan ruh əsərləridir. Buna görə də
Cibran deyirdi: "Peyğəmbər”siz mən olmazdım”. Elə Cavid də belə deyərdi...
XX əsr: yenidən Vəhdət fəlsəfəsinə doğru
Hüseyn Cavidin Peyğəmbəri – tarixin Peyğəmbəri, İslam
dininin yaradıcısı Hz. Məhəmməddir. Cibran Xəlil Cibranın Peyğəmbəri – əbədiyyətin
Peyğəmbəridir. Buna görə də Caviddə, təbii olaraq, konkretləşdirmə, Cibranda universallaşdırma
qabarıqdır. Cavid Məhəmməd peyğəmbəri – həm İslam dininin, həm İslam dövlətinin,
həm də İslam ideologiyası və fəlsəfəsinin, İslam mədəniyyəti və əxlaqının
banisi kimi, bütün həyat və mübarizəsinin əsas (Bi’sət, Də’vət, Hicrət, Nüsrət)
mərhələləri ilə, eyni zamanda, onun İslam Şərqinin dini, fəlsəfi, irfan ədəbiyyatında
ucaldılan möhtəşəm obrazına uyğun olaraq yaratmışdır. Daha dəqiq, Cavid Peyğəmbəri
– İslam Peyğəmbərinin obrazlaşdırılmış portretidir. Cavid "Peyğəmbər”i –
"Quran”dakı açar ayələrin və Məhəmməd peyğəmbərin hədislərindəki kəlamların
poetik izharı ilə süslənmişdir. Məhəmməd peyğəmbərin "Allah-təala buyurur: "Ey
insan! Əgər ancaq mənim qanunlarıma riayət etsən, mənim kimi olarsan...” – hədisi
Şərq irfan ədəbiyyatında, eyni zamanda, Cavidin sələfləri Nəsimi və Füzulidə
Allahla İnsanın Böyük Vəhdəti fəlsəfəsinə məqam açdığı kimi, mütəfəkkir Cavidin
də Peyğəmbərinin son bəyanının əsas ideyası olur: "Əvət, arif düşünür, Haqqı
bulur, // Aqibət kəndisi bir Tanrı olur”. Yalnız bundan sonra əsərin tamamı
kimi əzan səsi gəlir: "Allahu əkbər... Allahu əkbər...” Cavid Peyğəmbəri bütpərəst bəşəriyyətin
tarixini – vahid Allaha etiqad tarixinə, Kəbəni – "Vəhdət ocağı”na çevirən gerçək qurucudur:
"Qırılıb bütləriniz oldu hədər, // Şimdi yox Kəbədə onlardan əsər. // Dəyişib
dünkü sənəmlər yatağı, // Oldu Allah evi, Vəhdət ocağı”. Cibranın Peyğəmbəri isə
bütün zamanların və dinlərin peyğəmbərliyini özündə təcəssüm etdirən ümumiləşmiş
obrazdır.

Enişlə yüksəliş: Göydən enən və Yerdən göyərən din
Öz qayəsinin özül istiqamətinə görə, Cavidin Peyğəmbəri
– ilahi iradəyə, Cibranın Peyğəmbəri – bəşəriyyətin həyat təcrübəsindən doğan məntiqə
əsaslanır. Cavid Peyğəmbəri – Allahdan insana və cəmiyyətə enir, Cibran Peyğəmbəri
– insan və cəmiyyətdən Allaha yüksəlir. Cavid Peyğəmbəri bəşəriyyətin yeni mənəviyyat
tarixini – vahid Allaha inanmaq və inandırmaqla başlayır, İslamı – səmavi din
kimi bərqərar edir. Cibran Peyğəmbəri isə – əslində, bütün din və etiqadların
panteonu kimi, onlardan süzülmüş insanilik cövhərində yeni "din” yaradır. Bu –
Yerdən göyərən dindir. Deməli, Böyük Yol açıqdır: Cavid Peyğəmbəri ilahi həqiqətləri
göydən yerə endirən, Cibran Peyğəmbəri isə insan həqiqətlərini Yerdə əkib becərə-becərə
ilahi məqama qaldıran Allah elçisi tək o yolun üzərində, dünən, bu gün və sabah
hərəkətdədirlər. Cavid Peyğəmbəri – o ilahi həqiqətləri imperativ kimi səsləndirir,
İslam dinini yaradan Peyğəmbər missiyasında, həm də dünyanın ilk müsəlmanı
olaraq, həmin dinin iradəsinə və bütün şərtlərinə əməl edir. Cibran Peyğəmbəri
– insan həqiqətlərini min illər boyunca fəsillənən həyatın dürlü sınaq və gələnəklərindən
dərərək toplayır, kristallaşdırır, sonra da onları imperativləşdirmədən elə
insanların öz mühakimələrinə buraxır. Cavid – Mütləqdən başlayır, Cibran – Mütləqlə
sona çatır.
