Biz imzaları yox, əsərləri dərc edirik...

Sözünün sahibi olan “köhnə kişi”
2251
21 Oktyabr 2020, 12:32
 Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü, Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru kimi titullar, elmi adları yazmaqla bitmir. Bütün bu titulları Abbas Zamanova ədəbiyyatımız və elmimiz qarşısındakı gərgin zəhməti və fədakarlığı qazandırıb. Azərbaycan ədəbi və elmi ictimaiyyəti onu təkcə bu titullarla xatırlamır. Onu  həm də  XX əsrin Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir bəy, Haqverdiyev ziyalı nəslinin - bu böyük ustadların mənəvi yetirməsi adlandırırlar. Bir də onun haqqında "Abbas Zamanov sözünün sahibi olan köhnə kişilərdən idi” - deyirlər.
 "Artıq XXI əsr başlayıb. Və Abbas müəllimin kitabları bu gün də nəşr edilir və bu nəşrlər onun ömrünün - yaradıcılıq ömrünün XXI əsrdəki davamıdır” - deyə yazıçı-dramaturq yazıb.
 
 

 "Kulak” oğlu
 
 Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Əvvəl mollaxanada, sonra vaxtilə Mirzə Cəlilin dərs dediyi Baş Noraşen (indiki Cəlilkənd) məktəbində təhsil alıb. Uşaqlığı əzablı keçib. Dünyaya göz açdığı Maxta kəndi tez-tez xain qonşuların – ermənilərin hücumuna məruz qalırdı, kənd camaatı bu hücumlardan canını qurtarmaq üçün Cənubi Azərbaycana gedirdilər. Balaca Abbas da İranda - atası, qardaşı İsmayılla birgə Xoy şəhərində sığınacaq tapmışdı. Atası hansı ərbabınsa yanında muzdurluq edirdi, qardaşı bu əzablara dözməyib vəfat edir. Anası isə onlar hələ İrana getməmişdən əvvəl vəfat etmişdi. Yenidən Naxçıvana qayıdanda atası ikinci dəfə evlənir. Atası get-gedə böyüyən  ailəni dolandıra bilmədiyi üçün Abbası Naxçıvandakı uşaq evinə verir. Uşağı oradan da Bakıya göndərirlər. O, fərasəti, qabiliyyəti, xüsusilə də hafizəsi ilə yoldaşlarından seçilirmiş. Ondakı istedadı ilk dəfə duyan Bakıdakı uşaq evinin müəlliməsi Səkinə xanım olur. O, Hüseyn Cavidin bacısı idi.  Bir ana qayğısı ilə "Adın Mirabbas, atanın adı Mirfəttah, familiyan Seyidzamanovdur. Ailəniz də tanınmış seyid nəslindəndir. Bir sıra təzyiqlərə məruz qalıbsınız. İstedadlı və fərasətlisən. Yaxşı gələcəyin ola bilər. Məsləhət görərdim ki, həm öz adındakı, həm də atanın ismindəki "mir”ləri atasan. Familiyan, sadəcə Zamanov olsun. Onda sən istədiyinə nail ola biləcəksən. Yoxsa bu ad və soyadla çox uzaqlara gedə bilməzsən, oğul. İndi zaman başqadır” məsləhətini verir. Müəlliməsinin bu tövsiyəsindən sonra Mirabbas Mirfəttah oğlu Şeyxzamanov "Abbas Zamanov” kimi tanınır.
 A.Zamanov müsahibələrinin birində uşaqlıq illərini xatırlayaraq danışıb: "Atamı "kulak” adlandırıb səsini almışdılar, o vaxt səsi alınanların da taleyi bəd gətirirdi. Kimsə Mərkəzi Komitəyə donos yazmışdı ki, Abbas Zamanov "kulak” oğludur, o, uşaq evində yaşaya bilməz. Ona görə də məni Mərkəzi Komitəyə, Əliheydər Qarayevin yanına çağırdılar. Əliheydər Qarayev Bakı şəhər daxili işlər şöbəsinin rəisi M.Şəkinskiyə zəng etdi və məktubu ona oxuyaraq "bunu uşaq evində saxlaya bilmərik” dedi. Amma M.Şəkinski "biz belə uşaqları küçədən yığıb oxutdururuq ki, oğurluq, quldurluq eləməsinlər, oxuyub savad sahibi olsunlar, bu uşağı qovduq, xuliqanlıq edənlərin biri də artacaq” - deyə fikrini bildirdi”.


