Biz imzaları yox, əsərləri dərc edirik...

Tanıdığım Emin Piri – Taleh Mansur yazır
557
09 Dekabr 2019, 15:27
 Mən bir Emin Piri tanıyıram: bəstəboy, yaylı-qışlı əyni nazik, saçlarına anadangəlmə çal düşmüş... Yox, yox, bu siz tanıyan Emin Piri deyil. Mən tanıdığım Emin Piri şeir yazmır, sizin tanıdığınız Emin Pirinin yazdığı şeirləri həyat ssenarisinə çevirib bala-bala yaşayır özüyçün. Mənim tanıdığım Emin Piri hər gün dünyasını dəyişir. Başını aşağı salıb yaşaya bilmir sizin yaşadığınız dünyada. Öz dünyasına Adəm olmağa gedir. Darıxanda hər qabırğasından bir "Həvva" düzəldir özünə. 
 
 

 Mənim tanıdığım Emin Piri uşaqlar olan yerdə nəfəs almır. Uşaqların ciyərlərinə çatacaq havanı öz ciyərlərinə çəkməyi özünə haram bilir. Uçan quşların bir gün göy üzündən yıxılacağına inanıb əli ürəyinin üstündə, səksəkə içində yaşayır. Dişlərinin dibi gicişən bir quduz itə belə özünü dişlədə bilər. Yetər ki, quduz itin sevgidən uzaq düşmüş ürəyi rahatlıq tapsın. Medal, mükafat hərisi deyil. Ən böyük arzusu şəhid sinəsinə sancılmağa hazırlaşan düşmən gülləsini ürəyinə bükməkdi. 
 
 

 Darıxır tanımadığı adamlardan ötrü. Yüz il sonra dünyaya gələcək bir qızın acı taleyini ürəyinə dərd eləyir. Yad bir adamın qəbrinin üstündə hönkür-hönkür ağlaya bilir.
Ağlamaq demişkən, adam səni dirigözlü ağlamaq istəyir, ay Emin. Alma sinənə ağrıların hamısını. Tökmə gözlərindən bu dünyanın olan-qalan göz yaşlarını, bu qədər dərin yazma. Bizə də bir tikə ağrı, bir damcı göz yaşı, bir kəlmə söz saxla...
 Nəfəsin kəsilsin, ay Emin, adamın nəfəsi çatmır səndən danışmağa. Sənin kimi adamları tərifləyib dağ başına qaldırmaq lazım deyil. Sənin kimi adamları ya asmaq lazımdı, ya da güllələmək. Haqq üçün, sənin kimi adamlar qəbir kimi daha çox sevimli olurlar. Ya Allah! Siftə məndən, hərəkət Allahdan: Qəbrin nurla dolsun, ay Emin Piri...