Klassik paradiqma necə dəyişir
Klassik paradiqma – "subyekt-obyekt” münasibətlərində
subyekt başlanğıcına, qeyri-klassik paradiqma – obyekt başlanğıcına, son dövrün
post qeyri-klassik paradiqması isə – hər iki başlanğıcın qarşılıqlı etgiləndirmə
keyfiyyətinə aktuallıq verir. Cavid və Cibran "Peyğəmbər”lərində isə sanki
"Quran” məntiqincə, "subyekt-obyekt” münasibətlərindəki tərəflərin dominantlığı
"itir”, Allahın fövqəlnəzarəti altında bütün dünya hər tərəfdən hər tərəfə
müraciətin sintez-monoloqunda – öz-özü
ilə danışır. Cavidin "Peyğəmbər”ində mələk və imsan (Peyğəmbər) "Allah lisanı
ilə”, Allah yaratdığı yəbiətim dili ilə, təbiət isə bütün nemətləri ilə insanla
danışır. Və nəhayət, insanın Tanrı məqamına yüksəlməsi (Arif... Haqqı bulur...
Tanrı olur”) – Yaradılışın ən böyük mənası kimi qutlanır. Bununla da Vəhdət
dövrəsi kamilcə tamamlanır. Cibran Peyğəmbəri də bəyan edir: "Unutmayın,
unutmayın ki, sizin yalın ayaqlarınıza toxunmaq – torpaq üçün də xoşdur və küləklər
həsrət çəkir iki, sizin saçlarınızla oynasın...”

Sitayişdən qurtulmayınca...
Cavid və Cibran "Peyğəmbər”lərində qutsallığı ilə
yanaşı, insanı uçuruma aparan əməllərinin hansı yanlışlardan bünövrələnməsi də
diqqətə çəkilir: Cavid sanki çağımızdan və gələcəkdən müsəlmanlığın binə
tarixinə nəzər yetirərək, bütpərəstlikdən fərqlənməyəcək qədər kor bir
axınla ziyarət müqəddəsliyini də heçə
endirən, uca dini alverə döndərən riyakar hərəkət və niyyətlərin başlanğıcını hələ
İslamın Məkkədə zəfər günündə daxili inamdan deyil, çarəsizlikdən Peyğəmbərə
iman gətirən Baş Rəisin dilindən – onun iblisanə qəhqəhələri içərisindən səsləndirir:
"Burda hiç bir yeni şey varmı? Yenə // Qonacaqdır Qaradaş (Həcər-ül-əsvəd) büt
yerinə. // Büt də bir daş, o da, adlar başqa... // Dünkü bütxanə bu gün
beyti-xuda!.. // Ərəbin var-yoxu dün nəysə, bu gün // Olacaqdır daha yüz qat
üstün. // Bir Hicaz əhli deyil, hər millət // Tökəcək Kəbəyə altın, sərvət. //
Buraxıb yurdunu hər ac, çılpaq, // Sizə kor, duyğusuz ellər qoşacaq... // Şimdi
kərtənkələ yerkən bir ərəb, // Sürəcək ömrünü püreyşi tərəb. // Yurdumuz başqa
səadət bulacaq, // Səbəb ancaq şu böyük din olacaq...” Cibran Peyğəmbəri də kölə
mənəviyyatı ilə ediləcək inqilab və reformasiyaların aqibətini irəlicədən
görür: "Güclünü yıxmamışdan öncə, bir baxın görün – onun sizin qəlbinizdə
ucaltdığı taxt-tac dağılmayıb ki ?!.”
Cavid və Cibranın ilahi nuru alıb da özündən keçirən,
ötürən və bitirən Peyğəmbərləri Cavid Mələyinin
dili ilə sanki bir nəfəslə deyir: "...Dinlə həp Kainatı!..”