 Sabir irsinin tədqiqatçısı
 
 Abbas Zamanov beş il uşaq evində yaşayır və şura məktəbində də təhsil alır. İbtidai məktəbi bitirəndən sonra isə pedaqoji məktəbə daxil olur. Ondan Hüseyn Cavidlə Abdulla Şaiq imtahan götürürlər. Pedaqoji məktəbi bitirəndən sonra Cəlilabadda müəllim işləyir, sonra rayon komsomol komitəsinin katibi olur. İki il də "Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləyir. Sonra "Ədəbiyyat” qəzetində məsul katib və "Azərnəşr”in bədii ədəbiyyat şöbəsində müdir kimi çalışır. O, həmin illərdə  Hüseyn Cavidi, A.Şaiqi, Ə.Haqverdiyevi,  C.Cabbarlını tez-tez görürdü.  "Gənc işçi” və "Ədəbiyyat qəzeti”ndə isə Səməd Vurğun, Mikayıl  Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza, Əli Fövzi, Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyevlə dəfələrlə görüşüb söhbətləşmişdi.
 A.Zamanov 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirdikdən sonra bu təhsil ocağına müəllimliyə dəvət edilir.
Opera teatrının və filarmoniyanın direktoru işlədiyi illərdə (1940-1941) teatrın Təbrizə qastrol səfərinə rəhbərlik edir. İkinci dünya müharibəsi illərində Ordu sıralarında xidmətə yollanan A.Zamanov tərxis olunandan sonra həm müəllim, həm elmi işçi kimi fəaliyyətini davam etdirir.
 Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayan A.Zamanovun həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunur. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri işıq üzü görür. "Sabir və müasirləri” monoqrafiyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə” oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunur. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya və Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru seçilir. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərərək C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirir. O, M.Ə.Sabir, Cavid haqqında xatirə və məqalələri toplayıb "Sabir xatirələrdə” və "Cavidi xatırlarkən” adı ilə kütləvi tirajla çap etdirir. A.Zamanov nəinki Azərbaycanda, demək olar ki, bütün dünyada görkəmli sabirşünas-alim kimi tanınıb. Sabir irsinin çoxəhatəli tədqiqi məhz Abbas Zamanova məxsusdur.
 A.Zamanov filologiya sahəsində yeganə elm adamıdır ki, "Sabir və müasirləri” adlı əsərinə görə namizədlik dissertasiyası müdafiə etmədən birbaşa elmlər doktoru alimlik dərəcəsinə layiq görülüb.
 
 

 "Cəbhə dostları”
 
 A.Zamanov müharibə illərində son günədək cəbhədə olur. "Döyüşən Krım” və "İrəli” qəzetlərində çalışır. Cəbhə dostları Rəsul Rza, Cəfər Cəfərov, Nəsir İmanquliyev, Nüsrət Bağırov, Seyfulla Əliyev İbrahim Novruzov kimi tanınmış ziyalılar idi. O, I dərəcəli "Vətən müharibəsi” ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilir. Akademik Bəkir Nəbiyev bu görkəmli alim haqqında yazırdı: "Müharibə illərində Abbas Zamanov öz gündəlik cəbhə işi ilə yanaşı, Azərbaycan Teleqraf Agentliyinə müntəzəm olaraq cəbhə hadisələrindən bəhs edən yazılar göndərirdi. Əslində, bu unudulmaz şəxsiyyət Azər.TA-nın bir növ ictimai əsaslarla hərbi müxbiri olmuşdu”. Onun yazıları o dövrdə "Kommunist”, "Bakinski raboçi”, "Vışka” qəzetlərində dərc edilirdi. Bu xidmətlərinə görə Abbas Zamanov hələ cəbhədə ikən fəxri fərmanlar alırdı. O, həm əsgəri vəzifəsini fədakarlıqla yerinə yetirirdi, həm də Azərbaycan oxucularına cəbhə həyatından maraqlı yazılar çatdırırdı. İkinci Dünya müharibəsi illərində qələmə aldığı yazılar sonralar nəşr olunmuş "Cəbhə dostları” adlı kitabına salındı.
 
 Tələbələrinin mənəvi müəllimi
 
 Tənqidçi Vaqif Yusifli qeyd edir ki, Abbas Zamanov elmi-ədəbi fəaliyyəti ilə təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da, xüsusilə, Türkiyədə çox böyük hörmətə malik olub: "Bu balacaboy kişi elm üçün də, Azərbaycanın ziyalı mühiti üçün də nəhəng bir şəxsiyyət idi. Ancaq Abbas Zamanovun böyüklüyü həm də onun şəxsiyyətində qabarıq nəzərə çarpan azərbaycançılığında, vətənpərvərliyində öz əksini tapırdı. Abbas Zamanov XX əsrin Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Sabir, Üzeyir bəy, Haqverdiyev ziyalı nəslinin - bu böyük ustadların mənəvi yetirməsi idi, amma o özü də Ustad idi, Abbas Zamanov təkcə universitetdə dərs deməklə gələcəyin ziyalılarının müəllimi deyildi, həm bir alim, həm də bir insan kimi neçə nəslin mənəvi müəllimi sayılırdı. Belə müəllimlər -şəxsiyyətlər ölümündən sonra bəlkə də sağlığında olduğundan daha çox xatırlanır”. V.Yusifli Abbas müəllimin çox sevdiyi bir kəlamı xatırlayır: "Onunla salamlaşanda, halını soruşanda deyirdi: "Şikayətlənmək üçün əsas yoxdur”. Mən Abbas müəllimin 70 yaşı tamam olanda elə yazımın adını da "Şikayətlənmək üçün əsas yoxdur" qoymuşdum.
 1960-cı ildə Abbas Zamanovu Kommunist Partiyasının sıralarından xaric edirlər və çalışdığı Azərbaycan Dövlət Universitetindən çıxarırlar. Səbəb isə Naxçıvanın ermənilərə verilməsi ilə bağlı səslənən fikirlərə etiraz etməsi idi. Oğlu Fuad Zamanovun dedikləri: "Doğrudur, həmin bədnam hadisədən sonra atamdan uzaq qaçanlar da oldu, amma vəfalı dostları daha çox idi. Heç unutmaram, Rəsul Rza atama dedi ki, Abbas, zaman gələcək, səni bu hərəkətinə görə Azərbaycanın xalq qəhrəmanı edəcəklər”.
 

 "Abbas Zamanovun Bağış Kitabları”
 
 "Abbas Zamanov böyük vətənpərvər idi. Özü də bu vətənpərvərliyi sözdə deyil, işdə, əməldə sübut edirdi” - deyə V.Yusifli qeyd edir:   "O, dünya azərbaycanlıları ilə müntəzəm əlaqə saxlayır, məktublaşırdı. Abbas müəllim var-dövlətli adam deyildi, amma öz hesabına Azərbaycanda nəşr edilən bir çox kitabları dünya azərbaycanlılarına çatdırırdı. Oğlu Orxan Seyidov yazır: "Xaricdə olan azərbaycanlılar da Abbas müəllimə özlərində nəşr edilmiş ədəbiyyatları göndərirdilər. Bu iş o dövr üçün olduqca ağır olsa da, Abbas müəllim bu işin öhdəsindən ləyaqətlə gəlirdi. İndi onun göndərdiyi kitablardan qardaş Türkiyə Respublikasının Ərzurum Atatürk Universitetində "Abbas Zamanovun Bağış Kitabları” adlı kitabxana fəaliyyət göstərir. Orda 6 minə yaxın kitab var”. Akademik İsa Həbibbəyli qeyd edir: "Onun hər həftə dünyanın müxtəlif ünvanlarına yola saldığı məktub və bağlamalar, barat və qəzetlər ayrıca poçt idarəsinin yükünə bərabərdir. "Abbas Zamanov poçtu” Azərbaycanla Şərqlə Qərb arasında ən etibarlı körpüdür. İren Məlikova (Fransa), Turxan Gənceyi (İngiltərə), Əhməd Şmide (Almaniya), Əbdüllətif Bəndəroğlu (İraq) Cavad Heyət (İran) kimi görkəmli ziyalılar həmin "körpü”dən keçərək Azərbaycana gəlmək imkanı qazanmışlar. Bəlkə də bu, yeganə poçtdur ki, dəqiq və müfəssəl ünvan göstərmədən hər hansı məktubu öz sahibinə çatdıra bilir, sadəcə olaraq aşağıdakıları yazmaq kifayətdir: Bakı-6. Abbas Zamanov”.
 V.Yusifli Abbas Zamanovu həmçinin öz xilaskarı adlandırır: "Səksəninci illərdə "Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri idim, jurnalda bəzən tənqidi ruhda yazılar çap olunurdu. Bəzi yaşlı yazıçılar o zaman İttifaqın sədri Mirzə İbrahimova şikayət etmişdilər. Mirzə müəllim də jurnalın baş redaktoruna tapşırmışdı ki, o oğlanı jurnaldan uzaqlaşdırın. Abbas müəllim haradansa bunu eşitmiş və Mirzə müəllimə demişdi ki, o uşaqla işin olmasın, vəzifə borcunu yerinə yetirir. Abbas Zamanov mənim üçün böyük azərbaycançı, millətini sevən əsl vətənpərvər alim idi”.
 A.Zamanov 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
 
 Təranə Məhərrəmova